DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Milli Qəhrəmanın anası prezidentə nə yazıb?

Milli Qəhrəmanın anası prezidentə nə yazıb?


15-04-2017, 08:53. Yerləşdirdi: sefa Milli Qəhrəmanın anası prezidentə nə yazıb?
Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova ölkə başçısına məktub ünvanlayıb.

Xalqinfo.az saytının xəbərinə görə, məktubun mətni Azərbaycan prezidentinin rəsmi saytında yerləşdirilib.

Salatın Hümbətova bildirib ki, erməni millətçilərinin 1980-ci illərdə ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində ailəsi qərbi Azərbaycandan məcburi köçürülməyə məruz qalıb və Bakı şəhərinə pənah gətirərək Binəqədi rayonunda məskunlaşıb.

O yazıb ki, oğlu Fərhad Hümbətov erməni təcavüzkarlarının Dağlıq Qarabağda törətdiyi vəhşiliklərə dözməyərək könüllü surətdə Vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulub və 1992-ci ildə Xankəndi yaxınlığında qəhrəmancasına həlak olub.

“Döyüşlərdə göstərdiyi rəşadətə görə oğlum “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Binəqədi rayonundakı parklardan birində onun büstü qoyulmuş və həmin parka Fərhadın adı verilib”-deyə Salatın Hümbətova qeyd edib.

O vurğulayıb ki, hər il olduğu kimi, bu il də aprel ayının 1-i oğlunun vəfatının ildönümü ilə əlaqədar yüksək səviyyədə anım tədbiri keçirilib.

“Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri oğlumun abidəsini ziyarət etdi, məktəblilər Fərhada həsr olunmuş şeirlər səsləndirdi. Daha sonra dini adət-ənənələrimizə uyğun olaraq Heydər məscidində mərasim təşkil olundu.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə şəxsən öz adımdan və bütün şəhid ailələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə zəfər bayrağımızı Xankəndimizə sancacağıq”.

Fərhad Qənbər oğlu Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub.

O, 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə gedib, Şıx batalyonunun tərkibində Şuşa, Kosalar, Xankəndi və digər istiqamətlərdə rəşadətlə vuruşub. Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib.

1992-ci il martın 29-da Kosalar kəndində keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. Ona 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.
Geri qayıt