» » Azərbaycan səfirindən özəl açıqlama:

Azərbaycan səfirindən özəl açıqlama: “Avropa bizdən öyrənsin”

Bölmə: Xəbər, Din
Azərbaycan səfirindən özəl açıqlama:
Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanın İsveçdəki səfirliyi (eyni zamanda Finlandiyada) Finlandiyanın Aleksanteri İnstitutu ilə birgə Helsinkidə “Multukulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans təşkil ediblər. Tədbirin keçirilməsində məqsəd tolerantlığın Azərbaycan modelinin təqdim edilməsi olub.

Xalqinfo.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərlik altında dövlətin multikulturalizm və din siyasətini həyata keçirən rəsmi şəxslərinin və dini konfessiyaların rəhbərlərinin daxil olduğu nümayəndə heyəti iştirak edib.

Əməkdaşımız Azərbaycanın İsveç və Finlandiyadakı səfiri Adış Məmmədovdan konfransın işi və nümayəndə heyətinin keçirdiyi görüşlərlə bağlı fikirlərini öyrənib.

- Cənab səfir, bir neçə ildir ki, tolerantlığın Azərbaycan modelinin təqdimatı ilə bağlı bir sıra Avropa ölkələrində silsilə tədbirlər həyata keçirilir. Bu dəfə Finlandiyada analoji tədbir baş tutdu. Maraqlıdır, niyə məhz Avropa ölkələri?

- Belə tədbirlərin Avropa ölkələrində keçirilməsinin iki əsas səbəbi var. Birincisi, səbəbi elə Avropanın özündə axtarmaq lazımdır. Bilirsiniz ki, Avropa ölkələrində multikultural və tolerant cəmiyyətin formalaşması prosesi böyük çətinliklərlə müşayiət olunub. XX əsrdə baş vermiş hər iki dünya müharibəsini və müstəmləkəçilik siyasətini Avropa dövlətlərinin “şah əsəri” hesab etmək olar. II Dünya müharibəsi zamanı isə bu gün dünyanın ən demokratik ölkələrindən biri hesab olunan Almaniyada yəhudilərin kütləvi məhv edilməsi, soyqırımı siyasəti həyata keçirilib. Yalnız müharibədən sonra, xüsusilə də Avropa İttifaqı yaranandan sonra Avropada insan hüquqları anlayışı xüsusi önəm daşımağa başladı.

Etiraf edək ki, ötən 60 ildə Avropa ölkələrində demokratik dəyərlərin bərqərar olması, multikultural cəmiyyətin formalaşması istiqamətində çox böyük işlər görüldü. Çox təəssüf ki, “soyuq müharibə”nin bitməsilə, xüsusilə də “ərəb baharı” nəticəsində Şimali Afrikada və Yaxın Şərqdə qaynar münaqişə zonaları yarandı və bu zonalardan milyonlarla qaçqının Avropa ölkələrinə üz tutması, bu ölkələri həll olunmasının vacib olduğu bir sıra problemlərlə üz-üzə qoydu.

Düzdür, Avropa dövlətləri qaçqınların bütün sosial problemlərini həll etmək üçün imkanlara malikdirlər və həll edirlər də, lakin sosial problemlərin həlli bütün problemlərin həlli demək deyildir. Müharibənin odundan, alovundan çıxmış, hər şeyini itirmiş qaçqınlar ən başlıcası böyük psixoloji travma alıblar və bunun bərpası üçün uzun illər lazımdır. Qaçqınlar müsəlman mədəniyyətinin daşıyıcılarıdır və bu mədəniyyət Avropa insanının daşıdığı mədəniyyətdən tamamilə fərqlidir, şübhəsiz bu da cəmiyyətdə disbalans yaradır və müsəlman qaçqınların cəmiyyətə adaptasiyasını xeyli çətinləşdirir.

Avropa cəmiyyətlərində tolerantlığın ritmi pozulub və bu mənada narahat dövrünü yaşayan Avropa cəmiyyətlərinin tolerantlıqla bağlı fikirlərə, müzakirələrə böyük ehtiyacı var.

Şərqin bir parçası olan, əhalisinin böyük əksəriyyəti müsəlman olan, eyni zamanda başqa millətlərin və dinlərin nümayəndələrinin azad və təhlükəsiz şəkildə yaşaya bildiyi Azərbaycan tolerantlıq modeli kimi təkcə milli və dini münaqişələrin, fikir ayrılıqlarının hökm sürdüyü islam dünyasına deyil, həmçinin miqrant problemi ilə üz-üzə qalmış Avropa cəmiyyətlərinə də nümunə ola bilər.

İkinci səbəb Azərbaycanla bağlıdır. Çox təəssüf ki, dünya hələ də Azərbaycanı lazımi qədər tanıya bilmir. Belə konfransların təşkili istər Azərbaycanın tolerantlıq modelinin təqdimatı, istər Azərbaycanın siyasi və iqtisadi inkişafının təbliği, istərsə də Azərbaycanın problemlərinin səsləndirilməsi baxımından gözəl imkanlar verir.

- Skandinaviya ölkələrindən nəzər yetirdikdə Azərbaycan necə görünür?

- Azərbaycan xalqı müstəqilliyini 25 ildir ki, əldə edib. Razılaşarsınız ki, zaman baxımından çox qısa bir dövrdür. Lakin bu qısa dövrdə Azərbaycan bəzi Avropa ölkələrinin yüz ilə əldə edə bildiyi nailiyyətləri əldə edib.

Ölkədə demokratik cəmiyyətin və hüquqi dövlətin quruculuq prosesi gedir, bildiyiniz kimi, bu uzun bir yoldur. Azərbaycan bu yolu öz milli-mənəvi dəyərlərini qoruyaraq, ümumbəşəri dəyərlərə hörmətlə yanaşaraq, bütün bunlarla yanaşı dövlətçilik maraqlarını nəzərə alaraq addım-addım və səbrlə keçir. Ölkədə dərin siyasi, hüquqi və iqtisadi islahatlar aparılır. Azərbaycan bir tərəfdən böyük transmilli iqtisadi layihələrə imza atır, neft və qazla zəngin bir ölkə kimi Avropanın enerji təhlükəsizliyində rol oynamaq istəyir, Şərqlə Qərbi birləşdirən körpü kimi regionun əsas dövlətlərindən birinə çevrilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il ölkəmizdə müxtəlif ölkələrin dövlət və siyasət xadimlərinin toplaşaraq dünyanın üz-üzə qaldığı siyasi, iqtisadi və humanitar problemlərin həlli yollarının araşdırıldığı Forumları keçirməklə Azərbaycan dünyanın düşüncə mərkəzlərindən birinə çevrilir, digər tərəfdən isə bütün bu qeyd etdiklərimizlə paralel olaraq, güclü dövlətin əsas dayağı olan azad, demokratik və tolerant cəmiyyəti formalaşdırmaqla dünyanın bir çox ölkəsi üçün model ola biləcək bir ölkəyə çevrilir.

Bütün bunlar Azərbaycanın bu günkü reallıqlarıdır və heç şübhəsiz, bu reallıqların Avropa ölkələrində təbliğinə ciddi şəkildə ehtiyac var.

- Finlandiyada yaşayan azərbaycanlılarla görüşə bildinizmi?

- Bəli, bu tədbirdə iştirak edən nümayəndə heyətimizin maraqlı görüşlərindən biri də Finlandiyada yaşayan həmvətənlərimizin nümayəndələri ilə keçirildi.

Çay süfrəsi arxasında kifayət qədər xoş və səmimi atmosferdə keçirilən görüşdə xarici ölkələrdə yaşayan həmvətənlərimizin Prezident İlham Əliyevin daim diqqətin mərkəzin də olduqları, bu insanların da Azərbaycanın bir parçası olduqları qeyd edildi, Finlandiyada yaşayan həmvətənlərimizin Azərbaycanın təbliği və tanıdılması işində daha fəal olmaları tövsiyə olundu.

Əslində, səfər zamanı nümayəndə heyətinin vaxt tapıb diaspora üzvləri ilə görüşməsi, Azərbaycan dövlətinin həmvətənlərimizə olan qayğı və diqqətinin nümunəsi idi.

- Sizcə, Avropa ölkələri Azərbaycanın tolerantlıq modelindən necə faydalana bilərlər?

- Azərbaycanın tolerantlıq modelinin əsasında iki əsas amil dayanır. Bunlardan biri xalqımızın tarixən tolerantlıq ənənəsinə malik olmasıdır. Min ildən artıqdıq ki, Azərbaycan etnik və dini rəngarənglik baxımından fərqlənmiş, bu torpaqlar müxtəlif millətlərin və müxtəlif dinin nümayəndələrinin dostluq və qardaşlıq diyarına çevrilib. Tolerantlıq bu xalqın həyat tərzidir.

İkincisi, ən əsas amil dövlətin multikultural dəyərlərə verdiyi önəm və tolerant cəmiyyətin daha da inkişaf etdirilməsi istiqamətində apardığı siyasətdir.

Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində Azərbaycanda tolerantlıq mühiti qoruna bildi, xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Prezident İlham Əliyev isə Ulu Öndərin tolerantlıq siyasətini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirə bildi. Bu danılmaz faktdır ki, İlham Əliyev prezident kimi Azərbaycanın istər iqtisadi, istərsə də siyasi olaraq çox uğurlarına imza atıb, Azərbaycanı regionun siyasi çəkiyə malik olan ölkəsinə çevirə bilib.

Azərbaycanın hakimiyyətinin tolerantlıq siyasəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Son iki il cənab Prezidentin təşəbbüsü ilə “Multikulturalizm ili” və “İslam həmrəyliyi ili” elan edilib. Əslində, bu təşəbbüslərlə cənab Prezident dünya xalqlarını milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsə hörmətlə yanaşmağa, müxtəlif milli-mənəvi dəyərlərə qiymət verməyə çağırır, bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərləri ilə həmrəyliyə dəvət edir.

Başqa bir nümunə. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu təkcə Şərq ölkələrində deyil, Avropa ölkələrində də dini abidələrin, kilsələrin, muzeylərin təmiri və bərpasını həyata keçirir. Bu xeyirxah iş təkcə H.Əliyev Fondunun deyil, bütövlükdə Azərbaycan xalqının və Azərbaycan hakimiyyətinin dünya mədəni irsinə və dini-mənəvi dəyərlərə verdiyi qiymətdir. Bax, bütün bunlardır, hakimiyyətin apardığı tolerantlıq siyasətidir Azərbaycanı fərqlı edən.

Bu gün dünya Azərbaycanı neft və qazla zəngin bir ölkə kimi tanıyır. Lakin, hesab edirəm ki, bizim ən böyük zənginliyimiz ölkəmizin milli və dini rəngarəngliyə malik olması, cəmiyyətdə möhkəm tolerantlıq ənənəsinin formalaşmasındadır, bizim ən böyük zənginliyimiz dilindən və dinindən aslı olmayaraq Azərbaycanda yaşayan hər bir kəsin Ulu Öndərin təbiri ilə desək, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bilməsindədir. Biz azərbaycanlılar məhz belə bir zəngin tolerantlıq mədəniyyətinə malik olduğumuz üçün fəxr etməyə doğrudan da haqqımız vardır.

Azərbaycan səfirindən özəl açıqlama:
Azərbaycan səfirindən özəl açıqlama:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler