» » Mətbuat Şurası informasiya təhlükəsizliyi məsələsini müzakirəyə çıxardı

Mətbuat Şurası informasiya təhlükəsizliyi məsələsini müzakirəyə çıxardı

Bölmə: Xəbər
Mətbuat Şurası informasiya təhlükəsizliyi məsələsini müzakirəyə çıxardı
Media kapitanları “KİV haqqında” Qanunun dəyişdirilməsi və media siyasətini təkmilləşdirməyə dair təkliflər səsləndirdilər...
Sentyabrın 5-də ölkənin aparıcı qəzetlərinin və digər media qurumlarının iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçirildi.
Beynəlxalq Mətbuat Mərkəzində baş tutmuş toplantını giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Ə.Amaşov bildirib ki, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Adiministrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin məsul əməkdaşlarının və kütləvi informasiya vasitələrinin baş redaktorlarının iştirakı ilə keçirilmiş müşavirədə informasiya təhlükəsizliyinin müxtəlif aspektlərinə diqqət yetirilib. «Müşavirədən ötən müddətdə orada səslənən məqamlar ətrafında da kifayət qədər geniş müzakirlər aparılıb. Müxtəlif kütləvi informasiya vasitələri redaksiya daxilində toplantılar düzənləməklə tədbirdə qaldırılan məqamların praktik fəaliyyət müstəvisində dəyərləndirilməsinin vacibliyini vurğulayıblar. Əsas diqqət təbii ki, cəbhə xəttində ötən ay yaşanmış gərginliyin Azərbaycan mediasına necə təsir göstərməsinə yönəldilib. Çünki həmin vaxt gərginlik mediamızın axarına ciddi təsir etmişdi. Mətbuat Şurası da bununla əlaqədar bəyanat verərək kütləvi informasiya vasitələrini hadisə və proseslərə həssas yanaşmağa çağırmışdı. Mövcud yanaşma isə mediamızın monolit komanda kimi özünü necə təsdiqləməsi məsələsini aktuallaşdırırdı. Təəssüf ki, bununla əlaqədar bir sıra neqativ cəhətlər da baş verdi. Ayrı-ayrı media orqanlarının fəaliyyətində cəmiyyəti çaşdırmaq meyli aşkar göründü. Mənfi hallar qeyri-peşəkarlıqdanmı və ya hansısa başqa səbəblərdənmi yaşandı, bu məqamlar da nəzərdən keçirilməkdədir», - deyən Ə.Amaşov avqust ayında cəbhə xəttindəki gərginliyə dair müxtəlif informasiya portallarının təqdimatındakı xüsusiyyətlərə toxunub. Şura sədri rəhbərlik etdiyi qurumun apardığı monitorinqə söykənərək əlavə edib ki, qoşunların təmas xəttində gərgin vəziyyətin yarandığı andan başlayaraq dezinformasiya tipli materialları cəmiyyətə çatdıran bir sıra yeni internet resurslar meydana çıxdı. Bəzən nisbətən oturuşmuş xəbər portalları da onlara istinadən materiallar yayımlayırdılar. Nəticədə müəyyən informasiya xaosu müşahidə olunub. Ə.Amaşov belə vəziyyətlərin tənzimlənməsinə duyulan zərurət üzərində dayanarkən Mətbuat Şurasının Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. «Əlbəttə, kimlərsə məsələlərin koordinasiyasını məhdudlaşdırıcı hal kimi də qiymətləndirə bilər. Amma əslində söhbət söz və ifadə azadlığına hər hansı maneçilik törətməyəcək tənzimləmədən gedir ki, bunun da həqiqi qələm sahibləri üçün ancaq xeyri var», - deyən Şura sədri konfransın mövcud istiqamətdəki təkliflərin qruplaşdırılması baxımından əhəmiyyətli olacacağına əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, avqustda cəbhə xəttində yaşanan gərginlik zamanı jurnalistikamız qeyri-peşəkarlıqdan irəli gələrək milli maraqlara zərbə vurdu: «Mən əslən Ağdamdanam. Rayondan deputat seçilmişəm. Orada çoxlu sayda qohumum, dostum, tanışım var. Yəni bölgədən informasiya almaq imkanlarım genişdir. Amma rəhbərlik etdiyim «Azərbaycan» qəzetində rəsmi təsdiqini tapmamış informasiyalar yer almadı. Bir çoxları belə fəaliyyət göstərilməli olduğunu yaddan çıxardılar. Unutdular ki, sensasiyalı xəbər müharibə dövrü qaydaları üçün yolverilən deyil. Təbii ki, müəyyən düşünülmüş, qəsdən ictimai rəyi çaşdırmağa yönəlik addım atanlar da, sınaqdan üzüağ çıxanlar da oldu».

Ordunu qapalı sistem kimi xarakterizə edən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqəti bu sistem barədə yayılan məlumatların hər bir halda məsuliyyət yaratması üzərinə yönəldib. Baş redaktor qeyd edib ki, bəzi informasiya resursları digərlərinə istinad edərək cəmiyyəti çaşdıran materiallar tirajladılar. Belə halların yolverilməzliyindən söz açan V.Rəhimzadə mövcud vəziyyətin kütləvi informasiya vasitələri haqqında qanuna dəyişiklikləri zəruriləşdirdiyini vurğulayıb: «Kütləvi informasiya vasitələri haqqında» Qanun 1999-cu ildə qəbul edilib. Sənəd o dövrün tələbləri ilə səsləşirdi və mükəmməl idi. Lakin hazırkı şəraitdə ona bəzi əlavə və dəyişikliklər qaçılmaz reallığa çevrilib. Dəyişikliklər və əlavələr ilk növbədə internet medianın iş prinsiplərini əhatə etməlidir».

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də «KİV haqqında» Qanunda dəyişikliklərin edilməsinin zəruriliyindən danışıb: «Ancaq belə olduqda məsələni söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qələmə verənlər tapılacaq. Düşünürəm ki, media ictimaiyyəti ilk növbədə belə çağırışlara da adekvat münasibət ortaya qoymalıdır. Müşavirədə Ramiz müəllim çox doğru vurğuladı ki, yanlış informasiyaların cəmiyyətdə yayılmasında maraqlı qüvvələr olub. Deməli, məsələyə konseptual yanaşmaq, jurnalistika ilə birlikdə, cəmiyyətin maraqlarını da nəzərə almaq mütləqdir».

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev cəmiyyətə vətənpərvərlik ruhunun aşılanmasında medianın daha fəal mövqe sərgiləməsinin vacibliyini əsaslandırıb. O həmçinin bildirib ki, ali məktəblərin jurnalistika fakultələrində kadr hazırlığı zamanı ixtisaslaşmaya xüsusi diqqət yetirilməlidir.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında diqqəti bir müddət öncə Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə keçirdiyi görüşə yönəldib. «Həmin görüşdə nazirlik təmsilçilərinin mediadan həm xahişlərini, həm də tövsiyələrini eşitdik. Ancaq sonradan biz bəzi hallarda həmin çağırışlara məhəl qoyulmadığını gördük. Əslində burada müəyyən dilemma da yaranır. Medianın prinsiplərini gözləmək, yoxsa vətənpərvər olmaq? Jurnalist bu sualla üzləşə bilər», - deyən R.Məcid cəmiyyəti qəsdən yanlış yönləndirməyə çalışan KİV-lərlə bağlı müvafiq ölçü götürməsi üçün Mətbuat Şurasına səlahiyyətlərin verilməsinin vacibliyi üzərində dayanıb. O, mətbuatı zəruri informasiyalarla təmin etmək vəzifəsini yerinə yetirməyən qurumlar barədə də tədbirlər görülməsinin əhəmiyyətindən söz açıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı jurnalistikanı həm də tarix yaradan qüvvə kimi xarakterizə edərkən bu tarixin yazılmasında saxtakarlığın yolverilməzliyini müxtəlif faktlarla əsaslandırıb: «Məsələn, görürsən, qəzetdə yazırlar ki, Ermənistanla Azərbaycanın sərhəddində döyüşlər olub. Əslində nəzərdə tutulan yer qoşunların təmas xətti, yəni cəbhədir. Təsəvvür edək ki, bu materialı üzərindən illər keçdikdən sonra kimsə oxuyur. Onda belə təəssürat yaranacaq ki, Ağdam rayonunda Azərbaycanla Ermənistanın sərhədi var. Bu sayaq xoşagəlməz təqdimatlar çoxdur», - deyən M.Qasımlı bildirib ki, media cəbhə ilə bağlı materialların təqdimatına xüsusilə həssas yanaşmalıdır.

MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı avqust ayında cəbhədəki gərginliklə əlaqədar yayılmış materialları iki cəhətdən xarakterizə edib. Bunlardan birincisi doğru, ancaq yayılması düzgün olmayan informasiyalar, ikincisi dezinformasiyalardır. İkinci tip materialların üstünlük təşkil etdiyini vurğulayan V.Mahirqızı bir çox problemlərin aradan qaldırılması üçün KİV-lə bağlı qanunvericiliyə dəyişikliyi əhəmiyyətli sayıb. O, habelə KİV-lərin istinadı məsələsinə də diqqət yetirib. Bildirib ki, əgər informasiya agentliyi bilavasitə məlumat istehsalı ilə məşğuldursa, onun statusundakı xüsusilik qeyd olunmalıdır. Agentlik təsis etmək çətinləşdirilməlidir. Növbəti cəhət kimi hərbi jurnalistlərin yetişdirilməsi zəruridir. «Rəsmi qurumlar yalan məlumat yayanların adlarını çəksinlər. Bundan istər cəmiyyət, istərsə də həmin KİV-lərə reklam verən sahibkarlar öz mesajlarını alacaqlar. Daha bir cəhət sosial şəbəkələrdə erməni diversiya qruplarının aktivliyidir. Bunu müşahidə etdik. Onlar azərbaycanlı adı ilə qeydiyyatdan keçib iş aparırdılar. Belə hallara qarşı da mübarizə aparılmalıdır», - deyən V.Mahirqızı müvafiq dövlət qurumlarının media ilə işə məsul strukturlarının da çevik fəaliyyət göstərməli olduqlarını vacib məqam kimi önə çəkib.

Dövlət qurumlarının mətbuat xidmətlərinin işinin çevikliyinə duyulan ehtiyac MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun çıxışında da səslənib: “Şayiə və dezinformasiya yazan mətbuat rəhbərləri öz məsuliyyətlərini dərk etməli və işlərinə yenidən baxmalıdır. Lakin bu prosesdə hər şeyi mətbuatın, saytların üzərinə yükləmək doğru deyil. Dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri də məsuliyyət daşıyırlar. Onlar informasiya boşluğu buraxırlar, ona görə də konkret situasiyalarda o boşluğu şayiələr və dezinformasiyalar doldurur. Üç günlük müharibə dövründə baş verənlər bir test idi. Biz imkan qazandıq, öyrəndik ki, informasiya potensialımız necədir, fövqəladə vəziyyətdə necə işləyə bilərik? İndi bu nəticələrdən çıxış edib, gələcəkdə bu neqativlərin təkrar olmaması üçün çalışmalıyıq”. Baş redaktor həmçinin, cəza çağırışlarının əleyhinə olduğunu vurğuladı: “Bu, bizi dünya çapında hədəfə çıxaran bir prosesdir”. R.Arifoğlu operativliyi təmin etmək və dezinformasiyaların qarşısını ala biləcək komissiyanın, Mətbuat Şurası nəzdində informasiya mərkəzinin qurulmasını da təklif etdi: “Təklifim ondan ibarətdir ki, Mətbuat Şurasında təcrübəli redaktorlardan ibarət operativ qərargah yaradılsın. Xüsusilə hərbi və fövqəladə vəziyyətlər olanda həmin qərargah dərhal işə başlasın və medianın normal, dəqiq və operativ xəbərlə təmin olunmasına yardım göstərsin”. R. Arifoğlu dedi ki, yerli media da dövlətin, millətin resursudur: “Müharibə vəziyyətində əsgər, xalq nədirsə, haradadırsa, yerli media da orada olmalıdır. Azərbaycanın media resursları ermənilərdən çoxdur, əhatəli və güclüdür. Buyursun, dövlət bir proqram yaratsın, savaş və fövqəladə hallarda bizdən də tam istifadə etsin. Öncə vətənin, millətin maraqları gəlir, sonra xəbərin marağı... ”


«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli media məkanında baş verən bir sıra hadisə və proseslərə münasibətdə ictimai qınaq metodlarının yetərsizliyindən söz açıb. Baş redaktor mövcud istiqamətdə effektiv hüquqi mexanizmlərin tətbiqini vacib sayıb. Azərbaycanın informasiya təhlükəsizliyinə qarşı təhdidlərin müxtəlif təzahür formalarına qarşı əks fəaliyyətin gerçəkləşdirilməsinin vacibliyinə toxunan E.Mirzəbəyli bu işin dövlətin məqsədyönlü maliyyə vəsaiti hesabına gerçəkləşdirilməsinin mümkünlüyünü vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət çıxışında dünyada baş vermiş müharibələr və hərbi böhranlar zamanı medianın fəaliyyətinə qoyulan məhdudiyyətlərdən söz açıb və bildirib ki, bu iş dövrün tələbindən irəli gələrək reallaşdırılıb: «ABŞ-ın Vyetnam müharibəsini yada salaq. Amerikada hələ də deyirlər ki, Birləşmiş Ştatların müharibədə uduzmasına səbəb jurnalistlər oldu. Çünki jurnalistlər öz fəaliyyətlərilə həm də əks cəbhənin informasiya əldə etməsinə imkan yaratdılar. 1982-ci ilin Folklend böhranı zamanı isə İngiltərə hakimiyyəti Folklendə jurnalistləri buraxmadı. Çünki dövlətin mənafeyi bunu tələb edirdi. Oxşar situasiyalardan kifayət qədər misallar gətirmək mümkündür».

«Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı avqustun 29-da keçirilmiş müşavirədən sonra holdinqə daxil olan media orqanlarının cəbhə ilə bağlı meteriallara daha həssas yanaşdıqlarını deyib. O, ancaq rəsmi informasiyaların verildiyini diqqətə çatdırıb.

Çıxış edənlərdən «Aznyus.az» saytının redaktoru Ramil Məmmədli, «Veteninfo.az» saytının rəhbəri Nahid Canbaxış və başqaları cəbhə xəttindəki gərginliklə bağlı yayılan məlumatların cəmiyyətə çatdırılması işindəki səmərəliliyin artırılması üçün müvafiq qurumların da üzərinə məsuliyyətin düşdüyünü vurğulayıblar. «Yeni media jurnalistləri» İctimai Birliyinin sədri Xəqani Səfəroğlu informasiya təhlükəsizliyi haqqında ayrıca qanunun qəbulunu vacib sayıb.

Ölkəmizdə informasiya təhlükəsizliyinin təminatının informasiya texnologiyalarının inkişafı ilə adekvat olmadığını deyən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyətin tənzimlənməsi üçün informasiya təhlükəsizliyi ilə bağlı vahid konsepsiya hazırlanmalıdır.

Sonda çıxış edən MŞ İdarə Heyətinin üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev tədbirdə səslənən fikirlərin əhəmiyyətinə toxunaraq ümumən bir çox istiqamətlər üzrə tənzimləmələrin mümkünlüyünü söyləyib. Bu baxımdan informasiya saytlarına xəbərdarlıqdan tutmuş onların fəaliyyətinin dayandırılmasınadək bir çox cəza tədbirlərinin dünya miqyasında uğurla reallaşdırıldığını və konkret nəticələr verdiyini dilə gətirib. R.Əliquliyev çıxışında həmçinin yaşadığımız müasir informasiya əsrinin problemi sayılan kiber təhlükə ilə mübarizə sahəsində kadr hazırlığının önəmli olduğunu deyib.
Mətbuat Şurası informasiya təhlükəsizliyi məsələsini müzakirəyə çıxardı
Mətbuat Şurası informasiya təhlükəsizliyi məsələsini müzakirəyə çıxardı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler