» » İnternetin ailələrin dağılmasında rolu -

İnternetin ailələrin dağılmasında rolu - Komitədən AÇIQLAMA

Bölmə: Sosial
İnternetin ailələrin dağılmasında rolu -






Azərbaycanda son 5-6 ilin statistikasında nikah və boşanmaların sayında boşanmalar artım dinamikası ilə izlənilir. Məsələn, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyiinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Keçən il isə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.
Son illərdə, eləcə də ötən il Azərbaycanda baş verən boşanmalara yol açan əsas amillərlə bağlı Lent.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bir sıra məqamlara toxunub.



Onun sözlərinə görə, boşananların sayında artımın olması onu göstərir ki, ailələrin dağılmasına təsir edən amillər var və onlarla bağlı hərtərəfli araşdırmaların aparılmasına zərurət yaranır.

Ailələrin dağılmasında daxili və xarici amillər nəzərə alınmalıdır
A.Veysəlova bildirib ki, bu gün ailələrin dağılmasında həm xarici, həm daxili təsirlər nəzərə alınmalı, müqayisələr aparılmalıdır: “Gəlin görək, bu gün cəmiyyətimizdə ailənin sosial institut kimi rolu nədən ibarətdir? Ailə cəmiyyətin özəyidir, dövlət içərisində kiçik dövlətdir, - deyirik. Bu baxımdan şəxsiyyət və cəmiyyət üçün əhəmiyyətli bir dəyərdir. Bu gün bir qrup alim dünyada ailəyə olan təlabatın azalmaqda olduğunu iddia edir. Onların fikrincə, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarından birinə çevrilməkdədir. Amma digər tədqiqatçılar da sübut edirlər ki, müasir insan üçün, uşaqların, evin maddi rifah halının, asudə vaxtın keçirilməsi və digər mənəvi dəyərlərin yaşanması üçün ailənin əhəmiyyəti artmaqdadır. Yəni, iki müxtəlif tendensiyanın üzərində dayanmışıq. Bu gün dünyada ailə institutunun qorunması istiqamətində müxtəlif forumlar, tədbirlər keçirilir. Bu, onu göstərir ki, dünyada ailə institutuna, ailəyə olan təhditlərin narahatlıqla qarşılanması məsələsi var”.
Bu gün ailələr üçün hansı risqlər var?
A.Veysəlova bu gün dünyada ailələrin dağılması üçün mövcud olan risqlərdən bəhs edib: “Dünyada dayanmadan baş verən hərbi münaqişələr, iqtisadi böhranlar demoqrafik disbalans, terrorizm, ekstrizm faktları ailədaxili münasibətlərə təsir edir. Ailənin deqradasiyası, mənəvi-əxlaqi dəyərlərin aşınması məsələsi gündəmə çıxır. Son 53-54 ildə dünya əhalisinin hər min nəfərinə düşən nikahlar iki dəfə aşağı düşüb, boşanmalar isə iki dəfə artıb. Bu gün dünyada ailədaxili münasibətlər böhran keçirir. Hətta ən inkişaf etmiş ölkələrdə, məsələn, İsveçdə nikahların 47 faizi, Çexiyada 66, ABŞ-da 53 faizi, Rusiyada bağlanan nikahların 51 faizi boşanma ilə bitir. Bu siyahını uzada da bilərik. Bütün bunlar onu göstərir ki, bu gün nikahların uğursuzluğu tendensiyası artıq qlobal bir səviyyəyə keçib”.
Azərbaycanda ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərə gəlincə, həmsöhbətimiz araşdırmaların nəticəsi kimi tərəflər arasındakı sosial-psixoloji uyğunsuzluğu önə çəkib: “Eyni zamanda, sosial və mənəvi məsuliyyət hissinin aşağı olması, tərəflərdən birinin zərərli vərdişlərinin olması, mədəni-dini dəyərlərin uyğun gəlməməsi kimi amillər ailədaxili münasibətlərdə hər zaman mübahisəli situasiyalar yaradır. Bu konfliktlər vaxtında və düzgün həll olunmayanda onlar daha da dərinləşir və boşanmaya gətirib çıxarır.
Boşanmanın səbəblərini araşdıranda görürsən ki, çox sadə bir səbəbdən ayrılan cütlüklər var. Sadəcə, onların arasında yaxşı vasitəçi, hər iki tərəfi dinləyən, onlara düzgün istiqamət verən, barışdırıcı mövqe tutan bir insan olmadığına görə sadə bir mübahisə dərin bir konfliktə çevrilib və artıq birgəyaşayışın mümkünsüzlüyü yaranıb”.
A.Veysəlova qeyd edib ki, bu gün ölkə miqyasında Azərbaycanda boşanmalarda artım var. Amma başqa ölkələrlə müqayisədə bu göstərici kifayət qədər aşağıdır: “Bununla biz özümüzə təsəlli verə bilmərik. "Azərbaycan ailəsində boşanmaların sayını azaltmaq üçün nələri edə bilərik" deyə düşünməliyik".
Onun dediyinə görə, ailə institutunun qorunub saxlanması sahəsində qanunvericilk mövcuddur və hər dəfə təkmilləşdirmələr aparılır. Bu günlərdə Milli Məclisdə də ailənin möhkəmləndirilməsində qanunvericiliyin rolu adı altında müzakirələrin aparıldığını xatırladan Aynur Veysəlova bildirib ki, Komitənin sədri Hicran Hüseynova da bir sıra vacib təkliflər irəli sürüb: "Bu məsələ daim dövlətin, hökümətin diqqətindədir. “Azərbaycan ailəsi strategiyası”nın hazırlanması və qəbulu istiqamətində müəyyən işlər aparılır bu sənədin hazırlanması ailələrin uzunömürlü olmasına təsir göstərə biləcək tendensiyalara qarşı mübarizə aparmış olacaq. Yəni, ölkədə bu sahədə vacib işlər görülür. Qanunların, dövlət proqramlarının qəbulu işin bir tərəfidirsə, digər tərəfi həmin sənədlərdən çıxış edərək əhalinin maaarifləndirilməsi məsələsidir. İnsan hüququnu, imtiyazlarını biləndə özünə daha inamlı, güvənli olur, ailədə və cəmiyyətdə özünü təsdiq etməyi bacarır”.
Ailələrin dağılmasının qarşısını almaq üçün Komitə tərəfindən bir sıra layihələrin həyata keçirildiyini deyən qurum rəsmisi, əsas istiqamətlərdən birinin ailədaxili münasibətlərin düzgün formalaşmasına kömək etmək məqsədi olduğunu deyib. Bu amilin çox vacib olduğunu deyən A.Veysəlova apardıqları araşdırmalar nəticəsində boşanmaların səbəbi kimi birinci yerdə dayanan xasiyyətlərin uyğun gəlməməsi məsələsinə aydınlıq gətirib: “Əlbəttə ki, bu, ümumi səbəbdir. Bu səbəbin özünü araşdıranda görürsən ki, nikaha girən cütlüklərin ailə haqqında təsəvvürləri, ailə qurmaqda məqsədlərinin nədən ibarət olması, məsuliyyət hissi haqqında fikirləri yoxdur. Belə bir ailədə hansısa düzgün münasibətlərdən, qarşılıqlı hörmətdən, güzəştdən, anlaşmadan söhbət gedə bilməz. Hər zaman problemlər olacaq. Ona görə də ailədaxili münasibətlərin düzgün formalaşdırılması çox vacib məsələlərdən biridir. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması çox vacibdir. Boşanma səbəbi kimi bunlar da ortaya çıxır. Xüsusilə sonsuzluq problemi. Zərərli vərdişlərə aludəçiliyin fəsadları, informasiya kommunikasiya texnologiyalarının təsiri olur. İKT-nin bütövlükdə müsbət tərəfləri çoxdur, lakin hər bir yenilik pozitiv tərəfləri ilə yanaşı, neqativlik də yaradır. Bu neqativ təsirlər də ailələrə öz təsirini göstərir”.
A.Veysəlova gələcək ailənin möhkəmliyi üçün yeni nəslin düzgün tərbiyəsinin önəmini vurğulayıb: “Hər şey ailədə düzgün tərbiyənin aparılmasından başlayır. Uşağın şəxsiyyət kimi düzgün yetişdirilməsi, ona doğru qiymətin verilməsi və s. Məsələn, apardığımız təhlillər göstərdi ki, uşaqlıqda ata-analarına qarşı kobud rəftar edənlər bu davranış modelini özünün qurduğu ailəsinə tətbiq edir. Uşaqlar nəyi görürlərsə, onu öz beynlərinə həkk edirlər. Bu baxımdan valideynlər bu məsələyə ciddi yanaşmalıdır. Uşaqlar bizim güzgümüzdür. Bu məsələ ilə bağlı da ciddi maarifləndimə işi aparırıq".
Veysəlovanın sözlərinə görə, ailədə problemlərin yaranmasına təsir edən amillərdən biri də dini konteksdə yanaşmaların, məlumatların çox səthi olmasıdır. İnsanlarımızın bir çoxunda İslam dini qayda-qanunları haqqında məlumatlar düzgün deyil, səthidir.
"Komitə bütün bu problemlərə qarşı tədbirlər həyata keçirməyə çalışır. İnsanlarla işləmək asan deyil. Hər birinin həyata baxışı fərdidir. Elə insan var ki, onların hər bir görüşdən sonra həyata baxışları dəyişə bilir, özünə nəzarət, tənqidi yanaşma bacarıqları yaranır. Amma eləsi var ki, dəyişiklik əldə etmək üçün uzun müddət çalışmaq lazımdır. Ona görə nəticə özünü qısa vaxtda göstərməyə bilir. Bu o demək deyil ki, biz dayanmalıyıq.
Komitənin 11 regional mərkəzi var bu mərkəzlərdə xüsusi sosial işçilər, sosial psixoloqlar çalışır. Onlar problemi olan ailələrlə iş aparırlar. Evlərə də səfərlər olur və problemlərini danışaraq həll etdikləri ailələri nəzarətdə saxlayırlar. Çox sayda müsbət nəticələrimiz var. Hansı ki boşanmaq ərəfəsində olublar, indi mehriban bir ailədirlər. Onlarla belə ailələrimiz var ki, problemlərinin aradan qaldırlması üçün işlər görmüşük və indi mehriban ailə kimi yaşayırlar. Hətta onlar problemi olan digər ailələrə doğru yolu göstərirlər. Bizim uğurumuz ondan ibarətdir ki, bu ailələr digər ailələrə kömək etməyə cəhd edir, nümunə olmağa çalışarlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler