» » Polat Alemdar obrazının həyatdakı gerçək üzü - Abdulla Çatlı kimdir? + DOSYE

Polat Alemdar obrazının həyatdakı gerçək üzü - Abdulla Çatlı kimdir? + DOSYE

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Polat Alemdar obrazının həyatdakı gerçək üzü - Abdulla Çatlı kimdir? + DOSYE

20 il öncə müəmmalı şəkildə ölən Çatlı barədə indiyədək çox əfsanələr danışılıb, yazılıb; onun Susurluq qəzasında ölmədiyi, estetik əməliyyatla üzünün dəyişdirildiyi və sağ olduğu iddiaları var

Deyilənlərə inansaq, ABŞ prezidentləri, əlini Tövrata basıb and içməmişdən öncə, adına “Qara kitab” deyilən çox sirli bir kitabla mütləq tanış olurlar.

Sabiq ABŞ prezidenti Barak Obamaya mətbuat brifinqlərinin birində vaxtiylə oxşar sual vermişdilər:

“Cənab Barak Obama, bütün digər ABŞ prezidentləri kimi, siz də tam məxfi “Sirlər kitabı”, yaxud “Qara kitab”la tanışsınız yəqin ki. Nədən bəhs edir, sirr deyilsə, əlbəttə, həmin bu kitab?”

Hazırcavablığı ilə seçilən Obama, sualı eşidincə azca duruxur:

- Bəli, tanışam. Məzmununu neynək, açaram sizə, ancaq bunu ki bildiz, vəssalam, qanınız getdi, qətlə məhkumsuz - deyir.

Prezidentin sərrast cavabını eşidən cığal jurnalistlər həmin an əlləri ilə ağızlarını örtürlər, Obamaya işarə vururlar ki, amanın günüdü, o kitabın məzmunu barədə heç nə deməsin. Obama yarızarafat-yarıdoğru, mikrofonu öz qalın həbəş dodaqlarına yaxınlaşdırır, istəyir nəsə deməyə, ancaq jurnalistlər tez əlləriylə qulaqlarını örtürlər - yəni heç nə eşitmək istəməzdik...

Cavab olaraq Obama, siyah əllərinin bəyaz ovuclarını yuxarı qaldıraraq havada oynadır. Təəssüf hissi keçirdiyini kimsədən gizləməyərək dodaqlarını büzür...

***

Sivillər barədə heç nə deyə bilmərəm, ancaq Pentaqon hərbi elitası arasında belə bir kitab, yaxud tam məxfi sənədlər toplusu, bəli, gərək biləsiz, həqiqətən mövcuddur. Ancaq o “Qara kitab” deyil, sıra nömrəsiylə “FM 30-31” adlanır. Dosyedə, düşmən ərazilərdə təxribat, qətl, kəşfiyyat əməliyyatlarının bütün incəlikləri, taktika və strategiyası cümlə-cümlə izah edilir. Amma yuxarıda dediyimiz kimi, bu dosye ilə tanışlıq, əksər hallarda insana çox baha başa gəlir. Adətən belələrini axırda mütləq öldürürlər.

O cür insanlardan biri məşhur türk bozqurdu, rəhmətlik Abdulla Çatlı idi, biləsiz.

***

Dediyim siyahını, təkcə elə Abdulla Çatlı ilə məhdudlaşdırmaq, məncə, düzgün olmaz. Türkiyədə adına “faili-məchul” deyilən çox məşhur bir siyahı var. Üstü açılmamış cinayətlər, qətl hadisələri burda üst-üstə qalanaraq hardasa 17 min insanın taleyini özündə əhatə edir. Bu uzun, dəhşətli siyahıda beş-altı qəbiristanlıq insan kütləsi yatır desəm, inanın şişirtməyə yol vermiş olmaram. Siyahıda kimlər yoxdu: Uğur Mumcu... Abdi İpekçi... Ümit Doğanay... Muammer Aksoy, Bahriye Üçok... Turan Dursun, Çetin Emeç, Dr. Necip Hablemitoğlu... İhsan Güven, Berkin Elvan, Abdullah Cömert, Ali İsmail Korkmaz, Ethem Sarısülük, Kaşif Kozinoğlu... Kuddusi Okkır, Behçet Oktay... Muhsin Yazıcıoğlu. Hiram Abas. Və nəhayət, Abdulla Çatlı rəhmətlik.

Şəxsən mənim o siyahı haqda fikrim qətidi - bu qurbanlar, bayaq barəsində danışdığımız məşhur “FM 30-31” məxfi dosyesi ilə bu və ya digər şəkildə əlaqəli insanlardı. Yəni müasir Türkiyənin əsl, həqiqi “Qara kitabı” Orxan Pamukun qələmə aldığı eyni adlı kitab yox... bir də yox... məhz, bax, bu tam məxfi sənədlər toplusudur, məncə. “Faili-məchul” siyahısının bütün ipucları Türkiyənin başına min dəfə sarılıb dolandıqdan sonra gəlib çıxır bu gizli sənədlər toplusuna.

Bir də...

Bir də, Abdulla Çatlının ünvanına.

***

Türkiyənin ən məşhur və peşəkar rejissorlarından Osman Sinavın “Kurdlar vadisi” serial-filmi də, yadda saxlayın, bu məşhur siyahının qanlı izləri ilə müşayiət olunur həmişə. Baş qəhrəmanı Polat Alemdar isə gərək biləsiz, Türkiyədə yekdilliklə Abdulla Çatlının prototipi sayılır. Abdulla Çatlıya məxsus məşhur “İki nəfərin bildiyi sirr deyil” ifadəsi də, məncə, filmdə dəfələrlə elə-belə, boş yerə təkrarlanmır. “FM 30-31” dosyesinin əvvəlinə, axırına da, deyilənlərə inansaq, bax, bu qanadlı ifadə qırmızı hərflərlə həkk edilibmiş guya.

İsveçrə konspiroloqu Daniel Henser “NATO-nun gizli orduları” bestsellerində Abdulla Çatlı, “FM 30-31 dosyesi” mövzusu ətrafında görün bir nələri sadalayır: “1973-cü ildə Türkiyədə çıxan “Barış” qəzeti “FM 30-31” dosyesini çap edəcəyini anons etsə də, arzusu gözündə qalır. Anons müəllifi özü də itir, qəzetdəki məxfi məlumatlar da. Sonradan əməkli general Talat Turxan, canını dişləri arasında sıxaraq, dosyenin türkcə tərcüməsini mətbuata çıxarır. Materiallardan bilinir ki, 18 mart 1970-ci il tarixində Amerika generalı Uestmorlend tərəfindən imzalanmış bu məxfi dosye həqiqətən həyat üçün çox təhlükəlidir. Sonradan bəziləri bu sənədi sovet uydurması olduğunu iddia etsələr də, sabiq MKİ agenti məşhur Rey Klayn 1992-ci ildə mətbuata ötürdüyü müsahibəsində bütün bunlara yağlı nöqtə qoyur lap axırda. Dəqiq isbat edir ki, uydurma-filan yoxdu. Sənəd var və o saxta deyildir”.

Qısası, “İki nəfərin bildiyi sirr deyil” ifadəsindən lazımi nəticə çıxarmayanlar, bayaq barəsində danışdığımız o məşhur “faili-məchul” siyahısına düşüb, son dəqiqələrində həmişə Abdulla Çatlının, Abdulla Çatlıların tanış siluetini görürmüşlər öz məzar daşları önündə.

***

Türk MİT-nin canlı əfsanəsi Hiram Abas barədə deyilən “O bir rodeo atıydı. Onu yönətmək zordu. Amma yönətiləndə olağanüstü qabiliyyətli və o düzəydə cəsurdu. Macəraçı bir ruh yapısına malik olduğu da gerçəkdi” ifadəsini, məncə, tərəddüdsüz Abdulla Çatlıya da aid etmək olar. Cəmi-cümlətanı qırxca il yaşamış bu şəxsdən... yox, düz demədim, şəxsiyyətdən sonra Türkiyə özünü elə bil həqiqətən bir növ yetim hiss edib. Fikirləşib kimlə... hansı halalsüdəmmişlə əvəz etsin bu doğmaca dəliqanlısını? Çarəni-əlacı çəkdiyi “Qurdlar vadisi” serialında, Polad Aləmdar surətində tapıb sanki. Onu öz əbədi, həmişəyaşıl virtual qəhrəmana çevirib. Əli dirsəyinədək solçu qardaşlarımızın qanına bulaşmış bu tətikçini, bu gün bu yazımda, bilmirəm niyə, əfv etmək istəyirəm.

Polat Alemdar obrazının həyatdakı gerçək üzü - Abdulla Çatlı kimdir? + DOSYE












Onu, bizimkilər nədənsə çox dar, məhəlli çərçivələr içində görür, ancaq elə türkçü, ülküçü kimi dəyərləndirirlər. Məncə, Çatlıya - öz dövrünün Polad Aləmdarına, biz bu ölçülər daxilində yanaşsaq, rəhmətliyin dünya çapında bir şəxsiyyət olduğunu görməyə bilərik. Bəli, o, çox romantik, milli bir adamdı, türkdür - qızı Kökçen Çatlının “Abdulla Çatlı olmaq” kitabında yazdığı kimi “Onun içinde mor dağlara türkü söylemek, uzaktan geçen turnalara el sallamak vardı. O bir devre damgasını vurdu, ama içindeki türküyü hiç duymadılar, dinlemediler”.

Özünüzü çox da bu türkülərlə, Erqenekon havasıyla aldatmayın indi - Çatlıya milli çərçivələrdən kənarda da baxmağı, nəhayət, bacarın.

Əslinə qalsa, Çatlı təkcə elə bozqurd deyildi. Amerika nəzarəti altında fəaliyyət göstərən beynəlxalq gizli killer ordusu zəncirində ən həssas, etibarlı bir halqaydı. “FM 30-31” dosyesinə tabe, dünya çapında bir tətikçiydi. Əməliyyat günü, bu ordu üzvləri, dünyanın dörd bucağından yığılıb gələrdilər nəzərdə tutulan “X” nöqtəsinə. Dəstəyə üzv olmağın bircə vacib şərti varmış - gərək əməliyyat zamanı bütün dilləri unudub məxfi işarələr dilində danışmağı bacaraydın. Oxşar tətikçilərdən biri məşhur Amerika şoumeni Çek Berris olub, biləsiz. Onun bu mövzudakı xatirələri sonradan, 2002-ci ildə çəkilmiş məşhur “Qorxunc adamın etirafları” (Confessions of a Dangerous Mind) filmində öz əksini tapıb. Filmə diqqətlə baxsanız, orda Abdulla Çatlını da görə bilərsiz, dünya çapında tanınmış digər məxfi killerləri də.

Çatlının 1982-ci ildə, ABŞ-ın Mayami kurortlarının birində İnterpol xəttiylə axtarışda olan məşhur terrorçu Stefano Delle Kyaye ilə görüşdüyünü söyləyənlər, nədənsə mövzunun ardını dillərinə gətirmirlər. Demirlər ki, bu görüş iştirakçılarının sayı əslində təkcə elə ikicə nəfərlə kifayətlənməyib. Onlarca başqa, naməlum killer də iştirak edib bu görüşdə, o cümlədən bayaq yuxarıda adını çəkdiyimiz Amerika teleulduzu... eee, üzr istəyirəm, killeri Çek Berris.
Bu qurdlar vadisində qəribə adətlər, şərtlər mövcud imiş, sən demə.

Polat Alemdar obrazının həyatdakı gerçək üzü - Abdulla Çatlı kimdir? + DOSYE













Əvvəla, dəstənin növbəti məxfi killeri, hökmən dustaqlar arasından tapılıb seçilirdi. Dəstə, qazamatda onu bir müddət izləyib, uyğun kadr olduğunu yəqin etməli idi əvvəlcə. Sonra növbəti “X” əməliyyatı başlayırdı - dustaq, tutaq ki, Mehmed Əli Ağca, qazamatdan qaçırdılıb ölkə dışına, tutaq ki, Bolqarıstana, yaxud İtaliyaya çıxarılırdı. “Keyf, qadınlar, içki, narkotiklər” silsiləsi burda bir müddət davam edib, axırda masa üzərindəki qara tapancayla əvəzlənirdi. Dəstə üzvləri, dünya mass-mediasında özünəməxsus qəribə cəhəti ilə tanınır; misal üçün, Türkiyədəki əməliyyatlarını, əksər hallarda çərşənbə gününə sifariş verərmişlər adətən.

Roma papası İoann Pavel 2-ciyə güllə sıxmış Mehmed Əli Ağca, bax, beləcənə gəlib bir gün həmin beynəlxalq tətikçilər, killerlər klubuna üzv seçilir. Kimin təqdimatı ilə baş verir bu? - əlbətdə Abdulla Çatlının təqdimatı ilə.

Abdulla Çatlının masa üzərinə buraxdığı tapançanı, o gün əlinə götürməyə bircə şəxs cürət edib - Mehmed Əli Ağca.

***

Dəstənin digər üzvü - Haluk Qırçı, bu cür saysız qətlləri öz xatirələrində bax, bu cür təsvir edir - “Tapançamın lüləsi altında, avtomobildəki iki sərnişini eşiyə çıxarıb üzü üstə yerə uzatdım. Tərəddüd etmədən, avtomatik, üç güllə sıxdım hər birinin peysərinə. Sonra, geriyə, mənzilə qayıtdım. Orda beş nəfər solçu huşsuz halda yerdə uzanıqlı yatırdı. Əvvəlcə, məftil götürüb onları boğmaq istədim. Alınmadı. Məcbur qaldım dəsmal götürüb beşinin də nəfəsini kəsim”.

Bax, bu Haluk Qırçı, Abdulla Çatlını daim müşayiət edən bir kölgə olub, biləsiz. 1996-cı ildə, məşhur Susurluq qəzası zamanı Abdulla Çatlı öz həyatını itirərkən, arxaları ilə gələn ikinci maşında Haluk Qırçı əyləşmişdi, bir də adamyeyən cangüdənlər. Görəndə ki, Çatlı son nəfəsini verir, artıq xırıldamağa başlayıb, Qırçı, özünü itirib başlayır titrəməyə. Telefonu qulağına basıb zəng etmək çox sonra ağlına gəlir. Bu vaxt Çatlı artıq həyatda yoxdu. Sonrakı hadisələri Çatlının qızı Kökçen bax bu cür xatırlayır:

“Dərslərimi oxuyurdum. Anamla bacım televizora baxırdılar. Qapı çaldı. Bir ailə dostu girdi içəri. Qadındı. Başımı qaldırmadım o an. Ağlayırdı için-için. “Abla, baban qəza geçirib, vəziyyəti çox ağırdı” dedi. Həmən yerimdən qalxdım. Ali abinin həyat yoldaşı girdi içəri. Üzü çox solğundu. Anama bircə “Meral” deməyə gücü çatdı. Ağlamağa başladı. Biz təbii, anladıq babamızın artıq aramızda olmadığını. Sonrasını xatırlamıram”.

***

Amma...

Amma Abdulla Çatlının... üzr istəyirəm, gerçək Polat Alemdarın saysız qurbanları da, oxşar səhnələr yaşayıb vaxtı ilə. Belələrindən biri - əməkli general Tələt Turxan, xatirələrində görün o səhnələri indi necə xatırlayır: “Erenköyün “Zivərbəy” villasında məni işgəncə ustası Eyyub Ozalkus - Milli İstihbarat Təşkilatının sorğulama şöbəsi rəisi qarşılayıb gözlərimi bağladı, əl-qolumu sarıdı. Dedi: “İndi siz tam məxfi, qanun çərçivəsindən kənarda fəaliyyət sürən Milli Ordunun əsirisiniz. Bu ordu hərbi qüvvələrin tərkibində gizli fəaliyyətdədir. Dedilər bəs mən ölüm cəzasına layiq görülmüşəm. İşgəncələrdə bozqurdlar da iştirak edirdi”.
Abdulla Çatlının oxşar səhnələrdə iştirakını indi heç kim... heç kim inkar edə bilməz.

***

Vaxti ilə, 60-90-cı illərdə, türk cəmiyyətində baş vermiş bu vətəndaş qarşıdurması, qədim oğuzların İç Oğuz-Dış Oğuz davasını xatırladır indi mənə. Allah, bu davanın bütün qurbanlarının - sağçıların da, solçuların da günahından keçsin indi.

Belələrindən biri mərhum Abdulla Çatlı idi. O, həm Türkiyəni qoruyurdu, həm də o məşum “FM 30-31” dosyesini.
Yəni Pentaqon kəşfiyyatını tam məxfi “Qara kitab”ını.

“Kurtlar Vadisi”nin ilk bölümlərində Aslan Akbeyin (Hiram Abas) israrları ilə estetik əməliyyatla üzü və səsi dəyişdirilən Əli Candan (Abdulla Çatlı) dönüb Polat Alemdar olur. Rejissor və ssenarist bu səhnə ilə Abdulla Çatlı barədə gəzən söz-söhbətin doğru olduğunu göstərməyə çalışıb. İddialara görə, Abdulla Çatlı əslində Susurluq qəzasında ölməyib. Həmin qəzanın bir teatr olduğu iddia olunur. Deyilənə görə, Çatlının öldüyü haqda rəy yaradıb, sonradan onun üzünü estetik əməliyyatla dəyişdiriblər və o, hazırda da görəvini davam etdirir. Bu iddiaların nə qədər doğru, yaxud yalan olduğunu isə yaxın gələcək göstərəcək.

Tarix sirri sevmir... (musavat.com)


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler