» » Hepatitin C-nin müalicəsi ilə bağlı iki fərqli mövqe

Hepatitin C-nin müalicəsi ilə bağlı iki fərqli mövqe

Bölmə: Xəbər, Sosial
Hepatitin C-nin müalicəsi ilə bağlı iki fərqli mövqe
Türkiyəli həkim onun sağalan olduğunu, azərbaycanlı həkim isə əksini deyir; Adil Qeybulla: “Yayımlanan fikirlər, sadəcə olaraq, mətbuatın fantaziyasıdır...”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 20 ildə qaraciyər xəstəliklərinin inkişafı yüksələn xətlə gedir. Dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 milyarda çatıb. Amerika tibb mərkəzlərinin proqnozlarına görə, 2020-ci ildə qaraciyər serrozunun səviyyəsi 3 dəfə artacaq.

Bəllidir ki, qaraciyər öz funksiyalarının öhdəsindən gəlmədikdə ölüm baş verir. Qaraciyər xəstəlikləri içərisində əsas yeri isə virus mənşəli B və C hepatitləri tutur. Xüsusilə C virus hepatiti geniş yayılmaqdadır. Təkcə MDB ölkələrində hər il 500 min - 1 milyon insan qaraciyər patologiyalarından həkimə müraciət edir. Avropa ölkələrində ümumi populyasiyada xəstəliyin rast gəlinmə faizi isə 2-dir.

Təəssüflər olsun ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Azərbaycanda B və C hepatitlərinə təqribən 200 adamdan 6-7-də rast gəlinir. Bu xəstəliyin əlamətləri özünü gec büruzə verdiyi üçün çox zaman müalicəsi olmur və ölümlə nəticələnir. Çox zaman Hepatit C-nin dərmanının olmadığı və bu xəstəliyə düçar olan adamın ölümə məhkum olunduğu da bildirilir.

Lakin bugünlərdə AzadlıqRadiosuna müsahibə verən türkiyəli həkim Nuri Beslen bunun əksini, xəstəliyin yüz faiz müalicə olunduğunu bildirib. Həkim son 2-3 ildə bu xəstəliyi müalicə edən dərmanların tapıldığını bildirib: “Xəstə tamamilə sağalır. Əvvəllər xəstəyə qaraciyər serozu qoyulardısa, hər kəs onun öləcəyini düşünürdü. Ancaq indi qaraciyər serozu diaqnozu qoyulduqda belə, xəstəni tamam sağaltmaq mümkündür. Artıq qaraciyər köçürməsi ehtiyacı azalır. Son 2-3 ildə bu virusu müalicə edən təsirli dərmanlar tapılıb. Bu dərmanlar ilk çıxdığında çox bahalı idi. Ancaq getdikcə qiymətləri düşür. Fikrimcə, gələcəkdə bu dərmanlar bir az da ucuzlaşacaq”.



Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bunun hələ ki real olmadığını və mətbuatın bu xəbəri təhrif etdiyini bildirdi: “Hepatit C vaxtında aşkar olunarsa, tam müalicə olunan bir xəstəlikdir. Onun müalicə sxemi var. ÜST-in konkret bununla bağlı reseptləri mövcuddur və bu protokol əsasında da o müalicə həyata keçirilir. Yalnız davamlı hepatitlərdə uzunmüddətli virus qaraciyəri sıradan çıxartdıqda ola bilsin ki, burada xroniki şəkildə hepatit şəklində qalsın və müalicəyə tabe olmasın. Yəni hazırda virusları birbaşa bədəndə tanıyan, onu neytrallaşdıran və yox edən bir preparat yoxdur. Çünki virus həyatın qeyri-hüceyrəvi formasıdır. Bu mikrotipdir və onlar replikasiya olunaraq formasını dəyişə bilirlər.

Qaraciyərin köçürülməsi əməliyyatı serroz zamanı həyata keçirilir. Yəni qaraciyərin funksional imkanları olmur. Bu baxımdan da serroz olan qaraciyəri bərpa etmək və ya geriyə döndərmək real deyil. Ona görə də qaraciyərin köçürülməsi zərurəti ortaya çıxır. Mətbuatda yayımlanan fikirlər, sadəcə olaraq, mətbuatın fantaziyası kimi dəyərləndirilə bilər. Əslində söhbət ondan gedir ki, hepatit C vaxtında aşkar olunarsa, müalicə olunan bir xəstəlikdir”.

Hepatit C -nin yalnız qan vasitəsilə keçdiyini deyən professor onun əlamətlərini çox adamın bilmədiyini və sıradan bir halsızlıq olaraq düşündüyünü dedi: “Hepatit C virusu işlənmiş alətlərdən, avadanlıqlardan, manipulyasiyalar zamanı diş həkimində, kosmetoloji kabinetlərdə, cərrahi prosedurlarda işlənmiş alətlər vasitəsilə sağlam adama keçə bilər. Həmçinin qan köçürmə vasitəsilə, yəni xəstə adamın qanını sağlam adama köçürmə vasitəsilə də keçə bilər. Bir sözlə, bu xəstəlik yalnız qan vasitəsilə keçir, başqa cür mümkün deyil. Əlamətlərinə gəlincə isə müəyyən müddətdən sonra xəstədə ümumi halsızlıq, zəiflik olur. Bəzən xəstələr buna əhəmiyyət vermir. Təəssüflər olsun ki, virus hepatitlərini biz təsadüfi müayinələrdə aşkar edirik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler