» » Əvvəl məmur balalarının qapazaltısı idilər, indi...

Əvvəl məmur balalarının qapazaltısı idilər, indi...

Bölmə: Sosial
Əvvəl məmur balalarının qapazaltısı idilər, indi...
Nərmin Dadaşova

Necə vura bilirsiniz bir-birinizə, hələ də başa düşə bilmirəm. Ümumiyyətlə, kişi davalarına qarşı dəhşətli fobiyam var. Biri-o birinin üstünə möhkəm qışqırdımı, əlim-ayağım əsir qorxudan. İnciməyin, cənablar, çox qorxulu varlıqlarsınız. Son zamanlarda ətrafımızdakı insanlarda olan aşırı aqressiyanı, yəqin sən də hiss etmiş olarsan, əziz oxucu. İçi özüm qarışıq, hamımız kütləvi şəkildə psixoz keçiririk.

Naməlum bir kin, naməlum bir kədər, naməlum bir hiss alıb başımızın üstünü. “Kasıbı aclıq basanda bit də basar” misalı, məktəblərin açılması ilə sinəmizə əzrayıl kimi çökən ictimai nəqliyyat problemi də bir yandan. Səhər iki stansiyalıq, cəmi altıca dəqiqəlik yolu gəlincə, anamdan əmdiyim yüz milli süd fitil-fitil gəldi burnumdan. Birinin qalstuku o birinin boynunda, birinin əli başqasının cibində, birinin özü burda, çantası o yanda. Biri əsəbi, biri nevroz, biri hamilə, biri qoca, biri uşaq, biri uşaqlı ana, biri çeçenka qaqaş, biri burnunu tutub vaqona girən qlamur xanım...

Neçə gündür mənim də tarıma çəkilmiş əsəb sistemimin artıq tamamən sıradan çıxdığına bu səhər əmin oldum. Vaqonda olan adamların hamısına, bircə-bircə səmimi qəlbdən nifrət etdiyimin fərqinə varanda, necə sarsıldım, necə sarsıldım, bir bilsən.

İctimai nəqliyyat bizim sağalmayan, heç bir halda öz müsbət həllini tapmayan problemimizdir. İldə ən azı üç yazı həsr etdiyimiz bu problemə və problemlərin həll olunmaması üçün əlindən gələni əsirgəməyən aidiyyatı orqana “Jurnalistlərin çörək ağacı” mükafatını verək deyəcəm, ancaq bu dəfə mövzu bir az başqadı. Bu dəfə günahkar onlar deyil, bizik. Sənsən, mənəm, sənin qardaşındı, mənim əmim oğludur. Avtobus sürücülərini qanun pozmağa vadar edən- avtobusa düzgün minib düşməyən, dayanacaqdan kənarda saxlamağı əmr edən, kobud danışan – gözlə görülə, əllə toxunula bilən mücərrəd olmayan bütün varlıqlardır bu dəfə günahkar. Dostlar, il olub 2017, “xalxın” ölkələrində avtobus artıq sürücüsüz idarə olunur, bizə hələ “qabaq qapıdan min, arxa qapıdan düş” məsələsini başa sala bilməyiblər. Ötən gün, bu balaca sadə qaydaya əməl etməyən bir qadın üzündən əməlli başlı faciə yaşanıb 135 saylı avtobusda. Deməli, axına qarşı getməyi sevən bir xanım, sürücünün bütün xəbərdarlıqlarına rəğmən hamını itələyə-itələyə arxa qapıdan salona daxil olur. Sürücü də haqlı şəkildə bunun qanunsuz olduğunu, onun işini təhlükəyə atdığını deyib etirazını bildirir.

Potensial qanun pozucusu olan digər sərnişinlər isə təbii olaraq, arxa qapıdan avtobusa daxil olmuş sərnişini müdafiə edərək, aranı qızışdırırlar. Və budur, Ya Allah, bir dənə sarıköynək oğlan tələsik avtobusa daxil olaraq cumur sürücünün üstünə. Hər şey bir yana, özündən dəfələrlə böyük olan birini qanına qəltan edir. Biz hansı ara bu həddə çatdıq, əzizmən? Hansı ara bu qədər amansız olduq? Tüklərim ürpəndi videoya baxanda, o yumruqları görəndə, başıma ağrı çökdü. Və təəssüf ki, bu hal yaşadığımız nə ilk, nə də son sərnişin-sürücü davasıdır.



Səhərdən axşama qədər sükan arxasında olan, gün ərzində yüzlərlə adamla ünsiyyətdə olmaq məcburiyyətində qalan bu binəvalar, əzəldən bəri məmur balalarının qapazaltısı idilərsə indi, küçədən keçən, əsəbləri, tərbiyəsi yerində olmayan istənilən adam onlar üçün potensial təhlükə mənbəyidirlər. Özümü o döyülən sürücünün övladının yerinə qoydum, cəhd elədim, daha doğrusu, ürəyim parçalandı. Bizim bizdən başqa kimsəmiz yoxdur, cənablar, “siz savaşa, mən tamaşa” həvəskarları, lütfən, əsəblərinizə, aqressiyanıza sahib çıxın. İmkan verin hərə öz işini görsün, onsuz da hərəmiz öz məişətimizin, öz sosioloji problemlərimizin girdabında çabalayırıq. Bir də belə hadisələrin şahidinə çevrilməyək yolda -irizdə.

Bundan əvvəlki silahlı sərnişin-sürücü münaqişəsinin səbəbkarı demişkən, “hörmətli olun, diqqətli olun”.

P.S. Üzr istəyirəm, fürsətdən istifadə edib, Bakı Nəqliyyat Aqentliyinin cavabdeh şəxslərinə “77” nömrəli avtobusla bağlı olan növbəti və böyük ehtimal ki, sonuncu olmayan müraciətimi xatırladıram. Hələ bir il bundan əvvəl, qurumun rəsmisi həftənin baza ertəsi məsələ ilə maraqlanacağını demişdirsə də, neçə-neçə bazar ertələrini başa vurmağımıza baxmayaraq problem-problem olaraq qalmamış, daha da dəhşətli vəziyyət almışdır. Diqqətinizə görə minnətdaram.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler