» » Kafe sahibi ilə polis əlbir olub narkotaciri belə tutdu...

Kafe sahibi ilə polis əlbir olub narkotaciri belə tutdu...

Bölmə: Xəbər
Kafe sahibi ilə polis əlbir olub narkotaciri belə tutdu...
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlüŞəfiyev Asim Faiq oğlunun məhkəmə istintaqı yekunlaşıb.


virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Asim Şəfiyev 2013-cü ilin iyul-avqust aylarında İran İslam Respublikasının Astara şəhərində olarkən satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib. Narkotik vasitəni satmaq üçün İran vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan Əhməd adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girib. Əldə etdiyi 38,150 qram heroini və 51,495 qram tiryəki yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən bağında torpağa basdırıb.

A.Şəfiyev bir müddət sonra isə həmin narkotiki Bakı şəhərinə gətirərək həmyerlisinə satıb. Amma elə həmin anda da polis işçiləri tərəfindən yaxalanaraq həbs edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Asim Şəfiyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində ötən il avqust ayının 13-də Bakı şəhərinə gəldiyini, həmyerlisi Samid Hüseynovla birlikdə nahar etmək üçün kafeyə getdiklərini göstərib: “Kafeyə gedəndə orada əvvəllər tanıdığım, həmin kafeni işlədən Ulduz Məmmədovla görüşdüm. Xahiş etdim ki, narkotikdən istifadə etmək üçün mənə şərait yaratsın. O, da xahişimi qəbul etdi və kafedə digər müştərilər olmadığından giriş qapısını bağladı.

Bir neçə dəqiqədən sonra qapı döyüldü. Ulduz cəld oturduğumuz masanın arxasından durub qaçaraq qapını açdı. İçəriyə mülki geyimli polis əməkdaşları daxil oldular. Onlari görən kimi cibimdə olan 3 qram tiryəki stollardan birinin altına atdım. Polislər atdığım narkotiki götürməyə məcbur etdilər və məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada polislər cibimə 3200 manat pul, elektron tərəzi qoyduqdan sonra hal şahidlərinin iştirakı ilə üstümə baxış keçirildi. Baxış nəticəsində həqiqətən də özümə məxsus olan bir büküm tiryək, bir büküm heroin və sonradan cibimə qoyulmuş pul, elektron tərəzi aşkar olundu, protokol tərtib edildi. İranda yaşayan Əhməd adlı şəxsi isə tanımıram”.

Şahid qismində dindirilən Ulduz Məmmədov həmyerlisinin ifşa olunması üçün şərti alıcı qismində ondan heroin aldığını deyib: “Avqust ayının əvvəllərində Asim özündə 50 qram heroin və 40 qram tiryək olduğunu, onları 3200 manata satmaq istədiyini dedi. Onun ifşa olunub polis tərəfindən yaxalanması üçün həmin narkotik vasitəni alacağımı dedim. Asim narkotikin rayonda olduğunu, bir neçə gündən sonra gətirəcəyinə söz verdi.

13 avqust, 2013-cü ildə Asim kafeyə gəldi, narkotiki gətirdiyini dedi. Polisə xəbər vermək üçün vaxt qazanmaq məqsədilə Asimə bir az sonra gəlməyi tapşırdım. O gedəndən sonra Asimin narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə ərizə ilə müraciət etdim. Asimin tutulması üçün şərti alıcı qismində iştirak etməyə razılıq verdim. Polis əməkdaşları ərizəmi və izahatımı alandan sonra hal şahidləri dəvət olundu, protokol əsasında mənə 3200 manat pul verildi.

Bir qədər sonra işlədiyim kafeyə qayıtdım. Elə bu vaxt Asim də bir nəfər tanımadığım şəxslə kafeyə gəldi. Cibindən iki bükülü çıxarıb mənə verdi. Birinin heroin, digərinin tiryək olduğunu dedi. Mən də polislərin verdiyi 3200 manatı ona verdim. Çox keçmədi ki, polislər hal şahidlərini iştirakı ilə kafeyə daxil olub Asimi və onun yanında olan şəxsi saxladılar”.

Məhkəmənin hökmü ilə Asim Şəfiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler