DataLife Engine > Sosial > Ana aliment ödəməlidirmi? -

Ana aliment ödəməlidirmi? -


19-12-2017, 14:36. Yerləşdirdi: sefa Ana aliment ödəməlidirmi? -
Azərbaycan qanunvericiliyində alimentin ata, yaxud ana tərəfindən ödənilməsi ilə bağlı məhdudiyyət yoxdur. Qanunda valideynlərin aliment öhdəliyi var. Yəni ailə dağılan zaman uşaq hansı tərəflə qalarsa, digər valideyn uşağın xeyrinə aliment ödəməlidir.

Bu barədə Oxu.Az-a vəkil Oktay Məhərrəmov bildirib.

"Boşanma prosesi zamanı məhkəmə ilk növbədə uşağın maraqlarını nəzərə alır. Bu prinsipdən irəli gələrək məhkəmə konkret işin konkret hallarından asılı olaraq, uşağın atada, yaxud anada qalmağı ilə bağlı qərar qəbul edir. Yəni istənilən halda uşağın mənafeyi nəzərə alınır. Əgər uşaq məhkəmənin qərarı ilə ataya verilirsə, onun anadan aliment tələb etmə hüququ var.

Hansı halda uşaq atanın himayəsinə verilir?

"Ananın evdar qadın olması, pul qazanmaması uşağın onun əlindən alınaraq, ataya verilməsinə əsas vermir. Məhkəmə uşağın kimdə qalacağını qiymətləndirir. Mübahisəli məsələ yarandığı halda, qəyyumluq və himayəçilik komissiyası məsələyə cəlb olunur. Komissiyanın uşağın hansı valideynin himayəsinə verilməsinin daha məqsədəuyğun olması ilə bağlı rəyinə əsasən, məhkəmə qərar qəbul edir. Yəni ananın evdar qadın olması uşağın atanın himayəsinə verməsi üçün əsas deyil".

Aliment müəyyən edilərkən gender prinsipi nəzərə alınırmı?

"Aliment müəyyən edilərkən məhkəmə hər iki valideynin maddi durumunu nəzərə alır. Bu məqamda əsas məsələ uşağın mənafeyidir. Alimentin məbləği konkret hallardan asılı olaraq dəyişə bilər.

Himayədən məhrum olunmuş valideyn əgər işləyirsə, digər tərəfə bir uşağa görə aylıq gəlirinin 1/4-ni aliment şəklində ödəməlidir. Aliment ödəməli olan valideyn işləmədiyi təqdirdə, bu məbləğ məhkəmə tərəfindən yaşayış minimumu həddində müəyyənləşdirilir. Uşaqlar üçün yaşayış minimumunun məbləği 136 manat 60 qəpikdir. Gələn ildən isə bu məbləğin artırılaraq 154 manat olması gözlənilir.

Əgər ailədə iki və daha çox uşaq varsa və ailə dağılarkən onların bəziləri ata, digərləri ana ilə qalırsa, valideynlər aliment məsələsini öz aralarında həll edə bilərlər. Yəni xüsusi məhkəmə orqanlarına müraciət etməyə ehtiyac yoxdur. Əks təqdirdə, qeyd etdiyimiz kimi, tərəflər bir uşağa görə aylıq gəlirinin 1/4-ni aliment şəklində ödəməlidirlər".
Geri qayıt