» » Erməni soyadları necə yazılmalıdır?

Erməni soyadları necə yazılmalıdır?

Bölmə: Xəbər
Erməni soyadları necə yazılmalıdır?
Dilçilər və redaktorlar əcnəbi ad-soyadları öz dilimizə uyğunlaşdırıb yazmağı doğru hesab edirlər
Mətbuatda xaricilərin ad-soyadının müxtəlif formalarda yazılması halları ilə tez-tez rastlaşırıq. Bu hal əsasən də erməni soyadlarında sezilir. Məsələn, bir mətbu orqan Ermənistan prezidentinin soyadını Sarksyan, digəri Sərkisyan, bir başqası Sarqsyan yazır. Ermənilərinin xeyli hissəsinin soyadlarının türk mənşəli olduğu da məlumdur.

Bu fakt Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş “Türk mənşəli erməni soyadları” kitabında da öz əksini tapmışdı. Kitabda 434 türk mənşəli erməni soyadının geniş və sanballı izahı verilmiş, onların hər birinin türk-azəri mənşəli olması tarixi mənbələrə və tanınmış türkoloq alimlərə, o cümlədən erməni tədqiqatçılarına istinad olunmaqla, elmi dəlillərlə təsdiqlənmiş və tam sübuta yetirilmişdi. Ancaq bu soyadlar hazırda mətbuatımızda bəzən ermənilərin səsləndirdiyi və yazıldığı kimi qeyd edilir.

Maraqlıdır, bəs yazılan versiyalardan hansı düzgün və dilimizin orfoqrafik normalarına uyğundur?

Filologiya elmləri doktoru, dilçi alim Nizami Cəfərov erməni soyadlarını öz dil orfoqrafiyamıza uyğunlaşdırıb yazmağın doğru olduğunu bildirdi: “Təxminən 17-18-ci əsrlərdən başlayaraq ermənilər soyadlarını cənubi azərbaycanlılardan götürüb. 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərindən başlayaraq isə ermənilər Şimali Azərbaycan soyadlarını işlədiblər. Ancaq təbii ki, onların dilində olan bəzi səslər bizim dilimizdə yoxdur. Məsələn, ermənilər Köçəryan yox, Koçəryan, yaxud da Dəmirçiyan deyil, Demirçiyan yazırlar. Yəni onlar adları öz fonotik quruluşlarına uyğunlaşdırıb yazırlar.

Amma bizim praktikamızdan da göründüyü kimi, ermənilər soyad formalarını ikili formada yazırıq. Koçəryan da yazırıq, Köçəryan da. Bunun da prinsipi yoxdur. Onlar necə işlədir, necə yazırlarsa, o cür də işlətmək doğrudur, bizim dilimizə uyğunlaşdırıb işlətməkdə doğrudur. Heç biri səhv sayılmır. Əsas odur ki, ermənilərin soyadlarının kökünü Azərbaycandan götürüblər. Onlar bu adları Azərbaycanın mədəniyyətinin təsiri ilə götürüblər. Məsələn, Köçəryan soyadının kökünü diqqət edək, burada soyadın kökü ”Köçəri"dir. Buna görə də onların soyadlarını öz fonetikamıza uyğun olaraq yazsaq daha yaxşı olar. Amma Koçeryan yazılması da səhv deyil".

Ermənilərlə yanaşı digər xarici dövlətlərin prezidentlərinin və siyasətçilərinin ad soyadına gəlincə isə N.Cəfərov bu ad və soyadları da öz dil qaydalarımıza yazmağın düzgün olduğunu dedi: “Biz nə qədər xarici ad soyadları bizim orfoqrafik qaydalara uyğunlaşdırıb yazsaq, o qədər bizim dilimizin məntiqinə uyğun olar. Necə tələffüz ediriksə, ona uyğun da yazmalıyıq. Məsələn, uzun illər biz, eyni zamanda gürcülər və bütün dünya Tiflis demişik və yazmışıq. Ancaq sonradan Tbilisi forması ortaya çıxıb. İndi biz ikisini də işlədirik. Məsələn, 19-cu əsrdən 20-ci əsrin əvvəllərindən danışanda Tiflis səfəri, Tiflis teatrı, Tiflis mətbuatı deyirik. Amma müasir dövrdən danışanda Tbilisi deyirik. Yəni ikisi də doğrudur. Ancaq yaxşı olardı ki, biz yenə də Tiflis deyək. Hər bir xalq istər-istəməz adları mümkün qədər öz dilinin quruluşuna, fonetikasına, səslənmə xüsusiyyətinə uyğunlaşdırır. Böyük alman şairi Çörçilin adını biz bir neçə cür yazırıq. Yəni adı mənimsəyəndə avtomatik olaraq variantlar əmələ gəlir. Bizdə də yeni yaranan Terminologiya Komissiyası bu məsələləri qanuna uyğunlaşdırmalı, şərti də olsa adlardan bir variantı düzgün hesab edilməlidir, digərləri yox. Amma indiki vəziyyətdə heç bir varianta üstünlük vermək olmur”.



Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri İsmayıl Məmmədov erməni soyadlarının bizim transkripsiyaya uyğun yazılmalı olduğunu bildirdi: “Erməni ad soyadları öz dilimizin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. ”Türk mənşəli erməni soyadları" adlı bir kitab da var. Orada bu barədə geniş yazılıb. Ümumiyyətlə, təcrübə də erməni soyadlarını onların tələffüz etdiyi kimi yazmaq qaydası yoxdur. Bütün xarici soyadlar bizim orfoqrafiya qaydalarına uyğun yazılmalıdır".



“Yeni Müsavat” saytının redaktoru Xalid Kazımlı erməni soyadlarının əksəriyyətinin türk mənşəli olduğunu bildirdi: “Erməni soyadlarının yarıdan çoxu türk mənşəli olduğu üçün bu xüsusda dağa-daşa düşməyə ehtiyac yoxdur. Həmin soyadın kökü öz dilimizdə necədirsə, elə də yazılmalıdır. Məsələn, adamın soyadı Nalbəndyandır. Aydın məsələdir ki, sözün kökü ”nalbənd"dir. Biz onu “Nalbandyan” kimi yazmamalıyıq. Eləcə “Dəmirçiyan”ı “Demirçyan” kimi yazmamalıyıq. İgityan soyadlı bir erməni deputatı vardı. Onu bəzən İqityan yazırdılar. Yanlış idi. Bu kimi misalları çox artırmaq olar".

Virtualaz.org saytının redaktoru Famil Cəfərli də hazırda yazılan versiyaların düzgün olduğunu bildirdi: “Erməni soyadlarının əksəriyyətinin sonluğu ”yan" hecası ilə bitir. Elə “yan” kimi də yazılmalıdır. Yəni bu yan şəkilçisi “ian” kimi yazılmalı deyil. Sərkisian yox, Sərkisyan olmalıdır. Deyilişdə də Sərkisyan kimi tələffüz olunur. Mənim fikrimcə, yalnız erməni soyadları deyil, bütün xarici dövlətlərin ad soyadlarını necə tələffüz ediriksə, elə də yazmalıyıq. Məsələn, Riçard sözü belə də yazılmalıdır, Richard kimi yox".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler