» » Ailə Məcəlləsində dəyişikliklər edildi

Ailə Məcəlləsində dəyişikliklər edildi

Bölmə: Sosial
Ailə Məcəlləsində dəyişikliklər edildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman verib.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.5-ci maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydasını və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci və 13.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Məcəllənin 13.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanları dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur".

X X X

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1-ci maddədə “şəxslərin” sözündən sonra “, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə,” sözləri əlavə olunsun.

2. 11.1-ci maddədə “razılığı” sözündən sonra “, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi” sözləri əlavə olunsun.

3. Məcəlləyə aşağıdakı məzmunda 12.0.3-1-ci maddə əlavə edilsin:

“12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;”.

4. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi

13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.

13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.

13.4. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.

13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.”.

5. 25-ci və 26.1.8-ci maddələrdə “13.3-cü” sözləri “13.7-ci” sözləri ilə əvəz edilsin.

6. 171-ci maddənin mətni 171.1-ci maddə hesab olunsun və Məcəlləyə aşağıdakı məzmunda 171.2-ci maddə əlavə edilsin:

“171.2. Nikaha daxil olmaq barədə ərizəyə, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə olunur.”.

Maddə 2. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler