DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > “Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə

“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə


2-11-2016, 23:26. Yerləşdirdi: sefa “Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə

XalqInfo.az məşhur aparıcı Hüsniyə Məhərrəmovanın "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

- İlk dəfədir sizi aqressiv gördük. Səbəb?

- Ura! Heç olmasa bir nəfər mənə dedi ki, çox aqressivəm (gülür). Adətən, hamı mənim pozitiv olduğumu deyir. Həftənin birinci günüdür. Saat 13.00-dur. Həftənin ilk günü adam necə olmalıdır? Gözəl keçirilən həftəsonundan sonra insan pozitiv yox, əsəbi olur. Həftənin sonlarına yaxınlaşanda isə əsəb keçir, soyuyur. 5-ci, 6-cı günlər əhval-ruhiyyə əla olur, bazar günləri isə günortadan sonra yenədə korlanmağa başlayır. Birinci günün yarısı da bax belə oluram.

“Hər dəfə pozitiv olan şəxsin ruhi problemləri var”

- Sizə deyəsən pozitiv olmağınız barədə çox suallar verirlər...

- Bəli. Əslində, həyatda doğrudan da pozitivəm, optimistəm. Amma düşünürəm ki, hər dəfə pozitiv olan şəxsin ruhi problemləri var. Mən həmişə pozitiv ola bilmərəm. İnsanlarda belə bir təəssürat yaradıramsa, bu, çox yaxşı bir haldır. Amma mənim də əsəbi və gərgin günlərim olur. Belə...

- Sizin əhval-ruhiyyənizi nə və kimlər korlaya bilər?

- Mən ac olanda əhval-ruhiyyəm korlanır. Bunu bilən insanlar mənimlə yemək yeyənə qədər danışmırlar.

- İndi ac deyilsiz ki?

- (Gülür). Bir az acam.

“Emosional insan olduğumdan reaksiyalarımı gizlədə bilmirəm”

- Gələk “5-ci element” barədə suallara... Mənə elə gəlir ki, birinci sezon veriliş daha maraqlı idi... Sizcə, necə?

- İkinci mövsüm yeni başlayıb. Siz tamaşaçı kimi bunu kənardan daha yaxşı görə bilərsiz. Amma mənə elə gəlir veriliş elə birinci mövsümdə olduğu kimidir. Bu gün də, elə sizinlə görüşdən çıxıb verilişin çəkilişinə gedəcəm. Bugünkü qonağımız mənim üçün maraqlıdır. Belə olanda çox sevinirəm. Çünki qonaq mənə maraqlı olduğu halda verilişdən zövq alıram. Hərdən olur ki, qonaq və yaxud mövzu mənə yaxın deyil, o zaman mən verilişdə passiv oluram və görünə bilər ki, veriliş mənim üçün darıxdırıcı keçir.

Emosional insan olduğumdan reaksiyalarımı gizlədə bilmirəm. Bəlkə də, bu cür olmağımı qeyri-peşəkarlıq hesab etmək olar. Amma özümü dəyişə bilmirəm. Həm də verilişdə hərəmizin bir obrazi var, mənə də külək ünsürü olduğumdan, bir qədər havalı, hirsli, hər şeydən narazı bir aparıcı obrazı düşüb. Çalışıram mənə həvalə olunan bu obraza uyğun olum.

“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə













- Aygün Kazımova müsahibəsində sizi ittiham edib. Deyib ki, etiraflara açıq bir müğənnidən istədikləri heç nəyi ala bilmədilər...

- Vallah, mən heç nə istəmirdim (gülür). Mən istəyəndə çox yaxşı alıram. Bu mövzu uzun məsələdir, veriliş barədə çox danışa bilərik. Mənim üçün Aygün Kazımovanın qonaq olduğu veriliş normal idi.

“Babamgilin evində muğam ustaları gəlib çıxış edirdilər”

- Siz elə Musiqi Akademiyasını bitirmisiz. Maraq dairənizdə isə xarici musiqilər üstünlük təşkil edir...

- Musiqi ən sevdiyim mövzudur. Musiqi haqda saatlarla danışa bilərəm. Mən psixoloq deyiləm, amma bir insan mənə hansı musiqini dinlədiyini söyləyəndə özüm üçün onun psixoloji portretini artıq yaradıram. Özüm müxtəlif yaş dövrümdə müxtəlif musiqi cərəyanlarına qulaq asmışam. Bir zamanlar rok musiqisinin pərəstişkarı idim. İndi də çox sevirəm, amma yeniyetmə vaxtımda olduğu kimi Sepultura, Megadeth, Dream Theatre kimi “heavy” metal qruplarını (ağır rock) artıq dinləmirəm. Ümumiyyətlə, musiqidən bir qədər yorulmuşam. Əvvəllər albomlar alırdım, yükləyirdim, dinləyirdim. Heç bir yeniliyi buraxmırdım.

Saatın fərqinə varmadan “Grammy Award”, “MTV Award”, “BRİT Awards” və s. kimi bütün dünyada baş verən musiqi hadisələrini maraqla izləyirdim. İndi isə yatıram (gülür). Yəqin, qocalmışam. Amma bu o demek deyil ki, dünya musiqi industriyasında baş verənlərdən bixəbərəm. Yeni ifaçılar, dəbdə olan elektron musiqi və hətta Castin Biberi də indi dinləyirəm. Mənə nə vaxtsa Castinin mahnılarına qulaq asdığımı desəydilər həmin adamla ən azından çox ciddi mübahisəm olardı.

Bir məsələyə də toxunmaq istəyirəm. Məni adətən Qərbə meyilli bir xanım kimi tanıyırlar. Və bu belədir. Amma söyləmək istəyirəm ki, qərb musiqisini yaxşı bilməyimlə yanaşı, milli musiqini də kifayət qədər yaxşı bilirəm və sevirəm. Ailəmdə xalq musiqilərinə önəm verən şəxslər var. Babamgilin evində ölkənin ən yaxşı muğam ustaları gəlib çıxış edirdilər, musiqiçilər toplanırdı, muğam səslənirdi.

Belə bir ailədə böyümüşəm. Bir şeyi də deyim sizə, mən meyxananı çox sevirəm. Meyxanaçı Bayram Kürdəxanlının bir çox meyxanasını əzbər bilirəm. Eşidəndən sonra ki, Vaqif Mustafazadə də əsərlərini yazmamışdan öncə meyxanaya qulaq asıb ilham alırdı, bu musiqi janrına sevgim daha da artdı.

“Hər şeyə “hə” deyənlərdən deyiləm”

- Həyatda nəyə etiraz edirsiz?

- Konkret nəyəsə etirazım yoxdur. Amma hər şeyə “hə” deyən, uyğunlaşan insan deyiləm. Qatığı qara görürəmsə, mənə heç kəs onun ağ olduğunu sübut edə bilməz. Çünki, səhər qalxıb bunu qara görmüşəm. Belə bir deyim var ki, işdə uğur qazanmaq istəyirsənsə, rəhbərliyin hər dediyinə “ok” deməyi bacarmalısan. Ancaq mən hər şeyə “ok” deyənlərdən deyiləm. Peşəkarlıq baxımından özümə kifayət qədər əmin bir insanam. İşimdə hər zaman keyfiyyətə üstünlük verirəm. Qeyri-pəşəkar biri kimi “Hə” deyib işimi kölgəyə ata bilmərəm. Bunu da hardasa etiraz saymaq olar. Özümün mövqeyim, düşüncələrim, fikrim var.

Bir misal çəkim. Mən Sovet dövründə təhsil alırdım, 3-cü sinifdə oxuyarkən pionerə qəbul edəndə boynuma qalstuk taxdılar. Səhərisi gün onu çıxartdım və birdə taxmayacağımı söylədim. Hamı kimi olmaq, eyni cür qırmızı qalstukda gəzmək xoşuma gəlmirdi. Müəllimlər buna görə mənim pis şagird olduğumu söyləyib israrla pionerin necə yüksək ideologiya sahibi olduğunu deyərək o qalstuku taxmalı olduğumu vurğulayırdılar. Yenə də taxmadım və məni pionerlikdən çıxartdılar. Hər kəs mənə yuxarıdan aşağı baxib gülürdü ki, onlar kimi deyiləm. Mən isə onlara baxib gülürdüm. Üstundən çox keçmədi ki, Sovet rejimi dağıldı, bütün pionerlər də o rejim kimi puç oldu getdi.

“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə













- Siz “ok” deyənlərdən olmadığınızı bildirirsiz. Bəs bu hal sizə işinizdə və başqa mühitlərdə maneə törətməyib?

- Maneə olanda onu aşıram. Həyatda elə bir maneə ola bilməz ki, insan onu aşa bilməsin. Bəlkə də asan bir şey olsa o mənə maraqlı gəlməz. Amma məndə maneə olduğu halda onu qət etmək kimi paranoik ideya əmələ gəlir.

“O klipə baxıb saçımı keçəl kəsdirdim”

- Maraqlıdır ki, sizə bu cəmiyyətdə qeyri-adi bir xanım kimi baxırlar... Səbəb nədi?

- Mənə həmişə deyirlər ki, nə qəribə xanımsan? Onlara qəribə baxıram ki, axı nəyim qəribədir. Düzdür, nədənsə mənə həmişə ağ qarğa kimi baxıblar. Bu da mənim yəqin ki, həyatda introvert, insanlarla kontakta çətin girə bilən insan olduğumdan irəli gəlir. Hətta bəzi insanlar mənim saçımın qısa olduğu üçün də qeyri-adi sayır. “Gözəl xanımın saçı uzun olmalıdır” kimi stereotiplərlə yaşayan insanlar üçün yəqin bu belədir. Amma ətrafdakıların fikri məni həmişə çox az maraqlandırdığı üçün bunlara fikir verməmişəm.

90-cı illərdə bir ifaçı var idi, Sinead O’Connor, onun məhşur bir video kilipi var idi- “Nothing compares to you”. Və 1999-cu ildə Universitetə qəbul olanda saçımı onun kimi kəsdirdim, demək olar keçəl. İnsanların reaksiyası, baxışları hələ də yadımdadır. Elə o vaxtdan diqqət mərkəzində olmaq xoşuma gəldi(gülür). Xanımlığın saçın uzunluğuna heç bir aidiyyatı yoxdur! Bunu elə mən nümunə olaraq nümayiş etdirirəm.

“Mənim üçün azadlıq qorxaq və yaltaq olmamaqdır”

- Sizin fikrizincə, azad qadın necə olmalıdır? Bir çoxları azadlığı açıq geyinməkdə görür.

- Azadlıq fəlsəfi bir anlamdı. Bunu bir neçə cümlə ilə izah etmək mümkün deyil. Mənə görə “Azadlıq” daxili bir şeydir. Açıq- saçıq geyinmək isə bir formadı. Kim isə bunu azadlığın bir forması saya bilər, amma mən yox. Bəlkə ötən əsrin əvvəllərində açıq geyinərək azadlığı belə bir etiraz formasında keçərli etmək olardı, necə ki, Natavan çadrasını açmışdır. Amma indi bununla heç təəcübləndirmək də olmur, qalmışdır ki, azad olmaq. Hər şey belə asan olsaydı nə var idi ki... Azadlıq insanın içində olmalıdır. Mənim üçün azadlıq, azad müstəqil fikirli olmaqdır, sözünü deyə bilməyi bacarmaqdır, qorxaq və yaltaq olmamaqdır. Mən özümü azad hiss edirəm. Buna görə valideynlərimə borcluyam.

Valideynlərim bizi bir şəxsiyyət kimi böyüdüblər. Uşaqlıqdan bizim fikrimizin önəmli olduğunu söyləyib ona hörmətlə yanaşıblar. Qardaşım tamam fərqli biridir, ailədə hamımız fərqliyik, hər birimizin öz fikri var, hansı ki, hərdən üst-üstə gəlmir, amma hər birimiz ona hörmətlə yanaşırıq. Gələcəyə yol seçməkdə də valideynlərimiz bizə azadlıq veriblər, bəli, yönəldiblər amma seçimə müdaxilə etməyiblər. Buna görə mən indi anamın, atamın sürəti, bir nüsxəsi deyil, ayrı bir şəxsiyyətəm, fərdəm. Öz fikrim, öz dünya görüşüm, öz həyat tərzim var. Buna görə özümü çox xoşbəxt insan sayıram və valideynlərimə ömür boyu minnətdar olacam!

“Dünyanın ən axmaq adamları özünü ağıllı göstərənlərdir”

- Ətrafınızdakı insanları öz yaşam tərzinizə uyğunlaşdırmağa çalışırsız ?

- Əlbəttə ki, yox. Mənim axı nə böyük yaşam tərzim var ki, ona uyğun insan seçim. Və yaxud da kimsə mənə uyğunlaşsa, mən axı ona heç hörmət etmərəm. Hər kəs elə özü olduğuna görə maraqlıdır. Kimisə nəyəsə oxşatmağa, uyğunlaşdırmağa çalışan insan gərək özü çox böyük bir şəxsiyyət olsun. Mən isə Konfutsi, Mahatma Qandi deyiləm. Ümumiyyətlə, özümü heç zaman nümunəvi insan hesab etməmişəm. Mənə elə gəlir ki, dünyanın ən axmaq adamları özünü ağıllı göstərənlərdir. Ağıllı adam özünü ağıllı hesab etmir, başqasına da ağıl verməyəcək. Başqaları ağıllı şəxsə baxıb nəticə çıxara bilər. Bu səbəbdən heç kəsi öz xarakterimə uğunlaşdırmıram, onlara ağıl vermirəm.

“Nə olsun ki, qulaqlarım fərqlidir, amma təbiiyəm”

- Hamı sizi kompleksiz bir aparıcı kimi tanıyır. Mənə elə gəlir ki, sizin kompleksləriniz var...

- Oooooo... Mənim o qədər kompleksim var ki... Əvvəllər daha çox idi. Məsələn, qulağımın biri başqa, digəri isə bir başqa quruluşdadır. Məktəbdə oxuyanda bunu özümə dərd edirdim, indi isə xoşuma gəlir, nağıllarda olan elflərə oxşayıram (gülür). Zaman keçdikcə bu kompleksimi aradan qaldırdım.

Bir sualın cavabını qoyub, digərinə keçirəm. Amma danışacam (gülür). Azərbaycanda belə bir tendensiya var. Hamı burnunu kəsdirir, defektlərini düzəltdirib ideal olurlar. Avropada isə hazırda tamam başqa bir dəb var. İndi orada qalın qaşlar dəbdədir, yekə qulaqlar, maraqlı burun formaları... Bir sözlə təbiilik. Bütün bunları görəndən sora özümü daha çox sevməyə başlamışam. Nə olsun ki, qulaqlarım fərqlidir, burnum findıq boyda deyil, dişlərim aralıdır və s. amma təbiiyəm. Dəbdə də indi budur. Əvvəl boyuma görə də kompleksim var idi. İndi amma deyirəm ki, nə yaxşı ki, balaca boyluyam. Hər yerə yerləşirəm, rahat keçə bilirəm (gülür).

- Sizin işləriniz çox olur. Efir, müxtəlif layihələr və s. Övladlarınıza vaxt ayıra bilirsiz? İşdən sonra vaxtınızı necə dəyərləndirirsiz?

- Mənim evdə iki dinozavrım var – Tironozavr və Pterodaktil. Bütün boş vaxtımı onlarla keçirirəm. Mənə onlarla çox maraqlıdır. Özümü onların dostu hesab edirəm. Həmyaşıd kimi oynayırıq, əylənirik. Evi də bir yerdə dağıdırıq (gülür). Yaxşı musiqi zövqləri var. Bir yerdə musiqiyə qulaq asıb dadlı yemək yeməyi çox sevirik.

“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə













- Şəxsi həyatınız barədə niyə danışmağı sevmirsiz?

- Düzdür, şəxsi həyatım barədə danışmağı sevmirəm, ancaq qapalı da saxlamıram. Şəxsi həyat bir evdir, karvansaray deyil ki, qapısı hamıya açıq ola. İnsanlara hesabat verməli deyiləm ki? Ağzımızda şəxsi həyat deyirik. Bilən bilir, bilmiyən bilmir, bilmiyənə də durub deməli deyiləm. Aparıcılar var ki, xoşları gəlir, uşaqları ilə foto paylaşır. Mən başqa insanam. İnstaqram mənim şəxsi səhifəmdir, öz fotomu paylaşıram. Uşaqlarım böyüyər öz fotolarını özləri paylaşar. Kimə nə sübut etməliyəm? Mən bu cür suallara cavab verə bilmirəm. Əziyyət çəkirəm, bilmirəm nə deyim. Bir-iki şeyin şahidi olmuşam, insanların nələri yoxdursa, ondan danışırlar. Hərə bir cürdür, nəyisə nümayiş etdirmək fikrim yoxdur.

“Dedi ki, 5 min manatlıq uduş var, sən oxu...”

- “Sing your song” müsabiqəsinin üçüncüsü olmusuz. Bəs niyə müğənni kimi fəaliyyət göstərmədiz?

- Balaca vaxtı musiqi, karate, üzgüçülük kimi sahələrlə məşğul idim. Musiqi məktəbində oxuyanda xor dərsi var idi, orada səsimi eşitmişdilər. Demişdilər ki, qeyri-adi səsi var, Bakı Musiqi Akademiyasına müəllimin yanına apardılar, o da məni dinlədikdən sonra dedi ki, mütləq konservatoriyaya daxil olmalıyam. Başımı bişirdilər. Halbuki şərqşunaslıq, tarix, diplomatiya üzrə təhsil almaq istəyirdim. Səsimin dəyişən dövrünə düşdüyü üçün Baki Musiqi Akademiyasının hazırlığına daxil oldum, orada oxuya-oxuya vaxtımı itirməmək üçün daxil oldum Mədəniyyət və İncəsənət Universitetinə aktyorluq fakultəsinə... Adama deyərlər niyə?

Heç vaxt aktrisa olmaq istəməmişəm. Universiteti bitirdim, opera müğənnisi kimi təhsilimi artıq Akademiyada davam elədim. Təhsil ala-ala bir tanışım mənə dedi ki, Bakıda yeni yarışma başlayır. Gəl qoşulaq. Dedi ki, 5 min manatlıq uduş var, mən mahnı yazım, sən oxu, qalib olarıq, pulu da bölərik. Mən də o vaxtlar çox utancaq idim. Getdim, məni götürmədilər. Gələn il layihə ikinci dəfə keçirilirdi, tanışım yenə məni dilə gətirdi. Düşündüm ki, birinci dəfə alınmayıbsa, yenə alınmaz. Eyni mahnını oxudum, bu dəfə götürdülər. Çox bəyəndilər. Sonda bir neçə favorit oldu. Onlardan biri də mən idim.

- 35 yaşlı Hüsniyə əvvəlki Hüsniyədən çox fərqlənir?

- Xəstə insan deyiləm ki, 13 yaşlı Hüsniyə kimi omrümün sonuna qədər qalım, heç dəyişməyim. Mənim özümə güvənim az olub, həddindən artıq təvazökar olmuşam. Özümü heç vaxt bəyənməmişəm. Amma vaxt keçdikcə, oxuduqca, öyrəndikcə, öz gücümə bir çox şeylərə nail olduqca özümə daha güvənən olmuşam. Ətrafımda olan insanlara baxıb özümdə hətta yaxşı keyfiyyətlər tapmışam. Bəzi keyfiyyətlərimə görə fəxr də edirəm. Müəyyən həyat prinsiplərim var. Baxmayaraq ki, dəyişirəm, böyüyürəm.

Həyat prinsiplərim isə dəyişməyib, 10 il, 15 il öncə necədirsə, elə də davam edir. Bu prinsiplərdən biri də insanlara olan munasibətimdir. Pulundan, vəzifəsindən, statusundan asılı olmayaraq hər kəsə eyni cür münasibət göstərməkdi. Çalışıram və ümüd edirəm ki, bu prinsipim heç vaxt dəyişməyəcək, elə 13 yaşında olan Hüsniyə də qalacam.

“Kişilərlə dostluq etmək, onlarla işləmək daha rahatdı”

- Xüsusi prinsiplərinizin olduğunu qeyd edirsiz. Ətrafınıza insanları cəlb edəndə həmin prinsiplər işə düşür?

- Mən dostları seçmirəm. Həyatımıza çox insanlar gəlir, gedir. Sadəcə olaraq sonunda insanın yanında ən yaxınları qalır. Elələri də var ki, gəlib gedirlər. Bu da normal bir şeydir. Mən xüsusi olaraq insanları seçmirəm. Həyat özü ələkdən keçirir. Mənim çox az dostum var. Dost çox ola bilməz. Yanımda olan dostlarım hədsiz dərəcədə yaxşı, savadlı, müasir, düzgün insanlardır. Bütün dostlarım oğlandır. Mənim elə uşaq vaxtından ətrafımda qız olmayıb, məhləmizdə də yox idi, bağçada da oğlanlar çox idi, daha sonra ibtidai sinifdə də... İndi mənim yanımda həmişə güclü cinsin nümayəndələri var. Mənə kişilərlə dostluq etmək, onlarla işləmək daha rahatdı.

“Qadağalar, çərçivələr olan yerdə işləyə bilmərəm”

- Mənə maraqlıdır ki, siz hansısa vəzifəyə gələndə “dress kod”a əməl edə biləcəksiz?

- Mən “dress kod”a əməl edən olsaydım, yəqin ki, çoxdan vəzifədə olardım (gülür). Əslində, bu vaxta qədər “dress kod” olan yerlərdən iş təklifi almışam. Amma qəbul etməmişəm və yaxud alınmayıb. Səbəb isə “dress kod”, yəni geyim yox, digər kodların da olmasıdır. Qadağalar, məhdudiyyətlər, çərçivələr olan yerdə işləyə bilmərəm. Azadlıq mənə bu sahədə də çox lazımdır. Axı biz xoşbəxt olmaq üçün yaşayırıq. Bir iş ki, mənə zövq verməyəcək, ondan əziyyət çəkəcəm, həyatımın müəyyən hissəsini mənə uyğun olmayan yerdə keçirəcəmsə nə edirəm mən o işi, pulu, vəzifəni?!

Mənim üçün hər bir xırda detal da vacibdir. Misal üçün iş qrafiki. Mən yaradıcı insanam, kreativ işlə məşğul olan bir insanam. Necə səhər 9-da işə gələ bilərəm? Zavod işçisi deyiləm ki... Ümumiyyətlə, bunu düzgün hesab etmirəm. Xaricdə çoxdan iş qrafiki başqa cür tənzimlənir. Orda işçiyə iş verilir və vaxt qoyulur. İşçi də onu həmin vaxta təhvil verir. Vəssalam. Əsas onun vaxtında və keyfiyyətli olmasıdır. Amma bizdə Sovet rejimindən qalma strukturlar çoxdur. Hamı gəlir saat 9-dan 6-ya qədər boş-boş oturub vaxtı öldürüb nə vaxt evə gedəcəyini düşünür. İşin keyfiyətindən isə heç danışmıram. Mən buna “yox” deyirəm! (gülür)

- Sizi “Qaraj” verilişindən tanıyırıq. Maraqlı layihə idi...

- Verilişin maraqlı olmağının bir xüsusiyyəti var idi ki, bizə azadlıq verilmişdi. O zaman İctimai televiziyanın rəhbəri bizə heç bir məhdudiyyət qoymamışdı, bizə zövqümüzə, dünya görüşümüzə uyğun olan veriliş eləmək imkanı yaratmışdır. Ona görə də uğurlu alınmışdır.

“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə













“Aparıcılıq mənim üçün ikinci plana keçib”

- İTV-dən çıxdıqdan sonra sizə başqa kanallardan təklif gəldi? Elə həmkarlarınız var ki, hələ də işsizdirlər.

- Mən axırıncı dəfə 2012-ci ildə efirə çıxmışdım, “Eurovision” milli seçim turlarının aparıcısı idim. Ondan sonra heç bir veriliş aparmadım. Sadəcə olaraq “Eurovision” nümayəndə heyətində rəhbər işləyirdim. Departamentdə isə rəhbər müavini idim, daha sonra “Böyük səhnə” yarışmasının aparıcısı oldum. “5-ci element”ə kimi bir neçə il ərzində heç bir veriliş aparmadım, ancaq unudulmadım. 3 il ümumiyyətlə efirdə olmadım. Mən kanaldan çıxan kimi iki təklif aldım, əməkdaşlıq etdim. Amma bu televiziya deyildi. Ümumiyyətlə, aparıcılıq artıq mənim üçün ikinci plana keçib, hobbim olub. Mənə digər işlər aparıcılıqdan daha maraqlı gəlir.

- Elə bil ki, adınızın yanına “Eurovision” ləqəbi əlavə olundu. Sizi “Eurovision Hüsniyə” kimi təqdim edirlər...

- Deməyin... Hərdən bu məni əsəbiləşdirir. Axı mən “Eurovision”dan başqa bir çox layihələrdə də çalışmışam və çalışıram. Amma insanların məni belə tanıması, təqdim etməsi normaldır. “Eurovision” mənə çox şey qazandırdı. İndi bacardığım bir çox şeyləri oradan öyrəndim. Nümayəndə heyətinin rəhbəri olduğdan sonra beynəlxalq komanda ilə çalışmağa başladım. Onlar mənə çox şey öyrətdilər. Onlardan qazandığım təcrübəni indi başqa işlərdə tətbiq edirəm. “Eurovision” bir layihədir ki, məni təcrübəmə görə, işi bildiyimə görə dəvət edirlər. Amma o mənim əsas işim və çalışdığım yeganə layihə deyil. Mən bir neçə ildir ölkəmizdə xarıcı şirkətin Azərbaycan nümayəndəliyin rəhbəri oldum.

Orada çalışdığım vaxt ərzində çox maraqlı layihələrdə işlədim. Ondan əlavə, dünyanın 3 ən nəhəng reklam şirkətilərindən biri olan “Oqilvy” ilə olan iş birliyim idi ki, ordan aldığım təcrübə mənim üçün qiymətsizdir. Onlarla bu gün də marağlı bir layihə üzərində çalışıram. Aparıcılığa gəldikdə isə, Murad Dadaşovla Birinci Avropa Oyunlarının açılış-bağlanış mərasimlərinin aparıcısı oldum. Bu layihədən sonra aparıcılığa həvəsim biraz öldü. 60-80 min insanın olduğu möhtəşəm bir atmosfera, orada olan enerjini heç yerdə ala bilməzsən. Mən böyük səhnədə aparıcılıq edəndə zövq alıram. Digərləri isə mənim üçün çox vaxt artıq kommersiya xarakteri daşıyır.

“Deyirlər ki, ölkəsini qoyub getdi, guya, orada nə edəcək?”

- Həmkarlarınızın əksəriyyəti ölkədən getdi. Sizin belə bir niyyətiniz yoxdur?

- Deməli, mənə xaricdən iki iş təklifi olunub. Bu iki təklifdən birini qəbul edəcəyim halda mən ya fransız, ya da ərəb dilini öyrənəcəm. Amma hələ qərar verməmişəm. Qərar qəbul etsəm işləməyə gedəcəm. Uzunmüddətli müqavilə olsa, ailəmlə birgə gedəcəm. Gedənlərə də çox yaxşı baxıram. Deyirlər ki, ölkəsini qoyub getdi, guya orada nə edəcək? Harda yaxşıdırsa, orada da yaşamalıdır. Nə qədər çox azərbaycanlılar xaricdə uğur qazansa, bizim üçün yaxşıdır.

Bir yerə, bir şeyə yapışan insanları başa düşmürəm. Digər tərəfdən mən başa düşürəm, illərlə öyrəşdiyin hər bir şeydən ayrılıb bilinməyən gələcəyə addım atmaq qorxulu görsənə bilər. Axı bu əladı. Təsəvvür edin nə qədər yeniliklər sizi gözləyə bilər. Nə qədər perspektivlər açıla bilər. Yeni həyat başlaya bilər. Axı bundan yaxşı nə ola bilər?!

- Maşınınızda bita gəzdirirsiz...

- Bita – bir neçə idman oyunları növlərində topu vurmağ üçün nəzərdə tutulmuş bir alətdir. Uşağlıqda dalaşqan olmuşam. Amerika filmlərində bitayla dalaşan epizodlardan xoşum gəlirdi. Demişdim ki, böyüyəndə avtomobilimdə mütləq bita gəzdirəcəm. Dostlarım bunu bilirdi, ona görə ad günümə mənə belə gözəl bir hədiyyə bağışladılar. Dostlarımda gördüyünüz kimi ağıldan mənə oxşayıblar (gülür).


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə
“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə
“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə
“Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm...” - Hüsniyə
Geri qayıt