DataLife Engine > Şou > Həbsxanada yatan, narkotik çəkən MƏŞHURLARIMIZ -

Həbsxanada yatan, narkotik çəkən MƏŞHURLARIMIZ -


20-07-2014, 22:48. Yerləşdirdi: Tural Həbsxanada yatan, narkotik çəkən MƏŞHURLARIMIZ -
Həbsdə yatan tanınmış sənət adamları və onların ailə üzvləri

Bir neçə gün əvvəl tanınmış meyxanaçı Bayram Kürdəxanlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edildi. Sabunçu rayon Məhkəməsi istintaq müddəti üçün onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və meyxanaçı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Meyxanaçının barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.

Bu xəbər oxucuları o qədər də təəccübləndirmədi. Şou-biznes nümayəndələrinin bir çoxlarının, eləcə də meyxanaçıların adı bu kimi hadisələrdə tez-tez hallanır. Bir çox hallarda isə məşhurlarımızın ailə üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur. Lent.az son illərdə adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurları təqdim edir.

Siyahımızın ilk sırasında dünyasını dəyişmiş reper Hüseyn Dərya yer alır. Heç kimə sirr deyil ki, o, dəfələrlə narkotik istifadə etdiyinə görə, həbs həyatı yaşayıb. Sonuncu dəfə həbsdən azadlığa çıxan reper mətbuata açıqlamasında narkotikə “yox” dediyini, “tövbə” etdiyini deyib.

Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması idi. “Mercedes”lə yol hərəkəti qaydalarını pozan T.Rəhmanoğlu daha sonra barəsində inzibati tədbir görülməsi üçün polis bölməsinə aparılıb. Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilib On gün həbs yatan ifaçı azadlığa çıxandan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəməyib.

Bir zamanlar populyarlığı göz qamaşdıran Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. Lakin V.Əliyev himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, çox keçmədən sərbəst buraxılıb.

Azərbaycanl ilk dəfə “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib. S.Cavadzadə də dəmir barmaqlıqlar arasında çox qalmasa da, cinayətin onun tərəfindən törədilməsi istintaqla sübuta yetirilib.

Reper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Rejissorlardan Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmadığı göstərilib.

Aqil.M.Quliyevin kolleqası, Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində istintaq müddətiüçün 2 ay həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilir.

“Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovanın adı da cinayət əməlində hallanıb. Məlumatlara görə, ifaçının keçmiş qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və bu yolla dələduzluq edib.

Azərbaycanda şou-biznes nümayəndələri kimi onların doğmaları da zaman-zaman cinayət əməllərinə bulaşıblar.

Buna misal olaraq həbsxanada özünü asan müğənni Mətanət Əsədovanın 35 yaşlı bacısı Nurlanə Əsədovanı göstərmək olar. 43 yaşlı həyat yoldaşı ilə quldurluq etdiyinə görə tutulan Nurlana həbsxana həyatına dözməyərək özünü asıb. Bu hadisə keçən il oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanıdakı istintaq təcridxanasında baş verib.

Xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımov 2013-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə 10 il həbs cəzasına məhkum edilib. K.Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.

Müğənni Rəqsanə İsmayılovanın qohumlarından cinayət işində adı hallananlar yetəri qədərdir. Belə ki, müğənnin bacısı Ellada İsmayılova 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb olunub. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunub. Hazırda azadlıqda olan Rəqsanənin bacısı xaricidə yaşayır. Lakin onun övladları da anasından geri qalmayıblar. Belə ki, E.İsmayılovanın oğlanları Turan və Tural Səfərovlar ötən ay Bakının Nərimanov rayonu ərazisində baş verən silahlı insidentə görə həbs olunublar.

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli isə hazırda həbsdədir. O, 2 dəfə azadlıqdan məhrum edilib. Arazın ilk həbsi 1998-ci ildə qeydə alınıb. O, həmin vaxt qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib. Daha sonra azadlığa çıxan A.Kəsəmənli yenidən həbsxanaya qayıtmalı olub. Bu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan şairin oğluna 8 il 4 ay həbs cəzası verilib.

Əməkdar artist Firuzə İbadovanın bacısı, aktrisa Rəhilə İbadova da həbsxana həyatı yaşayıb. Belə ki, aktrisa 2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib və 20013-ci ilin dekabrın 11-də azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov isə soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi oxunub. O, 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. Hazırda azadlıqdadır. E.Rəhmanov 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub.

Tanınmış aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev illər öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası alıb. Lakin sənətkarın oğlu F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün 17.01.2012 tarixində dünyasını dəyişib.

Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N.Paşayeva 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə həbs olunub. 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum edilən N.Paşayeva bir neçə gün əvvəl qaraciyər serozundan dünyasını dəyişib.

Tanınmış aktrisa, xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. O, Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pulu əldə edərək, hadisə yerindən uzaqlaşmışdı.

Geri qayıt