DataLife Engine > Sosial > Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir

Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir


25-10-2019, 14:14. Yerləşdirdi: Gunay Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir
“Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olub”.

"Xalqinfo"nun məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olub: “Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu. Ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu. Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir, bunun dərin tarixi kökləri var. Biz fəxr edirik ki, bir əsr əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub, qadınlara səsvermə hüququ verilib. Biz bu sahədə hətta əksər Qərb ölkələrini də qabaqlamışıq”.

Prezident İlham Əliyev qeyd edib ki, demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir: “Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumdaxili məhsul 3 dəfədən çox artıb. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulub, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər 2 dəfə, minimum pensiya 70 faiz artıb. 280 mindən çox insanı əhatə edən 698 min ailə ünvanlı sosial yardımdan faydalanır. Hər bir ailə təxminən 140 ABŞ dolları ekivalentində sosial yardım alır. Son 15 ildə Azərbaycanda 3200-dən çox məktəb, 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. 300 mindən çox məcburi köçkün pulsuz evlərlə, mənzillərlə təmin olunub. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekivalentində aylıq müavinət verilir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də təqdir olunur: “Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meylliliyi səviyyəsinə görə 5-ci yerdədir. Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən 3 peykimiz var. Əhalimizin 80 faizi İnternet istifadəçisidir. Azərbaycanda enerji təhlükəsizliyi təmin edilib. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan eyni zamanda bir sıra ölkələrin enerji təchizatçısıdır”.

Prezident İlham Əliyev Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olduğunu də vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri layihələrinin fəal icraçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihəsi üzərində çalışırıq: “Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

Xalqinfo.az
Geri qayıt