» » "İlham evə gələnə qədər Fərizə heç nə yemirdi" - İlhamın qardaşı+video

"İlham evə gələnə qədər Fərizə heç nə yemirdi" - İlhamın qardaşı+video

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
"İlham evə gələnə qədər Fərizə heç nə yemirdi" - İlhamın qardaşı+video

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı, 20 yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev olub.

Xalqinfo.az-ın məlumatına görə, Elxan bəy qardaşı İlhamdan danışarkən göz yaşlarını saxlaya bilməyib:

"1987-ci ildə meydan hərəkatı başladı. İlham o hadisələrin içindəydi. O vaxt hamı Xalq Hərəkatına qoşulmuşdu. Bizim zavodun bir sexində ancaq qadınlar işləyirdi. Həmin qadınlar da bu mitinqlərə getmişdilər. Bəzən İlham 3-4 gün evə gəlmirdi. Gedib deyirdim ki, qaqa, evə gəl, yuyun, anam da narahatdır, sonra yenidən qayıdarsan. Cavab verirdi ki, zavodun qızları buradadır. Onlara sataşa bilərlər. Yəni o, bu qədər qeyrətli biri idi. Həmin illin fevralında Əsgəranda bir hadisə olmuşdu. İlham o hadisədə iştirak etmişdi. Bir də, 1989-cu ildə Araz çayı boyunca sərhədlər söküləndə İlham da getmişdi. Onun Naxçıvanda İlqar və Əbülfəz adlı yaxın dostları var idi. Oradan gələndə tikanlı məftil gətirmişdi. Soruşdum ki, bu nədir gətirmisən? Dedi ki, qaqa, bu Cənubla Şimalın arasında olan tikanlı məftildir. Əfsuslar olsun ki o tikanlı məftili məndən kimsə götürüb qaytarmadı. Yəqin kimsə sevdiyindən edib. İlhama aid olan əşyaları da gəlib götürürdülər. Axırıncı İlhama aid 3 əşya qalmışdı, "İstiqlal" muzeyinə hədiyyə verdim. Onların arasında Əsgərlik albomu və məşhur şərfi var idi".

Daha sonra qardaşının Fərizə ilə olan sevgisindən danışan Elxan, onların bir-birilərinə olan sədaqətindən söz açıb:

"Onlar bir-birini çox istəyirdilər. Fərizə İlhamı daha çox istəyirdi. İlham səhər 7-də durub işə gedəndə, Fərizə anamı da qoymurdu yemək hazırlamağa. İlhamı yola salırdı, gözdən itəndən sonra evə gəlib otururdu və İlham gələnə qədər dilinə su da vurmurdu. Fərizə özü də hərəkatçı olub, o da mitinqlərdə iştirak edib. Tanklar Bakıya daxil olub atəş açanda, İlham, artıq, bildi ki, güllələr həqiqidir. İlham əlin qaldırıb tankın önünə gəlib ki, atmayın, bu insanlar silahsızdır. İlhamı orada vurmuşdular. Fərizə bundan böyük sarsıntı keçirmişdi. Özünü yandıranda biz onu tutub yalvardıq. Ancaq dedi ki, məni heç kəs saxlaya bilməz və nə olur olsun mən İlhamsız yaşamayacağam. Mənə o vaxt onun bir sözü çatmadı ki, deyirdi şəklimizi bir yerdə böyüt, tək böyütmə. Yanvarın 22-sində biz onları gətirdik Şəhidlər Xiyabanına. İlk olaraq onlar dəfn olundu. Fərizənin dediyi kimi, cüt olaraq toy şəkillərini verdik. Təsəlli yerimiz də odur ki, İlham canını bilərəkdən fəda etdi. Fərizə də bilərəkdən öz canına qıydı. Bunu hər adam edə bilməz. Mən xalqıma minnətdaram ki, faciəvi günü sevgi günü kimi qarşıladı. Bu günü gənclər çox yüksək səviyyədə qeyd edirlər".




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler