» » “Cəmiyyətimiz fanatik dindarların nəzarətindən qopmasaydı, hansı faciələrlə üzləşərdik?..”

“Cəmiyyətimiz fanatik dindarların nəzarətindən qopmasaydı, hansı faciələrlə üzləşərdik?..”

Bölmə: Sosial
“Cəmiyyətimiz fanatik dindarların nəzarətindən qopmasaydı, hansı faciələrlə üzləşərdik?..”
Moderator.az redaksiyasına tarix elmləri doktoru Nəsiman Yaqublunun deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya açıq məktub ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Fazil bəy!

Bu açıq məktubu yazmaqda məqsədim bəzi fikirlərimi Sizinlə bölüşməkdir.

Əslində neçə müddətdir ki, yazılarınıza, fikirlərinizə, cəmiyyət həyatında baş verənlərə müdaxilə cəhdlərinizə diqqət etdikdən sonra bu qeydlərimi Sizə çatdırmaq qərarına gəldim.

Hörmətli Fazil bəy! Cəmiyyət həyatının yeniləşməsi uğrunda fəal mübarizə mərhələsi XIX əsrin əvvəllərindən başlandı. Bu sahədə M.F.Axundovun fəaliyyəti inkaredilməzdir. Azərbaycan ədəbi və mədəni düşüncə tərzinə böyük yeniliklər gətirən M.F.Axundov cəmiyyətin inkişafında böyük rol oynadı. Cəhalət və gerilik içərisində əzab çəkən Azərbaycan cəmiyyətinin yeni dəyərlərə sahib olmasında onun xidmətləri əvəzsizdir. M.F.Axundov bu fəaliyyətini Tiflisdə − bir tərəfdə xristian dininin, digər tərəfdə isə müsəlman dininin mövcud olduğu cəmiyyətdə aparırdı. Bu vəziyyətdə belə ona radikal dindarların necə amansız münasibət göstərməsi çoxlarına məlumdur.

Bütün həyatını millətin tərəqqisinə həsr etmiş, Azərbaycanda ilk mətbuatın əsasını qoymuş, ömrünün sonunda maddi ehtiyac içərisində dünyasını dəyişən H.Zərdabinin dəfn mərasimində (1907-ci il, 30 noyabr) böyük mütəfəkkir Əhməd Ağaoğlu bu təsirli sözləri söyləmişdi: “Ey ali ruh, bu gün bizləri tərk edib, ulu babalarımızın yanına gedirsən. Orada onlara söylə ki, özünüzdən sonra bizlərə nə qoyub getmisiniz? Hara baxırıq gerilik, hara baxırıq cəhalət, hara baxırıq avamlıq... Belə irsi bizə qoyub getməkdənsə, heç bizi dünyaya gətirməməyiniz məsləhət idi”.

Ə.Ağaoğlu böyük şəxsiyyət idi və mövcud Azərbaycan mühitini cəhalətdən xilasına çalışırdı. Fransada Sorbonna Universitetini bitirib Bakıya qayıdan Ə.Ağaoğlu liberal dünyagörüşünə malik olsa da, qisasçı bir təşkilat olan “Difai” yaratdı. “Difai” millətin xilasında, erməni soyqırımının qarşısının alınmasında təsirli rol oynadı. Bunun müqabilində 1908-ci ildə indiki Filarmoniyanın yaxınlığında cəhalət adamları (buraya fanatik dindarlar və qoçular da daxil idi) Ə.Ağaoğluya hücum çəkib, ona ciddi xəsarət yetirdilər. Sonradan ona təzyiqlər göstərib yaşadığı evdən çıxmağa belə imkan vermirdilər.

Ancaq Ə.Ağaoğlunun millətin oyanış və inkişafında göstərdiyi xidmətlərin az bir qismini belə həmin dindarlar və qoçular etməmişdi.

Eyni taleyi başqa formada M.Ə.Rəsulzadə yaşamışdı. O, cəmiyyət həyatını yeniləşdirmək cəhdlərinə qarşı çıxanlara, “bu yoldan çəkil kənara” deyənlərə belə cavab ünvanlamışdı:

Çəkilməm, ey hərifan mən,
Bu meydani şücaətdən.
Bütün dünya mənə derkən
Çəkil bir yana sakitləş.

Bu müqəddəs və şərəfli, lakin çətin yolda seçilən ziyalılarımız geri çəkilmədi və millətin tərəqqisinə böyük töhfələr verdi. Millətin dini şüurunun azadlığa, istiqlala aparan yol olmadığını başa düşdülər və bu sahədə önəmli xidmətlər göstərdilər.

Yenə bir fakta diqqətinizi çəkirəm. Müqəddəs Quran kitabını 1912-ci ildə tanınmış ziyalı və din xadimi Hacı Kərim ağa Azərbaycan dilinə tərcümə etmişdi. Həmin o cəhalət adamları onun evini yandırmışdılar. Ona görə yox ki, dini müdafiə edirdilər. Xeyr, onların başqa məqsədi var idi. Bu cahillər dindən qazanc məqsədi üçün istifadə edir və toxunulmaz sayır, özlərinin “savadlılıqları” ilə insanları aldadır, “dualar” yazır, beləcə rahat dolanışıq əldə edirdilər.

Xatırlayırsınızsa, 5-10 il öncə nəzir qutularına nəzarət edilməsi ilə bağlı Dini İşlər üzrə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ziddiyyətlər yaranmışdı. Bu, İslam dininə sevgi-məhəbbətdən irəli gəlmirdi. Bu mübahisə həmin nəzir qutularına yığılan vəsaitin kimin nəzarətində olması ilə izah olunurdu.

Bəli, Fazil bəy, cəmiyyətimiz bu fanatik dindarların nəzarətindən qopmasa idi, indi hansı faciələrlə üzləşərdik?

Elə həyatımızın digər sahələrində də bu eybəcərliklər var. Mədəni, siyasi, iqtisadi həyatımızdakı geriliklər, insanların yeniləşə bilməməsi, konkret fakta, elmi təhlilə yox, öz güman və düşüncələrinə əsaslanıb fəaliyyət göstərmələri yaşadığımız həyatın inkişafına mane olur: köhnələr yeniləşə bilmir, yenilər səlahiyyətsiz qalır. Siyasi insanlarımızın çoxu “qaragüruh” düşüncədən ayrılmaq istəmir, 1988-1992-ci illər ərzindəki davranış və yanaşmalarını 2018-ci ildə də cəmiyyətə təqdim edirlər. Bizim bir ideoloji yolumuz var - o da 1918-ci ildə ilk Cümhuriyyətimizi yaratmış böyük ideoloq M.Ə.Rəsulzadənin və silahdaşlarının müəyyənləşdirdiyi yoldur. Bu yolun əsas ideoloqu olan M.Ə.Rəsulzadə həmin ideolojini əsaslandırmaq üçün 20-30 cildlik əsərlər yazıb ortalığa qoyub. Və o, bu gün 100 illiyini qeyd etdiyimiz, böyük uzaqgörənliklə o taylı, bu taylı Azərbaycan ideyasını ehtiva edən demokratik Azərbaycan Cümhuriyyətini yaradıb, yəni bizə zəngin bir dövlətçilik irsi qoyub gedib. Yüz ildir ki, biz bu sistemdən irəli bir addım da ata bilməmişik. Çünki Azərbaycan dövlətçiliyinin mövcudluğu bu ideoloji sistemlə bağlıdır. Bu yol M.Ə.Rəsulzadə və onun silahdaşlarının yoludur. İndi bu yolu Rəsulzadə-Elçibəy yolu adlandıranlar yanılmırmı?Axı Elçibəy də etiraf edirdi ki, bizim bir yolumuz var, o da Rəsulzadə yoludur. İndi bu fikri irəlidə gedən siyasilərə belə anlatmaq olmur, Fazil bəy! Hər bir xalqda bir ideoloji lider var və bizdə də M.Ə.Rəsulzadədir. Yəni həyatımızın hər sahəsində problemlər var. Biz nədənsə ümumi barışığa gələ bilmirik və bu da ciddi problemlər yaradır. Bu, əslində böyük fəlakətdir...

Bu gün Azərbaycan cəmiyyəti böyük problemlər içərisindədir. Və biz gələcək nəslə ağrılı, getdikcə həlli mümkün olmayan problemlər qoyub gedirik. Ən əsası doğma Qarabağımızı 26 ildən çoxdur düşmən işğalında qoymuşuq. Şuşa yox, Laçın yox, Kəlbəcər yox, Ağdam yox, Zəngilan yox, biz isə(iqtidarlı-müxalifətli) ulu öndər və milli lider şüarlarına bürünmüşük. Bunu gələcək nəsillər bizə bağışlamayacaq. Bu proseslərdə ciddi xətalar etmiş, hazırlığı olmadan millətin önünə çıxıb “liderlik, ululuq, böyüklük” iddiasını irəli sürmüş, sonda yeni idarəçilik sistemi yaratmadan torpaqların işğalının qarşısını ala bilməyən, hakimiyyətin yenidən neobolşevizm rejiminə ötürülməsində birbaşa rol oynamış insanları tarix də bağışlamacaq. Bizim milli-azadlıq hərəkatının 1988-1992-ci illər dövrü, təəssüflər ki, belə səhvlərə kifayət qədər şərait yaratdı. Vətəni sevmək, millətə bağlılıq bir böyük duyğudur, onu idarə edib fəlakətlərdən qurtarmağı bacarmaq isə digər bir qabiliyyət sayılır.

Hörmətli Fazil bəy! Sizin son illərdəki fəaliyyətinizdə cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi istiqamətində olan cəhdləriniz təqdirəlayiqdir və bu bizdən əvvəlki nəslin başladığı böyük bir yolun uğurlu davamıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler