» » Azərbaycanlı alim Qarabağda qədim yaşayış yeri aşkar edib

Azərbaycanlı alim Qarabağda qədim yaşayış yeri aşkar edib

Bölmə: Sosial
Azərbaycanlı alim Qarabağda qədim yaşayış yeri aşkar edibAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alıməmmədov rəhbəri olduğu Qarabağ neolit-eneolit ekspedisiyasının əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri ilə yanaşı, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat işlərini aparıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, İsmayılbəytəpə neolit dövrü yaşayış yerində 2013-cü ildə qazıntılarına başlanılmış 15 saylı tikili qalığı bütünlüklə qazılaraq təmizlənıb.

Düzbuçaqlı plan quruluşuna malik olan tikili qalığı iki otaqdan ibarət olub, samansız çiy kərpiclə inşa edilib, divarların möhkəmliyi kontraforslar vasitəsilə təmin edilib. Otaqlar arasında havalandırmanı təmin etmək üçün xüsusi dəlik açılıb. Divarlar bünövrəsiz birbaşa xam torpağın üzərində inşa edilib. Döşəmələr isə oxra əlavə edilmiş samansız palçıqla suvanıb. Ən maraqlı tapıntılar isə böyük sapand daşlarıdır. Çəkisi 250-650 qr arasında dəyişən samansız çiy palçıqdan hazırlanmış bu sapand daşları ancaq İsmayılbəytəpə üçün xarakterikdir.

Qazıntılar zamanı C14 və paleonoloji analizlərin aparılması üçün hər bir təbəqədən nümunələr götürülüb. Bu artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün bir yenilikdir. Abidənin əlverişli yerləşmə vəziyyəti və tarixi-arxeoloji baxımdan unikallığı onun müzeyləşdirilməsi məsələsini aktual edir.

Arxeoloji kəşfiyyat işləri əsasən Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılıb. İlk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, nəticədə 30-dək müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Meşə ərazisində aparılmış kəşfiyyat işlərinin əsas maraqlı cəhəti ondan ibarətdir ki, bu abidələrin böyük əksəriyyəti neolit və eneolit dövrünə aiddirlər və onlar ilk dəfə olaraq qeydiyyata alınıb.

Bərdə rayonu ərazisində Xaçınçayın sol sahili və onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb. Bu abidələr də ilk dəfə olaraq qeydiyyata alınıb. Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxıb.

Ağcabədi rayonu ərazisində Sarıcalı və Hindarx kəndləri arasında olan 40 kv.km ərazidə aparılmış kəşfiyyat işləri nəticəsində 11 yeni neolit dövrünə aid yaşayış yeri qeydiyyata alınıb, ölçü işləri aparılaraq topoqrafiq planları hazırlanıb. Çöl-tədqiqat mövsümündə ekspedisiyanın topoqraf qrupu tərəfindən 115 neolit və eneolit dövrü yaşayış yerlərində ölçü işləri aparılmış, onların topoqrafiq planı və relyef görüntülərinin 3D formatı hazırlanıb. Neolit dövrü abidələri ilə yanaşı Qarabağın ən böyük kurqanı olan Sultanbud kurqanında da topoqrafiq-ölçü işləri aparılıb. Diametri 300 m-də çox olan kurqan hündürlüyü 14 m olan platforma üzərində inşa edilib. Platforma ilə birlikdə onun hündürlüyü 33 m-dir.

AMEA Rəyasət Heyətinin tarixli qərarına əsasən “Qarabağın arxeoloji abidələr toplusu”nun I cildinin tərtibi artıq başa çatmaq üzrədir. Bu kitabda “Qarabağ neolit-eneolit ekspedisiyası”nın 2010 - 2013-cü ildə apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyata alınaraq xəritələşdirilmiş 100 neolit və eneolit dövrü abidəsi haqqında məlumat verilib. Belə ki, topluda hər bir abidənin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təsnifatı, onların fotoları, topoqrafiq planları, relyef görüntülərinin 3D formatı və onlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin foto və qrafiq illustrasiyaları veriləcək. Bunlardan əlavə olaraq topluya 1:50 000 miqyasında tərtib edilmiş “Qarabağın arxeoloji abidələri xəritəsi” də əlavə olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler