DataLife Engine > Sosial > Səlim Müslümovdan əlil və şəhid ailələrinə

Səlim Müslümovdan əlil və şəhid ailələrinə


27-11-2014, 13:42. Yerləşdirdi: Esi Səlim Müslümovdan əlil və şəhid ailələrinəƏlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanıb və ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi evin inşa edilərək həmin insanlara təqdim olunması nəzərdə tutulur.

Xalqinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən lent.az-a verilən məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə bu rayonun, eləcə də Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarının sakinlərini qəbul edərkən məlumat verib.

Nazir 2014-cü il yanvarın 1-dək növbədə olan 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcəyini diqqətə çatdırıb.

S. Müslümov bildirib ki, əlil və şəhid ailələrinin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir və ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır. Təqdim olunmuş həmin siyahılar bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə toxunulmadan, skan olunmuş, yəni hər hansı dəyişikliyin edilməsi mümkün olmayan formada ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib.

Nazir yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişli rayonunda da çoxmənzilli yaşayış binasının istifadəyə veriləcəyini və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcəyini bildirib: “Ümumiyyətlə, müharibə əlillərinin rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanır. Bu günlərdə biz Qarabağ əlilləri və onların sosial təminatı vəziyyətinə dair informasiyaları pasportlaşdırmaqla, elektron məlumat bazası yaratdıq və nazirliyin rəsmi internet saytında yerləşdirdik. Oradakı fərdi məlumatlar əsasında biz artıq həmin insanların yaşayışını daim nəzarətdə saxlayacağıq. Bu da bizə imkan verəcək ki, onların bu və ya digərinin sosial ehtiyaclarını operativ şəkildə müəyyən edərək müvafiq tədbirlər görək”.

Qəbul zamanı nazir S. Müslümov vətəndaşların əsasən mənzil və minik avtomobilləri, bərpa-müalicəsi, məşğulluq məsələləri ilə əlaqədar müraciətlərini dinləyib. Əmək hüquqlarının təminatı, ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib. Nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı şəxslərin məşğulluq problemi elə yerindəcə həll olunub və onlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb gətirilmələri təmin edilib.
Geri qayıt