» » “Cahangir Hacıyev qudasını da özü ilə həbsə aparır”

“Cahangir Hacıyev qudasını da özü ilə həbsə aparır”

Bölmə: Xəbər, MANŞET
“Cahangir Hacıyev qudasını da özü ilə həbsə aparır”
Həbsə alınan Dünyamin Xəlilovun Beynəlxalq Bankdan 2 milyard kredit aldığı üzə çıxdı
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qohumu və keçmiş milli-təhlükəsizlik naziri Eldar Mahmudova yaxın adam kimi tanınan Dünyamin Xəlilovun həbsi “maliyyə xəyanəti” işinin genişlənəcəyi haqda müzakirələri bir qədər qızışdırıb. Belə iddialar var ki, Eldar Mahmudovu da “Beynəlxalq bank işi” üzrə həbs edə bilərlər.

Sabiq nazirin ilk devalvasiyadan - fevralın 21-dən bir neçə gün əvvəl Cahangir Hacıyevlə birgə özlərinə və yaxın ətraflarına məxsus olan və manatda saxladıqları pulları Beynəlxalq Bankdakı bir neçə yüz milyon dollarla əvəz ediblər. Həmin vaxt bu əməliyyatın ölkə rəhbərliyindən gizli şəkildə həyata keçirilməsi Eldar Mahmudovun səyləri nəticəsində, birbaşa onun göstərişləri ilə mümkün olub.

Sonradan isə məsələnin üstü açılıb. Tamamilə mümkündür ki, E.Mahmudovu da “MTN işi” ilə bərabər “Beynəlxalq bank işi”nə də cəlb etsinlər.

Bundan başqa Cahangir Hacıyev həbsindən sonra durmadan şikayətlər edir, diqqəti daha çox maliyyə naziri Samir Şərifovun üzərinə çəkməklə bankdakı əməliyyatlara onun nəzarət etməli olduğunu vurğulayır. Görünən odur ki, C.Hacıyev danışdıqca, şikayətlərinin sərhədlərini genişləndirdikcə onun yaxın ətrafına daxil olan şəxsləri də həbsə alırlar.
“Beynəlxalq Bank işi” yenicə gündəmə gələndə Dünyamin Xəlilovun adı medianın diqqətində idi. Lakin sonradan onun adı mətbuat səhifələrinə getdikcə az çıxırdı və demək olar ki, tamamilə unudulmuşdu.



Onun həbsindən az əvvəl Britaniyanın məşhur geyim mağazaları brendi “Harvey Nichols” ötən il gəlirlərinin 30 faiz azaldığını və bunun səbəblərindən birinin Azərbaycandakı uğursuz fəaliyyəti olduğunu açıqlayanda keçmiş deputat-oliqarx Dünyamin Xəlilovun adı yenidən media gündəminə gəldi. “Harvey Nichols” Azərbaycanda keçmiş deputatın adına olan “General Construction” adlı offşor şirkətlər françayzinq müqaviləsi əsasında ona məxsus “Globus Plaza”da fəaliyyətə başlasa da cəmi 4 ay sonra partnyorların öhdəliklərini pozması səbəbindən müqaviləni dayandıraraq ölkəni tərk edib.

Dünyamin Xəlilovu ötən il Beynəlxalq Bankından milyardlarla manat kreditin talanmasına görə saxlamışdılar, lakin sonradan onu sərbəst buraxdılar. Əvəzində onun şirkətinin heç bir səlahiyyət daşımayan 7 əməkdaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisinə salınmışdı. Çünki Cahangir Hacıyev və ortaqları bu dəfə də tanış dələduzluq sxemini işə salmışdılar - nəhəng məbləğlərdə kreditlər Dünyamin Xəlilovun şirkətində faktiki olaraq dəftərxana işçisi, elektrik və digər xırda-para işlərdə işləyən adamların adına rəsmiləşdirmişdi.



Britaniya brendinin Azərbaycandakı uğursuz tərəfdaşlıq barədə açıqlamasının yayılmasından sonra jurnalistlər adı bir müddət mətbuat səhifələrində görünməyən Dünyamin Xəlilovun indi harada olduğunu araşdırmağa çalışdılar. Və məlum oldu ki, keçmiş deputat elə bir neçə gün əvvəl həbs edilibmiş.

Virtualaz.org istintaqa yaxın mənbələrdən dəqiqləşdirib ki, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankından nəhəng məbləğlərdə kredit götürərək onu “General Construction” MMC-nin, habelə digər offşor şirkətlərin adına rəsmiləşdirib. Sayt mötəbər mənbəyə istinadla yazır ki, Dünyamin Xəlilovun Beynəlxalq Bankdan götürdüyü kreditlərin məbləği 2 milyard manata yaxındır. Mənbə bildirib ki, ötən il dekabrın 29-da Dünyamin Xəlilov dindirilmək üçün növbəti dəfə “Bandotdel”ə çağırılıb və bu dəfə oradan çıxmayıb. Onu həbs ediblər, ertəsi gün dekabrın 30-da isə keçmiş deputatın 8 aya yaxındır həbsdə olan 5 keçmiş əməkdaşı azadlığa buraxılıb.



Xatırladaq ki, 2005-ci ildə Dünyamin Xəlilov Beynəlxalq Bankın səhmdarlarından biri idi. O, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. D.Xəlilov uzun müddət C.Hacıyevə məxsus “Şəki Bazar” ASC-ni və “Şəki Ət Kombinatı” ASC-ni idarə edib. Milyardlarla manatlıq dələduzluq sxemində Cahangir Hacıyev və Dünyamin Xəlilov tək deyil. Həmin “General Construction” şirkətinin digər ortağı, hazırda Fransada sərbəst gəzib-dolaşan və biznes fəaliyyətini davam etdirən Xaqani Bəşirovdur. Fransa və Azərbaycan vətəndaşlığı daşıyan Xaqani Bəşirovun adına təxminən 2 il əvvələ qədər 14 offşor şirkət olub, hazırda isə o, 2 şirkətdə direktor kimi qalır. Bunlar Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Java Investments Management PLC” və “ V.e.s Consultancy (Uk) LTD” şirkətləridir. Qalanlarında isə iştirakını dayandırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler