» » Azərbaycan səhiyyəsi ilə bağlı ittihamlara sərt cavab - Video

Azərbaycan səhiyyəsi ilə bağlı ittihamlara sərt cavab - Video

Bölmə: Sosial
Azərbaycan səhiyyəsi ilə bağlı ittihamlara sərt cavab - VideoBu günlərdə sosial şəbəkələrdə yayımlanan “Azərbaycanda Səhiyyə yox səviyyəsindədir!” başlıqlı video böyük qalmaqala səbəb olub. Həmin videoda Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən “New Hospitals” xəstəxanasının direktoru Nika Okriaşvili tibbi marketinq və ölkəmizdən xəstə cəlb etmə “sirlərini” çıxış etdiyi auditoriya ilə paylaşıb.

Həmin videonu Sizlərə təqdim edirik.



Sözügedən videoda ölkəmizdə səhiyyənin acınacaqlı vəziyyətdə olması, əhaliyə dar spektrli tibbi xidmətlərin göstərilməsi, Gəncə şəhər avtovağzalında fəaliyyət göstərən taksi sürücülərinin Nika Okriaşvilinin əməkdaşları olduqlarını və bu şəkildə hər il Azərbaycandan 8.000 min xəstənin klinikasına cəlb olunduğu vurğulanır.

Xalqinfo.az xəbər verir ki, məsələ ilə bağlı Gəncədə fəaliyyət göstərən Gəncə Beynəlxalq Xəstəxanasının Baş direktoru Tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov öz münasibətini bildirib:

“Bu videonu izlədikdə mən və bir çox həmkarım böyük məyusluq hissi yaşadıq. Qonşu ölkədəki özəl tibb müəssisəsinin direktorunun bu sözləri bizi çox təəccübləndirdi. Amma mən bunun Nika Okriaşvilinin ölkəmizdəki səhiyyənin vəziyyəti haqqında yanlış məlumatlara sahib olması ilə bağlı olduğunu düşünürəm. Ölkəmizdə səhiyyə hər zaman cənab prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı altında olub. Regionlarda yeni xəstəxanaların istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz olunması, kadrların təkmilləşməsi üçün aparılan işlər bunun bariz nümunəsidir. Çünki səhiyyənin son standartlara cavab verməsi xalqımızın sağlamlığının, rifahının və gələcəyinin təminatçısıdır. Öncəliklə bu videoda söylənənlər ilə bağlı bir neçə nöqtəyə toxunmaq istərdim. Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən 01.01.2017 tarixinə olan məlumata əsasən, Gəncə şəhərinin əhalisi 1 milyona yaxın yox, 331.400 nəfərdir. Ölkəmizdəki səhiyyənin vəziyyəti ilə bağlı sözlərinə gəldikdə isə bu barədə çox uzun danışmağa ehtiyac yoxdur. Sadəcə demək istərdim ki, bütün dünyadakı xəstəxanalar üçün qızıl standart sayılan Joint Commission International akkreditasiyasını Qafqazda ilk dəfə olaraq məhz Gəncə Beynəlxalq Xəstəxanası əldə edibr. Yəni bu ünvana ilk dəfə Gürcüstanda yerləşən hər hansı bir xəstəxananın deyil, məhz Azərbaycandakı xəstəxananın layiq görülməsi səhiyyəmizin inkişaf səviyyəsinin açıq aşkar sübutudur.



Xidmət spektrinə dair Nika Okriaşvilinin dediyi ifadələrlə bağlı demək istərdim ki, ölkəmizdə bütün növ tibbi müayinə və müalicələr müvəffəqiyyətlə aparılır. Xəstəxanamızda onkoloji və transplantoloji sahələr istisna olmaqla digər bütün sahələr üzrə xidmətlər təklif olunur. Bu xidmətlər xarici ölkələrdə təhsil almış və ixtisaslaşmış yüksək bilik və peşəkarlığa sahib 50-dən çox yerli və əcnəbi professor, dosent və mütəxəssis həkim heyəti tərəfindən 7 gün 24 saat ərzində göstərilir.

Ölkəmizdən müalicə üçün Gürcüstana üz tutan xəstə sayı ilə bağlı dəqiq məlumatım yoxdur. Doğrudur, əvvəllər Gürcü dilində epikriz və analiz nəticəsi ilə müraciət edən xəstələrimiz olurdu, amma hal-hazırda demək olar ki, bu hal ilə rastlaşmırıq. 2015-ci ildə Gəncə Beynəlxalq Xəstəxanasının və daha sonra bu ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması bu göstəricinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olmuşdur. Həmçinin qiymət faktoru da önəmlidir. Gürcüstandakı tibbi xidmətlərin qiymətləri Azərbaycanla müqayisədə 2 qat daha yüksəkdir. Nika Okriaşvilinin tibbi marketinq ilə bağlı təsəvvür və fikirlərini qeyri-peşəkar hesab edirəm. Bunlar bizim xəstəxanamızın fəlsəfəsinə və dəyərlərinə ziddir. Joint Commission International akkreditasiyasını əldə etmiş bir xəstəxana olaraq bizim əsas məqsədimiz xəstələrimizə ən yüksək tibbi xidməti göstərmək və onların təhlükəsizliyini təmin etməkdir. Bununla yanaşı, əhalinin sağlamlıq haqqında maarifləndirilməsi, yeni gənc tibbi və inzibati kadrların hazırlanması, cəmiyyət qarşısında sosial məsuliyyət və bu kimi məsələlər öhdəliyimiz çərçivəsindədir. Özəl tibbi müəssisə olduğumuz üçün təbii olaraq xəstəxanamızın xidmət əhatəsinin genişləndirilməsi istiqamətində bizim də fəaliyyətlərimiz mövcuddur. Amma bu işdə əsas amil əhalini düzgün və qərəzsiz məlumatlandırmaq və xəstəxana haqqında fikir formalaşdırmaqdır. Bunun nəticəsində insanlar bizi seçərək xidmətlərimizdən yararlanmaq üçün müraciət edirlər. Bu məlumatlar yalnız və yalnız birbaşa olaraq xəstəxananın rəsmi mənbələri tərəfindən KİV, rəsmi internet, sosial şəbəkə səhifələri, seminar, konfranslar və humanitar aksiyalar vasitəsilə paylaşılmaqdadır. Fikrimcə, xəstələrin həkimlik peşəsi ilə əlaqəsi olmayan “vasitəçi”-lərlə hər hansı bir tibbi müəssisəyə məqsədli və planlı şəkildə yönləndirilməsi, etik dəyərlərə, peşəkarlığa zidd, həkimlik peşəsinə hörmətsizlik və ən əsası isə insanların sağlamlığına laqeyd yanaşmadır. Son olaraq Nika Okriaşvilini xəstəxanamıza dəvət etmək istəyirəm. Beləliklə, Niko Okriaşvili Gəncə Beynəlxalq Xəstəxanası timsalında səhiyyəmizin əldə etdiyi uğur və nailiyyətlərin, tibbi xidmətlərdəki yüksək keyfiyyətin, mütəxəssislərin peşəkarlığını şahidi olaraq fikirlərinin nə dərəcədə yanlış olduğunun fərqinə varacaqdır. Bu ziyarət ilə bağlı bütün xərcləri öz üzərimə götürməyə hazıram. Yetər ki, qonşu dost ölkələrdəki insanlar ölkəmizdəki hər hansı bir sector haqqında məlumatları təkcə taksi sürücülərindən yox, həmin sektorda çalışan peşəkar mütəxəssislər tərəfindən də əldə etsinlər!”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler