» » Onların səhvi güldürmür, öldürür...

Onların səhvi güldürmür, öldürür...

Bölmə: Sosial, GÜNDƏM
Onların səhvi güldürmür, öldürür...
Dünya boyunca ayaq əvəzinə damar kəsən, xəstəyə yanlış qan vuran həkimlər

Azərbaycanda, eləcə də dünyada həkim səhvləri ucbatından minlərlə insan dünyasını dəyişir. Bu, bir faktdır. Hansı ölkə olmasından asılı olmayaraq, həkimin bəzən xırda bir diqqətsizliyi insanların ölümünə, şikəst qalmasına, ya da ömür boyu travma almasına səbəb olur. Və çox maraqlıdır ki, bu tip səhvlərin qurbanı təkcə kasıb təbəqə olmur. Bəzən milyonları başından aşan şəxslər də həkimlərin yanlışlığı və ya səhlənkarlığı ucbatından həyatını itirir. Bugünlərdə redaksiyamıza şikayət edən paytaxt sakini Rzayev Allahverdi də klinikalardan birində yanlış əməliyyat olunduğunu deyib...

Bu yaxınlarda dünyasını dəyişən mərhum energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun milyarder dostu Fərhad Əhmədov şok detallar açıqlayıb. Milyarder nazirin həkim səhvi üzündən öldüyünü bildirib. Bununla bağlı sosial şəbəkədəki səhifəsində yazan F.Əhmədov bir sıra maraqlı faktlar açıqlayıb. O bildirib ki, insan, xüsusilə də ictimai şəxsin ölümündən sonra həkimlər adətən öz günahkarlıqlarına dair hər hansı şübhəni bütün yollarla istisna etməyə çalışırlar.

Onlar əməliyyat masasında oyanıb... dəhşətə gəliblər

Keçək dünya üzrə nümunələrə. Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında 1998-ci ildə sağ gözü çıxarılan adam yaşadığı dəhşəti belə dilə gətirib. “Bütün bədənim tərpənməz bir halda idi. Nə qədər eləsəm də tərpənə bilmirdim. Bədənim iflic olmuşdu. Həkimlərin sağ gözümü necə oyduğunu açıq-aydın hiss edirdim. Dua ilə bərabər, bağırmağa, ağlamağa, onlara qarşı lənət oxumağa davam edirdim. Lakin içimdə yaşadığım çığırtıları heç kim eşitmirdi”.

Əməliyyatdan illər keçsə də Karol Vehier adlı qadın indiyə qədə yuxu dərmanı olmadan yata bilmir. Baş verənlər onun psixikasını ciddi dərəcədə sarsıtdığından illərlə müalicə almaq məcburiyyətində qalıb.

Kanzaslı Tod Vitlok əl və ayaqlarında əməliyyat edilərkən qəflətən oyanıb. Lakin həkimlər bunun fərqində olmadan əməliyyata davam edib.

Erin Kuk adlı qadın yumurtalıqlarını əməliyyat etdirərkən əməliyyat masasında oyanıb. Əməliyyatın üstündən illər keçsə də Kuk hələ də psixoloji reabilitasiya keçir.

Relig Sizmor adlı gənc qarın ağrıları ilə həkimə müraciət edib. Gənc təcili olaraq əməliyyat edilir. Lakin əməliyyat əsnasında şanssızlıqdan oyanır. Daxili orqanlarına müdaxilə edildikdən sonra həkimlər səhv etdiklərini anlayırlar. Ona yenidən narkoz verilir. Əməliyyat bitdikdən sonra oğlana yuxu gördüyünü deyirlər. Yaşadıqlarının yuxu, yoxsa real olduğunu analaya bilməyən gənc 3 həftə sonra intihar edir.

Azərbaycanda həkim səhlənkarlığı, savadsızlığı üzündən daha bir faciə baş verib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsib.

Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirib.

Mərhumun qardaşı Əmrah Quliyev bakıpost.az-a deyib ki, ayağı sınana qədər Z.Quliyevin heç bir xəstəliyi olmayıb. Həyətlərində təsərrüfat işləri ilə məşğul olduğu vaxtda hündürlükdən yıxılıb və ayağı iki yerdən sınıb: “Hadisə baş verən gün - ayın 21-də dərhal qardaşımı xəstəxanaya çatdırdıq. Çingiz həkim baxıb dedi ki, qorxulu heç nə yoxdur. İki gün sonra isə əməliyyata ehtiyacın olduğunu bildirdi. Həyatı üçün təhlükə olub-olmadığını soruşanda güldü və dedi ki siqaret çəkmir, araq içmir, sapsağlam adamdı, nə problem olacaq ki? Xırda əməliyyat olacaq, mil qoyacağıq. Əməliyyata girəndən təxminən iki saat sonra çıxıb təcili 150 manat pul lazım olduğunu bildirdi. Səbəbini soruşanda Bərdədən təcili həkim briqadası çağırdığını dedi. Razılaşdıq. Bərdədən həkimlər gəldi, amma nəticə olmadı. Sən demə, onlar gələnə kimi qardaşım keçinibmiş".

Ə.Quliyev bildirib ki, həkim əməliyyat otağından çıxanda üst-başı tamam qan imiş: “Həkim məndən pul almağa çıxanda qanın içindəydi. Sonra əməliyyat otağına girəndə gördüm ki, otaq qan gölüdür. Sən demə, qardaşımın arterial damarını kəsib, qanı saxlaya bilməyib”.

Əlavə edib ki, Ş.Həsənovun ölümünü onlardan 7 saat gizlədiblər. Məsələ bilindikdən sonra həkimlə mərhumun ailə üzvləri arasında dava düşüb. Hadisə yerinə polis cəlb edilib.

+ıı qan qrupu əvəzinə -ıı qan qrupu köçürülüb və...

Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülüb. Xəstəxananın doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov mediaya açıqlamasında bildirib ki, qızı Respublika Perinetal Mərkəzində qeysəriyyə əməliyyatı olunub. Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən -II qan köçürüb və onun vəziyyəti ağırlaşıb: “Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona -II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medical Plaza klinikasına köçürdük”.

27 noyabr 2016-cı ildə isə Azərbaycanda dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb. Valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər. Maraqlısı budur ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.

Uşağın anası Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinikasında baş tutub.

Qanun çox humanistdir...

Cinayət varsa, cəzası da var. Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Almanlar da səhv edir, amma necə...?

Almaniyanın Hamburq şəhərində təkcə 2012-ci ildə 449 xəstə həkim səhvinə görə şikayət edib. Hamburq Həkimlər Birliyinin araşdırmasına görə, yekunlaşan məhkəmə proseslərinin təxminən 23 faizində həkim səhvi təsdiqlənib və zərərə uğrayan xəstələrə təzminat ödənib. Araşdırmaya görə, alman həkimlər daha çox diz müayinələrində və qol, ayaq biləyi qırıqlarının müalicəsində səhvə yol verirlər. Doğuş zamanı yol verilən səhvlər isə araşdırmada 3-cü sırada yer alıb. Həkim səhvi ucbatından səhhətinin pisləşdiyini düşünənlər üçün Hamburqda araşdırma mərkəzləri var. Bu mərkəzlərdə bitərəf mütəxəssislər xəstəni və xəstəyə tətbiq edilən müalicələr yenidən araşdıraraq məhkəməsiz anlaşma yolunu tuturlar.

Və bu ölkədə təkcə 2010-cu ildə həkim səhvi və tibbi məhsulların çatışmazlığı ucbatından ən azı 1712 nəfər həyatını itirib. Xüsusən də həkimlərin səhvləri ucbatından dünyasını dəyişən insanların sayında xeyli artım var. 2009-cu ildə bu rəqəm 551 nəfər idisə, 2010-cu ildə 944-ə qədər artıb. Almaniyada daha çox rast gəlinən ölüm səbəbləri arasında yetərsiz dezinfeksiya, köçürülən orqanların xəstənin bədəni tətəfindən qəbul edilməməsi və protez qoyulması zamanı üzə çıxan problemlərdir.

Harvard Universitetinin professoru Layza Yezoni isə 2 min həkim arasında apardığı araşdırma nəticəsində üzə çıxarıb ki, onların 34 faizi ciddi həkim səhvləri barədə pasiyentə xəbər verməmək lazım gəldiyini düşünür. Nəticədə həkimlər ötən il ərzində törətdikləri səhvlərin 20 faizini gizlədiblər.

Alimlərin dediklərinə görə, həkimlərin ən azı 10 faizi farmasevtik şirkətlərlə anlaşmaları olduqlarını deməyiblər.

Həkimlərin 55 faizi isə xəstənin real vəziyyəti barədə ona dəqiq məlumat verməyərək pasiyentə “ürək-dirək” verməyə çalışıblar.

“Belə çıxır ki, həkimlər pasiyenti bədbinliyə düçar etməmək və ya həkim lisenziyasını itirməmək üçün həmişə yalan danışırlar”, - Yezzoni deyib.

Ekspertlər pasiyentlərə duruma nəzarət etməyi məsləhət görürlər.

Amerikalı həkimlər ildə nə qədər adamı öldürür?

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ABŞ-da hər il tibbi səhvlərə görə 98 min insan ölür. Ekspertlərin hesablamalarına görə, dünyada 1 milyon 400 mindən artıq insan stasionarda qazanılmış infeksiyadan əziyyət çəkir. Böyük Britaniya Milli Agentliyinin dərc edilmiş məruzəsinə müvafiq olaraq 2005-ci ildə Britaniya həkim və tibb heyətinin buraxdığı səhvlər nəticəsində 527 min xəstə zərər çəkib. Rusiya Tibb Assosiasiyasının Sankt-Peterburq şöbəsinin məlumatlarına görə, müalicə nöqsanları səbəbi ilə xəstələr tərəfindən tibb müəssisələrinə qarşı məhkəmə iddialarının sayı 1997-ci ildən 2001-ci ilədək iki dəfə artıb. Ekspertlərin hesablamalarına görə, 2 min halda tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin ölümünə səbəb olub.(musavat.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler