» » Azad Rəhimov niyə hədəfə alınıb?

Azad Rəhimov niyə hədəfə alınıb?

Bölmə: Xəbər, MANŞET
Azad Rəhimov niyə hədəfə alınıb?
Rəhimov nazir postunda otursa da, biznes fəaliyyətini yenə də davam etdirir




Kölgədə qalmağı sevən, adı qalmaqallarda hallanmayan gənclər və idman naziri Azad Rəhimov artıq medianın diqqət mərkəzindədir. Nurçu əməliyyatından sonra nazirin adı bu icma ilə işbirliyində hallandı. A.Rəhimov xəbəri təkzib etməyə məcbur oldu.

Ardınca idmançı, gömrük xidmətinin əməkdaşı Zülfiyyə Hüseynova prezident təqaüdü ala bilmədiyinə görə naziri sərt tənqid etdi. Sonra isə ANS nazirin korrupsiyaya uğraması ilə bağlı süjeti efirə verdi. Təbii ki, cəmi bir neçə günə nazirin adının müxtəlif neqativ rakurslarda hallanması A.Rəhimovun hədəfə gəlməsi anlamına gəlir. Və təbii sual ortaya çıxır - A.Rəhimovu kim(lər) və niyə vurur?

Adətən saray intriqalarından məsafə saxlayan, heç kimlə qarşıdurmaya getməyən nazirin vurulmasının səbəblərini araşdırmaq çətindir. Ancaq müəyyən nüanslara əsaslanıb mülahizələr yürütmək olar.

Elə ondan başlayaq ki, A.Rəhimovun rəhbərlik etdiyi nazirlik dövlət büdcəsindən ən çox pay alan qurumların ilk onluğuna daxildir. A.Rəhimov nazir təyin edildiyi vaxtdan - 2006-cı ildən bu günə kimi nazirliyə 1 milyard 730 milyon manat dövlət investisiyası ayrılıb. Bu vəsaitin yarıdan çoxu (922 milyon manat) bu il ayrılıb. Ancaq vəsaitin çoxluğu A.Rəhimovun hakim elitadakı nüfuzu ilə bağlı deyil.

Vəsait 2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinin görülməsinə xərclənəcək. Ancaq bütün hallarda vəsaitin xərclənməsinə nəzarət və rəhbərlik A.Rəhimova məxsusdur.

Burada başqa bir nüans da var. Rəsmi Bakı olimpiya oyunları ilə bağlı hazırlıqlara xüsusi önəm verir. Bu baxımdan gələn ilin büdcəsində də bu istiqamət üzrə nəhəng məbləğlərin ayrılacağı tam realdır. Ona görə də hakimiyyətdəki müəyyən qruplaşmalar bu vəsaitə nəzarət paketini öz əlində cəmləməyə çalışır. A.Rəhimovun hədəfə gəlməsində bu amilin çox əhəmiyyətli rolu istisna deyil.

ABŞ diplomatlarının gizli teleqramlarını açıqlayan WikiLeaks saytında ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı il noyabrın 11-də Vaşinqtona ünvanladığı məxfi teleqramı dərc edilmişdi. Sənəddə diplomatın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü barədə təfərrüatlar və qeydlər əksini tapmışdı. Dersinin məxfi teleqramında DGK sədri hakimiyyətə “yeni iqtisadi komanda”nın gəldiyini və bundan da narahat olduğunu bildirmişdi.

“Yeni iqtisadi komanda” kimlərdən ibarət idi? 2006-cı ildə hökumətin tərkibinə 3 yeni isim əlavə edildi - əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, maliyyə naziri Samir Şərifov və nəhayət, gənclər və idman naziri Azad Rəhimov. Bu adamlar “köhnə qvardiya”nın həzm edə bilmədiyi şəxslər idi. Elə buna görə də F.Ələkbərov artıq nazir karyerasını bitirib. İsmayıllı hadisələri köhnə qvardiyaya F.Ələkbərovu bitirmək üçün sanballı bəhanə verdi. Mütəmadi olaraq maliyyə naziri Samir Şərifovun “köhnə qvardiya” ilə problemlərinin olması ilə bağlı məlumatlar dərc edilir. Çox güman ki, A.Rəhimovdan sonra növbə Samir Şərifova çatacaq.

Maraqlıdır ki, həm F.Ələkbərov, həm də A.Rəhimov köhnə komsomol işçiləri olsa da, nazir kreslolarına böyük biznesdən adlamışdılar. F.Ələkbərov “İmproteks” Şirkətlər Qrupunun prezidenti, A.Rəhimov isə “İtaldizayn” QSC-nin baş direktoru işləyib. Böyük ehtimalla “köhnə qvardiya” köhnə komsomolçuları yenidən biznes dünyasına yola salmağa hazırlaşır.

A.Rəhimov nazir postunda otursa da, biznes fəaliyyətini yenə də davam etdirir. Nazirin məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən mağazaların şəbəkəsi getdikcə genişlənir. Nazirin biznesinin əsasını mebel ticarəti təşkil edib.

Nazir ilk şirkətini 1996-cı ildə təsis edib - İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. Hazırda şirkətin Bakının mərkəzində 22 mebel salonu fəaliyyət göstərir.

Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə əməkdaşlıq edir. A.Rəhimov nazir olduqdan sonra inzibati resurslarından istifadə edərək holdinqin fəaliyyətini daha da genişləndirib. Hazırda holdinqin prezidenti Elçin Zeynalov olsa da, operativ idarəetməni nazirin köməkçisi Fuad Hadıyevin həyata keçirməsi ilə bağlı iddialar var. A.Rəhimovun hədəfə gəlməsində bu amil də az rol oynamayıb. Nəzərə alsaq ki, hazırda oliqarx-nazirlərin texnokratlarla əvəzlənməsi prosesi gedir (Heydər Babayevi Şahin Mustafayev, Füzuli Ələkbərovu Səlim Müslimov, Misir Mərdanovu Mikayıl Cabbarov əvəzləyib), onda A.Rəhimovun hədəfdə olmasına təbii baxmaq lazımdır.

1964-cü il təvəllüdlü Azad Rəhimov Bakıda doğulub. Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi kimi başlayıb. Komsomolda müxtəlif vəzifələrdə çalışan A.Rəhimov 1994-cü ildən bizneslə məşğul olub. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998 ttp://az.wikipedia.org/wiki/1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib. 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

"Yeni Müsavat"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler