» » Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - FotolarPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

Xalqinfo.azxəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlət başçısına məlumat verilib ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Sonra dövlət başçısı filialın xalçaçıları ilə görüşüb söhbət edib.

Prezident İlham Əliyev: Sizi yeni xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, çox gözəl hadisədir. Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni, Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olmuşdur. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək.

Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq.

Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin.

Xalçaçı qadın: Çox sağ olun, bütün bunlar Sizin sayənizdədir. Allah Sizdən razı olsun. Bu sənət bizə nənələrimizdən miras qalıb.

Prezident İlham Əliyev: Bəli, onlar sizi öyrədiblər, siz də gəncləri öyrədirsiniz. Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq.

Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq. Sizi təbrik edirəm.

Xalçaçı qadın: Cənab Prezident, çox hörmətli Mehriban xanım, Sizi Qubada görməyimizə çox şadıq. Xoş gəlmisiniz. Biz çox sevinirik ki, Quba rayonunda çoxlu müəssisələr, iş yerləri açmısınız, çox səy göstərmisiniz. Buna görə biz çox sevinirik, Sizə çox minnətdarıq.

Mən özüm 45 ildir toxucuyam, qızım, gəlinlərim də toxucudur, çoxlu sayda yetirmələrim var. Hamısı da bu sənəti sevə-sevə davam etdirirlər. Bizə diqqət göstərdiyinizə, belə yüksək şəraitə görə Sizə çox minnətdarıq. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Burada işləyənlərin əksəriyyəti təcrübəli vətəndaşlardır.

Xalçaçı qadın: Bəli, böyük təcrübəmiz var.

Prezident İlham Əliyev: Burada gənclər də öyrənirlər?

Xalçaçı qadın: Gənclər də öyrənirlər. Bildiyimizi gənclərə öyrədirik, əsirgəmirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar
Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler