» » Fatimə Quliyeva: “Bakı Biznes və Kooperasiya Kolleci təhsilimizin müasir inkişaf mərhələsindədir”

Fatimə Quliyeva: “Bakı Biznes və Kooperasiya Kolleci təhsilimizin müasir inkişaf mərhələsindədir”

Bölmə: Xəbər
Fatimə Quliyeva: “Bakı Biznes və Kooperasiya Kolleci təhsilimizin müasir inkişaf mərhələsindədir”

Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Millixəbər.az-ın rəhbərliyi 5 oktiyabr Müəllimlər günündə Bakı Biznes və Kooperasiya Kollecinin rəhbər və müəllim kollektivi ilə görüşüb.

Azərbaycan bir sıra iqtisadi problemlərlə rastlaşınca, iqtisadi elmin və biliyin aktuallığı artır. İqtisadi biliklərin başqa biliklərdən əsas fərqi bu biliklərə yiyələnmək üçün orta məktəb kifayət etmir. Çünki iqtisadiyyat, riyaziyyatdan başlamış tarixə kimi, bir sıra elmləri birləşdirən kompleks elmdir və məhz buna görə, onun həddindən çox sahələri mövcuddur. İndiki zamanda hər bir sahə üzrə biliklər inkişaf etməkdədir. Xüsusən müstəqil Azərbaycanın təhsil sistemində ali təhsilin vacib sahələrindən biri də iqtisadiyyat üzrə ali təhsil mühüm yer tutur. Amma iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi yalnız ali təhsillə deyil, burada həmçinin kollec və orta ixtisas peşə məktəblərinin də xüsusi rolu var.

Belə kolleclər arasında xüsusi yeri Bakı Biznes və Kooperasiya kolleci tutur. Bu kollec barəsində adi sorğu kitabçasında məlumat oxuduqda, onun xüsusi yerini dərhal başa düşmək olar. Belə ki, kollec 80 ilə yaxın fəaliyyət göstərir və bu təhsil ocağı ilk dəfə tələbələrə qapılarını Azərbaycan üçün bir qədər çətin dövrdə, 1939-cu ildə açıb. 77 illik fəaliyyəti dövründə yüksək nəticələrin əldə edilməsi kollektivin gərgin əməyinin bəhrəsidir.

Bunu nəzərə alaraq, biz Kollecin fəaliyyəti ilə daha yaxından tanış olmağa qərar verdik. Bunun üçün biz yolumuzu kollecin yerləşdiyi məkana tutduq. Bizim müraciətimizə cavab olaraq, tədris hissəsinin müdiri, Yaşar müəllim Həmidov bizi kolleclə tanış etdi və tədris müəssisəsinin fəaliyyətini tam açıq şəkildə göstərməyi təklif etdi. Qeyd etmək istəyirəm ki, bu gəzinti zamanı bizi maarifpərvər, öz peşəsinin vurğunu, kollecdə təhsilin keyfiyyətini artırmaq üçün yenilikləri dəstəkləyən, ona hörmətlə yanaşan, əldə etdiyi nailiyyətləri vətəndaşlıq yanğısı ilə böyük məmnunluqla həmkarlarına və tələbələrə, gənc müəllimlərə öyrədən, təhsil sahəsində əldə edilmiş müsbət təcrübələrə yaradıcı yanaşan kollektivi ilə də tanış etdi.

Kollecə daxil olduqdan sonra Yaşar müəllim ilk əvvəl bizi 2014-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, riyaziyyat üzrə fəlsəfə doktoru, ixtisası üzrə beş dərsliyin, 50-yə qədər elmi məqalənin müəllifi, kollecin direktoru Fatima xanım Quliyeva ilə tanış etdi. Biz direktorun kollektivə olan gözəl münasibətini təsirini və onun professional idarəçilk qabiliyyətini müşahidə edə bildik.

Fatimə xanım bizi kollecin fəaliyyəti ilə tanış edib, qeyd etdi ki, kollecdə Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, Bələdiyyə təsərrüfatlarının təşkili, Kommersiya, Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, Mehmanxana-turist və sanatoriya-kurort komplekslərində iaşə və servis, İnformatika müəllimliyi, Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər hazırlayır. O əlavə etdi ki, bu ixtisaslar üzrə yüksək səviyyəli tədris aparılması ücün kollecdə müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur.

Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır.

Kollecin kollektivi haqqında danışarkən, Fatima xanım əlavə etdi ki, kadr hazırlığı ilə 138 nəfər müəllim, 19 nəfər inzibati işçi, 22 nəfər tədris, köməkçi və texniki işçi məşğul olur. Onların arasında biri elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru, 9 nəfər isə dissertantdır. Həmçinin burada 1 “Əməkdar müəllim” və 2 nəfər “Tərəqqi” medalçısı işləyir.

Daha sonra Yaşar müəllim bizim üçün kollec üzrə gəzinti keçirməyi təklif etdi və tədris fəaliyyəti ilə daha yaxın tanış olmağa imkan verdi. Direktor kabinetindən çıxarkən, o bizi kollecin daxili quruluşu haqqında məlumatlandırdı. Onun sözlərinə görə kollecdə “Biznes və idrəetmə”, “Vergi və bank işinin təşkili”, “Mehmanxana işi və kompüter şəbəkələrinin servisi”, “Mühasibat uçotu və maliyyə” və “Qiyabi” şöbələri mövcuddur. Tələbələr hər bir ixtisas üzrə həm əyani, həm də qiyabi şəkildə oxuya bilərlər. Tələbələrin sayı haqqında məlumat verərkən, o dedi ki, 2016/2017-ci tədris ili üçün kollecə təsdiq edilmiş 14 ixtisas üzrə tələbə qəbulu aparılmışdır.

Yaşar müəllimin sözlərinə görə, kollecdə müəllim heyətinin əsas hədəfi təhsil alan tələbələr üçün müasir dövrün tələblərinə cavab verən, təlimin yeni metod və üsullarının yaradıcı şəkildə tətbiqidir. Gələcək mütəxəssislərin yüksək səviyyədə bilik, bacarıq və vərdişlərə nail olması, müasir texnologiyanın tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişaf etmiş dövlətlərin sırasında qərarlaşmış müstəqil ölkəmizin tərəqqisində xüsusi əhəmiyyət kəsb edən aktual problemlərdəndir.

İkinci mərtəbədə bizi direktorun tədris işləri üzrə direktor müavini Zakir Məmmədov qarşıladı. O, bildirdiki, dərslərin çoxu mühazirə formasında aparılır. Mühazirə dərsləri müasir texnologiyanın tələblərinə uyğun olaraq gələcək mütəxəssisləri yeni ideyalara hazırlayır. Bu səbəbdən də tələbələrin yüksək səviyyədə yetişməsində müəllimlərin söylədiyi mühazirələrin əhəmiyyəti böyükdür. Ona görə də, müəllimlər tələbələrin dərketmə qabiliyyətini araşdırarkən, onların tədqiqatçılıq bacarığını inkişaf etdirərkən yeni texnika və texnologiyanın inkişafından səmərəli və məqsədyönlü şəkildə istifadə edirlər.

Zakir müəllimin sözlərinə görə, müəllimlərin təşkil etdiyi mühazirələr tədris prosesində tələbələrin sərbəst fəaliyyətində, müstəqil fikir yürütmələrində əsas əhəmiyyət kəsb edir. Müəllimlər ilk dərslərdə tələbələri təlimatlandırır, tematik mövzular üzrə məlumat verir, tədris etdikləri fənnlər üzrə tələbələrin dünyagörüşünün sistemli və ümumiləşmiş bazasını yaradır. Tədrisin belə qurulması, müəllimlərin də öz bilik və bacarıqlarının daim yenilənməsinə və zənginləşməsinə yol açır. Müəllimlər, texniki tətbiqlərin istifadəsi və dərsin gedişatı haqqında danışarkən, bizimlə söhbətə kollec müəllimləri də qoşulmağa başladılar.

Onlar arasında Əhəd müəllim Hacıyevi qeyd etmək olar. Yaşar müəllim onu təqdim edərkən, əlavə etdi ki, kollecin təcrübəli müəllimlərindən olan Əhəd müəllim, kollecdə 1993-cü ildən işləyir. Əhəd müəllimin sözlərinə görə, o “Riyaziyyat” və “Ali riyaziyyat” fənlərini tədris edir. Kollecin iqtisad yönümlü olmasına baxmayaraq, Əhəd müəllimin sözlərinə görə, son zamanlar iqtisadiyyat elminin özəyini məhz riyaziyyat tutmağa başladı. Ona görə, riyaziyyatı və xüsusən ali riyaziyyatı bilmədən iqtisadi biliklərə yiyələnmək olmur.

Buna əlavə olaraq, Yaşar müəllim qeyd etdi ki, məhz bu fənləri yüksək səviyyədə tədris etdiyinə görə, Əhəd müəllim 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Söhbət zamanı “Mehmanxana işi və kompüter şəbəkələrinin servisi” şöbəsinin müdiri İlahə xanım Əliyeva ilə tanış olduq. Onun sözlərinə görə, o kollecdə 1983-cü ildən müəllim kimi fəaliyyətə başlamış, 2013-cü ildən isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. Məhz 30 ilin zəhməti olaraq, Prezident tərəfindən 2013-cü ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

Yaşar müəllimin sözlərinə görə kollektivdə tədris prosesində müasir yanaşma dedikdə yalnız yeni texnologiyaların istifadəsi deyil, həm də təlim-tərbiyə prosesinin komponentlərinin roluna və yerinə hərtərəfli yanaşılması nəzərdə tutulur. Bura həmçinin müəllimlər arasında “yeni nəfəs”in gətirilməsi, yəni daha gənc müəllimlərin kollecə cəlb edilməsidir.

Məhz bu məqsədlə, Yaşar müəllim bizi gənc müəllimlərlə tanış etdi. Sahil Murtuzayevi təqdim edərkən, Yaşar müəllim qeyd etdi ki, O 2016-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri yanında Dövlət Qulluğu məsələləri üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Amma sonradan burada vakant yerin olduğunu görüb, sənədlərini təqdim edib. Gənc müəllimin sözlərinə görə, Dövlət İdarəçilik Akademiyasını “Dövlət və bələdiyyə” ixtisasını bitirdiyi üçün burada məhz onun ixtisasına uyğun olan “Bələdiyyə təsərrüfatı”, “Bələdiyyə iqtisadiyyatı” fənləri üzrə müəllim vəzifəsinə təyin edilib və qısa müddətdə pedaqoji kollektivin hörmətini qazanıb. Buna səbəb kollecdə çox gözəl pedaqoji mühitin olmasını göstərir.

Digər gənc müəllimlərdən, Şahmar Həsənli təmkinli, bacarıqlı, işgüzar, yüksək mədəniyyətə malik bir müəllim kimi kollektivin hörmətini qazanıb. Əsas səbəb kimi, Şahmar müəllim ailəsində böyüməsini və kollecdə demokratik, işgüzar mühitin olmasını göstərir. O əlavə edib ki, kollecdə gənc mütəxəssislərə yüksək qayğı və diqqət göstərilir və buna görə, kollektivin əksəriyyəti gənclərdir.

Başqa gənc kadr isə Səfiyyə Məmmədli idi. O, Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsini bitirib və Azərbaycan Turizm Universitetinin magistr pilləsində təhsil alıb. “Turizm biznesinin təşkili və idarəedilməsi” və “Mehmanxana biznesinin standartları” fənnləri üzrə müəllim vəzifəsində çalışır.

Söhbətimiz informasiyanin texniki vasitələrinə çatınca, Yaşar müəllim qeyd etdi ki, kollecin müəllimləri elektron lövhələrdən geniş istifadə edir. Beləliklə, tələbələrin müzakirələrə cəlb olunmasına şərait yaradır, mühazirələrdə əlavə məlumatlardan gündəlik həyatımıza uyğun olaraq istifadə edirlər. Sağlam və çevik düşüncə tərzinə malik müəllimlər hər bir mühazirədə nəyi, necə, nə üçün öyrətmək haqqında hərtərəfli düşünürlər. Bu zaman mühazirələr formal xarakter daşımır, biliklərin əhəmiyyəti sistematik olaraq gələcəyin mütəxəssislərinə çatdırılır. Mühazirələrdə mürəkkəb məsələlər sadə – tələbələrin bilik səviyyəsinə uyğun şəkildə izah edilir. Ona görə də tələbələrimiz verilən məlumatları qiymət almaq naminə, sadəcə əzbərləmir, gələcəkdə praktik fəaliyyət üçün zəruri olduğunu dərk edirlər.

Tədris prosesində əldə olunan nəzəri biliklərin yüksək səviyyədə mənimsənilməsi, tələbələrin diplomqabağı tədris və istehsalat təcrübələri zamanı fayda verir. Tələbələrin potensial imkanlarının formalaşmasının və inkişafının kollektivin birgə səyi nəticəsində mümkün olduğunu dərk edən kollektivimiz, aparılan mühazirə və məşğələ dərslərinin əlaqələnməsini təşkil edir, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Dərin bilik və səriştəyə malik fənn birləşmə sədrləri mühazirə və seminar məşğələlərinin keyfiyyətini, tələbələrin fəal təlimə cəlb olunmasını, dərs zamanı səmərəli metod və üsullardan istifadə edilməsini daim diqqət mərkəzində saxlayırlar. Xüsusilə bu sahədə kollecin təcrübəli müəllimləri seçilir. Gəzinti zamanı biz Nisəxanım Xancanbəyova ilə tanış olduq. O bu kollecdə 1973-cü ildən müəllimlik edir. Nisəxanım və 1980-ci ildən kollecdə fəaliyyət göstərən Zeynəb Hüseynova, öz xatirələrini bölüşdülər. Bununla bərabər biz həmçinin 1981-ci ildən burada “Mühasibat uçotu” fənnini tədris edən Sevil İsgəndərova ilə də tanış olduq. Kollecdə yaşlı müəllimlərin tədrislə bağlı gənc müəllimlərə yaxından kömək göstərdiyini müşahidə etdik. Bu həm dərslərin keyfiyyətinə, həm də gələcəkdə daha böyük inkişafa gedən yolda uğurlu addimlardır.

Tələbələrdən yaxşı müəllimlər haqqında soruşduqda, biz metodist İman Abduyev, “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris edən Nərgiz Babayeva, “Rus dili” müəllimi Lalə Həmidova, 2010-cu ildən “Azərbaycan iqtisadiyyatı” fənnini tədris edən Şəfəq Bəşirova, “Cəbr və Həndəsə” fənnlərini tədris edən Fəridə Məmmədova, “Dil ədəbiyyat” fənn birləşməsinin sədri Tamilla İmanova haqqında xoş sözlər eşitdik. Amma bir neçə müəllimi xüsusilə qeyd etdilər. Misal üçün, “Azərbaycan tarixi” fənnini tədris edən Sevinc Məhərrəmova haqqında biz bir çox yaxşı sözlər eşitdik. Tələbələrin fikrincə onun tarix dərsləri yüksək keyfiyyətlə bərabər həm də bu fənnə marağı artırır, Azərbaycan tarixinə marağı artırır. Təcrübəli müəllimlərdən olan Xədicə Hacıyevanın dərsləri “Mehmanxana işi” ixtisası üzrə təhsil alan tələbələrin xüsusi marağına səbəb olur. Xədicə xanım yemək hazırlanması üzrə praktik məşğələləri əyanı olaraq mətbəxlərdə keçirir. Orada tələbələr bir neçə qrupa bölünüb, müvafiq yeməkləri bişirir və sonda dequstasiya edirlər. Nəticədə tələbələr üçün yeməklərin hazırlanması üzrə praktik məşğələ dərsləri daha maraqlı keçir.

Gəzintidən sonra Yaşar müəllim bizi öz şöbəsinin bəzi statistik məlumatları ilə də tanış etdi. Onun sözlərinə görə, kolleci bitirən məzunlar ixtisaslarına uyğun müxtəlif sahələrdə, hətta xarici ölkələrdə də çalışırlar. Yüksək elmi səviyyəsi olan, biliklərini artırmaq istəyən gənclərimiz respublikamızın və xarici ölkələrin ali məktəblərində təhsillərini davam etdirirlər.

O əlavə edib ki, kollecdə hər imtahan sessiyasından sonra şöbələr üzrə tədrisin vəziyyəti, nəticələri elmi-metodiki şuralarda, elmi-praktiki konfranslarda müzakirə olunur, müsbət iş təqdirəlayiq hesab edilir, çatışmazlıqlar araşdırılır, ixtisas müəllimlərinə müvafiq göstəriş və tövsiyələr verilir. Qabaqcıl müəllimlərimizin təcrübəsindən istifadə edilir, onların yaradıcı fəaliyyəti qiymətləndirilir. Həmçinin qeyd etmək lazımdır ki, son illər bu təhsil ocağına maraq artıb. Bu il kollecyə yeni “Sığorta işi” ixtisası üzrə plan yeri verilib. Eyni zamanda, Yaşar müəllimin verdiyi məlumatlara görə tələbələrin 15-20 % əla, 45-50 % əla və yaxşı qiymətlərlə oxuyur.

Bununla da qeyd etməliyik ki, kollecdə tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, demokratik ab-hava, yaradılan yeni ixtisaslar kollecin inkişafa doğru irəliləməsində geniş yol açıb. Bu şəraiti yaradan isə kollecin direktoru Fatima xanım Quliyevadır. Onun səyləri nəticəsində kollec muasir tələblərə uyğun inkişaf edir, yüksək nəticələr əldə edir. Əldə olunan nəticələrdən göründüyü kimi, kollec 80 il ərzində tələbə gənclərin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində yaradılmış geniş imkanlar hesabına öz nailiyyətlərini əzmlə davam etdirir və respublikamızın qabaqcıl təhsil ocaqlarından birinə çevrilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler