» » Ölkəmizlə bağlı önəmli müzakirə - Bu gün nələrdən danışıldı?

Ölkəmizlə bağlı önəmli müzakirə - Bu gün nələrdən danışıldı?

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Ölkəmizlə bağlı önəmli müzakirə - Bu gün nələrdən danışıldı?
Noyabrın 8-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.

Sonra “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxıldı.

İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli aparırdı. 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsini deputatlara maliyyə nazirinin müavini Azər Bayramov təqdim etdi. Bildirdi ki, sənəd “Büdcə sistemi haqqında” qanuna və ölkəmizin milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsinə əsasən hazırlanıb, dünyada və Azərbaycan iqtisadiyyatında gözlənilən meyllər layihədə nəzərə alınıb.

2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 20 milyard 906 milyon manat məbləğində nəzərdə tutulur. Beləliklə, 2017-ci ilin proqnozu ilə müqayisədə gəlirlər 3 milyard 361 milyon manat və ya 20 faiz, xərclər isə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olacaq. Cari illə müqayisədə gələn il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi 4,4 faiz-bənd artaraq 29 faiz təşkil edəcək, xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd artaraq 30,1 faiz səviyyəsinə çatacaq.

Deputatların nəzərinə çatdırıldı ki, 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Bu, cari illə müqayisədə 205 milyon manat və ya 2,3 faiz artım deməkdir. Dövlət büdcəsi xərclərinin 10 milyard 770 milyon manatı və ya 51,5 faizi cari xərclərə, 7 milyard 873 milyon manatı və ya 37,7 faizi əsaslı xərclərə, 2 milyard 263 milyon manatı və ya 10,8 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Maliyyə nazirinin müavini vurğuladı ki, layihədə büdcənin sosialyönümlülüyü təmin edilib və bütün sosial proqramların reallaşdırılması ilə bağlı dövlət başçısının müəyyən etdiyi hədəflərə nail olunub. Gələn ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olmaqla, bu məqsədə 7 milyard 656 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 609 milyon manat və ya 8,6 faiz çoxdur.

Bildirildi ki, büdcədə elm xərclərinə 128 milyon manat, təhsil xərclərinə 2 milyard manat vəsait ayrılıb. Elmə ayrılan vəsaitin 4 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna yönəldiləcək və yeni qrant layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək.

Layihədə səhiyyə xərcləri 741 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2018-ci ilin dövlət büdcəsi xərclərinin 3,5 faizinə bərabərdir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin və əhatə dairəsinin genişləndirilməsi üçün büdcədən 16 milyon manat vəsait ayrılacaq.
Əhalinin xüsusi maraq dairəsində olan sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 10,5 faizi səviyyəsində, yəni 2 milyard 197 milyon manat vəsait ayrılacaq. Bu məbləğ pensiya və müavinətlərin, ünvanlı yardımların, məcburi köçkünlərin sosial müdafiəsinin və digər sosial tədbirlərin maliyyə təminatına yönəldiləcək.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi də dövlətin diqqət mərkəzindədir. Bu qəbildən olan tədbirlərin maliyyələşdirilməsi üçün dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulub. Bu isə 2017-ci illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.

Azər Bayramov onu da parlamentarilərin nəzərinə çatdırdı ki, “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi ilə əlaqədar büdcədən 17 milyon manat, sosial mənzillərinin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsi üçün 250 milyon manat, sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması üçün 95 milyon manat, həmçinin ailə, qadın və uşaq problemləri üzrə tədbirlərin maliyyələşməsi üçün 1,4 milyon manat vəsait nəzərdə tutulub.

Qanun layihəsində 2018-ci il üçün dövlət büdcəsinin kəsiri 779 milyon manat və yaxud ÜDM-in 1,1 faizi həcmində müəyyən edilib ki, bu da cari illə müqayisədə 0,6 faiz-bənd azdır.

Gələn il üçün icmal büdcənin gəlirləri 23 milyard 223 milyon manat, xərcləri 26 milyard 674 milyon manat proqnozlaşdırılır. Beləliklə, icmal büdcənin gəlirləri cari ilə nisbətən 246 milyon manat, ya da 1,1 faiz çox, xərcləri isə cari illə müqayisədə 3 milyard 895 milyon manat və ya 12,7 faiz az müəyyən olunub. DSMF büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 milyard 579 milyon manat təşkil edəcək. Bu məbləğ də cari ildəkindən 5,3 faiz çoxdur.

Sonra iclasda büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənildi. Qanun layihəsində əksini tapmış müsbət tendensiyalı fərqli məqamları millət vəkillərinin diqqətinə çatdıran Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, 2018-ci il dövlət büdcəsinin layihəsində gəlir və xərc parametrləri, həmçinin kəsir və dövlət borcunun limiti, icmal büdcəsinin əsas göstəriciləri barədə tələb olunan göstəricilər öz əksini tapıb. Layihə mövcud qanunvericiliyin tələblərinə uyğundur. Hesablama Palatasının Kollegiyası 2018-ci ilin dövlət büdcəsinə dair sənədin Milli Məclisdə müzakirə olunmasını məqbul sayır.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə müsbət münasibət bildirdilər, bir sıra dəyərli təkliflər irəli sürdülər.

Müzakirədə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğuladı ki, bəzi qanunlara edilən dəyişikliklərlə əlaqədar olaraq ilk dəfədir ki, büdcə zərfində Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər anlayışı yoxdur. Çıxışında pensiyaların maliyyələşdirilməsinə toxunan nazir bu məsələni ətraflı şərh etdi. Bildirdi ki, hazırda 1 milyon 330 min nəfər pensiyaçı var. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılacaq və 6 ay ərzində onların hamısının sənədlərinə baxılacaq, hər bir pensiyaçının 1992-ci ilədək olan stajı dəqiqləşdiriləcək və həmin stajlar üzrə ödənişlər hesablanacaq.

Səlim Müslümov onu da qeyd etdi ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşdırılması istiqamətində işlər aparılır.
Çıxışlar yekunlaşdıqdan sonra qanun layihəsi ətrafında müzakirələr başlandı. Deputatlar Gövhər Baxşəliyeva, Musa Quliyev, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Elmira Axundova, Şəmsəddin Hacıyev rəy və təkliflərini bildirdilər.

Beş komitə üzvlərinin yekdil qərarı ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

Sonra komitə sədri Hadi Rəcəbli 2018-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddinə dair qanun layihələri barədə məlumat verdi. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir. 2018-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 116 manat məbləğində nəzərdə tutulur. Komitə sədri ehtiyac meyarının artırılmasını təklif etdi.

Yekunda bu qanun layihələri də Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler