DataLife Engine > Sosial > Azərbaycanın balı, şərabı, narı bu ölkələrə satılacaq...

Azərbaycanın balı, şərabı, narı bu ölkələrə satılacaq...


12-04-2017, 22:41. Yerləşdirdi: sefa Azərbaycanın balı, şərabı, narı bu ölkələrə satılacaq...
Azərbaycan ixrac sərhədlərini yeni ölkələr hesabına artırmaq niyyətindədir. "Xalqinfo" xəbər verir ki, bunu Trend-ə və "Azernews"a açıqlamasında İqtisadiyyat Nazirliyindəki mənbə bildirib.

Nazirlik rəsmisi bildirib ki, son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət ixrac imkanlarımızın əhəmiyyətli dərəcədə artmasına, ixrac coğrafiyasının yeni bazarlar hesabına genişlənməsinə səbəb olub: "Yerli məhsullarımız artıq uzun zamandır ki, Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və digər MDB ölkələrinə ixrac olunur və biz bu bazarlarda spirtli və spirtsiz içkilər, meyvə-tərəvəz, fındıq, çay, konservləşdirilmiş məhsullar, pambıq, qida yağları, şəkər, duz və digər məhsullarla təmsil olunuruq".

Qurum rəsmisinin sözlərinə görə, bununla yanaşı, yeni ixrac strategiyasında Azərbaycanda istehsal olunan, lakin ixrac edilməyən yüksək keyfiyyətli məhsulları xarici bazarlara çıxarmaq, "Made in Azerbaijan" brendi altında təqdim olunan məhsul növlərinin çeşidini artırmaq və ixrac sərhədlərini yeni ölkələr hesabına artırmaq xüsusi vurğulanır: "Qərbİ Avropa, Uzaq Şərq ölkələri, Yaponiya, Çin, Afrika ölkələri, Körfəz ölkələri hədəf bazarlardır. Ölkə başçısının "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında 2016-cı il 5 oktyabr tarixli Fərmanına uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində artıq bu ölkələrdən bəzilərinə "Made in Azerbaijan" məhsullarının ixracına başlanılıb. Belə ki, Çinə ixrac missiyaları nəticəsində 500 min litr şərabın Çin bazarına, Dubaya ixrac missiyası zamanı ilk dəfə olaraq Azərbaycan balının Dubaya, Almaniyaya ixrac missiyası çərçivəsində nar şirəsinin Avropa bazarına, Əfqanıstana və Pakistana ixrac missiyaları zamanı meyvə şirələrinin bu ölkələrə, boru, polietilen məmulatlarının Pakistana ixracına dair razılıqlar əldə olunub. Həmçinin, Dubayda keçirilən "Gulfood 2017° və Almaniyada təşkil olunmuş "Prowein" sərgilərində şirkətlərimizin vahid ölkə stendi İlə iştirakı zamanı Azərbaycan fındığının İspaniyaya ixracı ilə bağlı sifariş qəbul edilib, meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, fındıq, ət, çay kimi yerli məhsulların körfəz ölkələrinə ixracına və bu regionda fəaliyyət göstərən marketlər şəbəkələrinə çıxışına dair danışıqlar aparılıb".

Qeyd edilib ki, ümumilikdə, fərmanın imzalanmasından keçən 7 ay müddətində 7 xarici ölkəyə ixrac missiyası təşkil olunub, "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində və "Prowein" Beynəlxalq Şərab Sərgisində vahid ölkə stendi ilə iştirak təmin edilib.
Geri qayıt