» » Prezident Müslüm Maqomayevin gəmisində oldu

Prezident Müslüm Maqomayevin gəmisində oldu

Bölmə: Sosial, BLOK XƏBƏR
Prezident Müslüm Maqomayevin gəmisində olduDekabrın 18-də SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.

Xalqinfo.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya iştirak ediblər.
Gəminin istismara verilməsinin bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsib.

Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Gəmidə yaradılan şəraitlə tanış olan prezidentə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirib ki, “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın “İncat-Tasmaniya” gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb, 11,486 mil məsafə qət edərək dekabrın 4-də Bakı limanına yan alıb.

Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb, burada onun müxtəlif fotoları yer alıb.

“Müslüm Maqomayev” gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.

Gəmi ilə tanışlıq zamanı SSRİ xalq artisti Tamara Sinyavskaya Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə prezident İlham Əliyevə təşəkkür edib.

Prezident İlham Əliyev Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışıb, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını deyib.

Tamara Sinyavskaya gəmini işə salan düyməni basıb.

Dövlət başçısının diqqətinə o da çatdırılıb ki, “Müslüm Maqomayev” gəmisinin istifadəsi xüsusi heyətin və yüklərin dənizdəki platformalara helikopterlər vasitəsilə daşınmasını minimuma endirəcək. Dənizçilik Təsnifat Cəmiyyətinin tələblərinə uyğun olaraq, gəmidə tam komfort sistemi təşkil olunub ki, bu da öz növbəsində hətta sərt hava şəraitində belə sərnişinlərin təyinat məntəqələrinə tez və rahat çatdırılmasına əlverişli imkan yaradır. Atmosfer çirklənmələrinin qarşısının alınması və ətraf mühitə zərərli təsirin azaldılması məqsədilə gəmidə müasir tələblərə cavab verən enerjiverici qurğulardan istifadə olunur.

Daha sonra prezident İ. Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, gəmi “Şah-Dəniz-2” layihəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Kaspian Marin Servisez” şirkətinin alyansı çərçivəsində istismar olunur. Gəminin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur. “Lənkəran” yedək-təchizat gəmisinin geniş texniki imkanları onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasına da imkan verir.

Sonra prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə söhbət edib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97 gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi alınıb.

Həmçinin bu ilin aprelində Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol oynayacaq.

Sonda prezident müvafiq tapşırıqlarını verib.
Prezident Müslüm Maqomayevin gəmisində oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler