DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər


6-11-2017, 10:22. Yerləşdirdi: sefa Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər
Xalq artisti Brilliant Dadaşovanın həbsdə olan müğənninin azadlığa buraxılması üçün birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti dəstəkləndi...

İki gün əvvəl xalq artisti Brilliant Dadaşova müğənni Fədayə Laçınla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti sənətçilər arasında ciddi rezonans doğurub. Xatırladaq ki, Xalq artisti bu barədə özünün şəxsi “İnstagram” səhifəsində yazıb.

Sənətkar Mehriban Əliyevanın həbsdə olan bir anaya dəstək olmasını xahiş edib: “Əzizimiz, sevimli Mehriban xanım! Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirik. Bu səbəbdən Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah, heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm”.

Xalq artistinin bu jesti ictimaiyyətdə, sosial şəbəkələrdə təqdir edilib, dəstəklənib. Bu müraciətin ardınca bir çox müğənnilər sosial şəbəkələrdə Fədayə Laçına dəstək verən statuslar paylaşıblar.

Primetime.az saytının yazdığına görə, hazırda Türkiyədə olan əməkdar artist Röya Ayxan həmkarının görüşünə gedəcəyini açıqlayıb:

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

“Mən bir neçə gündür yata bilməmişəm. Bir qadın kimi bu məsələyə normal yanaşıram. Biz qadınları problemlərə salan kişilərdir. Bu da bir sevgidir deyək. İnsanın şəxsi həyatıdır. Yaşadıqca çox şeylər olur. Onun qapısının tez açılmasını istəyirəm. Baxmayaraq ki, şəxsi tanışlığımız yoxdur, onunla çox görüşmək istəmişəm. Sadəcə olaraq hələ ki, icazə yoxdur. Nə vaxt icazə olsa, mütləq onun görüşünə gedəcəyəm”.

Müğənni Damla isə Fədayə Laçınla bağlı fikirlərini bu cür bölüşüb: “Günlərdə bu ağrılı, acılı sevgi dramının bitməsi məni də üzdü. O, eşq qadını olduğu üçün onu anlayıram. Qanun qanundur. Buna sözüm yoxdur. Hər kəs qanun qarşısında cavab verməlidir. Amma buna dastanlara yazılan sevgi tarixçəsi deyərdim. Hər kəs qınayır, hər kəs üzücü şərhlər yazır. Etməyin dostlar. Onun da oğul balası var. Heç kəs sabahından sığortalı deyil. Mütləq ki, o şərhləri oxuyur. Başqasına dil uzatmaq bu qədərmi asandır? Allah Fədayə xanıma yardım etsin”.

Bəs daha hansı nüfuzlu müğənnilər Fədayə Laçına dəstək olmağı düşünür?

Xalq artisti Gülyaz Məmmədova isə bu haqda ümumiyyətlə danışmaq istəmədiyini dedi.

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

Xalq artisti Flora Kərimova Fədayə Laçının həbs olunmasına çox hiddətləndiyini, onun günahsız olduğunu deyib: “Müraciəti o zaman edirlər ki, şəxsin günahı olsun. Bu qədər insafsızlıq olmaz. Ancaq Fədayənin yaxasından yapışıblar, halbuki buna şərait yaradanlar kənarda gəzir. Tezliklə onun azadlığa buraxılmasına ümid edirəm”.

Əməkdar artist Elza Seyidcahan isə ilk gündən həmkarına dəstək olduğunu deyib: “Fədayə Laçın Azərbaycan xanımıdır, sənət dostumuzdur. Həm də çox gözəl insandır. Onunla yaxından tanışlığımız olmasa da, tədbirlərdə bir yerdə olmuşuq, onu oğlumun toyuna dəvət etmişdim. Çünki oğlum uşaqlıqdan onun ifasını çox sevir. O, heç vaxt Azərbaycan musiqisinə xələl gətirməyib, muğamı gözəl tembrlə ifa edib. Onunla bağlı xəbəri eşidəndə çox pis oldum. Onun həbsinə inanmırdım. Doğrudur, qanun qarşısında hamı acizdir. Lakin inanıram ki, Fədayə bu işdə günahsız olacaq. Onun bir günahı ondadır ki, ”Qoca"nı tanıyır və ona qarşı saf məhəbbət bəsləyib.

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

O, gözəl anadır. Fədayə xanımın oğluna, anasına, bacısına səbir diləyirəm. Onun dar günündə biz yanındayıq. Brilliant xanıma da təşəkkür edirik, bu cür müraciət ünvanlandığı üçün. İnanırıq ki, hüquq orqanları, hakimlərimiz bu məsələyə haqq-ədalətlə qərar verəcəklər. Demirəm ki, Fədayəni bağışlasınlar. Çünki bilirəm ki, onun günahı yoxdur. O, sənət adamıdır. Çox istərdim ki, səhnəmiz onsuz qalmasın".

Elza Seyidcahan Fədayə Laçının “Qoca” ləqəbli avtoritetə olan sevgisi barədə balet yazdığını da deyib: “Bununla bağlı artıq balet yazıram. Başlığı da ”Etibarda əfsanəyə dönmüş Qoca Fədayə fədası" adlanır".

Əməkdar artist Nüşabə Ələsgərli isə Fədayə Laçının tezliklə azadlığa buraxılacağına inandığını deyib: “Fədayə Laçın elə bir insan deyil ki, cinayətkar qaçırsın. Onun elə bir imkanları yoxdur. Sadəcə Fədayə sevib və görüşə gedib, bu qədər. Yəni, inanmıram ki, o nə vaxtsa həbsdən cinayətkar qaçıra bilsin. Cinayətkarları qaçıran başqa adamlardır. Ona görə də bu məsələyə çox rahat baxıram və ümid edirəm istintaq Fədayəni azadlığa buraxacaq.

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

Brilliant Dadaşovanı etdiyi müraciətə görə dəstəkləyirəm. Fədayənin azadlığa çıxması üçün petisiya yaradılsa, qol çəkməyə hazıram".

Müğənni Afət Fərmanqızı da həmkarına hərtərəfli dəstək olduğunu deyib: “Mən sosial şəbəkədə həm müğənni kimi, həm də xalqın içindən olan bir şəxs kimi dəstək olmuşam. Fədayə Laçın dinlədiyim 3 müğənnidən biridir. Onun kimi səs hər yüz ildən bir gəlir. Onun sənəti də böyükdür, həm də çox saf insandır. Əgər qanun qarşısında bir günahı olarsa, istərdim ki, fövqəladə bir hal kimi ona güzəşt edilsin. Fədayə Laçınla bağlı hansısa bir addım atılarsa, mən də orda varam”.

Qeyd edək ki, “Qoca”ləqəbli avtoritetin ölümündən və Xalq artisti Brilliant Dadaşovanın müraciətindən sonra bir çoxları Fədayə Laçının cəzasının yüngülləşdiriləcəyinə, tezliklə azadlığa buraxılacağına ümid edir.

Tanınmış sənətçilər Fədayə Laçına azadlıq istədilər

Hüquqşünas Vüqar Babayev məsələyə bu cür şərh bildirdi: “Bildiyiniz kimi ”Qoca" artıq öldürülüb. Lakin bu fakt digər məsuliyyətə cəlb olunmuş şəxslərin cəzalarına təsir etmir. Yəni həmin şəxslərə nə ittiham olunubsa, həmin ittihamlar öz qüvvəsindədir. Bu baxımdan “Qoca”nın öldürülməsi Fədayə Laçının cəzasını yüngülləşdirmir".

Hüquqşünas onu da qeyd etdi ki, müğənni barəsində yayılan müraciətlərin nəticəsi ola bilər: “Bəli, müraciətlər öz nəticəsini verə bilər. Çünki müraciət edən Xalq artistidir, üstəlik kifayət qədər ictimai nüfuzu olan şəxsdir. Bütün bunlar nəzərə alına bilər. Qanunda məhkəməyə qədər şəxsin barəsində seçilən həbs qətimkan tədbirinin zaminə buraxılma qərarı ilə dəyişdirilməsi mümkündür Bu, prokurorluğun təqdimatı və məhkəmənin qərarı ilə mümkündür. Yəni qanunvericilik bu qərarı tanıyır. Lakin onun zaminə buraxılması o demək deyil ki, cinayətdən azad olunur. Sadəcə şəxs ev dustaqlığına buraxılır və ya zamində azadlıqda olur”.

Xatırladaq ki, müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) həbs olunub. O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.
Geri qayıt