DataLife Engine > Sosial > Heydər Əsədov İFAD-ın nümayəndələri ilə görüşüb

Heydər Əsədov İFAD-ın nümayəndələri ilə görüşüb


4-12-2017, 15:37. Yerləşdirdi: sefa Heydər Əsədov İFAD-ın nümayəndələri ilə görüşübBu gün Kənd Təsərrüfatı naziri Heydər Əsədov İFAD-ın (Kənd Təsərrüfatı və İnkişaf üzrə Beynəlxalq Fond) Azərbaycan üzrə proqram meneceri Tarek Kotb və Türkiyə üzrə proqram rəhbəri Abdelhamid Abdouli ilə görüşüb.

"Xalqinfo" xəbər verir ki, görüşün məqsədi Azərbaycan Hökumətinin İFAD-la birgə həyata keçirdiyi "Heyvandarlıq Sektorunda Məhsuldarlığın və Marketinqin Təkmilləşdirilməsi Proqramı"nın maliyyələşdirmə Sazişi ilə bağlı müzakirələrin aparılması olub.

Nazir Heydər Əsədov Azərbaycanın İFAD-la əməkdaşlığa yüksək qiymət verdiyini və bu nüfuzlu təşkilatla əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. İFAD-ın layihələrinin böyük əhəmiyyət daşıdığını və əsas məqsədinin əhatə etdiyi ərazilərdəki kənd əhalisinin yaşayış səviyyəsinin yaxsılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsindən ibarət olduğunu qeyd edib.

H. Əsədov "Heyvandarlıq Sektorunda Məhsuldarlığın və Marketinqin Təkmilləşdirilməsi Proqramı"nın ölkəmizdə bütövlükdə heyvandarlığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə, həmçinin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, yem bazasının yaradılmasına ciddi dəstək verəcəyini bildirib. Proqramın həyata keçirilməsi üçün ölkəmizdə böyük texniki bazanın və potensial imkanların olduğunu diqqətə çatdırıb. Layihənin uğurla həyata keçirilməsi üçün bu sahə üzrə peşəkar məsləhətçilərin cəlb edilməsini məqsədəuyğun hesab edib.

T. Kotb İFAD-la Azərbaycanın əməkdaşlığının 1997-ci ildən başlandığını və bu təşkilat tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin kənd təsərrüfatının inkişafına böyük dəstək verdiyini qeyd edib, "Heyvandarlıq Sektorunda Məhsuldarlığın və Marketinqin Təkmilləşdirilməsi Proqramı"nın uğurla həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə İqtisadiyyat, Maliyyə və Xarici İşlər nazirliklərinin nümayəndələri də iştirak edib.
Geri qayıt