» » Bakıda milyonluq villalar necə satılır? -

Bakıda milyonluq villalar necə satılır? - ARAŞDIRMA

Bölmə: Sosial
Bakıda milyonluq villalar necə satılır? - Azərbaycanda, xüsusən də Bakı şəhərində gənclərin bir çoxu evsizlikdən əziyyət çəkir. Ömrünün müəyyən hissəsini kirayədə keçirənlər də var, belə bir riskə girməyə cürət etmədiyi üçün subay yaşamağa üstünlük vermək məcburiyyətində olanlar da. İpoteka kreditləri ilə bağlı ümidlər özünü tam doğrultmadığı üçün gənclər bir növ ümidsizliyə qapılırlar. İndiki halda isə ən yaxşısı, daha doğrusu, bir qədər real görünən variant Bakının ətraf ərazilərindən birində bir neçə sot torpaq alıb özünə kasıbın olanından bir dam tikməkdir. Amma imkansızlıq səbəbindən bunu da hər adam edə bilmir.

Lakin kasıb təbəqədən fərqli olaraq, Bakıda, sözün həqiqi mənasında, varlılar da var ki, onlar dəyəri milyonlarla ölçülən villalar alıb-satırlar. Nə deyirik, təki olsun.

Necə deyərlər, həmin villaların ən ucuzunu almaq imkanımız olmasa belə, hər halda onlardan maraqlı bir yazı hazırlayıb oxuculara təqdim etmək imkanımız var. Bəs Bakıda ən bahalı villaların qiyməti orta hesabla neçəyədir? Həmin villalar Bakının ən çox hansı ərazilərində yerləşir? Bu villaların üstünlükləri nələrdir?

Bakıda ada qiymətinə villa satılır

Bu və digər suallara cavab tapmaq məqsədi ilə ekspertlərlə söhbətləşdik, tanınmış satış saytlarında elanlarla tanış olduq. Bilmirəm, sizə qəribə gələcək, ya yox, ancaq villaların satış elanlarında qiyməti hətta 16 milyon manat olan villaya da rast gəldik. Elanda bildirilir ki, villa “Hyatt Regency” otelinin yaxınlığında yerləşir, 12 otaqlıdır: “30 sot həyətyanı sahəsi, kupçisi var”. Şəkillərdən də görünür ki, villa, doğrudan da, əzəmətlidir, hər cür şəraitlə təmin olunub, hətta içində bütün əşyaları da var.

Araşdırmalarımız zamanı məlum oldu ki, nisbətən bahalı hesab olunan villalar içərisində ən çox satışa çıxarılanların qiyməti 1 milyon, 1 milyon 500 min manat arasında dəyişir.

Məsələn, Yasamal rayonu, “Space” TV-nin yaxınlığında satışa çıxarılan 6 otaqlı, 3 mərtəbəli villanın qiyməti 1 milyon 200 min manatdır. Bu villa hər cür şəraitlə təmin olunub, ancaq həyətyanı sahəsi, demək olar ki, yoxdur. Bu da onunla bağlıdır ki, şəhərin həmin ərazisində torpağın qiyməti çox bahadır. Yəqin həmin villanın həyəti də olsaydı, o zaman qiyməti daha da baha olardı.

3 milyon manata 18 otaqlı villa

Bakının başqa ərazilərində də bu cür bahalı villalar satışa çıxarılır. Məsələn, Səbail rayonu, Badamdar qəsəbəsində satışa çıxarılan və eyni həyətdə yerləşən 3 və 4 mərtəbəli 20 otaqlı villaların qiyməti 2 milyon manat müəyyənləşdirilib. Elanda qeyd olunur ki, villaların biri təmirlidir və orada yaşayış var. Dördmərtəbəli villanın isə 2 mərtəbəsi tam hazır vəziyyətdədir. Villalardan birinin kupçisi, digərinin isə sərəncamı var.

Badamdar qəsəbəsində yerləşən başqa bir villanın satış elanında isə qiyməti 3 milyon manat göstərilib. Qeyd olunur ki, villa 18 otaqlıdır. Möhtəşəmliyi ilə diqqətçəkən villanın 10 sot ərazisi, qarajı, həyətində ağacları, otaqlarında mebelə qədər - hər cür şəraiti var. Villanın həmçinin kupçisi də alınıb.

Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən bir villanın satış elanında isə qiyməti 1 milyon 300 min manat göstərilib. Villa ikimərtəbəli, 6 otaqlıdır, 10 sot həyətyanı sahəsi var. Qiyməti 1 milyon 300 min manatdır.

7 otaqlı, 3 mərtəbəli

Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında satışa çıxarılan ikimərtəbəli villanın qiyməti isə 2 milyon manatdır. 9 otaqlı villa öz gözəlliyi ilə, sözün həqiqi mənasında, göz oxşayır. Elanda qeyd olunur ki, villanın ümumi sahəsi 550 kvadratmetrdir, təmir olunub, bağlı hovuzu, saunası, 8,7 sot həyətyanı sahəsi, süni şəlaləsi, qarajı var.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində isə 1 milyon manata 7 otaqlı, 3 mərtəbəli, Atatürk prospektində 1 milyon 300 min manata 10 otaqlı, amma inşaatı hələ tam yekunlaşmamış villa satılır. Villaların saytlarda yerləşdirilmiş şəkillərinə baxdıqda buradakı şərait istər-istəməz diqqət çəkir. Hətta, demək olar ki, buradakı şəraiti bir çoxları yalnız filmlərdə görüblər.

Bakıda villaların ən çox satıldığı ərazilər

Uzun illərdir Bakıda daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan makler Şamo Mikayılov isə qəzetimizə müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Onun sözlərinə görə, Bakıda villaların ən çox satıldığı ərazilər metronun “Gənclik” stansiyasının ətrafı, Badamdar qəsəbəsi və “Varovski”dir. “Villaları satanlar kimlərdir?” sualımıza Şamo Mikayılov şəxsi təcrübəsinə əsasən belə cavab verdi: “Ev dəllalları dəyəri 200 min manatdan bahalı olan villaların alğı-satqısına girişmirlər. Belə deyək, torpaq alıb villa tikib-satan və bundan pul qazananlar uzağı 100-150, maksimum 200 min manatdan dəm vururlar. Onlar bundan yüksək məbləğdə maya qoyub villa tikməyə və satışa çıxarmağa risk etmirlər. Birincisi, ona görə ki, daha bahalı villaların tikintisi bəzən 7-8 ay və daha çox çəkə bilir. İkincisi, onların alıcısı çox olmur. Ona görə də dəllallar az xərc çəkib, qısa müddətə tikib, tez satmağa daha çox üstünlük verirlər”.

Bahalı villaları alanlar ən çox kimlərdir?

Müsahibimizin dediyinə görə, satış dəyəri 500, 1 milyon və daha çox olan villaları satanlar əsasən öz sahibləridir “Amma həmin adamlar da birbaşa özləri satmırlar. Tutaq ki, öz işgörənlərinə, yaxınlarına etibarnamə verirlər və onların vasitəsilə satırlar”.

Şamo Mikayılov bildirdi ki, satışa çıxarılan bahalı villaların əksəriyyətinin sənədi qaydasında olur: “500 min manatlıq, 1 milyon manatlıq villa tikən adamlar, təbii ki, həmin əmlakın kupçisini də alırlar. Hər halda alan adam da sənəd olmasa, riskə getməz. Kim 2 milyon verib kupçisiz ev alar?”

“Bahalı villaları alanlar ən çox kimlərdir?” sualımıza isə maklerin cavabı belə oldu: “Mənim fikrimcə, hazırda ən çox villa alanlar ticarətlə məşğul olanlardır. Bundan başqa, şəhərin müxtəlif yerlərində 3-4 bina evi olanların bəziləri mənzillərini satıb, villalar alırlar. Amma deyərdim ki, hazırda bazarda alğı-satqı çox zəifdir. Ötən ilə baxanda bu il daşınmaz əmlak bazarında vəziyyət çox sönükdür”.

“Bir çoxlarının zövqünə görə 5-10 il əvvəlki villa indiki dövrdə işə yaramır”

İqtisadçı-ekspert Ramil Osmanlı isə “Zaman-Azərbaycan”a müsahibəsində Bakıda satışa çıxarılan villaların qiymətinin müəyyənləşməsində torpağın əsas rol oynadığını söylədi: “Əgər bir villanın qiyməti 2 milyon dollar müəyyənləşibsə və elə o qiymətə də satılırsa, deməli, real dəyəri də o cürdür. Çünki çox nadir hallarda olur ki, bir villa öz dəyərindən xeyli baha satılır. Şəhərə yaxınlaşdıqca villaların qiyməti də bahalaşır. Çünki tikinti xərcləri artır, icazə almaq daha çətin olur”.

Ekspert villaların satış payının ümumi daşınmaz əmlak bazarında çox az olduğunu söylədi: “Villaların, kotteclərin, bağ evlərinin alıcıları azdır. Ümumiyyətlə, bazarda 4-5 milyonluq villaları alacaq müştərilərin sayı azdır”.

Ramil Osmanlı dedi ki, hazırda villa almaqdansa, torpaq alıb özün inşa etdirməyin xərcləri arasında kəskin fərq var: “Bu gün hazır villaları almaqdansa, torpaq alıb özü villa tikdirənlərin sayı daha çoxdur. Çünki həm xərci daha münasib olur, həm də şəxs özü istədiyi şəraitə, zövqə uyğun inşa etdirir”.

Müsahibimiz müasir dövrdə villaların funksionallığının çox önəmli olduğunu vurğuladı: “Bir çoxlarının zövqünə görə 5-10 il əvvəlki villa indiki dövrdə işə yaramır. Necə deyərlər, illər ötdükcə təkcə villalar yox, insanların zövqü də deformasiyaya uğrayır. Ona görə də əksər imkanlı adamlar özləri torpaq alıb villa inşa etdirirlər”.

“Bakıda daha dəbdəbəli, əzəmətli villalar tikilir”

Bəs Bakı ilə müqayisədə qonşu ölkələrin mərkəzi şəhərlərində villaların qiymətləri necə müəyyənləşir? Ramil Osmanlı bu sualımıza belə cavab verdi: “Türkiyədə villa məsələsində zövq və yanaşma fərqlidir. Məsələn, Bakıda daha dəbdəbəli, daha əzəmətli villalar tikilir. Bu cür tikililər daha çox 4-5 mərtəbəli, gözəgəlimli olur. Amma Türkiyədə yanaşma bir qədər fərqlidir. Orada imkanlı şəxslər daha çox zövqlərinə uyğun, rahat şəraiti olan, istirahət üçün hərtərəfli, yararlı villalar tikdirirlər. Bundan başqa, İstanbulda Avropa və Qərb memarlıq üslubuna uyğun villalar tikilir. Bakıda isə Şərq üslubuna üstünlük verilir”.

Zaman Azərbaycan

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler