DataLife Engine > Sosial > “Onlar "Heydər zirvəsi"nə qalxa bilməyib qayıtdılar”

“Onlar "Heydər zirvəsi"nə qalxa bilməyib qayıtdılar”


10-05-2017, 17:13. Yerləşdirdi: sefa “Onlar "Heydər zirvəsi"nə qalxa bilməyib qayıtdılar”
Mayın 7-si və 8-də “İrəli” İctimai Birliyinin sədri və katibliyi Şahdağdakı “Heydər zirvəsi”nə yürüş ediblər. Onlar 3571 metr məsafəni qət edib, Azərbaycan və “İrəli” İctimai Birliyinin bayrağını zirvədə dalğalandırıblar.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Modern.az-a yürüşlə bağlı təəssüratlarından, qarşılaşdıqları çətinliklərdən danışıb. O bildirib ki, yürüşdə yalnız “İrəli” komadası deyil, digər qurumlardan olan heyətlər də iştirak edib:

“Bildiyiniz kimi hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi yürüş həyata keçirilir. Biz “İrəli” İctimai Birliyi olaraq 2015 və 2016-cı illərdə də yürüş etmişik. Bu il də katibliklə birgə dörd komanda ilə bunu reallaşdırdıq. 3751 metrlik məsafəni qət etmək əslində çox çətin, şərəfli idi və eyni zamanda fiziki güc tələb edirdi. Ümumilikdə yürüşdə 40-a yaxın gənc var idi, yəni komadamızın 90 faizini gənclər təşkil edirdi. Gənclərin dağçılıqla, hava və ekstrim idman növləri ilə məşğul olması sevindirici haldır. Bu yürüş insanlara, ələxsus, gənclərə motivasiya verdi. Həm sağlam həyat tərzini, həm də dağçılıq kimi yeni idman növünün təbliğində rol oynadıq”.

“Komanda ruhu, əzmkarlıq...”

“Uzun məsafəni fəth etmək çətindir. Bunun üçün ilk növbədə yaxşı komanda olmağı bacarmaq lazımdır. Həmçinin əzmkarlıq önəmli xüsusiyyətlərdən biridir. Soyuğa tab gətirməyin, çadır şəraitində yaşamağın öhdəsindən gəlməlisən. Əlindəkiləri dostlarınla, ətrafınla bölüşməlisən. Düşünürəm ki, gənclər belə yürüşlərə ənənəvi olaraq qoşulmalıdır. Ən azı hava və ekstrim növü olan dağçılıqla məşğul olmalıdırlar.
Bu il yürüşümüz ulu öndər Heydər Əliyevin doğum gününə-94-cü ildönümünə təsadüf edib. Onun adına olan zirvəni fəth etmək gənclər üçün böyük şərəfdir. Həm də bu cür fəaliyyətlər gənclərdə vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə sadiqliyi gücləndirir”.

“Məqsədimiz bayraqlarımızı dalğalandırmaq idi”

“Biz zirvəyə qalxanda düşünürdük ki, hansısa yerdə fiziki çətinlik yarana və ya psixoloji sarsıntı ola bilər. Çünki hava göstəriciləri əlverişli deyildi, çovğun, qar nəticəsində yerlər buz idi. Hər an sürüşmə ehtimalı ola bilərdi. Amma bizi motivə edən əsas məsələ Heydər Əliyev zirvəsinə qalxmağımız oldu. Yürüş ənənəvi olmaqla yanaşı, eyni zamanda simvolik anlam daşıyırdı. Çünki qalxdığımız zirvə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu səbəbdən daşlı-qayalı yollara rəğmən, zirvəni fəth etdik. Məqsədimiz “İrəli” İctimai Birliyinin və Azərbaycanın şanlı bayrağını dalğalandırmaq idi. Biz buna nail ola bildik”.

“Onlar yürüşü yarı yolda qoymaq məcburiyyətində qaldılar”

M.Seyidovun sözlərinə görə, zirvənin fəthi yolunda beş nəfər geri qayıtmaq məcburiyyətində qalıb:

“Bizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşəkar bələdçiləri müşayiət edirdi. Yol boyu elə məsafələr var idi ki, ora çatanda insanların yuxarı qalxmaq gücü olmurdusa, həmin məsafədən bələdçi ilə geri dönürdülər. Biz o məsafəyə çatanda aramızda 5 nəfər qalxmaqda çətinlik çəkdi. Onların qan təzyiqi problemi də yarandı. Bu baxımdan yürüşü yarı yolda qoymaq məcburiyyətində qaldılar”.

“İrəli” İctimai Birliyinin sədri həmçinin gələcək planlardan da söz açıb:

“Azərbaycanda idmana olan marağı yüksək səviyyədə qarşılayırıq. Hər kəs yaxşı bilir ki, cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olandan etibarən idman sahəsi inkişaf edib. Buna görə də biz Bakı 2015, Bakı 2017, Formula 1 kimi idman yarışlarına ev sahibliyi edirik. Birliyimiz bu yaxınlarda Bakı 2017-yə dəstək məqsədilə “Gənclər kuboku” yarışı təşkil etdi. Yarış özündə on fərqli idman növünü əhatə edirdi. Məndə olan statistik göstəriciyə əsasən, 600-ə yaxın gənc bu yarışlarda təmsil olunub.

Eyni zamanda “İrəli” İctimai Birliyi hər il yay aylarında gənclər üçün ekoloji kamplar həyata keçirir. Bizim Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə çox yaxşı münasibətlərimiz var və əməkdaşlıq edirik. Onlar hər il keçirdiyimiz kamplarda 100-150 nəfərlik gəncin hamısına dağçılıq ənənəsini öyrədirlər. Gəncləri aşılan təpələr , qalxılan məsafələr barədə məlumatlandırırıq. Düşünürəm ki, təşkil etdiyimiz layihələr vasitəsilə gənclərin qazandığı dağçılıq ənənəsi sabah belə yürüşlərdə özünü biruzə verəcək”.
Geri qayıt