DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM > Prezident cəbhə bölgəsinə - Fotolar+Yenilənib

Prezident cəbhə bölgəsinə - Fotolar+Yenilənib


12-11-2016, 10:45. Yerləşdirdi: sefa Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonuna səfərə gedib.

Xalqİnfo.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib. Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib. Bildirilib ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib.

Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi. Sonda xatirə şəkli çəkdirildi.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib. Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

İlham Əliyev həmçinin Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib. Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Prezident cəbhə bölgəsinə  - Fotolar+Yenilənib
Geri qayıt