» » Bal yarmarkasına saxta məhsullar necə

Bal yarmarkasına saxta məhsullar necə "ayaq açıb"?

Bölmə: Sosial
Bal yarmarkasına saxta məhsullar necəƏsl arıçılar alverçilərin və təşkilatçıların əlindən dad edirlər
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən bal sərgisini başlanğıcında müşahidə etmişdim. Sonradan bal almaq üçün yolumu yenə oradan saldım. Məlumatlardan bildiyiniz kimi, bu il yarmarkaya istehlakçı marağı əvvəlki illərlə müqayisədə aşağı olub. Odur ki, arıçılar müştəri görən kimi yaxasını buraxmırdılar. Heç iki addım getməmişdim ki, Göyçədən olan Nurəddin qarşımı kəsdi və balını elə təriflədi ki, dedim yəqin qızıldır. Qiyməti də 15 manata. Təklif etdi ki, "1 kilo bal verim, aparın, xoşunuza gələrsə, gəlib istədiyiniz qədər alarsız, gəlməsəniz də, canınız sağ olsun". Yanındakı gədəbəyli Cabir də həvəsə düşdü, dedi mənim balımdan da aparın. Amma qablardan bizə daddırdığı iki fərqli baldan yox, nədənsə stolun üstündə bankada hazır qoyduğunu verdi.

Hər ikisini götürdüm. Evdə uşaqdan böyüyə Nurəddin dayının balını bəyənmədilər, digəri isə bal idi. Amma burada da şübhə məni götürdü, adam mənim yoxladığım və bəyənmədiklərimi deyil, sanki, nümunə üçün stolda nümayiş etdirdiyini vermişdi. Hər ikisini bir daha qonşuda arıçı Ayaza "ekspertiza" etdirdim. Adətən balı ondan alırıq, lakin bu il quraqlıq keçdiyindən onun məhsulu olmamışdı. O da birincini dadıb onun bala oxşamadığını dedi. Digərinin isə ötən ilin balı olduğunu söylədi. O da ehtimal etdi ki, nümunə üçün adam keçən ilin məhsulunu verib, növbəti dəfə nə satacağı bəlli deyil.

Üstündən 1 gün keçmədi ki, zəngi zəng dalınca elədilər. Dedim vaxtım olan kimi gələcəm, amma kimə deyirsən, telefonuma və mənə rahatlıq vermədilər. Nəhayət, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə zəng elədim. O da öz növbəsində, nazirliyin yarmarkadakı əməkdaşı ilə əlaqə yaratdı. Yarmarkada almadığım məhsulu və digərinin pulunu nazirliyin əməkdaşı Tərlan müəllimə təqdim etdim. Hətta balı yoxlamasını da xahiş etdim. Nazirlik əməkdaşı balı daddı. Soruşdum necədir, üzünü turşutdu, "belə də" dedi və arıçını da incitməmək üçün candərdi ortadan da aşağı "qiymət" verdi. Belə məhsulun bazara necə düşdüyünü araşdıracağını və onu yoxlanması üçün laboratoriyaya göndərəcəyini düşünsəm də, nazirlik əməkdaşı bunu eləmədi. "Siz niyə ucuz - 15 manatlıq bala qaçırsız, bal alanda mənim yanıma gəlin deyib" bazarda ən bahalı balı mənə aldırdı. Minnət və "endirimlə" 17 manata 4.5 kilo bal satdırdı, guya üstündə də bir kiloluq hədiyyə etdi ki, baldan başqa nəyə desəniz, bənzəri var. Yarmarkaya ayın 28-də getmişdim və bütün satıcılar məhsulun qiymətini endirmişdilər. Sonradan müşahidəmə görə normal bal 13-15 manata satılırdı.

"Bazarda saxta bal çoxdur"
Növbəti uğursuz alış-verişimi edib arıçıların durumu ilə maraqlanmaq istədim. Tərlan müəllim məni Astaradan Ziyadəli Əliyevə təqdim elədi ki, bəs jurnalist gəlib, səndən soruşacaqları var. Ziyadəli dayı da nazirliyin işçisinin yanında dedi ki, sərgini yaxşı təşkil ediblər. Amma o, gedən kimi dərdi açıldı. Məlum oldu ki, 28 günə gətirdiyi 300 kilo balın yarısını ancaq sata bilib. Keçən il isə 100 kilo məhsulunu 5 gün ərzində satıbmış. Təriflədi ki, ən yaxşı bal Astarada olur. Səbəbini də belə izah etdi ki,"hər yerdə çiçək bitir, amma bizdə arılar əlavə olaraq başqa bölgələrdə yetişməyən sitrus meyvələrindən də bal çəkirlər. Yazında qeyd edərsən ki, Astara balı çiçəklərinin müxtəlifliyinə görə üstündür".

Balın dadına baxdım, mənim aldığım baldan əskik deyildi. Fikirləşdim, kaş ki, Ziyadəli dayıdan alardım. Əvvəla onun geri qaytaracaq balı azalardı, həm də kilosunu 13 manatdan verirdi. Ziyadəli dayı dedi ki, bu il camaat yarmarkanın yerini bilmədiyindən satış da zəif olub. Sərginin reklamının da zəif olması onların işinə mənfi təsir edib: "Qiyməti aşağı salmışam, 13-15 manata verirəm". Dedim "nazirliyin işçisi 15 manata yaxşı balın olmadığını deyir. Əgər siz bu qiymətə satırsınızsa, bu, o deməkdirmi ki, balınız yaxşı deyil?" Dedi ki, "yanlış fikirdir. Öz malımdır, mənə sərf edir. Bir də ki, 15 manat özü də ucuz deyil axı, camaatda pul olsun ki, alsın. Camaat pul sarıdan zəifdir, gəlirlər ki, "pulum yoxdur", yazığım gəlir, hörmət edib ondan da ucuz vermişəm".

Kənardan söhbətimizə müdaxilə edib mənə bal yedirtməyə çalışan qonşusuna çımxırdı ki, "bu jurnalistdir e, bal alan deyil, bal alan olsa, buradan alar". Daha bilmədi ki, bazarın ucuz vaxtı ən bahalı bal alan mənəm. Soruşdum "bu bazarda saxta bal var?", dedi "var nədir - çoxdur. Aldığı balı geri qaytaranlar da olur. Bəzən eşidirəm ki, pis çıxıb, qaytarıblar. Təmiz bal burada mənim kimi arıçılarda var. Alverçilər gəlib bazara doluşub, ortaya çıxıb müştəriləri çağırır, balı güclə verirlər. Gördünüz, sizə də zorla gətirirdi. Burada alverçilər arıçılardan çoxdur, bizə satmağa imkan vermirlər. Bazarda "gəlmə" bal da var, İran şanıları satırlar, Qırğızıstan, Ukraynadan da bal gətiriblər. Bu, yerli arıçılıq məhsullarının yarmarkasıdır, fermerlərə dəstək üçündür. Amma belə görünür ki, sərgi biz arıçılar üçün yox, alverçilərə yaradı. Əslində, belə olmamalıydı. İran balı şəkər tozundan ibarətdir. Bunlar satır, arıçıların adı bədnam olur. Camaatın arıçılara qarşı etibarı artıq itib, müştəri ilə arıçı arasında bir uçurum yaranıb. Alverçilərdən əldəqayırma balları alıb aparır, yeyir, sonra da bizdən küsürlər. Elə bilirlər ki, bizim günahımızdır. Bala haram qatmaq olmaz, arı haram götürmür. Yaxşı bal 100 il qalır. Mən bilmirəm ki, saxta bal bazara necə yol açır? Nazirliyin şöbə müdiri Qalib müəllim burada təzədir, nəsə bilmədilər, alverçilər də bazara girdilər. Rayonlardan göndərilən adamlardır, hamısı kağız alıb gəlirlər. Əllərində kağız olanları qəbul edirlər. Günah onları rayonlardan göndərən laboratoriyalardakı həkimlərdədir, tanımadığına kağız verir. Mənim isə gül kimi balım qalıb. Alverçilər olmasa, qiymət də aşağı düşər, eyni qiymət olar. Keçən il 15 manat idi, yuxarı qiymətə icazə vermirdilər. Bu il həmin alverçilərin hesabına buraxdılar ki, neçəyə satırlar-satsınlar. Biz də bir az 20 manata satdıq, gördük getmir, endirdik. Camaatda pul yoxdur axı, camaatı nəzərə almaq lazımdır. Sərginin reklamı zəif oldu, yeri də hər il dəyişirlər. Əslində, həmişə bir yerdə olsa, yaxşıdır, camaat çox axtarmaz. 2 gün nə satsam, satacam, qalanını qaytaracam".

"Sərgi 60 faiz alverçilərin əlindədir"

Müsahibim dedi ki, bazarda bəlkə 40 faiz arıçı var, qalan 60 faizi alverçidir. "Küçələrdən alverçiləri götürüb buraya gətiriblər. Görmürsən, elə sənin yanında biri var", - deyib cavan oğlana işarə etdi. Soruşdum, "arını bilənə oxşayır?" "Çətin. Onun balının tərkibinə əl dəyilib, arıdan başqa insan əli də var. Onların "banda"sı var, haradansa alıb, gətirib bazarda paylayıb, satdırırlar. Burada gərək arıçıdan başqası olmasın".

Sərgidə iştirak üçün yerə 160 manat ödəyib. İl boyu işləyib, indi evinə 2 min manat qazancla gedəcək. Qazandığının da bir hissəsini arının saxlanmasına sərf edir. 47 arı ailəsi var, bu il artırıb 60-a çatdırmaq niyyətindədir.

Bu zaman qonşu stolda vur-çatlasın qalxdı. Bir qadın qonşusunu müştərini əlindən almaqda günahlandırır, mübahisə edirdilər. Amma gözümə müştəri dəymədi. Deyəsən, yazıq qorxudan uzaqlaşmışdı. Dayı şərh verdi ki, bu bazar arıçılar üçün deyil, kolxoz bazarına dönüb. Soruşdum, "niyə bir-birini qırırlar?" Dedi, "bazar zəifdir, ona görə". Amma bu davanın mən yarmarkanın 2-ci günü də şahidi olmuşdum.

"Eləsi var balını götürüb getdi"

Gədəbəydən olan Anarın babası 50 arı ailəsi saxlayır, o isə məhsulu yarmarkada satır. Dediyinə görə bazara 300 kilo bal çıxarıbmış, cəmi 100 kilosunu sata bilmişdi. Dedi ki, "sərgini pis yerə salıblar, alıcı az gəlir, çoxu gəlib yeri tapa bilmir". 28 gündür buradadır. Şikayətləndi ki, qazancı heç xərcini ödəmir. Bal satışından cəmi 1000 manat pul qazandığını dedi. Qalan məhsulu maşınlara yığıb geri qaytarmaq da ona əlavə xərc olacaq. Anar da alverçi çoxluğundan şikayətləndi: "Çox adamın baldan başı çıxmır, öz malını gətirənlər ortada qalır. Qapıya yaxın oturanlar müştərini bu tərəfə keçməyə qoymurlar. Eləsi var, balını götürüb getdi. Balı 25-30 manata satırdıq, baxdıq getmir, o başda da 8-10 manata satırlar, 15 manatdan verməyə başladıq".

Satdığı cökə balının tamının mənə tanış gəlmədiyini dedim. Dedi ki, hər yerin bir çiçəyi var, ona görə də dadı fərqlidir. Bir neçə bankada balı iyləsəm də, alışdığımız bal qoxusunu hiss eləmədim ki, eləmədim. Dedi, heç nə qatmayıb, arı nə çəkirsə, odur.

Astaralı bir kişi 450 kilo bal gətirib, 100 kilo civarında məhsulu hələlik qalırdı. "Yaxşı bal satılır", dedi. Dedim çoxları məhsulunu sata bilməyib. Dedi "ona görə ki, təbii bal satmırlar". Satdığı tərifli balın dadına baxmaq istədim. Qaşıqdan əski qoxusu burnuma vurdu, fikrimdən daşındım. Ümumiyyətlə, növbənöv virusların tüğyan etdiyi vaxtda yarmarkada birdəfəlik plastik qaşıqların dəfələrlə istifadə olunduğu görünürdü. İlk günlər sellofan torbalarda olan qaşıqlar indi bir banka və ya stəkana "köçmüşdü", istifadədən sonra içində su olan ikinci birinə qoyulur, oradan da yenidən istifadəyə verilirdi. Deyirlər, yaxşı bal qoxusundan özünü bəlli edər, balı qoxuladım, amma yenə tanış iyi ala bilmədim.

500 kilo balın 300 kilosunu sata bilmədiyindən şikayətləndi

Gətirdiyi 300 kilo baldan sadəcə yarısını sata bilən Balakən rayonundan Məhəmməd də alverin zəifliyindən şikayətləndi. Keçən il eyni həcmdə gətirdiyi məhsulun hamısını satıb, bu il isə alıcı az gəlib. Bunu camaatın maddi durumu ilə əlaqələndirdi. Lakin onlara haqq qazandırmadı: "Bal gündəlik tələbat malı deyil ki, hər gün alınsın, ildə cəmi 2 dəfə satılır və maraq göstərməli idilər. Bal qiymətli məhsuldur və hər kəsin evində olmalıdır. Bazarda saxta bal da var. Gözümüzün qabağında aldığı balı saxta olduğu üçün qaytaranlar da olub. Evə götürüb arı məhsullarından başı çıxan adamlara yoxlatdırıblar, saxta olduğuna görə qaytarıb gətiriblər. Əslində saxta bal bu bazara yol tapmamalıydı. Yəqin ki, buna şərait var ki, yol tapıb. Balın hamısı laboratoriyada yoxlanmır ki, ordan keçməyən məhsullar da bazara gətirilir. Bu il qazancım 2500 manata qədər olub. Keçən il bundan çox aparmışdım. Məhsulu müştəri ilə razılaşma yolu ilə satırıq, hazırda qiymət 15 manatdır".

Zemfira xanım Göygöldəndir, öz arıçılıq təsərrüfatları olduğunu dedi: "500 kilo məhsul gətirmişdim, cəmi 200 kilo satmışam, 300 kilosu isə qalır. Alverçilərin əlindən mən malımı sata bilmirəm". Üzbəüzdəki "qonşusu"nu göstərib "alverçidir", dedi. 120 arı ailəsi var. 3000 manatla evinə gedəcək: "Qiymət bizdə 15 manatdır. 20 manatdan da satmışıq. Keçən il 350 kilo gətirmişdik. 20 günə təmiz satıb qurtardıq. İndi 28 gündür buradayıq, malın yarıdan çoxu qalır. Ucuz da satmaq istəmirəm. Qapıdan o qədər saxta mal girir və 8-10 manatdan verirlər, bizim məhsula baxan olmur. Bazara çox saxta bal gətirilib, yoxlayan yoxdur. Kənd Təsərrüfatı Nazirliyindən Çingiz Fərəcov bu işlərə nəzarət edəndə yaxşı yoxlayırdı, İran malı buraxmırdı. İndi bal çərçivəsi əlimizdə qalıb, İran, Gürcüstan, Qırğızıstan, Rusiyanın balı satılır. Əslində yarmarka yerli fermerlərin işini asanlaşdırmaq üçün qurulmuşdu, alverçilərin yox".(bizimyol.info)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler