» » “Bank Technique” müflisdir, ancaq elan edilmir...

“Bank Technique” müflisdir, ancaq elan edilmir...

Bölmə: Xəbər
“Bank Technique” müflisdir, ancaq elan edilmir...

Ekspertlər bildirirlər ki, bankın problemli kreditləri çoxdur, əhalinin əmanətlərini qaytara bilmir, Mərkəzi Bank isə müəmmalı şəkildə seyrçidir...

Ölkənin bank sistemində ciddi, hətta bir qədər anlaşılmaz hadisələr baş verməkdədir. Hadisələrin görünən tərəflərindən biri bank rəhbərliyindəki şəxslərin işdən çıxmasıdır. Artıq “Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov da tutduğu vəzifəni tərk edib. APA-nın xəbərinə görə, sədr öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb.
Belə ki, oktyabrın 16-da keçirilən bankın səhmdarlarının yığıncağında R.İsmayılovun işdən çıxması ilə bağlı yazdığı ərizəyə baxılıb və sədrin ərizəsi qəbul olunub. Xəbəri bankdan təsdiqləyiblər.

Ekspertlər isə bildirirlər ki, “Bank Technique” böyük olmasına baxmayaraq, həmişə çox bərbad idarə edilən bank olub. Yəni elə Cahangir Hacıyevin idarəçiliyinə keçməzdən əvvəl də bankda idarəetmə yaxşı şəkildə qurulmayıb. Həmçinin bildirilir ki, bank Cahangir Hacıyevin vaxtında lap pis vəziyyətə düşüb.

Ekspertlər faktla bağlı bədbin ehtimallar da səsləndirirlər. Onların fikrincə, görünən odur ki, bu bankın problemli kreditləri çoxdur və böyük ehtimalla bank müflisdir. Yəni Cahangir Hacıyev hərbə-zorba yollarla bankı bir təhər üzdə saxlayırdı. Qanunsuz olaraq kiminsə əmlakını alıb banka verirdi və sair işlər həyata keçirirdi. Ancaq o, vəzifəsini itirəndən sonra bu, mümkün olmadı. Bundan sonra da bankın iç üzü açıldı.

Ekspertlərə görə, natəmiz və qeyri-peşəkar idarəetmə nəticəsində bankın problemli krediti elə həddədir ki, pulu çatışmır və əhalinin əmanətlərini qaytara bilmir. Mərkəzi Bank ya ona kredit verməlidir ki, borclarını ödəsin, ya da lisenziyasını ləğv etməlidir. Lakin Mərkəzi Bank birincini etmir ki, verdiyi kredit batmasın. İkincini isə ona görə etmir ki, bank çox iridir və bank sistemi üçün ağır zərbə ola bilər. Həm də bu halda əmanətçilər əmanətini Əmanətlərin Sığortlanması Fondundan tələb edəcək. Bu fondu isə elə Mərkəzi Bank idarə edir, özü də qeyri-şəffaf şəkildə. Mərkəzi Bank da istəmir ki, bu bankın əmanətçiləri həmin fondun vəsaitlərini alsın. Ekspertlərə görə, Mərkəzi Bankın ya heyfi gəlir, ya da fondun özünün müflis olmasından qorxur. Çünki yəqin Mərkəzi Bank da fondu səmərəli idarə etmir. Ortada qalan isə əmanətçilərdir. Onların pulu qayıtmır.

Ekspertlər həmçinin tövsiyə edirlər ki, əmanətçilər məhkəmə yolu ilə bankın müflis olmasını tələb etsinlər. Bu halda fond əmanətləri qaytarmalı olacaq.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler