» » "İyirmi birinci əsrin xəstəliyi"- Ağababa İbrahimov

"İyirmi birinci əsrin xəstəliyi"- Ağababa İbrahimov

Bölmə: Xəbər, Köşə
"İyirmi birinci əsrin xəstəliyi"- Ağababa İbrahimov
Qırmızı xoruz


Hekayə

Yayın qızmar günəşindən gizlənərək ağacın kölgəsinə çəkilmişdik. Günorta idi. Anam samovar çayı dəmləyirdi. Qardaşlarım Zümrad, Çapay, Azad, bacılarım Nailə, Naibə, Evgülü süfrənin ətrafında bardaş qurub oturmuşdular. Nahar etməyə hazırlaşırdıq. Anamızın süfrəyə oturmasını gözləyirdik.
- “Salam. Deyəsən yenicə oturmusunuz?” deyərək, dayoğlum Fərzalı təklif gözləmədən süfrənin qırağında əyləşdi.
Fərzalı süfrəyə nəzər salıb: "Xanım bibi, indicə arvadımla bu yemək üstündə dalaşıb evdən çıxmışam”, dedi və yenə də təklif gözləmədən süfrəyə əyilərək lavaş götürüb arasına pendir ovmağa başladı.
Anam süfrəni alma ağacının altında açmışdı. Doğranmış soyulmuş xiyar, pomidor, baş soğan və bibər dolu boşqab, bir kasa qatıq, duz, sarımsaqdan başqa(anamın sarımsaın iyindən zəhləsi gedirdi deyin süfrəyə qoymamışdı) tər göyərti, xal-xal qızarmış təzə təndir çörəyi və Sirab suyu səliqə ilə süfrəyə düzülmüşdü. Fərzalının gəlişindən hamı sevincək olmuşdu. Anam qardaşı oğlunun söykənməsi üçün palazın üstünə iki yastıq qoydu.
Fərzalı elə iştahla dürməyi dişlədi ki, hamımız eyni vaxtda süfrəyə əl uzatdıq. Bir müddət sakit-sakit nahar etdik. Bacım Naibə süfrəyə yaxınlaşan qırmızı xoruzu kişlədi. Fərzalı xoruzu xeyli süzüb köksünü ötürdü. Onun xoruza belə diqqətlə baxdığını görüb: “Dayoğlunun könlündən deyəsən xoruz kababı keçir. Zümrad, dur xoruzu tut, kəsib kabab edək” dedim.
Fərzalının üzünə mehriban bir təbəssüm qondu. Dərindən nəfəs alıb bir az dikəldi, Evgülünün ona tərəf uzatdığı çayı alıb qarşısına qoydu, üzünü mənə tərəf tutub, gülümsəyərək, “Yox”- dedi. Xoruzun yerişi, tüklərinin günəş şüası altında min bir rəng çalması mənim yadıma bir hadisəni saldı...
Tələbə yoldaşlarımdan biri erməni idi. Leninabad kəndində yaşayırdı. Bir gün məni evlərinə qonaq çağırmışdı. Elə bu vaxtlar olardı. Həyətdə gəzişir, yetişməyə başlayan meyvələrin morlanmışlarından dərib yeyir, söhbət edirdik. Həyətdə çoxlu toyuq-cücə var idi. Bizim qarşımızda eynilə sizin bu xoruz kimi, bəlkə də bundan bir az böyük bir qırmızı xoruz o tərəf bu tərəfə gedir, yeri eşir, bizə tərəf gəlib sanki ”bağdan çıxın” deyərək yenə də geriyə gedirdi. Ürəyimdə “nə bıçağa gəlir” deyirdim. Erməni elə bil ürəyimi oxudu, sözlərimiz təhrif edə-edə:
- Fərzalı, bu xoruzu yeya bilarıx?
- Niyə yemirik, lap canını da alarıq.
- Ha, onda gəl bu xoruzu tutax.

Nə başınızı ağrıdım, xoruzu qovub tutduq. Ürəyimdə “sağ ol ay dığa, mənə hörmət edib, istəyir ki, xoruzu mən üzü qibləyə kəsim, murdar olmasın”, deyərək cibimdən bıçağı çıxarıb çay daşına sürtməyə başladım.
Erməninin anası həyətdə qazanda su qızdırırdı. O da xoruzu mənim ayağımın altında görüb dedi: “Farzalı, yaxşı oldu, indi kişi da nahara galacax, bir yerdə nahar edarıx”.
Tələbə yoldaşım mənə yaxınlaşdı.
- Kirva, na qayırırsan?
- Bıçağı itiləyirəm ki, xoruzun başını kəsim.
- San hazratabbas, xoruz baxa-baxa onun başını kasacaxsan?
- Hə də, bəs demədin ki, xoruzu yeyək?
- Kirva, sanda heç insaf yox imiş. Ver onu bura.


Mən xoruzu ona verdim. Fikirləşdim ki, yəqin o xoruzun başını dəhrə ilə kəsəcək. Bir də onu gördüm ki, o qazanın qapağını qaldırıb xoruzu diri-diri qaynayan qazana basdı və ağzını qapaqla örtdü. Ürəyimdə, “sənin insaflı atana lənət!” dedim...
- Necə oldu? Xoruzun ətindən yeyə bildin?
- Hardan? Ac-susuz evə gəldim. Bir də onlara getmədim. Bununla da dostluğumuza son qoyuldu. Hər dəfə qırmızı xoruz görəndə həmin hadisə gözümün qarşısında canlanır və ermənilərə lənət oxumaqla sakitləşirəm.

Aghababa Ibrahimov




Söz !

Ağababa İbrahimov
"Dərd birdir, ikidir, bilmirsən hansını çəkəsən..."
Axşam evə gec qayıtmışdım. Darvazaya çatanda həccə getmiş dostlarımdan birinin qapı ağzında dayandığını gördüm. Salamlaşdıq.
- Bu vədə nə yaxşı ay hacı?
Hacı əslən Bakı kəndlərindəndir. Uzun müddət rəhbər vəzifələrdə çalışıb. Onunla münasibətlərimiz həmişə normal olub. Ciddi adamdır. Görünür qəlbinə toxunan hadisə olub, yoxsa gəlib qapıda məni gözləməzdi. Hacının sual dolu baxışları ümid qığılcımları ilə dolu idi. O haradan başlayacağını müəyyənləşdirirmiş kimi mənə baxırdı. Mən sualımı təkrarlamalı oldum. Onun sualı məni həm təəccübləndirdi, həm də çaşqınlıq yaratdı.
- Ağabba, sən müəllimsən, bu öpüşməyə necə baxırsan ?
Mən gülümsəyəndə, o daha da ciddi görkəm alıb, əşi, ayıbdır e, dedi. Söhbətin nədən getdiyini anlamadığım üçün suala sualla cavab verəsi oldum.
-Yenə nə olub, ay hacı ?
-Əşşi day nə olmalıdır ? Uşaq deyilik axı, bir mənim yaşıma bax, arvar-yşaq, o boyda millət, həciyəm axı, mənə yaraşmaz. Toya getmişdim, yekə-yekə kişilərdilər, öpüşürlər.
-Sən də öpüşürdün ?
-Day neyləyim, səni camaatın içində qucaqlayıb öpürlər, sən öpməsən hörmətsizlik olar, məcbursan sən də öpüşəsən. Dünəndən özümə gəlmirəm, elə səni arayırdım dərdləşək.
-Doğru deyirsən , hacı, əndazədən çıxmışıq, hamı öpüşür. Xüsusilə oğlan uşaqları və gənclər. Qadınlar, qızlar yalan olub. Əslində qadın olsun, ya kişi, ictimai yerdə öpüşmələri düzgün deyil. Tanrının bizə yazığı gəlsin.
-Vallah elədir. Buna bir əncam çəkilməlidir.
-Hacı, bu öpüşmənin böyük təhlükəsi də var ha.
- Necə yəni ?
Hacı təəccüblə mənə baxdı.
-Ciddi deyirəm. İstənilən yolxucu xəstəliklər bu yolla elə sürətlə yayılar ki, heç nə də edə bilmərik.
-Doğrudan eee, heç onu fikirləşmirdim.
- Hacı, sən necə düşünürsən, əllə görüşmək necə, vacibdir ? Olmaz ki, sadəcə sözlə halımızı soruşaq, əllə görüşməyək ?
Hacı biraz düşünüb, sual dolu baxışlarla üzümə baxdı. Baxışlarından mənim zarafat edib-etmədiyimi dəqiqləşdirmək istədiyini anladım.
-Ciddi deyirəm, qarşındakının əlinin təmiz olduğuna əminsənmi?
Hacı tərəddüdlə astadan cavab verdi.
- Əlbəttə, əmin deyiləm.
- Onda niyə görüşməliyik axı ? Nəzərə alaq ki, görüşdüklərimizin sıralarında səmimi olmayanlar da var. Yəni həm gigiyena , həm də mənəvi zərərdir.
- Doğru deyisən, amma, ..., söz tapa bilmirəm. Yenə də görüşmək dərd yarısı, amma harda gəldi, necə gəldi öpüşmək, vallah ayıbdır, kişiyik axı, belə olmaz!
Hacı sözünü bitirib yazıq görkəmdə üzümə baxırdı. Mən onun kefini açmaq üçün bir az zarafata salıb dedim:
- Hacı, biz şükr etməliyik, bizimkilər o yəhudi yasir ərəfat kimi, erməni keşişi kimi, brejnyev kimi öpüşmürlər.
Hacıını gülmək tutdu, onun könlünü almaq istədiyimi anlayb, başını buladı.
Sağollaşıb ayrılanda xahiş elədi ki, bu məsələni ictimailəşdirim.
Söz !



.

...






Aghababa Ibrahimov




Mən bu dünyanın...

Bu Dünya,
dərəli-təpəli,
yağışlı-qarlı.
Günəşi çox,
istisi yox.

Bir ömür,
Yenişli-yoxuşlu,
Sevincli-kədərli.
Ümidi çox,
sonu yox.

Mən bu dünyanın,
şəkəri ümid olan
şərbətindən
bir ömür boyu hey içdim, içdim.
Acısı çox,
şirnisi yox.

Ağababa İbrahimov
Bakı. 07.12.2016.


Ağababa İbrahimov
İyirmi birinci əsrin xəstəliyi.
Hekayə (ixtisarla).


Hamı yeni təyinatı müzakirə edirdi. Tanıdı-tanımadı, rastlaşanlar təəəcüblərini, həm də heyrətlərini gizlətmədən bir-birilərindən soruşurdular: "Doğrudanmı o gədəni müdir təyin ediblər?" Həmsöhbətlərinin cavablarını gözləmədən hərə öz fikrini bildirirdi: "Dünənə kimi burada tərbiyəsizlik edən o deyildimi?" "Savadsızın biridir." "Məktəbi də bitirməmişdi, tövlədə böyüyüb." "Diplomu saxtadır."...
Söz-söhbət Qeyrət həkimə də çatmışdı, amma sovetlərin vaxtında da savadsız, səriştəsiz, millət, vətən təsibi olmayanlardan, həmçinin arvadları digər millətlərdən olanlardan vəzifələrə təyin edərdilər deyə indiki təyinata da elə də əhəmiyyət vermirdi. Söz-söhbət isə rayondan kənarlarda da səngimirdi. O dövrlərdə əhali layiqsiz təyinatlara biganəlik göstərərdi, bu dəfə isə əksinə, narazılıq böyük idi.
Qeyrət kəkim ucqar dağ kəndində böyüyüb boya-başa çatmışdı. İnsan sərrafı idi, həm də sözü üzə deməyi bacarırdı. Yaşı da yetmiş beşi haqlamışdı, bir sözlə dünyanın çarxını fırlada-fırlada rayonda hörmət sahibi olmuşdu. Bir axşam evə gələndə qonşu kənddə yaşayan qız nəvəsi Ceyranın həyətdə onu gözlədiyinə çox təəccüb elədi. Salamlaşdılar.
- Qızım həyətdə niyə durmusan, evdə kimsə yoxdur?
- Hamı evdədir, istəmədim onların da qanı qaralsın, ona görə. Yeni müdir mənim razılığım olmadan mənim yerimi dəyişib və saxta diplomlu bir nəfəri həmin vəzifəyə təyin edib. Yanına getmişdim, məni qəbul da etmədi.
- Rahat ol, sabah gedərəm, hamısını yoluna qoyaram. Kimsə dövlətin qanunlarını poza bilməz, yəqin məlumatsız olub.
- İş yoldaşlarım deyirlər ki, o qanunlarımıza məhəl qoymur, tez-tez təkrarlayır ki, doqquz milyon mənə heç nə edə bilmədi, gördünüz, saxta diplomumla gəlib bu yekəlikdə rayonda müdir də oldum.
- Yəqin bir az da şişirdirlər, o fikiri deyən kəmağıl olmalıdır, yoxsa azca ağlı olan öz paxırlarını açmaz.
- Nə bilim, mənim yerimə təyin etdiyi baytardır, müdirin yaxın dostudur. Deyilənə görə müdir fermada yaşayanda onların yanına tez-tez gedərmiş. Adı da Öküz Zülfüqardır.
Qeyrət həkim azca gülümsəyən kimi oldu. Nəvəsi bilərəkdən ayamanı dəyişdirmişdi, Zülfüqarın ayaması e hərfi ilə başlayırdı, babasına hörmət olaraq o heyvanın adını dilinə gətirməmişdi.
- Yaxşı, gəl, yaman acmışam, görək nənən nə bişirib.
- Yox, gecdir, uşaqlar da evdə təkdirlər, mən gedim.
Sağollaşıb ayrılsalar da, Qeyrət həkimin daha iştahası da qalmamışdı. O rayonun əsl-nəcabətli ailələrinin hamısını tanıyırdı. Ha fikirləşsə də təzə müdirin kimlərdən olduğunu müəyyən edə bilmədi. Təzə müdirin nə adı, nə də soyadı ona heç nə demirdi. Qarışıq fikirlərini sanki özündən qovurmuş kimi pıçıldadı, "Müdir qoyublarsa, yəqin elə də şərəfsiz olmaz, sabah gedərəm, vəziyyəti ona izah edərəm, nəvəmin işini yoluna qoyaram".
Qəbulda az adam vardı. Qəbul vaxtından keçməsinə baxmayaraq müdir hələ gəlməmişdi. Gözləyənlər deyinməyə başlamışdılar. Qeyrət həkim nə qədər qulaq asmamağa çalışsa da, bəzi ifadələri eşidirdi: "Bunu hardan tapdılar?" "Qarnı özündən yekədir." "Bu qədər də nahar etmək olar, neçənci dəfədir gəlirəm, hər dəfə deyir, get düzələcək, bilmirəm kimə şikayət edim."...
Nəhayət müdir gəldi, kimsə ilə salamlaşmadan otağına keçdi. Daha yarım saat gözlədikdən sonra qəbul başladı. Qeyrət həkimin növbəsi çatanda, köməkçi onu tanıdığından nəzakətlə onu içəri dəvət etdi.
- Salam.
Müdir onun salamını almadan, saymazyana dilləndi,
- Eşidirəm.
Bir anlığa Qeyrət həkimin xəyalından müdir haqqında son zamanlar eşitdiyi xoşagəlməz fikirlər keçsə də təmkinlə oturmağa icazə istədi.
- Yaxşı keç əyləş, sözünü de. Nəyə gəlmisən ?
Qeyrət həkim təşəkkür edib əyləşəndən sonra gəlişinin səbəbini izah edib qurtarmamşıdı ki, müdir onun sözünü kəsdi.
- Ağsaqqal kişisən, öz işinlə məşğul olsan yaxşıdır.
- Ceyran mənim nəvəmdir. Dünən burda olub, onu qəbul etməmisiniz.
- Hər gələni qəbul edə bilmərəm. Bir də ki, mən təyin eləmişəm, qurtardı getdi. Nəvən getsin müəllimliyini eləsin.
- Axı sizin təyin etdiyiniz baytardır, mən onu yaxşı tanıyıram. Savadsızın yekəsidir, neçə dəfə camaatın mal-qarasını tələf etmişdi, axırda ona başqa iş verdilər. Onun məncə pedaqoji təhsili olmamalıdır. Deyilənə görə diplomu saxtadır.
Diplomu saxtadır sözləri müdirə güllə kimi dəydi. Sir-sifəti həm əyilən kimi oldu, həm də çox qəribə rəng aldı. Yekə qarnını stoldan dala çəkib Qeyrət həkimin üstünə çəmkirdi,
- Sənə nə saxtadır. Yaşlı olmasaydın səni burdan qovardım.
Müdir özünü qəzəblənmiş kimi göstərərək kreslosundan ayağa qalxanda qarnı stolun üstünün yarısını tutdu. Müdir bir az da irəl əyilərək əli ilə qarnını göstərib, "Buranın müdiri mənəm, nə desəm qanun da odur", dedi. Qarnı stolun üstünü tam örtmüşdü, gözləri də qəzəbdən bərəlirdi. Qeyrət həkim bunu gözləmədiyindən təəccüblə ona baxırdı və baxa-baxa da müdirə diaqnoz qoymağa çalışırdı, ... e, yoxsa u, bəlkə hər ikisi, e və u ? Özünü güclə saxlayıb üzünü müdirə tutdu:
- Mən uzun müddət bu rayonun baş həkimi olmuşam, ola bilsin siz məni tanımırsınız. Xahiş edirəm o məsələni bir də araşdırasınız, nəvəmin....
Müdir ona fikrini tamamlamağa imkan verməyərək,
- Tanıyıram, nə olsun, dedim ki, söhbət qurtardı.
Qeyrət həkim bir onun üzündəki həyasızlığa, bir də yekə qarnına baxdı, boynu qadnından geri qalmırdı. Sovetlərin vaxtında beləsinin ... Diaqnozunu götür-qoy etməyə başladı ...e, yoxsa u, bəlkə hər ikisi? Onunla söhbət etmək daha mənasızdı. Pilləkəni düşə-düşə hey götür-qoy edirdi. Binadan çıxanda geri dönüb bir daha idarənin adına baxdı, dərindən köks ötürüb, o heyvan yazıqdır, buna başqa diaqnoz qoyulmalıdır. Yadına tələbə dostu düşdü. Aran rayonlarından birində yaşayır. Bu yaxınlarda onlara da beləsindən birini yüksək vəzifəyə təyin ediblər. Dostu ona diaqnoz da qoymuşdu: "İyirmi birinci əsrin xəstəliyi."
Qeyrət həkim acı-acı gülümsədi, əcəb diaqnoz qoyub, iyirmi birinci əsrin xəstəliyi, yaxşı ki, epidemiya deyil, yoxsa millət batar.
-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler