» » BAŞARAT FIRTINASI-Ötərxan Eltac

BAŞARAT FIRTINASI-Ötərxan Eltac TANKÇI ƏLÖVSƏT XOFU

Bölmə: Xəbər, Köşə
BAŞARAT FIRTINASI-Ötərxan Eltac
Xalqinfo.az-ın Qəhramanlar silsiləsindən
İllər keçdi, qərinələr bir-birini əvəz elədi. Amma məkrli qonşularımızın qəlbindəki paxıllıq, hiyləgərlik, düşmənçilk dəyişmədi ki, dəyişmədi. Əksinə, boy atdı, böyüdü, şaxələndi. Və nəhayət, 1988-ci ilin fevralında erməni məkrinin iç üzü bir daha açıldı. Torpaq iddiası ilə ayağa qalxan yağılar havadarlarının maddi və mənəvi köməyinə arxalanaraq, Qarabağda yaşayan azərbaycanlıları dədə-baba yurdundan didərgin salmaq üçün vəhşiliklərə, işgəncələrə, soyqırımına əl atdılar.
Qısa zamanda Qarabağın hüdudlarını aşan müharibə alovu digər əraziləri də cənginə aldı. Qeyrətli oğullarımızın yaratdığı könüllü dəstələr düşmənin müqavimətini qırsa da, ağır texnikanın və uzaqvuran topların qarşısında irəliləmək mümkün deyildi. 20 Yanvar dəhşəti, Xocalı soyqırımı xalqımızın tarxinə qanla yazıldı. Qarabağın bir çox yaşayış məntəqələri talan edildi, silahsız əhali isti ocağından didərgin düşdü. O zamandan yüzlərlə qeyrətli vətən oğlu kimi Əlövsət Vəliyev də silaha sarıldı, döyüşlərə atıldı. İlk döyüş meydanı Qubadlı-Laçın bölgəsi oldu.
Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci ildə Həkəri sədalı Qubadlının Aşağı Həmzəli kəndində dünyaya göz açıb. Çay Tumas kənd məktəbini əla qiymətlərlə bitirəndən sonra, indiki Azərbaycan Pedoqoji Universitetinə qəbul olub. İkinci kursu bitirəndən sonra isə, Sovet ordusunda hərbin sirlərinə yiyələnib. Xidməti borcunu yerinə yetirən Əlövsət, bir qədər sona doğma vətənində təhsilini davam etdirdi. Oxuduğu illərdə fakultənin Həmkarlar İttifaqının sədri seçildi. Dövlət imtahanını verdiyi gün də Qubadlıya yola düşdü. Daha imtahanın nəticələrini gözləmədi.
Cahan müharibəsi zamanı döyüşlərdə fərqlənən Azərbaycan oğullarından biri də tankçı Pənah idi. Qorxmazlığı, cəsarəti ilə faşistlərə ağır zərbə vuran tankçı Pənah, vətənimizin bütövlüyü uğrunda canını qurban verməyə hazır olan Tankçı Əlövsətin babasıydı. Çexoslovakiyada, Polşada, Ukraynada düşmənə qan udduran tankçı babanın nəvəsi əlbəttə ki, tankçı olacaqdı.
...Yolda qardaşı ilə rastlaşdı. Öpüşüb görüşdülər, hal-əhval tutdular.
-Xeyir ola, Əlövsət, hara belə?
-Valeh, özün bilirsən ki, cəbhədə vəziyyət gərgindir, torpaqlarımız əldən gedir, bu gün də getməsəm, yurdumun çörəyi mənə qənim olar.
-Haqlısan qardaş, uğurlu yol, mən də arxanca gələcəyəm. Yaxşı, bəs hansı tərəfə gedirsən?
-Muradxanlıya gedəcəyəm, eşitmişəm ki, orada tankçıya ehtiyac var. Özün bilirsən ki, Sovet ordusu məni tankçı kimi yetişdirib-deyə Əlövsət düyünlənmiş yumruğunu havada yellədi: “Gəlirəm,-dedi, dəmir zirehimlə gəlirəm... bu günəcən görmədiyiniz dəhşəti yaşatmağa gəlirəm...”
Düşmən əsas strateji nöqtələrə nəzarət etdiyinə görə, irəliləmək mümkün deyildi. Komandanlığın əmrinə əsasən, Malxələf əməliyyatı qısa zamanda başa çatmalıydı. Çünki oradan erməni postları aydın görünürdü.
Artıq hücum vaxtına az qalırdı. Hər kəs mövqeyini seçərək, əmr gözləyirdi. Əlövsət də “dəmir şahin”i ilə düşmən üzərinə şığıyacaqdı. Kəndin başı üzərində gurlayan pulemyot düşməni sanki yuxudan oyatdı. Gözlənilməz hücum quldurları pərakəndə salsa da, onlar müqavimət göstərməyə cəhd etdilər. Ancaq gec idi. Əsgərlərimizin sürətli irəliləyişi və Əlövsətin “dəmir şahin”i onlara əl-qol açmağa imkan vermədi. Silah-sursatlarını qoyub qaçmağa məcbur oldular. Döyüş meydanında 2 BMP, 1 tank və xeyli düşmən cəsədi qalmışdı.
Növbəti əməliyyat Qızartı və Susuzdağ yüksəkliyini ələ keçirmək üçün hazırlanırdı. Əsgərlərimiz hissələrə bölünərək, bütün cinahlardan düşmənə zərbə endirməli, qan bahasına da olsa, qüvvələr təyin olunan nöqtədə birləşərək hücumun ikinci hissəsinə başlamalı idi. Əlövsət yenə də ağır yükü boynuna götürdü. Əsas hədəfləri susdurmaq üçün bütün imkanlarını səfərbər etdi. Döyüş getdikcə qızışırdı. Tərəflər xeyli itki vermişdi. Elə bu an Əlövsət dəli bir nərə ilə silahdaşlarını qəti hücuma səslədi. Səngərdən çıxaraq düşmən tanklarının üzərinə şığıyan qorxubilməz döyüşçülər irəli atıldılar. Az sonra düşmən basıldı, hər iki yüksəklik qəhrəman oğullarımız tərəfindən geri alındı.
...Əlövsətin övladı gəlmişdi dünyaya. Silahdaşları onu evə getməyə məcbur etsələr də, razılaşmamışdı. “Qarşıda dəhşətli döyüşlər gözləyir bizi, səngəri boşaltmaq düşmənin şansını artırar. Oğul Allahın bəxşişidi, onunla bir gün tez, bir gün gec görüşməyin fərqi yoxdu. Yolum oradan düşəndə evə baş çəkərəm” demişdi.
Ata olduğu vaxtdan iki ay keçirdi, bəli, iki ay idi ki, evdən xəbəri yox idi Əlövsətin.
...Gurultuya çıxan Gövhər xanım gözlərinə inanmadı. Əlövsət “dəmir şahin”i ilə gəlmişdi. Neçə müddətdən bəri üzünə həsrət qalan ciyərparasının boynuna necə sarıldığından sanki xəbəri olmadı Gövhər xanımın. “Bəs oğlum hanı”- deyə bərk-bərk sinəsinə basdı sevdiciyini. Az sonra korpə balasını bağrına basan ata onu duz kimi yalamağa başladı. Bir xeyli səssiz-səmirsiz bir-birinə baxdı. Heç ayrılmaq istəmirdi. Bala da bu nəvazişdən məst olmuşdu elə bil. Nədənsə, Gövhər xanımı qəhər boğdu, səbəbini özü də anlamadı. Deyəsən, atanın gözləri nəmlənmişdi. Gövhər xanım son dəfə ciyərparasının baxışlarıyla rastlaşanda hiss eləmişdi bunu. Haradasa, bu nisgili anlamaq olardı, anlaşılmayan o idi ki, ayrılma məqamında körpənin qulaqlarına nələrisə pıçıldayırdı ata. Axı o pıçıltılar anlaqsız körpəyə nəyi izhar edirdi. Körpə başa düşürdümü onu. Bəlkə də hə... bəlkə də yox... Elə bu gün də Gövhər xanım o pıçıltıların sehrli məqamlarını aydınlaşdırmağa çalışır. Təəssüf ki, heç vaxt aydınlaşmayacaq.
Başarat kəndi tez-tez yaraqlılar tərəfindən atəşə tutulurdu. Topağac yüksəkliyində toplarını yerləşdirən düşmən Qızartı və Susuzdağdakı uğursuzluqdan sonra qisas gününə hazırlaşırdı. Kəşfiyyatımızın məlumatına əsasən, erməni hərbi birləşmələri Topağacda toplaşaraq daha amansız olacaqlarına, daha doğrusu fırtına törədəcəklərinə söz vermişlər. Bu xəbəri eşidən Tankçı Əlövsət xeyli gülmüşdü o zaman. “Ölmüşükmü, düşmən torpaqlarımıza ayaq açsın, “dəmir şahin”imlə onların ordusuna cavab verməyə hazıram” deyə baxışlarını komandirə dikmişdi.
Artıq hücum planı hazır idi. O gecə Əlövsət “dəmir at”ını Topağaca sürdü. Düşmən ayıq düşməmiş əsgərlərimiz onların başı üzərini ala bildi. Qanlı döyüş başladı, yenə də ər igidlərimizin cəsarəti, qətiyyəti, döyüş təcrübəsi özünü göstərdi. Düşmən darmadağın edilərək geri qaçmağa məcbur oldu. O gün əsgərlərimiz heç bir itki vermədən Topağac yüksəkliyini geri qaytardı. Yenə də Tankçı Əlövsət düşmənə qarşı amansızlığı ilə seçildi. Bu döyüşdən sonra, Müdafiə Nazirliyinin əmri ilə Əlövsət Vəliyevə kiçik leytenant rütbəsi verilərək, tağım komandiri vəzifəsinə təyin edildi.
1992-ci il avqustun 30-u idi. Namərd düşmən Cəbrayıl ərazisindən, daha doğrusu, Dağ Tumas kəndi istiqamətindən hücuma keçdi. Əsas qüvvələrimiz Laçın və Gorus sərhədində yerləşdiyi üçün kiçik dəstələr düşmənə qarşı vuruşmalı idi. Belə də oldu. Müqavimət göstərmək mümkün deyildi. Düşmən ağır texnika və vertolyotların köməyi ilə irəliləyirdi. Əlövsət özünü yetirəndə isə artıq gec idi. Əsgərlərimiz müdafiə mövqeyi tutmaq üçün Xocikə qədər geri çəkilmişdilər. Xanlıq yolunu bağlanması da vəziyyəti xeyli ağırlaşdırırdı. Bütün bunlara baxmayaraq, düşmənin iki tankı, bir BMP-si sıradan çıxarıldı. Ancaq qeyri-bərabərlik özünü büruzə verirdi. Əliyalın kənd camaatı mühasirəyə düşmüşdü. Onları qurtarmaq üçün Tankçı Əlövsət son addımını atdı. Bütün silahdaşlarını əhalinin çıxarılması üçün səfərbərbər etdi. Bir qədər düşməni ləngitmək, gələn tankların qarşısını almaq üçün açıq döyüşə girdi. Əlövsət xeyli düşmən əsgərini məhv etməklə yanaşı, yenə də bir tankı sıradan çıxardı. Heyf ki, sursat yavaş-yavaş tükənirdi. Geriyə dönüş olsa belə, Əlövsət dönməyəcəkdi, axı son damla qanına qədər döyüşəcəyinə soz vermişdi. Döyüşdü... döyüşdü... Sonda düşmən tankı ilə üzbəüz gəldi. Təəssüf ki, sursat qalmamışdı...
Tankçı Əlövsət... Bu ad erməni ordusunda bir xof yaratmışdı. Hətta, deyilənə görə, Əlövsətə qarşı döyüşlərdə iştirak etməkdən imtina eləyən bölük komandirinin vəzifəsi əlindən alınmış və üç il azadlıqdan məhrum edilmişdi. Əlövsətin məhvi üçün yaradılan qrupların da atacağı addım nəticəsiz qalmışdı. Onun başı üçün ayrılan pula şirniklənənlər sonradan bu yoldan daşınmışlar.
Qorxmaz soydaşımızın mətinliyi, cəsarəti hər kəsi heyrətə gətirirdi. Çünki o, hər zaman ölümə meydan oxuyur, düşmənlə açıq döyüşə girməkdən çəkinmirdi. Elə bunun nəticəsi idi ki, ayrı-ayrı vaxtlarda düşmənin 8 tankını, 3 PDM-ni, sursat dolu yük maşınlarını, hərbi obyektlərini və 150-dən artıq canlı qüvvəsini məhv etmişdi. Qubadlı, Zəngilan, Laçın, Füzuli və digər bölgələrdə qansız düşmənə qarşı amansızlığı ilə seçilən Əlövsət nəsillərə ibrət olan qəhrəmanlıq tarixini də öz qanı ilə yazdı. Heyf ki, namərd gülləsindən qoruya bilmədik onu.
Əlövsətin Cəfər adlı bir oğlu yadigar qalıb, üzünü doyunca görə bilmədiyi, dilindən ata kəlməsi eşitmədiyi oğlu. Ciyərparası Gövhər xanım da ta o zamandan Cəfər üçün həm ata olub, həm də ana. Atasızlıq dərdini oğluna yaşatmamaq üçün bütün sınaqlara dözüb, tab gətirib... təki ömür-gün yoldaşının yadigarı korluq çəkməsin.
Əlövsət neçələrini düşmən gülləsindən xilas edərək ailəsinə qovuşdurdu, neçələrinə xoşbəxt həyat bəxş elədi. Amma özü bir ruh olaraq ənginliklərə çəkildi sanki. And yerimizə çevrilən Şəhidlər Xiyabanında onun məzarı olmasa da, şəhidlik zirvəsini fəth etməklə qəlblərə köçdü. Ölüsüzlüyü ilə qəhrəmanlıq tariximizin yeni səhifəsini yazdı. Axı, Vətən də qəhrəmanları ilə öyünür. Ötərxan Eltac
BAŞARAT FIRTINASI-Ötərxan Eltac
BAŞARAT FIRTINASI-Ötərxan Eltac

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler