» » “Anara dedim ki, “nə qədər gec deyil, çıx aradan” – Səməd Səmədov

“Anara dedim ki, “nə qədər gec deyil, çıx aradan” – Səməd Səmədov

Bölmə: Şou, SÖHBƏT
“Anara dedim ki, “nə qədər gec deyil, çıx aradan” – Səməd Səmədov
"Elə ona görə də irəlidəyəm, zirvədəyəm"


Xalq artisti Səməd Səmədovun özünün və həyat yoldaşı İradə xanımın “Qafqazinfo”ya müsahibəsi:

- Səməd müəllim yaradıcılığınızda nə yeniliklər var?

- Artıq “Qismət” ansamblına yeni bir səs gəlib. Habil çox gözəl səsə malikdi. İstər muğam, istər estrada janrında özünəməxsus ifa tərzi var. Toy şənliklərində Sevda xanım, mən və Habil Məmmədoğlu məclisdəkilərin zövqünü oxşayan mahnılar ifa edirik. Qeyd edim ki, Samir Vidanın “Mənə belə gözəlsən” mahnısı artıq hitə çevrilib. Mahnı radio dalğalarında səslənməkdədir. Bütün televiziya kanallarında canlı konsert proqramı ilə çıxış etmək fikrindəyik. Eyni zamanda yay aylarında Yaşıl teatrda, payız aylarında Heydər Əliyev sarayında, həmçinin vətənimizin gözəl bölgələrində də böyük konsertlər vermək istəyirik.

- Bəs 3 gəncdən ibarət yaratdığınız “Qismət” qrupunun aqibəti necə oldu?

- Mən bu gənclərə öz dəstəyimi göstərdim. Onları istiqamətləndirdim. Rəndələdim, populyarlaşdırdım. Və artıq gənclərdən ibarət bu qrupu xalqın ixtiyarına vermişəm. Lakin yenə də nəzərim üstlərindədir.

- Səməd müəllim, İradə xanım yaradıcılığınıza müdaxilə etmir ki?

- Mahnı və klip barəsində müdaxilə etmir. Amma geyimimlə bağlı fikirlərini deyir. Tutaq ki, “bu qalstuk bu köynəklə uyğun gəlmir”. Və yaxud da “bu kostyumu geyinməsən daha yaxşı olar” - deyə iradlarını bildirir. Iradə xanımın zövqünə güvəndiyim üçün fikirləriylə razılaşıram. Elə ona görə də irəlidəyəm, zirvədəyəm. (gülür)

- Bəs fikir ayrılığınız hansı mövzularda olur?

- Oğlumuz Anara Moskvaya zəng edib deyir ki, “atan nəvələrini danlayır, bəzən çox sərt danışır”. Əslində o Anardan dəstək almaq üçün telefon bağlantısı etsə də Anarın cavabı onu qane etmir. “Ay ana, mən də danlana-danlana böyümüşəm də. Onun işinə qarışma. Qoy öz bildiyi kimi eləsin.

- Anarı niyə qoymadız oxumağa?

- O vaxt Anar oxuyanda mən onun qarşısına 5 disk qoydum və dedim ki, sənətə bu müğənnilər gəlib. Vaxt olar, onlar səni arxada qoyarlar.

- Kimlərdi onlar?

- Elton, Ayaz, Elnur, Zamiq, Abbas, Nadir. Anara dedim ki, “nə qədər gec deyil, çıx aradan” . (gülür) İndi Anar deyir ki, “nə yaxşı ki, mənə o məsləhəti verdin. Həmin müğənnilərin diskinə qulaq asıb zövq alıram” .

- İradə xanım, Səməd müəllimin hansı xüsusiyyəti xoşunuza gəlmir? Xarakterində nəyi bəyənmirsiz? Mübahisələriniz nə üstə olur?

- Vallah nə deyim, toy, tədbir olmayanda o qədər soğan, sarımsaq yeyir ki, gəl görəsən. Ona bunu irad tutanda deyir ki, “soğan, sarımsağın cana xeyri çoxdu. Sənə də məsləhət görürəm”. Bu düzdü. Amma elə bilirəm ki, müğənni bunu etməməlidir.

Səməd Səmədov: - Niyə? Müğənni adam deyil ki? (gülüşürlər)

- İradə xanım, müğənninin həyat yoldaşı olmaq çətin deyil ki?

- Mənim üçün yox. Biz təzə ailə quranda Səmədin evdə çoxlu apparaturası var idi. O vaxt əziyyət çəkirdim. Evi yığışdıra bilmirdim. Çünki bu apparaturalar o qədər ağır idi ki, yerindən tərpətmək olmurdu. Ona görə də, evləri yığışdıranda deyinirdim.

- Heç qısqanmısız?

- Yox. Çünki Səməd heç vaxt ailədə etibarını itirməyib. Duet oxuduğu xanımlarla heç vaxt problem olmayıb. Ruhəngiz Allahverdiyeva ilə ailəvi dostuq.

- Adətən deyirlər ki, toy gününü kişilərdən çox qadınlar xatırlayır. Sizdə necədi? Səməd müəllim, toy gününüzü xatırlayırsız?

- Düzünü desəm yox.

İradə xanım: - (gülərək) – o heç öz doğum gününü xatırlamır.

Səməd Səmədov: - (ürəkdən gülür) – hə mən öz ad günümü xatırlamadığım üçün maşınımın da nömrəsi “SS 917” –dir. Yəni Səməd Səmədov Sentyabırın 17-i. Iradənin bir xüsusiyyəti var. O qədər diqqətlidir ki, qohum-əqrabada kimin ad günü olursa mənə deyir zəng vur təbrik elə. Bilirisiz ki, mən Aşqabadda doğulmuşam. Bir də görürsən Aşqabada zəng eliyib, orada yaşayan dayım, dayım uşaqlarını , hətta dayım nəvələrini təbrik eliyir.

- Amma mən inanmıram ki, siz İradə xanımın doğum gününü yaddan çıxarasınız?!

- Yox, yox yadımdadır.

İradə xanım: - nə vaxtdı?

- Yanvarın 29-u.

- Ailə qurduğunuz ili necə xatırlayırsınız?

İradə xanım: - mənim zaqsım imtahan vaxtına düşmüşdü. Məndən əvvəl başqa uşaqlar var idi. Onlara deyirdim ki, “bir az tələsin də, mən zaqsa getməliyəm axı”. Çünki bizə demişdilər ki, saat 12:00-da zaqsda olmalısınız. Əks halda o biri günə keçiriləcək. Müəllimim də, gülərək mənə dedi ki, “yaxşısı budur sən get zaqsa, sonra gələrsən imtahana”. Yaxşı yadımdadır, beşmərtəbənin altında getdik zaqsa. Bacım və nişanlısı da, şahidimiz idi. Zaqsda da hamını tələsdirirdim ki, “ imtahana tələsirəm, bizi tez yola salın”. Toyumuz “İnturis”də xudmani keçdi. Çox adam dəvət eləməmişdik. Səmədin elə qohumları var idi ki, məni heç görməmişdilər. Musiqi çalınan kimi dedim ki, “gedirəm oynamağa”. Dedilər “gəlin çox oynamaz”. Mən də uşaq kimiydim. Gülərək dedim ki, “axı toy mənimdi.”

- Neçə yaşınız vardı o zaman?

- 20. Mən o vaxt Bakı Dövlət Universitetinin filologiya fakültəsinin ıı kurs tələbəsi idim.

- Necə tanış olmusuz?

Səməd müəllim gülərək: - necə tanış olurlar?! Son zəngdə məzunlarla görüş keçirilirdi. Iradəni orda gördüm. Ansambılla o məktəbə getmişdim. Qızların içində İradə diqqətimi çox cəlb elədi.

- İradə xanım, siz də Səməd müəllimi görən kimi xoşunuza gəldi?

Səməd müəllim gülərək: - necə ola bilərdi ki, mən onun xoşuna gəlməyim? O boyda məktəbin bütün qızlarının gözü məndəydi. Amma etiraf edim ki, böyük sənətkarlarımız istər İlhamə xanım, istərsə də, Flora xanım mənə deyirlər ki, “Səməd, unutma ki, sən İradəyə görə zirvədəsən”. Çünki həqiqətən də, hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır.

İradə xanım: - yaxşı yadımdadır. Son zəngdə biz uşaqlarla rəqs edirdik. Səməd də çalıb oxuyurdu. Yaxınlaşıb məndən xoşu gəldiyini dedi və məni tibb işçiləri üçün verəcəyi konsertə dəvət etdi. Sonra da, 1 konsert, 2 konsert, 3 konsert bir də baxdım ki, sevirəm.

- Buna ilk baxışdan sevgi demək olar?

- Olar.

(İradə xanımın bu cavabına Səməd müəllim də elə sevgi dolu gözlərlə baxdı)

- Neçə ildir bir yerdəsiz?

- 38 il.

- Olubmu ki, Səməd müəllim xətrinizə möhkəm dəysin?

- Ola bilər. Amma inanın ki, xatırlamıram.

- Bəs siz onun xətrinə dəymisiz?

- Mən yox.

- Hansınız daha çox güzəştə gedirsiz?

Səməd müəllim: - mən İradəyə. Çünki onun məsləhətlərinə həmişə ehtiyacım olur.

İradə xanım: - Səmədin bir xasiyyəti var. Nə vaxt deyirəm ki, bizi qonağ çağırıblar və yaxud kiminsə ad günüdür , deyir ki, ya “tədbirim var” ya da “studiyaya getməliyəm”. Hara gedirdimsə tək gedirdim. Artıq buna elə adət etmişdim ki, hətta məndən soruşanda “ailəlisən? “ deyirdim “yox”.

- Axırıncı dəfə nə vaxt bir-birinizdən küsmüsüz?

- Heç Səmədin üzünü görürəm ki, küsüm də.

- Səməd müəllim 5 nəvənin babasısınız. Necə hissdir?

- Super.

İradə xanım: - Səmədlə oturub gözləyirik ki, yayda Moskvadan gələcəklər. Böyük nəvəmiz Amerikadadır. Yayda hamımız bağda yığışacağıq.

- Bir-birinizə nə arzulayardız?

- Ən əsası can sağlığı.

- Nəyiniz çatmır?

- ... Qarabağımız ... İnşaallah tezliklə gözəl mahnılarımızın səsi Qarabağımızı bürüyəcək...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler