» » “Elə bilirlər reklam üçün ərə getmişəm...” -

“Elə bilirlər reklam üçün ərə getmişəm...” - Naina İbrahimova

Bölmə: Şou
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
Xalqinfo.az bildirir ki, Əməkdar artist Naina İbrahimovanın “Qafqazinfo”ya müsahibəsi

- Yeni mövsümə necə hazırlaşırsınız, nə kimi planlarınız var?

- Yay aylarında da işləyirdim, dostumuz Vüqar Kamiloğlunun klipinə çəkildim. Klipdəki geyimlər Türkmənistandan gələn modelyer tərəfindən hazırlanıb. Ekran işi demək olar ki, hazırdır, montaj edilir. İndi isə klipin təqdimetmə mərasiminə hazırlaşıram. Bundan başqa, həftənin bazar ertəsi Mingəçevir şəhərinə festivala yollanırıq. Orada bizim teatr Litvanın tanınmış rejissoru Yonos Vaytkusun quruluş verdiyi “Yeddi Gözəl” tamaşası ilə çıxış edəcək.

Tamaşada mən 1-ci gözəl obrazını canlandıracam. Onu da qeyd edim ki, mənə yeni bir layihə təklifi də gəlib. Bu layihə analığa həsr edilib və bu hissləri əks etdirən foto, video çəkilişlər olacaq. Layihədə başqa analar da iştirak edəcək, mən isə tanınmış sima kimi oğlumla birgə iştirak edəcəm. Qastrol səfərindən qayıtdıqdan sonra layihənin çəkilişlərinə başlayacağıq.

- Demək olar ki, son illər mətbuata qapalı olmusunuz, bunun səbəbi nədir?

-Mən belə hesab etmirəm. Təkcə bu il iki dəfə “ən yaxşı aktrisa” kimi, “ən yaxşı foto” layihələrə görə mükafatlandırılmışam. İstənilən vaxt öz layihələrimi mediaya təqdim edə bilərəm. Bütün gördüyüm işlər, əldə etdiyim uğurlar işıqlandırılır. Bəzən isə mən müsahibə vermək istəmirəm. Qaldı ki, qastrol səfərlərinə-bu işlərlə teatrla əməkdaşlıq edən mətbuat qurumları məşğul olur. Ümumulikdə isə məni yerli kanallar çəkir, saytlardan zəng edib yeni layihələrimlə maraqlanırlar.



-Son dövrlər gündəm seriallarda çəkilən aktyor və aktrisalarla ölçülür, hansısa aktyor və ya aktrisa ekranda çox görünürsə, hesab edilir ki, o, daha çox gündəmdədir. Məsələn, sizi ilk dəfə “Bəyaz həyat” serialındakı Rəna obrazı ilə tanıyıb, sevdilər. Niyə Azərbaycan seriallarına çəkilmək istəmirsiniz?

- Siz Azərbaycan seriallarını bəyənirsiz? Rəna obrazından sonra mən bir çox filmlərdə, kliplərdə və reklamlarda çəkilmişəm. Şəxsən mən bir aktrisa kimi Bakıda serialların sayının artmasına görə sevinirəm.
Onu da deyim ki, Moskvada olanda “Amedia” kino-kompaniyası məni serial çəkilişinə dəvət etmişdi, lakin elə oldu ki, biz qardaşımın elçiliyi ilə əlaqədar, Yunanıstana getdik və mən təklifdən imtina etdim.

Bu mənim ən böyük səhvim olub, çünki “Amedia” həqiqətən, keyfiyyətli, ən yüksək səviyyəli bir qurumdur. Seriallara gəldikdə isə dünya müstəvisində götürsək, serialları sevmirəm, “xaltura” kimi baxıram, ancaq elə seriallar da var ki, onları şedevr kimi qiymətləndirirəm. Məsələn, “Tüdorlar” serialını şedevrlərdən biri hesab edirəm.

Bizim seriallara gəldikdə isə, əlbəttə, bəzi məqamlarda dil problemi də olur. Ancaq mən filmlərə çəkiləndə dil cəhətdən heç bir problemlə üzləşmirəm. Çünki Azərbaycanca başa düşürəm və lazım gəldikdə danışa bilirəm. Mən mətni əzbərləyirəm, nə dediyimi anlayıram.



- Sizcə, peşəkar aktrisanın kaprizləri olmalıdırmı? Siz kaprizlisinizmi?

- Mən hesab edirəm ki, peşəkar aktyor və ya aktrisa ulduz xəstəliyinə tutulmamalıdır. Məsələn, mən gecə işləməyə öyrəşən biriyəm, səhərlər oyanmaqda çətinlik çəkirəm, işləyə bilmirəm. Amma səhərə məşq və ya çəkiliş təyin edilibsə, mən bir neçə saat yatıb, gedib işimin öhdəsindən gəlirəm. İsti, soyuq hava-bu artıq əhəmiyyət kəsb etmir. Çünki tamaşaçı heç nə görmür və heç bir problemdən xəbəri olmur. Ona görə də peşəkar insan problemləri pərdə arxasında saxlamalıdır.

- Hansısa reklam və ya film təklifində aktyor heyəti ilə maraqlanırsızmı, narazılıq olub?

- Əlbəttə, mən işləyəcəyim insanların kimliyilə, tərəf müqabilimin kim olacağı ilə maraqlanıram. Ancaq kimisə təhqir etmək, alçaltmaq haqqım yoxdur. Çünki aktyor zəif, gənc ola bilər, ancaq hər şey rejissordan asılıdır. Ola bilər ki, rejissor aktyora elə rol verər ki, onu yenidən kəşf etmiş ola bilər. Ona görə də əvvəldən hansısa aktyorla işləməyəcəm desək yanlış olar.

- Bizdə müasir kinomatoqrafiya inkişaf edəndən mübahisəli sual yaranıb-peşəkar aktrisa açıq-saçıq səhnələrə pula, ya sənət naminə görə çəkilməlidir?

- Hər şeydən əvvəl onu deyim ki, əsl sənətkar peşəsi olmadan yaşaya bilməz və əsl aktyor sənətə görə işləməlidir. Bizim peşəkar aktyorlarımız sevərək çalışırlar. Hətta, Maqsud Məmmədov mənə pulsuz Çarli Çaplinin qrimini etmişdi. Biz bundan zövq aldıq, biz sənət naminə iş görürük. Ona görə də mən düşünürəm ki, ilk növbədə incəsənət dayanmalıdır.



- Aktrisalara bu sualı verəndə deyirlər ki, bura Azərbaycandır və milli dəyərlər, menatlitet var. Sanki, mentalitet, milli dəyərlər sənətin qarşısını alır.

-Mən hesab edirəm ki, incəsənətdə heç bir çərçivə olmamalıdır. Mənim yaradıcılıq prinsipimə görə, sənətkarda cəsarət olmalıdır, tamaşaçı qarşısında heç nədən qorxmamalıdır. İncəsənətdə heç bir mentalitetdən söhbət gedə bilməz. Onda mən bir sual verim, niyə rəssamlıq akademiyasında çılpaq naturanı çəkirlər? Əgər mentalitet deyiriksə, onda hamısını örtsünlər və yalnız geyimdə onları çəksinlər.

- Düşünürsünüzmü ki, bu, rejissorun səhvidir və səhnə vulqar formada təqdim edilir?

- Əlbəttə, rejissordan, kameradan və müəyyən qədər aktyordan asılıdır. Ola bilər ki, aktyor özü vulqardır və həmin səhnə də vulqar görünür.

- İlk təhsiliniz rəssamlıq olub. Bəs, indi rəsmlər çəkirsinizmi?

- Vaxtım olanda məşğul oluram. Bir peyzaj çəkmişəm. Ancaq ki, rəssamlıq təhsilim mənə üstünlük verir, qrim ustaları ilə işləyəndə, geyimimdə rəng seçimi etmək daha rahat olur. Hər şeyi anlayıram.

- Teatr aktyorları məvacibdən, qonorardan gileylənir. Bəs, sizdə necədir vəziyyət?

- Bizdə də hamıda necədirsə, elədir. Ola bilər ki, ancaq hansısa korporativ işdən yaxşı qazanmaq olar. Məsələn, məni Maykl Ceksonla bağlı layihəyə çəkmişdilər və çox yaxşı qonorar aldım.

Yadınızdadırsa, Olimpiya Oyunlarının prezidenti Patrik Hikki Bakıda doğum gününü qeyd edirdi, orda mənə səhnəyə Merlin Monro obrazında çıxmaq və “Həppi bözdey” mahısını ifa etmək təklif edildi. Orda hər şey çox yüksək səviyyəli tədbir oldu, çox xoş oldu mənə.



- Psixoloqların fikrincə, geyim, onun rəngi insanın xarakterindən xəbər verir. Teatr, kino aləmində siz ciddi, hökmlü xanım kimi tanınırsınız. Ancaq geyimləriniz əksinə, rəngarəng, fərqli olur. Bunu necə izah edə bilərsiniz?

- Yəqin ki, mən hərtərəfli insanam, özüm də bilmirəm bu suala nə cavab verim. Əgər mən həm Merlin Monro, həm də Çarli Çaplin ola bilirəmsə, yəqin ki, artıq hər şey aydındır.

- Vizual görünüşünüzə görə özünüzü avantajlı hiss edirsiz?

- Əlbəttə, əsas qəhrəmanların xarici görünüşü böyük əhəmiyyət kəsb edir. Ancaq aktyor, aktrisa hərtərəfli olmalıdır. Aktyor kök, arıq, balacaboy ola bilər ancaq rolunu elə ifa edər ki, bu zaman görünüş ikinci plana keçər.
Məsələn, Hollivudu yada salsaq görərik ki, Elizabet Teylor hələ də dünya kino ulduzu hesab edilir, halbuki, 1.50 sm boyu olub. Eləcə də, Merlin Monro, Bricit Bordo, Sofi Loren və bir çoxlarını misal gətirmək olar.

Ancaq mən indi bir məqama fikir verirəm ki, son zamanlar vizual olaraq elə də gözəl olmayan insanlar filmlərdə əsas qəhrəman kimi yer alır və bu tamaşaçını cəlb etmir.


- Şəxsi həyatınızı mediadan gizlədirsiniz. Bunun səbəbi nədir?

- Mənim gizlətməli bir şeyim yoxdur- ailəliyəm və bir oğlum var. Hamilə olanda bir çox jurnalistlər mənə zəng edirdi, bu barədə niyə mediaya bildirmədiyimi deyirdi. Mənsə, sadəcə dedim ki, bundan reklam kimi istifadə etmək istəmirəm. Bəzi jurnalist tanışlarım bunu bilsələr də, xahiş etdim, bu barədə heç nə yazmadılar. Mən hamilə olarkən, belə işləyirdim.

Üç aylıq hamilə olanda hündür daban ayaqqabıların üstündə səhnədə rolumu ifa edirdim. Bir televiziya proqramında Maykl Ceksonla bağlı çəkilişlərdə iştirak etmişəm, hətta Merlin Monro obrazını canlanırırdım. Sadəcə elə işıqlandırma edilirdi ki, hamilə olduğum hiss olunmurdu. Sonra isə “yetər” dedim.



- İnanclı bir xanım olduğunuzu, hətta oğlunuz Alenin adının sizə yuxuda deyildiyini bildirmişdiniz...

- Mən əmin idim, hiss edirdim ki, bu oğlandır. Ardıcıl iki dəfə yuxumda 5 yaşlı körpənin arxasınca qaçdığımı gördüm və Alen deyə səslədim, o, mənə baxdı. Biz artıq körpənin cinsiyyətini biləndə onun adının Alen olacağına qərar verdik. Ad çoxmənalıdır.

- Bir xanım kimi kənardan çox möcüzəli,maraqlı, cazibədar görünürsünüz. Bunun sirri nədir? Bəs, sizi qısqanan qadınlar varmı?

- Bəlkə də bu xarizma, tanrının verdiyi xüsusiyyətdir. Sizə bir hadisəni danışım, bir çəkilişdə mavi gecə geyimindəydim. Sadəcə geyimi çəkirdik deyə üzümdə demək olar makiyaj yox idi. Ancaq kim fotoya baxırdı inana bilmirdi ki, bu mənəm, bu canlı insandır. Elə bilirdilər kukladır.

Qaldı ki, qısqanclığa, mənə elə gəlir ki, hər qadın özlüyündə gözəldir. Mən heç vaxt qadınları xarici görünüşünə, geyiminə görə mühakimə etmirəm. Bir qadın kimi üçün adi biri, kimi üçünsə əvəzolunmaz biri ola bilər. Qadınların məni qısqanıb- qısqanmadığı barədə isə çox şey deyə bilmərəm. Mənim rəfiqəm çox azdır və yəqin, buna da müəyyən səbəblər var. Mənim əmi, dayı qızlarım- qohumum xanımlar var hansı ki, bilirəm mənə görə qəlbən narahat olan, mənə görə sevinən insanlardır. Uzun illərdir “Miss Baku” Nərmin Zərbəliyeva ilə dostluq edirəm. Bu qızdan heç vaxt xəyanət, paxıllıq görməmişəm.

Mənim üçün bu hər şeydən vacibdir. Çünki mən özüm heç vaxt kimisə satmaram, xəyanət, paxıllıq etmərəm. Mən öz dostlarımın, teatrdakı yoldaşlarımın uğurlarına baxıb sevinirəm. Teatrda da dostluq etdiyim insanlar var. Məsələn, uzun müddətdir ki, Milana Məradaxanova ilə yaxınlıq edirəm. Teatrda mənim qrim ustam da xanımdır. Sura xanımla həmişə yaxşı anlaşırıq, işini bilir, aramızda hər hansı narazılıq olmur. Ümumiyyətlə, insanların gözünə baxanda onun sənə qarşı münasibətini, nə düşündüyünü hiss etmək olur.

- Bəs evdə necə xanımsınız?

- Hər şeydən əvvəl mənim çox sevdiyim körpəm var, onunla məşğul oluram. Mən yemək də bişirə bilirəm. Ancaq əhvalım olmayanda bunu etmirəm. Çünki yeməyi hansı əhval-ruhiyyə ilə hazırlayırsansa, dadı da o cür olur. Mən hansısa ciddi çəkilişə, layihəyə hazırlaşanda mütləq tək olmalıyam, gərgin hazırlıq prosesində televizorun səsi belə mənə mane olur. Elə anlarda hamıdan uzaqlaşıram.



- Həyat yoldaşınız hələ də fotomodellik sənəti ilə məşğul olur?

Bir zamanlar hə, çəkilib, hətta Moskvadan da təkliflər alıb. Ancaq razı olmayıb. İndi o, tamam fərqli bir sahədə çalışır.

- Ailə qurmağınız müzakirələrə səbəb oldu...

-Mən bu insanı 2006-cı ildən tanıyıram və biz 2007-ci ildə nişanlandıq. Ancaq məni hər zaman iş daha cəlb edib deyə, evlilik barədə düşünmürdüm, elə bilirdim ailə mənə uzaqdı. Ancaq o, məni yola gətirdi və biz nişanlandıq. Elə oldu ki, mən düşünüb vaz keçdim və üzüyü geri qaytardım, o isə Moskvaya çıxıb getdi. Ancaq bizim əlaqələrimiz var idi. Yenidən qayıdanda biz nişanlandıq və bir məkanda jurnalistlər bizi gördü, barmağımda üzüyü görüb fotomuzu çəkdi, beləcə hər kəs nişanlandığımı bildi. Mən rəyləri oxumasam da, eşidirdim ki, heç kəs buna inanmır. Ümumiyyətlə, isə tanışlığımızdan 5 il keçdi və biz evləndik.

Mənim nişanlanmağıma, toya hazırlaşdığıma insanlar niyə inanmadığını heç anlamadım. İnana bilmədim ki, insanlar mənim bu məsələni piar üçün etdiyim, yalan danışdığımı düşünür. Bundan incidim və ondan sonra qərara gəldim ki, ailəm, hamilə olmağım barədə heç kəsə məlumat verməyim. Yalnız onu deyə bilərəm ki, biz xoşbəxtik və hər şey yaxşıdır.


- Oğlunuzun necə? Seçimlərinə qarışacaqsınızmı?

- Artıq uşaqlıqdan müəyyən etmək lazımdır ki, övladın nəyə maraq göstərir. Onun seçimlərinə qarışsan sonra ömrü boyu peşman olacaq. Uşaq vaxtlarından hiss etmək lazımdır ki, onun meyili hansı sahəyə çəkir. Məsələn, Alen daha çox musiqiyə qulaq asır. Baxmayaraq ki, onun yaşı hələ azdır.
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -
“Elə bilirlər reklam üçün ərə getmişəm...” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler