» » “ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu

“ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu

Son günlər medianın müzakirə etdiyi mövzulardan biri də əməkdar artist Röya Ayxanın mediaya qarşı birmənalı olmayan münasibətidir. “Maqazin Klubu” olaraq mövzu ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istədik. Həmişəki kimi, mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan bir araya gəldik.

Pərviz:

- Birinci aydınlıq gətiriləsi məsələ budur ki, çoxları elə düşünür ki, jurnalistlər konsert keçirilən məkana buraxılmadıqları, qapıda qaldıqları üçün Röyanı tənqid ediblər. Amma Röyanın xoşuna gəlməyən açıqlama konsertdən saatlar öncə musavat.com saytında yayımlanmışdı. Elvin Röya Ayxanın jurnalistlərə qoyduğu qadağanı şərh edərkən “Röyanın mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq” demişdi. Bu açıqlama isə Röyanın xoşuna gəlməmişdi...

Elvin:

- Konsertdən əvvəl Röyanın köməkçisi Vüsal demişdi ki, sadəcə bir neçə sayta dəvətnamə göndərilib, yalnız onlar gələ bilərlər.

Pərviz:

- Röyanın iddia etdiyi kimi “akkreditasiya təklifi”, “gəlin, konsertə baxın, dincəlin” söhbəti yox idi ki? Bildiyim qədər heç kimə belə bir təklif gəlməyib.

“Röyanı ağıllı və fərqli müğənni hesab edirdik”

Elvin:

- Yox, belə bir məsələ olmamışdı. Biz də bunu əvvəlcədən bilərək heç Heydər Əliyev Sarayına getməmişik. Açıqlama da konsertdən əvvəl olub. Təəsüflənirəm ki, adi tənqidi və subyektiv fikri ifadə etməyimiz “vurmaq” kimi qələmə verildi. Biz digərlərinə nisbətən Röyanı ağıllı və fərqli müğənni hesab edirdik. Ancaq onun İnstaqramda mənə gülməli cavab verməsi hər kəsi təəcübləndirdi. Mən sorğuda cavabımda biletlərin satılmadığını iddia etməmişdim.

Demişdim ki, Röyanın ilk günlər biletləri satılmırdı, daha sonra söz gəlişi qeyd etmişəm ki, “bir kanala 100 dəfə çıxdı”. Bunu ciddi qəbul edib “100 yox, 4 veriliş” cavabını verib. Qadın sənətçidir, onunla söz davasına da çıxmaq fikrim yoxdur. Nə də onun paylaşdığı mənimlə bağlı 3 posta cavab belə vermədim. Özünü Merlin Monro kimi azad qadın hesab edən sənətçi elə dediklərinin üstündə qalardı, postları silməzdi. Bəlkə də, sonradan peşman olub.

Zəhra:

- Röya deyir ki, Heydər Əliyev sarayı jurnalistləri içəri buraxmayıb. Amma biz əvvəldən məkanın mətbuat xidməti ilə əlaqə saxladıq. Bizə dedilər ki, “Bağışlayın, hər bir konsertdə əməkdaşlıq etmişik, amma bu dəfə konsertin təşkilatçıları bizə dedilər ki, heç kimi buraxmırıq. Bu işlə özümüz məşğul oluruq”. Röyanın bəzi qeyri-ciddi fanatları, tərəfində olan uşaqlar elə bilirlər ki, biz Röya ilə bilet davası edirik. Əsla belə deyil. Öz adıma deyirəm ki, Röya heç vaxt mənə konsertinə dəvətnamə göndərməyib.

4 ildir Axşam.az-dayam, ondan əvvəl də 7 il “ATV Maqazin” jurnalında işləmişəm. Röyanın konsertinə nə vaxt getmək istəmişəmsə, rəfiqələrimlə bilet alıb dincəlmək üçün getmişik. Fotoqrafım konsertdə olub. Amma mən öz biletimə getdiyim konsertdən hamıdan da yüksək səviyyədə material hazırlamışam. Bir konsertindən 5 xəbər yazmışam, heç biri də neqativ olmayıb. Müğənnilərin heç birindən də indiyə qədər dəvətnamə gözləməmişəm. Miri Yusifin konsertinə öz təşəbbüsümlə getmişəm.

Eləcə də “Bozbaş Pictures”in üzvləri dostluğum var, amma onlardan da indiyə qədər dəvətnamə görməmişəm. Amma fotoqrafı göndərmişəm, konsertlərini necə lazımdırsa, ətraflı işıqlandırmışam. Yəni Röya düşünməsin ki, dəvətnamə göndərmədiyi üçün onunla ədavət aparılır.

Pərviz:

- Burda bir məsələ var ki, əgər Röyanın konsertinin bilet satışını, dəvətnamələrin paylanılmasını, media ilə əməkdaşlığını PR meneceri, mətbuat xidməti və ya meneceri təşkil edirsə, bu qalmaqallara da o cavab verməli idi. Röyanın çıxıb cavab verməsi qeyri-peşəkarlıq idi. Həm də hadisələrdən görünür ki, onun baş verənlərlə bağlı məlumatı yoxdur. Əgər Röya həqiqətən də Axşam.az, Qafqazinfo.az və digər üzdə olan saytlara şəxsən qadağa qoyubsa, bu, özbaşınalıqdır, hörmətsizlikdir.

“Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər...”

Elvin:

- Röyanın işlərini Vüsal adlı şəxs görür. Onu da mediada çox adam tanımır, əlaqələri yoxdur, aktiv deyil. PR meneceri də yoxdur. Ona görə də belə qalmaqal yarandı. Digər məsələylə bağlı demək istəyirəm ki, Röyanın bəzi məlumatsız fanatları, müğənnilər və prodüserlər deyir ki, “siz Röyanın adı ilə reytinq yığırsınız”. Kiməsə maraqlıdırsa, saytlara sorğu göndərsinlər statistika üçün, araşdırma aparılsın ki, Röyanın yazıları nə qədər oxunur. Media da göstərsin ki, onun haqqında olan xəbərlər 24 saat ərzində 5-6 mindən çox oxunmur.

Pərviz:

- Son bir ildə Röyanın Türkiyə layihəsi oldu, iki klip təqdim etdi, böyük pullar xərclədi, amma heç bir xəbəri böyük oxucu gətirməyib. Amma bu son hadisələr, jurnalistlərlə olan qalmaqalı haqda olan xəbərlər çox sürətlə oxundu. Hətta onlardan biri 100 minə çatır.

Elvin:

- Röyanın yuxarıdan aşağı baxdığı, bəyənmədiyi müğənnilər ondan daha çox oxunur, müzakirə edilir.

“ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu














Zəhra:

- Röya deyir ki, “Adım sizə halal olsun, üzərimdən reytinq yığın”. Bilsin ki, onun yazıları reytinq vermir. Biz onun yazılarını sadəcə gördüyü işlərə hörmət olaraq işıqlandırmışıq.

Pərviz:

- Hər addımını işıqlandırmışıq. Bütün gördüyü işləri pozitiv və reklam formasında təqdim etmişik.

“Türk saytlarında verdiyi müsahibələr biabırçılıqdır”

Zəhra:

- Amma bir müddət əvvəl demişdi ki, “Jurnalist odur ki, gəlib məndən müsahibə alsın, İnstaqramdan götürüb yazmasın”. Əslində isə heç vaxt jurnalistlərə müsahibə verməyi qəbul etməyib, zənglərə cavab verməyib. Son paylaşımında jurnalistləri suallarına görə təhqir etmişdi. Kimə müsahibə verib ki, yerli mediada? Heç kimə... Türkiyə saytlarında verdiyi müsahibələri də oxunaqlı və maraqlı olduğu üçün yox, hörmət əlaməti olaraq tərcümə edib vermişik. Əksinə türk saytlarına verdiyi müsahibələrdə suallar o qədər bəsit və standart idilər ki, tərcümə edəndə suallardan utanırdım. Bizdə ən savadsız jurnalist də ondan yaxşı suallar verərdi.

Pərviz:

- Çünki o müsahibələrin əksəriyyəti sadəcə pullu reklam xarakterli yazılı müsahibələr idi. Röya o müsahibələrdə az qala “Həyata ikinci dəfə gəlsəydiniz...” sualını cavablandırırdı. Amma bizim jurnalistikanı bəyənmir. Birbaşa burdan səslənirəm ki, əgər o qədər cəsarətli, suallardan yayınmayacaq, hər şeyi danışa biləcək qədər gücü varsa, “Maqazin Klubu”nda üç jurnalistlə müsahibə etsin. O zaman görsün ki, əslində müsahibə necə olmalıdır. Amma inandırıcı deyil, çünki o, göründüyü qədər açıqsözlü deyil, sadəcə pafosludur.

“Yeni primadonna”ya yaltaqlanmaq lazım deyil”

Elvin:

- Röya dəfələrlə yerli mediaya yuxarıdan aşağı baxıb. Və bir neçə jurnalist barədə post paylaşaraq onun haqqında kəskin şərh bildirib. Ancaq bu dəfə belə olmadı. Tək mənlə yanaşı bütün yerli medianı hədəf aldı. Sadəcə olaraq tənqid etdim, dedim ki, əvvəlki Röya olmağı bizə kifayətdir. Röya hələ jurnalistin aldığı maaşı məsxərəyə çevirərək mənə cavab kimi yazması təəssüfləndirici, insanlığa yaraşan bir hal deyil. İttiham edən şəxs barədə araşdırma aparmaq lazımdır. İnsan bilməlidir ki, kimi niyə və nə səbəb görə təhdid edir. Hətta, bəzi sənətçilər mənə zəng vuraraq “Sənə lazım idi?”, “Nəyinə lazım” kimi şərhlərini bildirdilər.

Dedilər ki, sənə yazdıqlarına görə pis olduq. İnanın, mən pis olmadım. Sevindim ki, deməli, sözümüz ünvanına çatıb və ona bir qədər də olsa, təsir edə bilmişik. Hətta, gündəmdən yararlanaraq bir neçə şəxs də post paylaşdı, mənə məsləhət verdi. Onlara deyirəm ki, məsləhətlərinizi özünüzə saxlayın. Bağışlayın, amma sizin kimi qorxaq və ikiüzlü ola bilmərəm. Bu sahədə olan ikiüzlülüyü yox etməyə çalışacağıq. Özünü “Yeni Primadonna” hesab edilən sənətçiyə yaltaqlıq sizə heç nə qazandırmayacaq.

“Röya kasıb insanları da lağa qoydu”

Pərviz:

- Röya jurnalistlərin aldığı maaşı lağa qoyursa, o, bununla ölkədə aztəminatlı bütün təbəqələri, təqaüd alanları lağa qoyur. Bununla onu toyuna çağıran, gecə taksidə şəhər küçələrində çörək pulu qazananları, bazarda işləyənləri, hər kəsi məsxərəyə qoyur. Amma onun mahnılarını dinləyən həmin xalqdır. İndi deyə bilər ki, mən belə şey deməmişəm. O zaman yazanda fikir vermək lazımdır. Bu, sadəcə düşüncəsizlikdir, bütün xalqa qarşı hörmətsizlikdir. Bu ölkədə 200 manatla dolanan ailələr var...

Hətta iddia etdiyi kimi o, bizə reytinq qazandırsa belə, biz o reytinqlə əlavə pul qazanmırıq. Amma medianın ona qazandırdığı reytinq sayəsində o, on minlər, yüz minlər qazanıb bu günə kimi. Media təkcə Axşam.az, “Qafqazinfo” deyil, media indiyə qədər efirlərinə çıxdığın telekanallar, ilk müsahibəni verən sayt, ilk mahnını səsləndirən radiodur. “Media olmasaydı, siz müğənnilər olmazdınız” deyəndə bunu nəzərdə tuturuq.

Zəhra:

- Acınacaqlısı odur ki, jurnalistikadan xəbəri olmayanlar jurnalistləri ittiham edir. Qeyri-peşəkar jurnalistlərin olduğunu heç kim danmır. Amma qeyri-peşəkarlar müğənnini tənqid edənlər yox, şəxsi münasibətlərinə görə tərifləyənlərdi. Heç bir jurnalistin borcu müğənniləri tərifləmək deyil. Yaxşı iş görəndə xəbəri işıqlandırılıb, təriflənibsə, hörmətsizlik edəndə də hamı tənqid edir. Peşəkarlıq budur.

Elvin:

- Bizim müğənnilər dırnaq arası şou müxbirlərinin pafoslu yazılarına, təriflərinə alışıb. Onların sayəsində bizim sahəyə qeyri-ciddi yanaşırlar. Onlar 21-ci əsrdə mədhiyyə janrını mətbuata gətirən şəxslərdir. Mətbuat sənətçilər barədə çox məlumatlıdır. Onların həyatına daxil olan şəxslər barədə, gəlirləri barədə faktlar bilirlər. Elə Röya barədə də medianın kulisində çox şeylər danışılır, amma yazılmır. Yazsaq. medianın gündəminin necə olacağı məlum məsələdir. Kiçik bir subyektiv fikir Röya Ayxana nəyi var təsir edibsə, o zaman gör nələr olar.

Xatırlayırsınızsa bir müddət əvvəl də belə bir hadisə baş vermişdi. Röya onu instaqramda tənqid edən şəxsi “söhbətə” çağırmışdı, həmin anı videoya çəkib paylaşmışdı. Ola bilsin ki, bizi də eyni aqibət gözləyirdi. Ancaq indi o vaxt güvəndiyi şəxslər arxasında dayanmayıb. Bəlkə də, ona görə mənə üşənmədən həsr etdiyi o böyüklükdə yazıları elə yerindəcə sildi. Nə əcəb Röya bizi “söhbət”ə çağırmadı?

Pərviz:

- “Maqazin Klubu”nda biz Röyanın adını nə qədər müsbət siyahılarda çəkmişik. Yeri gələndə tənqid də etmişik. Aygün Kazımovanı, Natavan Həbibini, Günay İbrahimlini də tənqid etmişik dəfələrlə, yeri gəlib tərifləmişik. Qərəzli olsaydıq, bu, indiyə qədər hiss olunardı. Amma Röyanın qərəzi hiss olunub.

Elvin:

- Bir dəfə İnstaqramda mediaya təşəkkür etməyib ki, mənim gördüyüm işləri işıqlandırmısınız.

Zəhra:

- Yenə də vurğulayıram ki, onun gördüyü işlər barədə xəbərlər reytinq vermir.

Pərviz:

- Bunu kimsə ona deməli idi. Röya elə bilir ki, ölkədə ən oxunaqlı şəxsdir. Amma əmin olsun ki, ilk onluqda yoxdur.

“ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu














“Hüquq diplomu olan Röya qanundan xəbərsizdi”

Elvin:

- Gülməlidir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olmuş Röya mənim haqqımda yazısında vəkilləri ilə məni təhdid edir. Bu da bəzi şeylərin göstəricisidir. Mənə “Qanunları öyrənin” deyir, amma orada qanun pozuntusu heç bir şey olmaya-olmaya, Röya cavabında qanunu pozur. Gülünc mənzərədir...

Zəhra:

- Röyanın prodüseri Kənan “Report”a açıqlamasında deyib ki, “Keçən il jurnalistlər gəlib camaatın yerinə oturub”. Əvvəla, bu, onların qeyri-peşəkarlığıdır. Hər bir konsert verən müğənni müəyyən yerlərin biletini satışa çıxarmır, onu jurnalistlər üçün saxlayır. Amma onlar bütün biletləri satıbsa, o zaman jurnalistlər harada oturmalı idilər? Sonra açıqlama verirlər ki, “Biz jurnalistlərə təklif etdik ki, akkreditasiyadan keçsinlər, onlar özlərinə sığışdırmayıblar”. Bu, ya Röyanın vəziyyətdən çıxması üçün dediyi sözlərdir, ya da komandası ona belə yalan məlumat verib, onu aldadırlar. Röya bunu araşdırsın, komandası ilə problemini mediaya sızdırmasın.

Pərviz:

- Son bir il Röyanın mediadan uzaqlaşmasında birinci günahkar ətrafıdır. Onlar olduqları bütün yerlərdə bütün jurnalistlərə qadağa qoyublar. Biz nəinki Röyanın özü, heç prodüseri ilə əlaqə saxlaya bilmirik.

Zəhra:

- Röyanın prodüseri Kənan özündən daha çox əlçatmaz olub. Bizim Röya ilə heç bir problemimiz yoxdur. Amma prodüseri Kənan Bayramov bizimlə qərəzi var. Bilmədiyimiz səbəblərdən bizimlə düşmənçilik aparır. Məsələn, Röya fotoları yalnız özünün fotoqrafı vasitəsi ilə yaymaq istəyirsə, deyə bilərdi ki, “Jurnalistlər gəlin, oturun, hamınıza material və ya fotolar göndəriləcək”. Bu da tam peşəkarlıq deyil, amma bizim media buna göz yumur. Bir neçə dəfə də razılaşdırılıb elə.

Amma bunu da etmədilər. Bu yay Aygün Kazımova belə bir şey etmişdi, mediadan konsertə gəlməyi, ancaq fotoları özlərinin verəcəklərini demişdilər. Bu məsələ elə qabardıldı ki, az qaldı Aygün Kazımova xalq düşməni elan olunsun. Amma yenə də xoşluqla həll olundu.

“Belə çıxır ki, Röya instaqram müğənnisidir”

Pərviz:

- Ölkəmizdə “Eurovision”, Avropa Oyunları, “Formula 1” kimi mötəbər yarışlar keçirilib və o boyda təşkilatçılar jurnalistlərə akkreditasiya üçün təklif göndəriblər. Bunu da keçək. Röya özünü dünya ulduzları ilə müqayisə edirsə, o zaman konsertdən əvvəl və sonra mətbuat konfransı keçirib jurnalistlərin fikrini öyrənməli idi. Bir də son zamanlar tez-tez “Məni İnstaqramda filan qədər adam izləyir, məndən yazmasaz da olar”. Ayıbdır, vallah. O zaman Cennifer Lopez, Beyons, Selena Qomez neyləsin?

Üstəlik hələ Röya İnstaqramda lider deyil, ondan da çox izlənilən müğənnilərimiz var. Onun sözündən belə çıxır ki, “Röya İnstaqram müğənnisidir”. Sabah İnstaqram olmasa, Röya nə edəcək. 2-3 il əvvələ qədər İnstaqram yox idi, Röya haradan tanınırdı?

Zəhra:

- Röyanın jurnalistlərə qarşı etdikləri ilk deyil. Bir müddət əvvəl tədbirlərdən birində bir jurnalisti pərt edib ağlatmışdı. Bilməli idi ki, bütün bunlar yığışıb ümumi silaha çevriləcək. Bəziləri yazıb ki, Qafqazinfo, Axşam.az olmayanda Röya konsert verirdi. Həmin insanlara deyək ki, biz danışanda bütün medianın adından danışmışıq. Media bu saytlarla yaranmayıb.

Sonda bildiririk ki, bizim əməkdar artist Röya Ayxanla bağlı deyəcəklərimiz bununla bitir. Röyanın timsalında bütün müğənnilərin medianın gücünü bilmələrinin vacibliyini bir daha qeyd edirik. Media silahdır, media gücdür... Media hədəf olduqca güclənən və doğruları hər an təqdim edə bilən güzgüdür.

Biz isə “Maqazin Klubu” olaraq növbəti mövzumuzu seçib görüş vaxtımızı təyin edirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Şərhlərimizdə isə qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...(Qafqazinfo)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“ Röyanın yuxarıdan aşağı baxdığı müğənnilər ondan daha çox oxunur ...” - Maqazin klubu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler