Deputat: "Bunu Azərbaycanda 10 adam bilirsə, onun biri mənəm"

Bölmə: Sosial
Deputat:modern.az saytı “Siyasilərin elmi fəaliyyəti” rubrikasını davam etdirir. Rubrika çərçivəsində bu dəfə barəsində danışılacaq şəxs Milli Məclisin üzvü, hüquq elmləri namizədi Siyavuş Novruzovdur
S.Novruzov bildirib ki, idmanla mütəmadi məşğul olması və gəncliyinin idmanla bağlılığı səbəbindən bəzi jurnalistlər onu Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu hesab edir. Amma əslində, elə deyil. S.Novruzov sərbəst güləş üzrə keçmiş SSRİ çempionu olsa da, idman institutunu deyil, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçib. Dediyinə görə, əgər hüquqda oxumasaymış, seçəcəyi sahə ədəbiyyat olacaqdı. Ədəbiyyatı çox sevən S.Novruzov həm dünya, həm də Azərbaycan ədəbiyyatından zəngin mütaliəyə malikdir.

Deputat modern.az-a müsahibəsində öz elmi fəaliyyəti haqqında bunları danışıb:

“Mən hüquq sahəsində müdafiə etmişəm. Dissertasiya işim seçki texnologiyaları ilə bağlı olub. Müdafiə etdiyim mövzu “Seçki kampaniyasının planlaşdırılması və idarə olunmasının hüquqi əsasları” olub. Azərbaycanda bu sahə üzrə mənə qədər müdafiə edən olmamışdı. Uzun müddət Amerikanın müxtəlif institutları ilə seçkiləri müşahidə etmişəm. 1995-ci ildən Şərqi Avropa ölkələrinin çoxunun seçki kampaniyasında iştirak etmişəm. İki dəfə Amerikada olmuşam bu məsələ ilə bağlı. Seçki Məcəlləmizdə nəzəri və praktiki cəhətlər var. Təvazökarlıqdan uzaq olsa da, Seçki Məcəlləsini Azərbaycanda 10 adam bilirsə, onun biri də mənəm".

Millət vəkilinin verdiyi müsahibəsində elmi islahatlarla bağlı irəli sürdüyü təkliflər çoxları tərəfindən maraqla qarşılanıb:

“Elm hər bir ölkənin göstəricisidir. İstər iqtisadiyyatın inkişafında, istərsə də sosial problemlərin həllində, bütün məsələlərdə ən sonda buna gəlib çıxılır. Elm də, təhsil də həmişə öndə olmalıdır. Azərbaycan elmi müxtəlif dövrlərdə öndə gedib və kifayət qədər elm xadimlərimiz olub. İlk dəfə neftin xüsusi növünü Elmlər Akademiyasının prezidenti mərhum Yusif Məmmədəliyev kəşf edib. Hərbi təyyarələrin, uçuş vasitələrinin benzinlə təmin olunması da onun adı ilə bağlıdır. Akademiyanın digər prezidenti Həsən Abdullayev fizika sahəsindəki kəşflərinə görə dünyada səs salıb. Akademiya rəhbərliyində olanlar zaman-zaman elmin inkişafında böyük xidmətlər göstərib. Elmlər Akademiyasının indiki prezidenti Akif Əlizadə haqqında da bunu deyə bilərik. İşgüzarlıq yaşdan asılı deyil.

Amma təbii ki, yaşın da öz rolu var. Akademiyada elm sahəsində ciddi islahatlar gedib. Mən hesab edirəm ki, bir az da bizim fərqli yanaşma mexanizmimiz olmalıdır. Büdcə müzakirələrində bu məsələ də öz əksini tapdı. Bu sahədə 2 yanaşma var: birinci ondan ibarətdir ki, akademiya sistemindən uzaqlaşmamalıyıq. Amma bu o demək deyil ki, elm adamı gəlsin işləsin, özünə bir dissertasiya yazsın. Öz işini bitmiş saysın. Bunun xalq üçün nə xeyri var?! Elm xalq, millət üçün lazımdır. Bununla yanaşı, elm müəyyən qədər gəlir gətirə də bilər. Kimsə gedib Azərbaycanın hər hansı bölgəsinin tarixini yazıb qrant ala bilər. Bu yaxınlarda İrəvan, Naxçıvan tarixi ilə bağlı dövlət sifarişi əsasında belə işlər görüldü.

Dəqiq elm sahələrinin isə özü gəlir gətirməlidir. Bizdə əsasən neft, kimya sənayesi pioritetdir, amma başqa infrastukturlar da var. İstər ekologiya, istər informasiya texnologiyaları ilə bağlı, istərsə də neft-kimya ilə bağlı layihələr hazırlanmalıdır.

Bu sahənin alimləri ancaq dövlətin büdcəsinə baxmamalıdırlar. Keçən il Xəzərdə qaz çıxan buruğun birində yanğın baş verdi. Bu yanğını söndürmək üçün Amerikadan mütəxəssis gəldi.

Əgər alimlər görürsə ki, belə bir təhlükə var, o təhlükənin qarşısını almaq üçün dövlət şirkətinə onun həlli ilə bağlı iş planı verməlidirlər. “Ebola” virusu gəlir. Biz gözləməliyik ki, hansısa ölkədən mütəxəssis gəlib məsələni həll etsin?!

Hazırda müharibə vəziyyətindəyik. Kim təminat verə bilər ki, müharibə başlamayacaq, ermənilər kimyəvi silahdan istifadə etməyəcək. Alimlərimiz bunun qarşısını almaq üçün düşünməlidirlər. Bunun qarşısının alınması üçün elmin köməyinə ehtiyac var. Amerika ordusu 3 sahə üzərində qurulub: hava qoşunları, dəniz və quru qoşunları. Hava qoşunlarına raket sistemi də daxildir. Dördüncü sahə olaraq informasiya-kommunikasiya sistemi növü də yaradılıb. Amma o əhəmiyyətinə görə dördüncü yox, birinci yerdə gedir.

Silahlar texnologiya ilə işləyir. Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?! Hesab edirəm ki, burda da qruplaşma lazımdır. Azərbaycan kimi kiçik bir ölkədə kifayət edər ki, müəyyən institutlar birləşsin, yeniləri yaradılsın. Çünki biz geriyə yox, irəliyə baxmalıyıq. Keçmişdə biz sovet hökumətinin bir hissəsi idik. İndi müstəqilik.

Baxın, Azərbaycanda Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Etnoqrafiya və Arxeologiya İnstitutu, Əlyazmalar İnstitutu fəaliyyət göstərir. Bunların hamısı tarix elminin qollarıdır. Biri qazır çıxarır, biri tarixini araşdırır, o biri başqa bir tərəfdən araşdırır. Axı bunun hamısı eyni şeydir!

Burada söhbət ondan getmir ki, elmi instituta kim rəhbərlik edir. Təklif verəndə bəzən yanlış anlanılır. Söhbət sistemin fəaliyyətindən və işlək müxanizmdən gedir. Əsas məqsəd odur ki, həm işçi yaxşı işləsin, yaxşı əmək haqqı alsın, həm də dövlət sifarişləri olsun, həm də elmimiz inkişaf etsin. Bu cür mexanizm işlədikdən sora heç kim dövlət işinə getməyəcək.

Hamı elm arxasınca gedəcək. Alimlər, ziyalılar dövlət işi olan kimi elmi bir kənara qoyub dövlət işində işləyirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler