» » 20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar

20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar

Qorbaçov tanklarının Azərbaycan elminə hücumu...

Xalqinfo.az saytı xatırladır ki, 1990-cı ilyanvarın 24-də vəhşiləşmiş, qəddar sovet tankçıları tərəfindən Azərbay­canın görkəmli kimyaçı alimlərinin minik maşınında vurulub məhv edilməsindən 27 il ötür.

1990-cı ilin müdhiş 20 yanvar qırğınından sonra Sovet Ordusunun mənfur niyyətli Stavropol erməni rezervistlərindən təşkil edilmiş qaniçən dəstələri Bakı-Sumqayıt yolunda daha bir dəhşətli cinayət törətmişdilər – zirehli tank Azərbaycanın 5 nəfər kimyaçı aliminin Sumqayıtdakı iş yerlərinə getdiyi 05-10 AQU dövlət nişanlı “Jiquli” markalı maşının üzərinə şığıyaraq, günahsız elm adamlarının üçünün ölümünə, digərlərinin isə çox ağır yaralanmasına səbəb olmuşdu.

Həm özləri, həm də xalqımız üçün daha bir uğursuz gün olacağını fikirlərinə belə gətirə biməyəcəkəri 24 yanvar günü onlar paytaxtdan Sumqayıta – neçə illər idi ki, birgə çalışdıqları Polimer Materialları İnstitutuna yola düşərkən unudulması heç zaman mümkün olmayan, hələ də hər birini şokda saxlayan 20 yanvar qırğınının acı dərdlərini həyatlarının mənası sandıqları işləri ilə az da olsa, ovutmaq ümidində idilər. Əslində bu, bəlkə də, onların hər biri tərəfindən bilərəkdən edilən özünüaldanış idi. Belə ki, doğma xalqın müdhiş faciəsini bütün ağırlığı ilə ürəklərində daşıyan, çiyinlərində hiss edən o 5 elm fədaisi – kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, İdris Əhmədov, Parlaq Mustafayeva və Svetlana Məmmədova, çox güman ki, həmin gün elm naminə hansısa bir iş görmək ovqatında da deyildilər – bir-neçə gün əvvəl ermənipərəst, satqın M.Qorbaçovun göstərişi və imperiya marşalı D.Yazovun, onun cəllad “icraçı qeneralı” V.Dubinyakın komandanlığı ilə Sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliklər onların hər birinin yaxın günlər üçün nəzərdə tutduqları planları büsbütün alt-üst etmişdi. Təsadüfi deyildi ki, əvvəllər heç zaman siyasətə qoşulmayaraq, ancaq elmlə məşğul olan, lakin son günlər Sovet rəhbərliyinə hiddətlərini gizlədə bilməyən bu alimlər yanvarın 22-də Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmiş, hətta İbrahim müəllim orada söz alaraq, çıxışında M.Qorbaçov hakimiyyətinə, Bakıda günahsız həmvətənlərini gülləbaran etmiş hərbçilərin rəhbərlərinə öz kəskin etirazını və nifrətini bildirmişdi.

Elə yol boyu da elmdən, son işlərindən yox, Qorbaçov-Yazov faşist qruplaşmasının qanlı əməlləri, onların, eləcə də respublikanın o vaxtkı başabəla başçılarının başsız rəhbərliyi nəticəsində güdaza ğetmiş şəhidlərimız barədə danışırdılar... Və qətiyyən xəyallarına belə gəlməzdi ki, bir-neşə dəqiqədən sonra onların da üçü ölməzlik qazanmış şəhidlər sırasında olacaq, artıq bütün xalqımızın ziyarətgahına çevrilmiş Şəhidlər xiyaba­nın­da əbədi uyuyacaqlar.

...Xırdalanı keçib, Ceyranbatana yaxınlaşmaqda idilər ki, birdən professor İbrahim İbrahimovun idarə etdiyi “Jiquli” maşını çalxalanaraq, sürətini azaltdı və... dayandı. İbrahim müəllimlə İdris müəllim maşından düşərək, mühərriki yoxlayıb, maşını birtəhər yenidən işə saldılar. 20-30 metr getdikdən sonra eyni hal baş verdi – maşın çalxalanaraq, yenidən dayandı. Bir daha maşına əl gəzdirib, 15-20 metr getdikdən sonra vəziyyət təkrar olunduqda İdris müəllim tez yerə düşərək, yenidən mühərrikə baxmaq istərkən bayaqdan onların yanından qulaqbatırıcı uğultu ilə ötüb-keçən tanklardan birinin öz iri dəmir “xortumu” ilə onların maşınının üstünə şığıdığını gördü. Maşındakıları özünün iri tırtılları altında al qana qərq edərək, əzib keçən tank “burnu” ilə İdris müəllimi də ağır yaralayaraq, burulub, hadisə yerindən sürətlə uzaqlaşdı. Ağır yaralanmasına baxmayaraq, özündə güc tapan İdris müəllim yoldan keçən həmvətənlərimizin əsl can yanğısı ilə köməklikləri sayəsində çətinliklə də olsa, hadisə yerində keçinən alim yoldaşlarını, ağır yaralanmış Parlaq xanımı və özünü Sumqayıtın Təcili yardım xəstəxanasına çatdıra bilmişdi.

Sovet hərbçilərinin faşist azğınlığı nəticəsində professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerindəcə keçinmişdilər. Sağalacağına o qədər də ümid qalmayan istedadlı alim İsmayıl Mursaqulov da, həkimlərin ciddi səylərinə baxmayaraq, üç gündən sonra dünyasını dəyişdi. Yalnız Parlaq xanım və İdris müəllim uzun müddətli müalicədən sonra sağala bildilər.

Kimya elmi sahəsində bu tanınmış alimlərlərin çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Quliyev xalqımızın 20 yanvar və 24 yanvar faciələrini ürək ağrısı ilə xatırlayaraq, deyir:

- Həmin müdhiş günlərdə biz xalqımızın 130-dan artıq mərd və cəsur oğul və qızlarını itirdik. Çox təəssüf ki, Azərbaycan elmi də itkisiz ötüşmədi. İnstitutumuzun aparıcı laboratoriyalarının rəhbərləri olan 5 elmlər doktoru sovet faşizmi ilə üzləşdi və institutumuz onlardan üçünü – böyük perspektivləri olan görkəmli kimyaçılarımızı itirdi. Onların hər biri istedadlı alim olmaqla yanaşı, həm də vətənpərvər ziyalı, gözəl insanlar idilər...

Abbas müəllim bildirir ki, elmin ən çətin sahələrindən olan neft-kimya sahəsində istedadlı bir gəncin kimya elmləri doktoru səviyyəsində yetişməsi üçün ən azı 25-30 il ömür sərf olunur. Bunu nəzərə alsaq, aydın olar ki, 1990-cı ildə yalnız institutumuzun deyil, bütövlükdə Azərbaycan elminin necə böyük, ağır itkisi olmuşdur. Bunun günahkarı isə mənfur M.Qorbaçov hakimiyyəti, şəxsən onun özü və ətrafı, bütünlükdə isə - təcavüzkar imperiya siyasəti olmuşdur.

- Mən o zaman cəmi bir il olardı ki, doktorluq dissertasiyası müdafiə etmişdim, ancaq o beş alimimiz artıq neçə illər idi ki, bu yüksək və nüfuzlu elmi dərəcəyə malik idilər, - deyə professor Abbas Quliyev müqayisəni davam etdirir. – Əgər mən ötən 27 il ərzində AMEA-nın müxbir üzvü, hətta yeddi il institutun direktoru ola bilmişəmsə, görün İbrahim müəllim, Svetlana xanım və İsmayıl müəllim yaşasaydılar, necə böyük elmi nailiyyətlər qazanardılar.

Lakin ömürlərinin xalq və elm üçün ən bəhrəlı çağında həyatdan getsələr də, hər üç şəhid alim elmin çətin yolları ilə uğurla irəliləyərək, mühüm elmi nailiyyətlər qazanmış, yeni elmi ixtiralara nail omuşdular. Onların ömür yollarına nəzər salaq:

Əslən Qərbi Azərbaycandan olan, 1928-ci ildə dünyaya gəlmiş İbrahim İsmayıl oğlu İbrahimov 1952-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdi. (Bu bir acı tale idi ki, İbrahim müəllimin həyat yoldaşı da elə həmin günlərdə avtomobil qəzasında həlak olmuşdu...)

Onun elmi işləri keçmiş SSRİ miqyasında şöhrət qazanmışdı. Professor İ.İbrahimov 140-dan artıq elmi əsərin, 50 ixtiranın müəllifi, tanınmış kimyaçı olmaqla həyatını həsr etdiyi elmin imkanlarından daha geniş istifadə etməyə çalışırdı. Onun son illərdə ürək-damar xəstəliklərinin müalicəsi üçün kimyəvi sintez yolu ilə aldığı nikomorfalin preparatı keçmiş SSRİ-nin Səhiyyə Nazirliyinin Farmakologiya İnstitutunda uğurla sınaqdan keçmişdi və bir çox ölkələrdə dərman preparatı kimi uğurla tətbiq edilirdi.

1939-cu ildə Naxçıvanda anadan olmuş Svetlana Həmid qızı Məmmədova Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft və Sənaye Universitetini) bitirmiş, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Tədqiqatları yüksək molekullu birləşmələr kimyası ilə bağlı olan alim 130-dan artıq elmi əsərin, 40-dan çox ixtiranın müəllifi idi.

Professor Svetlana Məmmədova yüksək molekullu birləşmələr sahəsində doktorluq disser­tasiyası müdafiə edən ilk Azərbaycan qadını idi. O, həmçinin qalay tərkibli polimerlərin tədqiqi sahəsində də mühüm nəticələrə nail olmuşdu ki, bu da böyük təcrübi və nəzəri əhəmiyyətə malikdir.

13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuş İsmayıl Həsən oğlu Mursaqulov Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1967-ci ildə namizədlik, 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdi. Sumqayıt Polimer Materialları İnstitutunun yüksək elmi potensiala malik perspektivli şöbə müdirlərindən idi.

Üzvi kimya sahəsində apardığı gərgin axtarışlar və nailiyyətlər onu elm aləmində sayılıb-seçilən, görkəmli alim kimi tanıtmışdı. 130-dan artıq elmi əsərin, 15 ixtiranın müəllifi olan professor İ.Mursaqulov stereokimya sahəsində ölkədə yeganə alim idi.

***

20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar

Erməni-daşnak fitvası ilə Qorbaçov-Yazov xəyanətkar ordusunun Bakıda törətdiyi 20 yanvar qırğını olmasaydı (kaş ki olmayaydı!..), təkcə yanvarın 24-də Bakı-Sumqayıt yolunda Sovet tankının Azərbaycan alimlərinin maşını üzərinə şığıyaraq, onları qanlarına qəltan etməsi heç olmasa dünya elmi ictimaiyyətində böyük narazılıq doğurmasına, Sovet rəhbərliyinin bu qanlı cinayətinə sərt və kəskin etiraz səslərinin ucaldılmasına, cinayətkarların dərhal məsuliyyətə cəlb olunması tələblərinə səbəb olmalıydı… Çox təəssüf ki və heyf ki, bu müdhiş cinayət Sovet ordusunun daha bir fövqəladə cinayəti kimi ayrıca baxılmalı, qiymətləndirilməli olduğu halda, ona 20 yanvar faciəsinin “adi davamı” kimi yanaşıldı. Heyf ki, bütün hallarda gec “ayıldığımız” kimi, müsəlmançılığımıza salıb, bu faciəni də biz Allahın mağmun bəndələri kimi taleyin “qəzavü-qədəri” tək qəbul edərək, əl-qolumuzu yanımıza salıb oturduq. Nəinki dünya, heç o zaman bizimlə həmrəy ola biləcək Sovet elmi ictimaiyyətini belə ayağa qaldıra, qanişən, cəllad M.Qorbaçova qarşı etiraz səslərini qaldırmağa belə nail ola bilmədik. Halbuki buna tam əsasımız və haqqımız da var idi. Cünki Sovet tankı kimya sahəsində tanınmış alimlər, elmlər doktorları olan 5 nəfər Azərbaycan aliminin yol getdiyi maşını qəsdən vuraraq, dağıdıb, məhv etmişdi… Və biz hamılıqla susduq. Onların qanının yerdə qalması ilə sakitcə razılaşdıq…

Və yalnız Bakı-Quba yolunun 24-cü kilometrliyində üzərində "1990-cı ilin yanvar ayının 24-də burada Azərbaycanın görkəmli alimləri İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov Sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər" sözləri həkk edilmiş mərmər postamentin qoyulması ilə kifayətləndik. Yalnız bununla...(modern.az)

...Deyirlər ki, qiyamət günündə alimlərin qələminin mürəkkəbi şəhidlərin qanı ilə bir ölçülər. Əgər şəhid olan həm də alimdirsə, bəs onda necə?..

Fotolar sumqayıtlı foto-müxbir, mərhum Pyotr Pleşakovundur


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar
20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar
20 Yanvar faciəsinin ardı - Sumqayıtda 24 yanvar QIRĞINI + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler