DataLife Engine > Sosial > Bolqarıstanla Azərbaycan arasında sənədlər imzalandı

Bolqarıstanla Azərbaycan arasında sənədlər imzalandı


8-11-2018, 14:52. Yerləşdirdi: sefa Bolqarıstanla Azərbaycan arasında sənədlər imzalandı
Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası başa çatıb.

Xalqinfo.az xəbər verir ki, iclasın yekununda işçi qrupları aparılan danışıqların nəticələrinə dair məruzələrlə çıxış ediblər.
Sonra Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclasının yekunlarına dair sənədlər imzalanıb. İlk olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası arasında elmi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Sazişi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov və Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının sədri Vasil Nikolov imzalayıblar.

Bolqarıstan Milli Sənaye Zonaları Şirkəti və Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq haqqında sazişi isə Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov və Bolqarıstan Milli Sənaye Zonaları Şirkətinin direktoru Antoaneta Bares imzalayıblar.

Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında sazişi Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbinin direktoru Lena Qaydarska və Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Məhəmməd Məmmədov imzalayıblar.

Sonda iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekununa dair Protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri –kənd təsərrüfatı naziri İnam Kərimov və Bolqarıstanın energetika naziri Temenujka Petkova imzalayıblar. Protokola əsasən, ölkələrimiz arasında ticarət-iqtisadi, elmi-texniki bazanın və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Bolqarıstanla Azərbaycan arasında sənədlər imzalandı
Geri qayıt