» » Ana, yalvarıram mənim ayağımı kəsdirmə... -

Ana, yalvarıram mənim ayağımı kəsdirmə... - Hüquqşünas Könül Quliyeva yazır

Bölmə: Sosial, Köşə
Ana, yalvarıram mənim ayağımı kəsdirmə... -
Bu gün bütün dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur. Rəsmi statistikaya görə ölkəmizdə təxminən 450 min nəfərdən çox “əlillik” statusunda olan şəxs var. Mən də vətəndaş cəmiyyətinin bir fəalı olaraq, bu günün üzərindən sükutla keçməməyi özümə mənəvi borc bilirəm. Təbii ki “əlillərin” çoxsaylı mövcud problemlərinin bir yazı ilə həll edilməyəcəyini də bilirəm. Ancaq başqa yardıma gücüm yetməsə də, heç olmasa cəmiyyətə bəzi müsbət mesajlar ötürə və insanların diqqətini müəyyən problemlərə cəlb edə biləcəyimi düşünürəm.

Bu gün qanunvericilikdə rəsmən təsbit olunsa da, mən “əlil” sözünü işlətməkdən xoşlanmıram. “Əlil” sözü özlüyündə bir ayırımçı, çəkindirici, bəlkə də yadlaşdırıcı ifadədir. Bu baxımdan arzu edərdim ki, Türkiyədə olduğu kimi bizdə də anadan gəlmə və ya sonradan müharibədə, istehsal və əmək qəzalarında, yol nəqliyyat hadisələrində və digər səbəblərdən qazanılmış, fiziki məhdudiyyəti və ya hərəkət məhdudluğu olan insanlar desək daha bağlayıcı, qucaqlayıcı olar. Müşahidələrimə əsasən deyim ki, istər anadangəlmə fiziki qüsurlu, istərsə də Qarabağ döyüşlərində əzalarını itirmiş insanların çox zaman cəmiyyətə adaptasiya ola bilməməsinin səbəbkarı elə biz özumüz, bütövlükdə cəmiyyətimizdir.

Adətən biz fərd olaraq özümüzü çox humanist, vətənpərvər, olduqca cəfakeş hesab etsək də, əksəriyyətimiz əməllərimizdə bunu isbat edə bilmirik. Etiraf edək ki, çox zaman “əlil” insanlardan uzaq qaçmağa çalışmaqla onları cəmiyyətdən təcrid edirik. Bu arada, xatırladıqca ürəyimi dəlib-deşən bir olayı sizinlə bölüşmək istərdim.

Diz qapağından əməliyyat olunan 5 yaşlı oğlum Mustafanın bir müddət sonra sol ayağında cüzi qısalma prosesi gedirdi. Ortezi də əvəzedici ortopedik ayaqqabi düzəltdirmək üçün Protez Bərpa Mərkəzinə getdik. Qapıdan içəri yenicə girmişdik ki, Mustafa bir anlıq əlimdən çıxıb qışqıra-qışqıra sürətlə həyətə qaçmağa başladı. Arxasınca qaranəfəs qaçaraq magistral maşın yoluna çata-çatda onu güclə tuta bildim. 2-3 saniyə geciksəydim, artıq maşın yoluna çıxacaqdı...

İlahi, mən körpə Mustafanı tutanda yaşadığım dəhşətli mənzərəni heç bir anaya yaşatma, göstərmə... Həyəcandan bapbalaca ürəyi ağzına gəlirmiş kimi boğulurdu. Göz yaşı və hıçqırıqdan əlavə onu dəhşətli bir qorxu bürümüşdü. Körpə bədəni tir-tir əsirdi. Sanki onu tutub saxlayan öz anası deyil, bir cəllad idi.

Qorxu və göz yaşları içində, hıçqıraraq: "Ana yalvarıram mənim ayağımı kəsdirmə" deyirdi. Uşağın düşdüyü dəhşətli duruma çaş-baş qalmışdım, onu bağrıma basıb sakitləşdirməyə çalışırdım.

“Axı, ana sənin ayağını niyə kəsdirsin ki?” deyirdim. Bir azacıq hıcqırtısı keçən Mustafa çox yazıq və çarəsiz halda: "Ana, mən qapıdan içəri girəndə divarda gördüyüm qolsuz-qılçasız adam şəkillərindən bildim ki, sən ora mənim əməliyyat olunmuş ayağımı kəsdirmək üçün gətirmisən" dedi. Sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli bir hal keçirirdim. Onu qucaqlayıb hönkürtü ilə ağlayırdım. Hər ikimiz çox çətinliklə sakitləşdik. Bir ayağının kəsiləcəyindən qorxduğu üçün az qalmışdı Mustafa maşınların altında qalsın. Hər xatırlayanda məni titrədən o dəhşətli mənzərəni sizlərlə bölüşməkdə sözümün canı var.

Bu gün biz fiziki qüsuru olan insanlardan Mustafanın qorxub qaçdığı kimi qaçırıq. 5 yaşlı Mustafanın dərk etmədən qaçdığı əl-ayaqsız şəkillər idisə, bizim dərk edərək qaçdığımız canlı insanlar fiziki qüsuru olan bacı-qardaşlarımızdır. Biz bəzən qaçmaq bir tərəfə, hətta onları təhqir edir, aşağılayırıq.

Bu yaxınlarda Qarabağ döyüşçüsü olan qazi qardaşlardan eşitdim ki, keçmiş məmur, bu gün isə “iş adamı” olan biri qazilər haqqında "qol-qılçası çolaq gədələrin əlində qalmışıq" kimi çox təhqiredici ifadə işlədib. Nədir ki, aralariında cüzi bir anlaşılmazlıq olub. O “məmur-sahibkar” vətənini təmənnalı olsa belə sevmədiyi halda, həmin “çolaq gədələr” dediyi Qazilər vətənə, dövlətə, millətə minnət qoymadan, zərrə qədər heyfislənmədən əl-ayaqlarını verib “çolaq” olublar. O qudurğandan fərqli olaraq, qazilər vətən, dövlət anlayışının daha böyük məhfum olduğunu dərk edərək, valideynlərinə verə bilmədiklərini vətənə veriblər. Onlar öz gəncliklərini, sağlamlıqlarının bu torpağa fəda edib və vətənin ləyaqətli insanlarından halallıqlarını çoxdan alıblar. Şəhidliyin qoxusunu almış, şəhidlik astanasından dönmüş bu insanlara qarşı ironiya ilə yanaşmaq, təhqir etmək, aşağılamaq insanlıq çərçivəsinə sığmır.

Onsuz da bu kateqoriyadan olan insanların sosial-psixoloji vəziyyəti çox ağırdır. Hərəkət məhdudluğu olan insanların əksəriyyəti evə qapadılıb. Cəmiyyətdən təcrid olunmağa məhkum edilib. Belə şəxslərin cəmiyyətə adaptasiya olunmasına hamılıqla yardım etmək əvəzinə, onları özümüzdən uzaqlaşdırmaq insanlıq adına xəcalət gətirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler