» » Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib

Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib

Bölmə: Xəbər, MANŞET
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
BTQ ilə yükdaşımaların tarifləri razılaşdırıldı; Cavid Qurbanov: “Biz Azərbaycanı gələcəkdə dünyanın ”xab" dövlətinə çevirməyə çalışırıq"

Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat, 2018-cu il üçün daşınma həcminə dair planın təsdiqlənməsi, 2018-ci il üçün tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, gələn il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, 2017-ci il üçün assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi və sair kimi məsələlər müzakirə olunub.

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətdə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Muktarovun iştirakı ilə müvafiq sənədlər imzalanıb.

Tədbirin ardından müxtəlif dövlətlərin dəmiryolu rəhbərləri mətbuat qarşısına çıxıblar.

“Rusiyadan gələn yüklər Azərbaycan üzərindən Türkiyəyə gedəcək”

Jurnalistlər qarşısında önəmli açıqlamalarla çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov öncə BTQ-nin fəaliyyətindən danışdı. Qeyd etdi ki, Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan dövləti təkcə enerji daşıyıcılarını dünyaya verən dövlət kimi deyil, həm də bir tranzit dövlət kimi öz varlığını, ortaya qoydu: “Bu dəhlizlər bizdə birləşir, biz Azərbaycanı gələcəkdə dünyanın xab dövlətinə çevirməyə çalışırıq. Bunun üçün şərait yaradılıb və davam edir. Bizim üzərimizdən keçən dəhlizlərdə vahid tarif məsələsi gündəmdə idi. Ona görə də biz Assosiasiya olaraq bütün dövlətlərin iştirakı ilə burada toplandıq. Məqsədimiz konteyner daşınmasının qiymətlərini tənzimlənməkdən, qiymətlərin rəqabətə davamlılığı və sahibkarlar üçün əlverişli olmasını təmin etməkdən ibarətdir. Bizim işimiz heç kimə mane olmayacaq, heç kimin yükünü əlindən almaq fikrində deyilik. Öz dəhlizimizin inkişafı ilə məşğul olacağıq”.

C.Qurbanovun sözlərinə görə, Azərbaycan Rusiya ilə Türkiyə arasındakı yükdaşımalarda körpü rolunu oynayacaq: “Azərbaycanla Gürcüstan arasında yol var, bu yükdaşıma Batumi və Poti limanları üzərindən həyata keçirilir. Bakıda da Ələt limanı və Bakı limanından daşınır. Ancaq bizim əsas işlərimiz Qazaxıstanla, Türkiyə ilə bərabərdir. Ona görə də, biz bunları tənzimləməli idik. Bakı-Tiflis-Qars dəmiryolunun yüklərini biz tapmalıyıq. Bakı-Tiflis-Qars Azərbaycana böyük dividentlər gətirəcək. Bu dəmiryolu həm də Astaraya işləyəcək, Türkiyədən gələn yüklərin Astaraya getməsi təmin olunacaq. Həm də Rusiyadan gəlib-gedən yüklər bizim üzərimizdən Türkiyəyə gedəcək. Dünyanın ən böyük taxta ixracçısı Rusiyadır, onun ən böyük alıcısı da Türkiyədir. Onların arasında çox böyük ticarət əlaqələri var. Qara dəniz sahillərindəki limanlarda sıxlıq var. Biz hesab edirik ki, bu yüklər Azərbaycan üzərinə keçəcək”.

Sədr qiymətlərin tənzimlənməsi məsələsinə də toxundu: “Biz bu toplantıda tarifləri aşağı saldıq. Həm Gürcüstan, həm Türkiyə, həm Qazaxıstan dövlətləri, həm də Xəzər Dəniz Gəmiçiliyi - hamımız bunu öz imzalarımızla təsdiq etdik ki, Azərbaycan üzərindən keçən yüklərin həm təhlükəsizliyi təmin olunur, həm qiymətləri tənzimlənir, həm də yüklərin sürətli ünvana çatdırılması təmin olunur. Biz bu gün bu məsələləri həll etdik. Qiymətlər çoxlu punktlar üzrə müəyyənləşdirilib. Hər birinin haqqında informasiya olacaq və bizim saytlarda yerləşdiriləcək”.

“Qazaxıstanla ölkəmiz arasındakı yük dövriyyəsi 3 milyon tona çatdırılacaq”

QSC sədri vurğuladı ki, Qazaxıstanla ölkəmiz arasındakı yük dövriyyəsi bu ilin 9 ayında ötən illə müqayisədə 251 faiz artıb: “Bu dəhlizi artıq işləyir. Yüklər 2019-cu ildə artıq 3 milyon tonun üzərində olmalıdır. Söhbət olan yüklərdən deyil, yeni yüklərdən gedir. Hazırki yüklərlə birlikdə 3,5 milyon -4 milyon civarında ola bilər. Bu əsasən Azərbaycan üzərindən keçən tranzit yüklər olacaq, həm Azərbaycana gələn idxal məhsulları, Qazaxıstanın Azərbaycana ixracı olacaq. Həmçinin Türkiyənin Orta Asiya ölkələrinə yüklərinin göndərilməsi də var. O da 1 milyon ton ətrafında artıq formalaşıb. Getdikcə bu yüklər daha da arta bilər”.

C.Qurbanov onu da qeyd etdi ki, Türkmənistan üzərindən yüklərimizin həcmi də artacaq: “Bundan əlavə, Əfqanıstanın maliyyə və nəqliyyat naziri burada idi. Mən də onunla görüşdüm, onlar da bu dəhlizə qoşulmaq istəyirlər. Bu səbəbdən yəqin ki, Türkmənistan üzərindən yüklərimizin həcmi də artacaq. Bu dəmiryolu bir növ yüklərin artacağını deməyə əsas verir”.

“2020-ci ildə Naxçıvana qatarla getmək mümkün olacaq”

O, Şimal-Cənub dəhlizində də işlərin sürətləndirildiyini də diqqətə çatdırdı “Birinci hissədə artıq işlər başa çatmaq üzrədir. Şimal-Cənub dəhlizi bildiyiniz kimi, iki hissədən ibarətdir: birinci hissə və ikinci hissə... Birinci hissəsi Astara-Astara dəmiryol xəttidir, bizim tərəfdə 16 kilometr artıq tikilib. Cənab prezidentin tapşırığı ilə biz dekabr ayında o birinci hissənin birinci fazasını yekunlaşdıracağıq. Birinci faza o deməkdir ki, biz öz tərəfimizdə vergi, sərhəd, vaqonların yoxlanışı, İran tərəfdə 1,4 kilometr yolun, 35 hektar yerdə olan quru yüklərin boşaldılması üçün terminal, sərnişin daşınma üçün stansiyanın tikilməsi nəzərdə tutulub. Bu işləri təqribən dekabr ayının sonlarında yekuynlaşdıracağıq”.

Sədrin önəmli açıqlamalarından biri də bu idi ki, artıq 2020-ci ildə Naxçıvana qədər qatarla getmək mümkün olacaq: “İkinci tərəfin tikilməsi üçün Azərbaycan dövləti tərəfindən 500 milyon dollar kredit ayrılıb. Bu həm İran tərəfi, həm də Azərbaycan tərəfindən razılşadırılıb. Nazirliklərə, aidiyyatı qurumlara bu məsələrlə əlaqədar sənədlər göndərilib. Tikinti işlərinə gələn ilin birinci yarısında başlanacaq. Orada tikinti işləri 2020-ci ilə kimi bitməlidir. 2020-ci ilə qədər biz artıq 164 kilometrin açılışını edəcəyik, buradan Naxçıvana qədər sizinlə bərabər qatarla gedəcəyik”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də media qarşısında çıxış etdi. O bildirdi ki, bu gün Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yaradılmış assosiasiyanın növbəti iclası keçirildi. Bu iclas bu yaxınlarda tarixi bir layihənin Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışından sonra keçirilən ilk iclasdır. Bütün bunları nəzərə alaraq , həmişə olduğu kimi bu iclasda da Orta Dəhliz dediyimiz bu marşrutun, Asiyadan, Çindən başlayaraq Avropa ölkələrinə qədər davam edən bir dəhlizin tranzit cəlbediciliyi, yük həcminin artırılması istiqamətində müzakirələr getdi. Bu gün Xəzər dənizi bu dəhlizin çox mühüm hissələrindən birini təşkil edir. Yəni iki dəmiryolunu Xəzər dənizinin şərq və qərb sahilləri ilə birləşdirən bir körpü rolunu oynayır. Bu gün Xəzər Dəniz Gəmiçiliyində 13 ədəd bərə istismar olunur. Dövlətin dəstəyi ilə Bakı Gəmiqayırma zavodunda iki bərə inşa olunur. Bu bərələrin sayından asılı olmayaraq, onların, o cümlədən sahil infrastrukturunun effektiv işləməsi ilə əlaqədar problemlər bu gün müzakirə olundu. Bütün tərəflər bir komanda olaraq toplandıq və qərara aldıq ki, hamımız bir-birimizə kömək edək və bu dəhliz üzərindəki bütün infrastrukturun effektiv işləməsi təmin olunsun".

“Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbəyov isə çıxışında vurğuladı ki, Qazaxıstan hökuməti Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl ixrac etmək istəyir. Onun sözlərinə görə, gələn il marşrutla 3 mln. tondan çox yük daşına bilər: “Bu il marşrutla 725 min ton yük daşınmasını planlaşdırsaq da, artıq bu ilin ilk 10 ayı ərzində 1 mln. tondan çox yük daşınıb. Bu rəqəmin ilin sonuna 1,3 mln. tona çatması gözlənilir. 2018-ci ildə isə 3 mln. tondan çox yük daşınması proqnozlaşdırılır”.

“Bu əməkdaşlıq həm dövlətlərə, həm də bölgəyə fayda gətirəcək”

Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt jurnalistlərə açıqlamasında gələcəkdə BTQ ilə daşınan yüklərin həcminin artırılacağını qeyd etdi: “Bildiyiniz kimi, Bakı-Tiflis-Qars dəmiryol xətti oktyabrın 30-da Türkiyə prezidentinin də iştirakı ilə açıldı və ilk qatarlar uğurlu bir şəkildə Bakıdan Türkiyənin Mərsin şəhərinə qədər yol qət etdi. Bu qatar çox uğurla mənzil başına çatdı. Biz 8 gün planlaşdırmışdıq, ancaq 7 gündə qatar Mersinə çatdı. Bu gün burada dostlarımızla bərabər bu dəhlizi necə canlandıra biləcəyimizi, bu dəhlizdəki daşınmaların şərtlərini müzakirə edirik. Hazırda dəmiryolu rəhbərləri ilə keçirdiyimiz toplantılarda Türkiyədən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Çin və əks istiqamətdə Türkiyəyə və Avropaya çox böyük potensial olduğunu müzakirə etdik. Başlanğıc mərhələdə 3 milyon ton üzərində çalışırıq. Qısa müddət ərzində bunu 6 milyon tona çatdıracağımızı düşünürük. Dost və qardaş ölkələr bu əməkdaşlığımız həm ölkələrə fayda gətirəcək, həm də bölgəyə fayda gətirəcək. Bu dəmiryol xətlərinin açılışı münasibətilə Azərbaycan, türkiyə və digər ölkələrin prezidentlərinə və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanova təşəkkür edirik".


Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib
Dəmiryol rəhbərləri Bakıda toplaşdı - Fotolar + Video/Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler