» » Kirayə geyimlər xəstəlik mənbəyidir?

Kirayə geyimlər xəstəlik mənbəyidir?

Bölmə: Sosial
Kirayə geyimlər xəstəlik mənbəyidir?Uşaqlara ümumiyyətlə kirayə paltar geyindirmək məsləhət deyil
Məhərrəmlik ayının çıxmasına sanılı günlər qalır. Toylar mövsümü yaxınlaşır. Bu isə özlüyündə kirayə bazarının da canlanmasına gətirib çıxaracaq.

Kirayə bazarı dedikdə, ilk növbədə yada "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı mağazalar, ticarət mərkəzləri düşür. Bu ərazidəki mağazalarada böyüklü-kiçikli, kişili-qadınlı hamı üçün kirayə paltar tapmaq mümkündür.

Gəlinlik kirayəsi mağazalarından birinin satıcısı Nailə İbrahimovanın sözlərinə görə, əvvəllər ancaq gəlinlik və bəylik geyimləri kirayə verilirdi. "Amma indi kirayə geyim mağazalarında bəy və gəlin paltarları ilə yanaşı, uşaq, ziyafət geyimləri və müxtəlif kişi kostyumları, ayaqqabıları, aksessuarlar da kirayə verilir. Kirayə geyimlər 1-3 gün müddətinə verilir".

Qiymətlər isə müxtəlifdir. Belə ki, sadə kişi kostyumlarının kirayəsi 20 manatdan başlayır. Ən bahalı kirayə kostyum isə 300 manatdır. Bunu ən çox bəylər toy günü götürürlər. Satıcı deyir ki, paltarlar geriyə qaytarıldıqdan sonra kimyəvi təmizlənməyə aparılır. "Bəzən olur ki, paltarlar müştəridə cırılır, ləkə düşür və yararsız hala qalır. Biz o zaman müştəridən geyimin pulunu alırıq. Hər bir müştəri apardığı geyim üçün məsuliyyət daşımalıdır".

Geyimlərin kirayəsi mağazasında hər qiymətə qadın ziyafət paltarı tapmaq mümkündür. Burada 15 manatdan başlamış 200 manata qədər kirayə qiyməti olan paltarlar var. Satıcının dediyinə görə, 300 manata olan paltarın maya dəyərini 1 aya çıxarmaq mümkündür. Geyim zədələnməyibsə, səliqə ilə geyinilibsə, o paltarı daha çox kirayə vermək olur. Geyim köhnəldikcə isə qiymət ucuzlaşır.

Bu ərazidə uşaq geyimləri də kirayə verilir. 3 yaşından 16 yaşına kimi uşaqlar üçün milli geyimlər, kostyumlar, heyvan formalı geyimlər kirayə verilir. Qiymətlər isə geyimə görə dəyişir. Məsələn, heyvan formalı geyimlər 20 manata, milli geyimlər 15-20 manata, bəzi kostyumlar isə 10 manata kirayə verirlir.

Mağazada qiyməti baha olan isə gəlinlik geyimləridir ki, bu paltarların qiyməti 30 manatdan başlayıb 500 manata qədər yüksəlir. Satıcı deyir ki, 500 manata kirayə verilən paltarın maya dəyəri 2000 manatdır. "Bu geyimlərin çoxunu xarici ölkələrdən gətiririk. Bəzən isə müştəri sifariş verir, gətiririk, bir dəfə toya geyəndən sonra bizdə satışa qoyur. Biz də alıb kirayə veririk".

Mağazaya gəlinlik üçün baxmağa gələn Sevil Əkbərova deyir ki, yanvarın 4-ü toyu olacaq. Müsahibimiz "məncə, ən təhlükəlisi elə gəlinliklərdir. Min adam geyir, min adamın əynindən çıxır. Allah bilir nə qədər xəstəlik yatır o geyimlərdə", - desə də, gəlinliyini kirayə götürəcəyini bildirir.

Çox zaman kirayə geyimlərin xəstəlik mənbəyi olduğu deyilir. Bəzi ekspertlər bu geyimlərin Çindən gətirildiyi, bəziləri isə ayrı-ayrı insanların geyindiyi üçün xəstəlik yayıcı olduğunu iddia edirlər. Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kirayə bazarı haqqında quruma şikayətlər daxil olur: "Bizə bu barədə şikayət edənlər çoxdur. Bacardıqca kömək etməyə çalışırıq. Amma təklif edərdim ki, gəlinlər və bəylər kirayə paltar almaqdansa, ucuz da olsa özlərinə yeni paltar alsınlar. Yüz adamın əynindən çıxan geyimlə toy etmək də düzgün deyil".

Onun dediyinə görə, digər tərəfdən, satıcılarla müştəri arasında heç bir müqavilə bağlanmır. Şərtlər şifahi olduğu üçün çox zaman zərəri müştəri çəkir.

Kirayə paltarların istifadəsi insanlarda göbələk, qotur, dəmrov və digər qorxulu dəri-zöhrəvi xəstəliklərə zəmin yaradır. Mütəxəssislər bildirirlər ki, kirayə verilən paltarlar bir dəfə istifadədən sonra dezinfeksiya edilməlidir. Ancaq çox zaman əlavə xərc olduğu üçün mağazalarda bu prosedura əməl olunmur. Dermatoloq Ramil Qocayevin bildirdiyinə görə, bəzi dermatoloji xəstəliklər var ki, onlar təmas yolu ilə yoluxur. Natəmiz, geyinilmiş gəlinliklər qoturluq, dəmrov kimi xəstəliklərə səbəb olur. "Bəzi zöhrəvi xəstəliklər var ki, kirayə geyimlər vasitəsilə yoluxmaq mümkündür. Məsələn, əgər bədəninizdə açıq sızanaq varsa, geyindiyiniz natəmiz kirayə geyimdən sizə yaranız vasitəsiə mikrob düşə bilər. Bu, qana qarışa bilər və daha ağır fəsadlar törədər".

Müsahibimiz bildirir ki, ümumiyyətlə 5 yaşına qədər uşaqlara kirayə geyimlər geyindirmək olmaz. Çünki bu dövrə qədər onların immun sistemi çox zəif olur və anında istənilən xəstəliyə yoluxma ehtimalı olur. Buna görə də uşaqlara öz paltarlarını geyindirmək daha məqsədəuyğundur.

Kirayə geyim bazarı satıcılar üçün gəlirli sahə, müştərilər üçün isə xəstəlik mənbəyidir. İnsanlar bunu başa düşsələr də, çox zaman kirayə geyinmək məcburiyyətində qalırlar. Yəni çox zaman gözəllik sağlığa üstün gəlir.

ekspress.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler