» » Şeyxin II Qareginlə görüşü - girovların azad olunması gündəmdə

Şeyxin II Qareginlə görüşü - girovların azad olunması gündəmdə

Bölmə: Xəbər, Din, BLOK XƏBƏR, MANŞET
Şeyxin II Qareginlə görüşü - girovların azad olunması gündəmdə
Dini liderlərin Moskva görüşündən gözləntilər; Dilqəm Əsgərovun oğlu Avropaya yollanır; politoloq: “Şeyx məsələ qaldıra bilər, ancaq...”

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və erməni katolikosu II Qaregin sentyabrın 8-də Moskvada görüşəcəklər. Görüş Ümumrusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutacaq.

Bu görüşün nə vəd etdiyi barədə “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu dedi ki, Azərbaycanın və Ermənistanın dini liderləri 1988-ci ildən görüşürlər: “Görüşlərin bir çoxunun təşəbbüskarı da Rus Pravoslav Kilsəsinin patriarxları olub. Dini liderlərin bu görüşlərinin məqsədi nədir? Birincisi, aydındır ki, dini liderlərin görüşləri iki ölkə rəsmilərinin görüşlərini əvəz edə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycan və Ermənistan prezidentlərinin və xarici işlər nazirlərinin uzun illər həyata keçirdikləri görüşləri nəticə vermir. Şeyxülislamla katolikosun görüşü də bu mənada nəticə vermir. Bu görüşlər nəticə versəydi, ən azı işğal altındakı rayonlarda məscidlər dağıdılmazdı”.

Şeyxin II Qareginlə görüşü - girovların azad olunması gündəmdə

E.Şahinoğlu qeyd etdi ki, dini liderlər münaqişənin həlli mexanizmlərini müzakirə etmirlər: “Onlar ümumi olaraq qan tökülməsinin əleyhinə olduqlarını bildirirlər. Ancaq qan yenə tökülür və atəşkəs mütəmadi olaraq pozulur. İkincisi, Azərbaycanın və Ermənistanın dini liderlərinin mütəmadi görüşləri Dağlıq Qarabağ münaqişəsinə dini elementin olmadığını göstərməlidir. Yəni dini liderlər bunun xristian-müsəlman müharibəsi olmadığını təsdiq edirlər. Buna baxmayaraq, Azərbaycanın əsas dəstək aldığı ölkələr müsəlman ölkələridir. İslam Konfransı Təşkilatı Qarabağın işğalını pisləyir və hər qətnaməsində Azərbaycanı dəstəkləyir. Bununla yanaşı, Avropa təşkilatları da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişəsində din amili yoxdur. Rusiyanın da Ermənistana hərbi dəstəyi dinlə bağlı deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur və buna görə də Kreml İrəvana hər cür dəstək verir. Üçüncüsü, Azərbaycanın və Ermənistanın din xadimlərinin görüşlərinə, həmişəki kimi, Rus Pravoslav Kilsəsi vasitəçilik edir. Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini də çox zaman Rusiya prezidenti təşkil edir. Bu o deməkdir ki, vasitəçilik təşəbbüsü bütün iqtiqamətlərdə tamamən Rusiyaya məxsusdur. Məsələn, Azərbaycanın və Ermənistanın Vatikanla münasibətləri yaxşıdır. Ancaq heç vaxt Vatikan Azərbaycanın və Ermənistanın dini liderləri arasındakı görüşə və vasitəçiliyə təşəbbüs göstərməyib”.

Gözləntilər var ki, dini liderlərin görüşündə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılacaq. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından 6 aydan çoxdur ki, soraq tuta bilmədiyini bildirib.

Yayılan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.

Məsələ ilə bağlı modern.az-a danışan azərbaycanlı girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov hər hansı başçəkmə olmadığını deyib: “May ayında atamın vəziyyəti ağırlaşanda Cenevrədən həkim dəvət etmişdilər. Həmin həkimlə şəxsən özüm də görüşmüşdüm. Həkim mənə dedi ki, atamın müalicəsi düzgün aparılmayıb, ona görə səhhəti pisləşib. Xaricdən gələn həkimin dediyinə görə, o, düzgün müalicə yazıb. Amma həmin vaxtdan etibarən atamdan məktub ala bilmirəm”. K.Əsgərov deyib ki, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin ofisində olub: “Atama məktub yazmaq istədiyimi bildirdim. Onlara dedim ki, sentyabrın 10-da on günlük Azərbaycanda olmayacağam. Əgər görüş olacaqsa, mən məktub yazım. Bundan başqa, üç aydan bir video göndərmək haqqım var mənim. Nümayəndələr heç bir problem olmadığını, görüş olacağı təqdirdə əvvəlcədən mənə xəbər verəcəklərini bildirdilər. Dünən də oxuyuram ki, guya başçəkmə olub. Zəng edirəm əməkdaşlarına, deyirlər, ”bizim xəbərimiz yoxdur, görüş olmayıb". Belə çıxır ki, mən uşağam, mənimlə çiling-ağac oynayırlar?!"

E.Şahinoğlu dedi ki, Şeyxin Kəlbəcər girovları ilə bağlı məsələni qaldıracağına şübhə etmir: “Ancaq nəticə əldə edəcəyini söyləmək çətindir”. Deməli, yenə də ümid beynəlxalq təzyiqlərə qalır.

Bu arada hüquq müdafiəçisi Əhməd Şahidov da özünün beynəlxalq əlaqələrindən istifadə edərək girovlarımızın məsələsini dünya ictimaiyyətinə çatdırmağa çalışmaqdadır. Sosial şəbəkədəki şəxsi səhifəsində yazıb ki, kəlbəcərli girovumuz Dilqəm Əsgərovun oğlu Kürdoğlunu ATƏT-in Varşava Sammitinə aparmaq üçün Şengen vizası alıb. “Yola çıxmaq zamanıdır. Dünya bütün həqiqətləri sənin dilindən eşitsin, kəlbəcərli balası” - Ə.Şahidov əlavə edib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Firuzə Əsgərova və Albina Veysəlovanın Ermənistana qarşı iddiası üzrə kommunikasiya başlayıb.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, bu şəxslər 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır. Məhkəmə Ermənistan hökumətinə suallar ünvanlayıb. Ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir.

Məhkəmə həmçinin hökumətdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini istəyib. Son günlər girovların ağır durumda olduğu bildirilir.

Qafqaz Müsəlmanları İdarəsindən mövzu ilə bağlı suallarımıza cavab almaq cəhdlərimiz nəticə vermədi. Amma ümid edirik ki, hörmətli Şeyx həzrətləri Kəlbəcər girovlarının xilası üçün əlindən gələni edəcək. Üstəlik, vasitəçi Kirill də bilməmiş deyil ki, girovlardan biri D.Əsgərov Rusiya vətəndaşıdır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler