» » "ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar

"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar

Bölmə: Şou, MANŞET
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar
ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın Axşam.az saytına müsahibəsi:

- Bir illik fasilədən sonra yenidən şou aparıcısı kimi efirdə görünəcəksiniz. Ürəyinizcə olan layihədir?


- Məni hara təyin etsələr, orada çalışacam. Mətbəxə qabyumağa da göndərsələr, yenə şou yarada bilərəm. Heç vaxt nədənsə küsüb, “Niyə mən bu pillədə deyiləm? Niyə məni filan yerə qoymadılar” deyib gileylənmirəm. Məni harda görürlərsə, ordan da baş çıxaracam. İllərdir radioda xəbərlər aparıram, heç vaxt bezmirəm. Şouya cəlb olunanda belə, xəbərlərdən uzaq qalmıram. İstəmirəm baş verənlərdən məlumatsız olum. Səhər tezdən informasiyanı almasam, ac qalaram. Yeni layihəm yarışma xarakterlidir. Sırf qızların mübarizəsidir. Bura həm subay, həm nişanlı qızlar qatıla bilər. Beş gün bir komanda yarışacaq. Verilişdə bir qayınanamız olacaq, gəlinlərə tapşırıqlar verəcək. Mən onlarla qalacam. İki oğul anası kimi, onların əl işlərinə nəzarət edəcəm. Günün sonunda işin öhdəsindən gələ bilənlərə qayınana yaylıq bağışlayacaq. Yaylığı ala bilməyən gəlin oyundan uzaqlaşdırılacaq. Hər gün bir gəlin çıxacaq, sonda həftənin qalibləri yarışacaq və biri cehiz qazanacaq. Bir ananın övladına verdiyi cehizdən daha çox əşya verəcəyik qızlara.

- Bu yaxınlarda radioda da yeni bir verilişiniz başladı. “Bumeranq”da köhnə ANS-çiləri – Aytən Səfərova və Mətanət Əliverdiyevanı bir arada gördük...

- Bu veriliş bizim üçün yeni idi. Əvvəl Raqif Elvira ilə aparırdı. Üçlükdə çox maraqlı alınır. Mən özümü ANS-çi hesab etmirəm. Elə bilirəm həmişə ATV-də olmuşam.

- Bunlarla yanaşı, siz “Qız atası” serialında aktrisa kimi çıxış edirsiz...

- Heç vaxt aktrisalıq etməmişdim. Mən orada rola girmirəm, özümü oynayıram. Sağ olsun Elməddin Cəfərov, məni uşaqlıq arzuma çatdırdı. Reytinqdə birinci yerdəyik. Bir-iki filmdə də epizodik rollarım olub. Çox istərdim dramatik bir obrazı oynayım. Baş vermiş bir faciəni canlandırmaq istərdim. Özümü o rolda görürəm.

“GÜNDƏLİK”DƏN BİR DAHA OLMAYACAQ

- Bir müddət çox səs-küy yaradan “Gündəlik”də aparıcı idiniz, sonra qəfil sakitlik oldu və siz hər şeydən uzaqlaşdınız.

- Bir verilişin uzunmüddətli olmasını sevmirəm. Həmin səs-küy hələ də davam edir. Çoxları tənqidlə, təhqiri ayıra bilmir. Tənqid edəndə elə bilirlər onları təhqir etmişəm. O vaxt məndən inciyənlər, indi zəng edirlər ki, “heyif deyildi o proqram. İndi bütün verilişlər eynidir, hara gedirik bizi tərifləyirlər”. Mən yaxşını tərifləyərəm, pisi isə heç vaxt. "Gündəlik" qaldı tarixdə. Qonaq şou göstəmir, bunu da aparıcı etməlidir. Hər dəfə beynimdə bir ideya ilə efirə hazırlaşırdım. Bizdə şounu yaxşı qəbul etmirlər. Başqa ölkələrin bu tip proqramlarına baxıb, bəh-bəhlə danışırıq. Özümüzə gələndə isə olmaz. Bilmirəm bunu necə aşılayaq. Amma onu deyim ki, “Gündəlik”dən bir daha olmayacaq.

- Azər Axşamla da veriliş apardınız. Amma aparıcılığınız cəmi bir gün çəkdi.

- Rəhbərlik belə məsləhət gördü. İşləməyi sevirəm, harda desələr, orada çalışacam.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar








- Bina yanğını zamanı efirdə işlətdiyiniz sözlərə görə çox tənqid olundunuz. Hələ də bunu unutmayanlar var, sosial şəbəkədə ünvanınıza tənqidlər yazırlar. Həmin ərəfədə nələr yaşadınız?

- Mənim üçün çox ağır dönəm oldu. Bəzi media nümayəndələri də düzgün informasiya ötürmədi. Jurnalistləri çox istəyirəm, hörmət edirəm. Amma bəzən mövqe öyrənməmiş yazırlar. Həmin hadisələrə qayıtmaq istəmirəm. Kimlər üçünsə əllərinə “kozur” düşdü. Allah hamıya can sağlığı versin, amma hamı dərsini vaxtında alır. Allah gec edir, güc edir. Amma insanların hələ də mənə kin saxladıqları fikri ilə razı deyiləm. Sevənlərimin çox olduğunu görürəm. Küçədə gedəndə o qədər xoş sözlər deyirlər ki... Bir gün balaca uşaqlar yaxınlaşdı ki, olar otluqda oturub, şəkil çəkdirək? Getdim onlarla əyləşdim. Yəni özümü heç vaxt dartmıram. Sərbəst olmağı sevirəm. İnsanların sevgisini xoşlayıram.

"ANS ELƏ BİR YÜKSƏK MƏVACİB TƏKLİF ETDİ Kİ..."

- Yanğın zamanı dediyiniz sözlərə görə ANS sizinlə bağlı süjet hazırlamışdı. 18 il bu kanalda çalışmısınız. ANS-in bağlanmasını eşidəndə nə hiss etdiniz?

- Heç bir hiss keçirmədim. Məndə hiss qoymuşdular ki? Allah köməkləri olsun. Allah hamının yerini göstərəndir. Qismətləri bura kimidir. Mənimlə bağlı süjet yayımlayanda, heç birinə zəng vurmadım. Bu da mənim böyüklüyüm idi. ANS-ə bir gələn, bir də gedən sevinirdi. Bir dəfə adi bir reklam mətni oxudum. Böyük mübahisəmiz düşdü. İşçi beş manat artıq qazananda nə olar? Cılız insan onu şişirdib böyüdər. Oradakı bir üzünə tüpürüb, o birini üzünü silib çevirənlərdən deyiləm. Məni nə qədər geri çağırdılar. Elə bir yüksək məvacib dedilər ki... İstəmədim. Pula görə mənliyimi satmaram. Qeyri-mümkün idi ora qayıtmaq. İndi arxamda gözəl rəhbərlərim var - Vüqar və Rauf müəllim. (Kanalın prezidenti Vüqar Qaradağlı və vitse-prezident Rauf Dadaşovu nəzərdə tutur - red.) Valideynlərim yoxdur. Onlar pis günümdə mənə ata-ana oldular.

- Sosial şəbəkədən uzaqsınız. Amma adınıza o qədər səhifələr var ki...

- Bir dəfə uşaqlar göstərdi ki, sənin adına belə səhifələr yaradılıb. Dedim, bir dənə də bank hesabı açsınlar da nə olar (gülür). Qarşısını almağı düşünmürəm. Azadlıqdır, kim nə istəyir etsin.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar







"UŞAQLARIMI ÖZÜM ÜÇÜN DÜNYAYA GƏTİRMƏMİŞƏM"

- İki övladınız var. Böyük oğlunuz televiziyada çalışırdı. Öz seçimi idi, yoxsa siz belə məsləhət gördünüz?

- Öyrənməyə gəlmişdi. İndi qardaşına baxır. Kiçik oğlum ikinci sinfə gedir. Bir gün böyük oğluma dedim ki, “Oqtay, sən qardaşına bax, idmana, məktəbə, hazırlığa apar. Bunu heç bir dayə etməyəcək. Dayəyə verdiyim pulu sənə ödəyim”. Ona maaş verirəm. Əli-ayağı təmiz pul qazanır. Bir il belə idarə etsin. İncəsənəti bitirib, çox istedadlıdır. Nail Naiboğlunun bir filmində çəkilib. İstedad ona anasından keçib. Heç kimin işinə müdaxilə etmərəm. O özü bir şəxsiyyətdir. Məni azad böyüdüblər. Valideynlərim istədiyimi etməyə imkan yaradıblar. Mən də uşaqlarımı belə böyüdürəm. Kənardakılar deyir ki, elə bil ana-bala deyilsiniz, dostsunuz. Onunla ciddi olsam, sirrini deməz. Məsləhət verirəm, onlar da hər şeyi bölüşürlər. 25 yaşı var, ona necə qadağa qoyum? Heç evlənməyinə də müdaxilə etməyəcəm. İndi valideynlər məcbur edir ki, bu qızı almalısan. Niyə? Uşaqlarımı özüm üçün dünyaya gətirməmişəm. Onların öz həyatı var.

- İlk həyat yoldaşınızla münasibətiniz necədir? Oğlu ilə görüşür?

- Böyük oğlumun atası ilə ayrılanda məhkəmədə hakim dedi ki, birinci dəfədir belə cütlük görürəm. Biz boşanma prosesində deyib-gülürdük. İndiyədək dostuq. Elə bir bayram olmur ki, bir-birimizi təbrik etməyək. Bu yaxınlarda ad günü idi, zəng vurub “Happy birthday” oxuyurdum. Ayrıldıqsa, düşmən olmalı deyilik. Oqtay nənəsi, bibiləri ilə görüşür.

- Sevib ərə getmişdiniz?

- Deyəsən, hə (gülür). O yaşda sevgi ötəri olur. 18 yaşımda çılğın idim. Müharibə başlayanda əşyalarımı yığdım ki, gedirəm. Atam da, anam da xəstə idi. Evdən qoymurdular, amma dedim gedəcəm. Atam küsdü, geri qayıtdım. Dedilər, bunu tez ərə verin, yoxsa aləmi qatacaq. Peşman deyiləm. Heç vaxt nəyinsə peşmançılığını çəkmirəm. İrəliyə baxıram. Qardaşım da, bacım da olub. Amma oğlan kimi böyümüşəm.

- Bir çox xanımlar “kişi kimi qadın” ifadəsinə əsəbiləşir. Sizin də ünvanınıza tez-tez bu sözü işlədirlər.

- Atam həmişə deyirdi, oğlum gəlir. Mən qadınam, kişi olmağı da istəmirəm. Əvvəl bu kəlmənin fərqinə varırdım, indi yox. Mübahisə etsəm, düşüncəsi dəyişəcək? Yaxşı ki, kişi də olmamışam.

- Depressiyaya tez-tez düşürsünüz?

- Depressiya mənlik deyil. Yaxın buraxmaram. Hər bir insanın şəxsi həyatında, ailəsində uğursuzluq olur. Qoymaram ki, uşaqlarım məni bikef görsün. Kiçik oğlum həssasdır. Bu yaxınlarda Zaur Baxşəliyevin verilişinə baxıb, ağlayırdım. Gəlib gördü. Məndən betər ağlamağa başladı. Mən pozitivəm. O qədər gec yatıb, tez oyanıram ki, düşünməyə heç vaxtım olmur. Enerji ilə doğulmuşam. Bir dəfə bir psixoloq dedi ki, “ananız sizi “duracell”lə doğub?”.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar








- Biznesiniz var?

- Bütün gəlirim telekanaldan, radiodan, serialdandır. Hərdən reklamlar səsləndirib, qonorar alıram. Biznesim yoxdur. Məndən yaxşı müəllimə olar. Uşaqları sevirəm, çox da hövsələliyəm. Bir də zərgərliyi sevirəm. Sınıq aksesuarları atmıram, onlardan sırğa, boyunbağı düzəldirəm. Əsəblərimi sakitləşdirir.

- Qız anası olmağı arzulamırsınız?

- Heç vaxt istəməmişəm. Qız böyütmək çətindir. Qızlar başqa xasiyyətdə olur. Oğlanlarla danışmaq asandır. Onlar sözə qulaq asır. Allah elə buna görə də mənə qız vermir. Ev işlərini özüm edirəm. Hərdən Oqtay da kömək edir. Evimdə köməkçinin olmasını belə istəmirəm. İşimi özüm etməyi sevirəm. Yumağı, bişirməyi xoşlayıram. Köməkçi etsə, ürəyim partlayar. Özüm bilirəm nəyim hardadı, ordan tapıram. Ailəmə kənar müdaxilə olunmasını istəmirəm.

- Deyirlər, qadın sevgisiz yaşaya bilməz. Qəlbinizdə sevgi var?

- Düzdür, qadın yaşaya bilməz. Bəzən deyirəm lazım deyil, hərdən isə əksini düşünürəm. Qadınsan... Amma indiki kişilərdən nəsə gözləmək də lazım deyil.

"İKİNCİ HƏYAT YOLDAŞIM GƏLİB ÜZR İSTƏDİ"

- Üçüncü dəfə ailə qurmaq istəyərsiniz?

- Heç vaxt. Çünki yola getmərəm. Xasiyyətim ildən-ilə dəyişir. Evlənsəm, həmin adamı bədbəxt edərəm. Həm də azadlığımı heç kimə vermərəm. İndi rahatam, istədiyimi edirəm.

- Şəxsi həyatınızla bağlı bir dönəm gündəmə gəldiniz. İkinci həyat yoldaşınız haqqınızda bir çox iddialar irəli sürdü. Bütün bu sözlər qarşısında susdunuz.

- Susdum, çünki bilirdim ki, nə vaxtsa gəlib üzr istəyəcək, deyəcək qələt etdim. Elədi də... Amma qəlbim onu bağışlamadı. Uşağımın atasıdır, gəlib onunla vaxt keçirsin. O gərək bunu etməyəydi. Dedi, çıxım təkzib verim, istəmədim. Deyir, çox şeyi deməmişəm, özlərindən yazıblar. Vecimə deyil, həyat davam edir. Aramızda “Salam, sağ ol” var. Uşağımın xatirinə danışıram. Bu yaxınlarda balaca oğlum deyir ki, “Ay ana, ailə bütov olmalıdır. Qardaş, bacı, ata, ana bir olmalıdır. Mənim bacım yoxdur”. Deyirəm, nə olsun bizimki belə gətirib. Onun bacısı da, qardaşı da var, görüşür.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar








- Belə başa düşdük ki, ikinci həyat yoldaşınızın başqa ailəsi var.

- Bəli, uşaqları Əli ilə də görüşürlər. Bacısını da görüb. Amma Əli Oqtayı sevir. Bir dəfə uşaqlar onu gəzməyə aparmaq istədilər. Getmədi, dedi, istəmirəm. Deyir, mənim bir qardaşım var, o da Oqtaydır. Onları qəbul etmir.

"HƏR QADININ İŞİ DEYİL ŞPAQAT AÇSIN"

- Efirdə şpaqat açdınız və hələ də bu haqda danışılır.

- Hər qadının işi deyil şpaqat açsın. Heç idmançılar birdəfəyə elə şpaqat aça bilmir. Həmin gün bunu etmək fikrində deyildim. Verilişdə xarici qonaqlar var idi. Qız çıxıb rəqs etdi. Mən də dedim ki, bizim xanımlarımız da bacarıqlı olur. Şübhə ilə yanaşdılar. Şpaqat açmaq geyindiyim paltarıma uyğun deyildi. Onlara Azərbaycan xanımının bacarığını sübut etmək üçün bunu etdim. Oturmaqla paltar getdi (gülür). Amma onlar məni ayaqüstə alqışladılar.

- İlhamiyyə Rza və Ləman Ələşrəfqızı da sizin şpaqat açmağınıza söz atmışdılar. Hətta İlhamiyyə Rza dedi ki, “Şpaqat açıb, reytinq qazananlardan deyilik”.

- Mən onları tanımıram, tanımaq da istəmirəm. Getsinlər xörəklərini bişirsinlər.

- Xanımlar hər zaman baxımlı görünməyə çalışırlar. Özünüzə vaxt ayıra bilirsiniz?

- Kosmetoloji prosedurlara gedirəm, məsləhətlər alıram. Yaş ötdükcə qadın özünə baxmalıdır. İdman edirəm, sağlam qidalanıram. Çay sevmirəm, gündə 3-4 litr su içirəm. Az miqdarda çörək də, ət də yeyirəm. Çalışıram özümü bir formada saxlayım. Liftdən istifadə etmirəm, pilləkənlə çıxıram. Yeməyə fikir verən insanam. Qurmanam, amma qədərində.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar







- Sirlərinizi kiminlə bölüşürsünüz?

- Rəfiqəm yoxdur. Kiməsə dərdini desən, səhər saytlarda oxuyacaqsan. Elə şeylər var ki, özümlə danışıb həll edirəm. Məni heç nə təəccübləndirmir. Deyirlər, çox sadəsən, bir az ulduzluq et. Niyə edim? Bu gün televiziyadayıq, sabah olmaya bilərik. Nə ulduz? Toylarda şəkil çəkdirmək istəyəndə yüz dəfə masadan durub-otururam. Əgər məni sevirlərsə, niyə onları itirməliyəm?

- Hərdən adama elə gəlir ki, sizin üçün milli mentalitet anlayışı yoxdur...

- Kompleksiz insanam. Amma elə şeylər var ki, onda sərhəd saxlayıram. Mentalitetdən elə adamlar danışır ki, heç onun mənasını bilmir. Sənin aləmində mentalitet nədir? Vəfa Zeynalova bir rol canlandırdı, ona nələr demədilər. O, aktrisadır, hər rolu oynaya bilər. Sonra deyirlər bizim film inkişaf etmir. Biri bahalı maşın alan kimi deyirlər sponsoru var. Banklar kredit verir, hamı maşın alır da. Bəzən sosial şəbəkədə elə şeylər yazırlar ki... Nə qədər savadsızlıq olar? Sən bu insanı belə dərindən tanıyırsan ki, təhqir edirsən? Olmaz bu səviyyəni aşmaq. İstəyərdim elə insanları hüquq-mühafizə orqanları tapıb cəzalandırsın.

- Hansı həmkarlarınızı bəyənirsiniz?

- İstəyərdim ki, televiziyada aparıcılar verilişlərə görə yox, özlərinə görə tanınsınlar. Zaur Baxşəliyevin proqramını izləyirəm. Hadisələri çox peşəkarcasına təqdim edir. Ona hörmət edirəm, verilişə baxanda ağlayıram. Mən o verilişi aparsam, infarkt olaram. Çox emosionalam. Başqa kanallarda da sırf aparıcısına görə baxdığım proqramlar var. Elza Seyidcahanı sevirəm. Adı gələndə deyirəm ki, dayanın baxım görüm nə geyinib? Müğənni bu cür cəlb etməlidir. Onu anlamaq lazımdır, daxili fərqlidir. İstəyirəm insanların hamısı seçilsin. "Gündəlik" verilişində dəfələrlə olub ki, müğənnilərdən biri oxuyanda, o biri hörmət edib dinləmirdi. Bəzən iki müğənni oturub oxuyanın arxasınca danışırdılar. Məni çoxu qəbul etmirdi, çünki canlı yayımda üzlərinə vururdum. Elə tanınmış kişi var ki, məndən inciyib. Bir kişi ki, qadından inciyir, o nə kişidir? Həyat o qədər qısadır ki, sevmək lazımır. Elə yaşayaq ki, öləndə arxamızca “Allah rəhmət eləsin” desinlər. Bəyəndiyim xəbərlər aparıcılarına gəldikdə isə, Ceyhun Əli, Əsmər, Lalə Azərtaş, Aytən Səfərovanın adını çəkə bilərəm. Samirə Mustafayevanı da bəyənirdim. Xəbərə özünəməxsus yanaşma tərzi var idi.

- Deyəsən, toy məclislərinə aparıcı kimi də gedirsiniz...

- Çox getmirəm, seçim edirəm. Bu yaxınlarda bir toya çağırdılar. Gördüm ki, kasıb ailədir. Pul soruşdular, dedim, heç nə lazım deyil. Getdim dedim-güldüm, oynadım, gəldim. Mən toy aparmıram, düşüb qonaqlarla rəqs edirəm. Heç vaxt qiymət oxumuram. Nə versələr, qəbulumdur.

- Dediniz Elməddin Cəfərov sizi uşaqlıq arzunuza çatdırdı, aktrisa oldunuz. Hansı uşaqlıq arzunuz hələ də reallaşmayıb?

- Bir dəfə məktəbdə müəllimə sual verdi ki, “Kim böyüyəndə nə olacaq?”. Dedim elə edəcəm ki, hamınız məni tanıyacaqsınız. Bu istəklərimə çox çətinliklə nail oldum. ANS-dəki 18 illik zəhmətimə heyif. Məni cəmiyyətə tanıdan ATV oldu. Özüdə 1-2 ilin içində. ANS-də rəhbərliyə o qədər layihələr təqdim edirdim ki... Potensialımı görmədilər. ATV-yə gələndə apardığım xəbərlər 19 reytinq verirdi. Hardasa bir iz buraxa bilmişəmsə, deməli, alınıb.
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar
"ANS-ə bir gələn, bir də gedən sevinirdi" -Mətanət+fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler