» » Tonlarla alma çaya tökülür-

Tonlarla alma çaya tökülür- Qubada

Bölmə: Xəbər
Tonlarla alma çaya tökülür-

Azərbaycan Almanın vətəni olan Qubada fermerlər tonlarla məhsulu çaya töküb. Yaydan yığılan məhsulun satılmamasının səbəbi bu dəfə fərqlidir. Nə satış bazarı, nə alıcılıq qabiliyyəti bu məhsulun çürüməsinə səbəbkar deyil.

Xalqinfo.az anspress-ə istinadən bildirir ki, çayın kənarına tökülən xarab olmuş almalar Quba bağlarının məhsuludur. Qudyalçayın sahili boyunca eyni mənzərəni müşahidə etmək mümkündür.

Bu il Qubanın 15 min hektara yaxın alma sahəsindən 122 min ton məhsul götürülüb. Bu almalardan zamanında yaxşı pula gedənləri də olub, yığıldığı kimi, yeşikdə qalıb çürüyənləri də. Məhsulu xarab olmuş bağbanlar indi çürümüş meyvəni çayın kənarına tökürlər. Səbəbsə yayda yığdıqları almanı indiyə qədər sata bilməmələridir. Qubanın Zizik kəndinin fermerləri meyvəni niyə görə sata bilmədiklərini belə izah edir.

“Alma satılmır, yeşiyini bizdən bir manata alırlar. Heç kim almır, zavod da yoxdur ki, alıb püre eləsin”, – deyə fermer Baba Əkbərov bildirdi.

Məhsula alverçilər tərəfindən təklif edilən pul bağbanları razı salmadığından onlar məhsulu baha qiymətə satmaq arzusu ilə saxlayıblar. Nəticədə isə çox qazanmaq əvəzinə azdan da olublar. Bazarlarda almanı birbaşa özlərinin satışa çıxarmağını isə mümkünsüz olduğunu deyirlər.

“Bakı bazarlarına aparmaq çətindir. Yol xərci bahadır. Rusiya ilə bizim aramızda 40 km-dir. Ora da aparmaq bahadır. Ona görədə xarab olur tökürük çaya”, - deyə fermer Qalib Babayev vurğulayıb.

Kustar üsulla həyətdə meyvəni saxlayan bağbanın məhsulunun xarab olması əslində gözləniləndir. Çünki, məhsullar xususi soyuducu anbarlarında saxlanılmalıdır. Bağbanlarsa anbarda məhsul saxlamağın sərfəli olmadığını da iddia edirlər. Son illər ölkə ərazisində xeyli sayda, saxlama soyuducuları tikilib.

Belə anbarlardan 12-si elə məhz Qubanın qonşuluğundakı Xaçmaz şəhərində inşa edilib ki, yaxınlıqdakı ərazilərdən fermerlər öz məhsullarını bu məntəqələrdə saxlaya bilsinlər. Bu il ərzində Xaçmazdakı anbarlarda 50 min tona yaxın məhsul saxlanılıb və il boyu tədricən satılıb.

Bir ton almanın aylıq saxlanması üçün 30 manat tələb olunur ki, rayon icra hakimiyyəti vəsaitinin elə də çox olmadığını deyir. Bəs fermerlərin məhsulunu konserv zavodları niyə almır?

“Konserv zavodu ağacdibi almanı qəbul edir. Amma bu gün kəndlinin əlində qalan məhsul yalnız süfrəlikdir“, – deyə Xaçmazdakı Konserv zavodunun direktoru Rüstəm Rüstəmov qeyd edib.

Ekspertlər hesab edir ki, məhsulunu zamanında sata bilməyən fermerin günahı özündədir. Çünki keyfiyyəti aşağı məhsulu almağa nə konserv zavodları maraqlıdır, nə də sadə istehlakçılar.

Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, təəssüflər olsun ki, həmin almadan şirə almaq mümkün deyil: “Keyfiyyəti aşağı olduğu üçün ondan şirə almaq o qədərdə sərfəli deyil. Məhz buna görə də emal müəssisələri buna maraq göstərmirlər”.

Kənd Təsərrüfatı Nazirliyi isə bağbanlara vəziyyətdən çıxış yolu kimi, paytaxtda hər həftə təşkil olunan yarmarkaları təklif edir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə: "Bir fermer 100 manat qazelə verərək 3 ton alma gətirsin və yarmarkada kilosu 20 qəpikdən satsa 600 manat qazancı olacaq".

Bu gün bazarlarda 1kq. Quba almasının qiyməti 40 qəpikdən iki manat arasında dəyişir. Bir sözlə, indi çürüyən məhsulun heç yerdə alıcısı yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler