» » "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" -

"Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - Zərərçəkən +YENİLƏNİB

Bölmə: Xəbər, Kriminal
"Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" -
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində fasilədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Sultanov ifadə verib.

O bildirib ki, Nəsib Əliyevin dələduzluq əməlləri ilə bağlı MTN-nə şikayət ediblər. Bundan sonra N. Əliyev onlara mənzil verib.

İclasdan sonra zərərçəkmiş şəxslərdən Cahangir Alışov da jurnalistlərə açıqlama verib. O, məhkəmənin bütün epizodları araşdırdığını deyib:"Mənə ümumi olaraq 6 milyon 322 min manat zərər dəyib. Məndən başqa 60 nəfər də zərərçəkmiş kimi tanınıb. Görünən dağa nə bələdçi? Bu cinayət baş verib. Akif Çovdarov əvvəl özünü xəstəliyə vurmuşdu, son vaxtlar aktivləşib. Bu da ona görədir ki, vəkilləri onu arxayın edib. Ümid edirik ki, dəymiş zərər ödənilər, qanunun aliliyi təmin edilər. Akif Çovdarov mənə təzyiq edib, döyməklə və həbslə hədələyib. Mənəvi zərər çəkmişəm. Bu yolla əmlakımızı mənimsəyib. Cinayətlər öz təsdiqini tapıb. Bəzilərini Akif Çovdarov təsdiq edib, bəzilərində isə başını aşağı salıb, susub".

Proses martın 1-də davam edəcək.


***

saat 14.06

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkilləri vəsatət verərək, "Yeni Yasamal" MTK-nın qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.

İclasda "Yeni Yasamal" MTK-dan ev almış bir neçə şahid ifadə verib.

Daha sonra Nadir Feyziyev zərərçəkmiş şəxs qismində dindirilib. O, istintaq zamanı verdiyi ifadəni təkzib edib. Bildirib ki, istintaqa ifadəsində onu MTN-də saxlayan şəxsin Alı Nəbiyev olduğunu deyib. Bugünkü iclasda onunla A. Nəbiyev arasında üzləşmə olub. N. Feyziyev onu saxlayan adamın A. Nəbiyev olmadığını, onu saxlayan, ev və pul tələb şəxsləri xatırlamadığını deyib.

A. Çovdarovun vəkilləri isə zərərçəkmiş şəxs Cahangir Alışovdan A. Çovdarovla necə əlaqə saxladıqlarını soruşublar. O, telefonla əlaqə saxladıqlarını deyib. Vəkillər onların arasında 2014-cü ilə kimi hər hansı telefon danışığının olmadığını deyiblər.

A. Çovdarov isə onun ifadəsinə münasibət bildirib. O, C. Alışovun yalan danışdığını deyib: "Bunlar goreşən, leş yeyən quşlar kimidir. Gəliblər vəziyyətdən istifadə etməyə. Cahangir Alışovun barəsində korrupsiya ilə bağlı cinayət işi var. Onu buraya qoşublar ki, tutmasınlar".

Proses günün ikinci yarısında davam edəcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler