» » “Karvan” Ticarət Mərkəzi öz-özünə yanmayıb, yandırıblar!”

“Karvan” Ticarət Mərkəzi öz-özünə yanmayıb, yandırıblar!”

Bölmə: Sosial
“Karvan” Ticarət Mərkəzi öz-özünə yanmayıb, yandırıblar!”

Bir il keçmədi ki, Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzi yenidən yandı. Yanğın nəticəsində 1 nəfər həlak oldu, 5 nəfər isə xəsarət aldı. Sumqayıt şəhərinin məşhur "kolxoz bazarı"na doğru getdikdə, qarşımıza ilk çıxan "Cavid" və "Karvan" ticarət mərkəzləridir. Ötən həftə baş vermiş yanğının izləri uzaqdan belə diqqəti çəkir. Ticarət mərkəzinin girişi, eskalatoru, lifti və binanın 3 mərtəbəsi bütünlüklə yanıb. Girişdə isə bir qrup adam toplaşıb.

- Adama zəng edin, gəlsin görək bunların fikri nədir, işimiz tökülüb qalıb, belə bekar durmayacağıq ki!

- Qoy hamı gəlsin, yığışıb danışaq. İsməliyə zəng edin, deyin ki, hamı bura yığılıb. Hamının adından qoy kişilər gedib danışsınlar - deyə "Karvan"ın qarşına yığılan qrupdakı qadınlar yanğından sonra kimə müraciət edib, hansı addımları atacaqları haqqında müzakirə aparırlar.

Müsahiblərimizdən biri bu yanğında təxminən 3-4 min manat, digəri 7-8 min manat zərər gördüyünü deyərkən, yaxınlıqda duran qadın "nə 7-8 min, sən ən aşağısı 10-12 min manat itirmisən" - deyə kişinin sözlərinə qüvvət verdi.

Yanğından zərərçəkənlərə təzminat ödəniləcəyinə gəldikdə, rəhbərliyin qəbuluna düşmək istəyən şəxslərin hamısı bir ağızdan indiyədək heç bir təzminat almadıqlarını bildirdilər. "Ötən il də yandı. Nə təzminat?! Bir manat da verən olmadı, neyləyirik təzminatı?! Bizə imkan versinlər, gedək yerimizdə dayanaq, işimizlə məşğul olaq" - deyə ticarətçilər cavab verdilər.

"Allaha qurban olum, bir dəfə qaçqın düşdük, iki dəfə isə malımız yandı..."

"Artıq itirəcəyimiz heç nə qalmayıb. Olan-qalan pulumuzu gedib mala vermişdik, o da burada iki dəfədir ki, yanıb kül olur. Allaha qurban olum, bir dəfə yaşadığımız yurddan qovulub qaçıb gəldik, iki dəfə də burda belə yanıb tələf oldu hər şeyimiz..."- şikayətlənən ticarətçilərdən biri gileyləndi.

"Niyə dillənmirsiniz?! İsməlinin nömrəsi kimdə varsa, zəng edib deyin ki, biz piştaxtalarımızı yığırıq. Deyin ki, hamımız onu burada gözləyirik" - deyə qadınlardan biri hərəkətə keçir.

Ticarət mərkəzinin önünə yığılan 10-15 adam bir qrup təşkil etsə də, fikirləri, istədikləri müxtəlifdir: "Onların pulu yoxdur, biz pul istəmirik. Yerimizi versinlər, oturaq işləyək", "bizə burda yer verən deyillər onsuz da, başqa yer də istəmirəm, bir ildir ki, burda oturub özümə müştəri yığmışam, yenidən yerimi dəyişən deyiləm ki!" - kimi fikir ayrılıqları səslənir.

Yanğından sonra ərazini elə ticarətçilərin özləri təmizlədiyi məlum olur: "Buranı zülmlə təmizləmişik, yorğunluqdan ölürük. Amma buna baxmayaraq, yenə də bizə yerimizi vermirlər ki, işləyək" - ticarət mərkəzinin önündə toplaşan qadınlardan biri deyir.

Qrupun digər bir nümayəndəsi isə bildirdi ki, yanğınsöndürənlər yanğın mənbəyinin internet modemindən yarandığını deyiblər: "Guya ki, modemdən yanğın baş verib. 12 voltla işləyən bir cihazdan elə bir yanğın yaranar?"
Satdığı malların sığortasına gəlincə isə müsahiblərimiz onlarda etibar yaradacaq bir sığorta şirkətinin olmadığını dedi: "Camaat maşınını vurur, heç onun sığortasını ödəmirlər. İnsanlarda dövlətə qarşı o qədər etibarsızlıq yaranıb ki, artıq ümidimiz belə qalmayıb. İndi mən hər şeyimi itirmişəm. Bir şey olmadan, pul olmadan haradan gedib sığorta ala bilərəm ki?! Hər şey zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Qanunda o qədər boşluqlar var ki... və bu boşluqların hər biri də elə kasıblara, bizə qarşı yönəldilib. İcra hakimiyyətindən adam gəlir deyir ki, bu, özəl sektordur, sığortanız olmalıdır. Sizi inandırım ki, sığorta olsa belə, yenə bura yandırılanda gəlib deyəcəklər ki, özünüz bilərəkdən bunu etmisiniz ki, sığortanı alasınız...".

Ticarətçilərə vəd edilən yeni satış yerləri isə onları qane etmir: "İndi bizə işləmək üçün elə yer deyirlər ki, orada heç gündəlik yerpulunu belə yığmaq mümkün olmayacaq. Hamımız nisyə mal götürüb işləyirik, onların pulunu yığıb geri qaytarmaq var hələ".

Ticarət mərkəzində yerləşən eskalatorun alt hissəsi yaxınlığında bir neçə dəmir emalatxanası da var. Ancaq yanğın buradan yan keçib. Emalatxanaya daxil olduğumuz zaman orada bir usta və iki müştəri vardı. Söhbət zamanı iki müştəridən birinin yanğın nəticəsində artıq ikinci dəfədir ki, külli miqdarda ziyan alan bir ticarətçi olduğu məlum oldu. O, artıq itirəcəyi bir şeyi yoxmuş kimi, emalatxanada oturub, armudu stəkanda asta-asta pürrəngi çay içirdi. "Nə deyim? İkinci dəfədir ki, obyektim yanıb. 70 000 manata yaxın ziyana düşmüşəm. Bir manat da təzminat da yoxdur" - deyən ticarətçi də adının açıqlanmasını istəmədi: "Guya bu nəyi dəyişəcək ki?! Bizdə nə qanun var, nə də qanuna əməl edən...".

İlk yanğından sonra ticarət obyektinin sığortalanması üçün vaxtilə "Bank Sdandart"ın qarşısında 15 gün gecələdiyini bildirdi: "Heç nə də eləmədilər. Sadəcə vaxt itkisidir".

Qrupun öz arasında keçirdiyi danışıqlardan sonra "Karvan" ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun yanına kişiləri danışığa göndərmək istəyən qadınlar qəbula özləri getdilər. 15-20 dəqiqədən sonra qəbul otağından qayıdan qadınların sözlərindən müdirin onlardan halallıq aldığı məlum oldu. "O qədər həlim danışdı ki, bir şey demək olmadı. Rahatlandıq, deyir hər şey həll olunacaq" - müdirlə söhbətləşən qadınlardan biri dedi.

"Bura elə-belə yanmır ki!"

A.Əhədovun qəbuluna düşməyə biz də nail olduq. Onu qeyd edək ki, sözügedən ticarət mərkəzinin müdiri ilk başdan mətbuat nümayəndəsini qəbul etmək istəməsə də, bir az sonra razılıq verdi. Lakin buna baxmayaraq, verilən suallara birbaşa cavab verməkdən yayınırdı. "Təki Allah millətimizi ümumbəşəri təbii fəlakətlərdən qorusun, qalanı düzələn şeylərdir...".

"Bura elə-belə yanmır ki! Yəqin hər hansı bir qüvvə var. Əgər mən pisəmsə, gəlsin məni vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais olur? Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə çıxacaq..." - deyə "Karvan"ın müdiri yanğınla bağlı belə bir açıqlama verdi.

Daha sonra nədənsə A.Əhədov hansı bölgədən olduğumu, kəlmeyi-şəhadətimi bilib-bilmədiyimi və bu kimi mətləbə dəxli olmayan suallar verməklə yanğınla bağlı əsas məqamlara aydınlıq gətirəcək suallardan yayındı.
A.Əhədov ötən il yanğın zamanı ticarət mərkəzinin 90%-nin yararsız vəziyyətə düşdüyünü bildirsə də, bu yanğında onu sevindirən bir məqamın olduğunu da dedi: "Ötən ilki yanğında sevindim ki, burada Heydər Əliyev guşəsi yanmamışdı. Ancaq bu dəfə həmin yer yandı. Elə-belə yanmır ki! Nə isə bir şey atırlar, qapı-pəncərə hamısı partlayıb yanır".

Ticarət mərkəzinin yanğın sisteminə gəldikdə isə müdir mərkəzin yeni layihəsində artıq bütün mənfi cəhətlərin aradan qaldırılacağını bildirdi. Mərkəzdə çalışan ticarət işçilərinin obyektlərinin və orada olan malların sığortası ilə bağlı isə A.Əhədov hüquqi şəxs kimi ticarətçilərə sığorta ilə bağlı tövsiyələr edə bilmədiyini dedi: "Mən onlara heç bir tövsiyə edə bilmərəm. Ticarət obyekti özü sığortalıdır. Onlar həm də ya Türkiyədən, ya "Sədərək"dən 3-5 manata nisyə mal alıb gətirirlər, o malları isə sığortalamaq mümkün deyil. Lakin burada bir-iki türk brend mağazası var ki, onların sığortası var" - deyən müdir binanın yeni layihə üzrə tikiləcəyini bir daha qeyd etdi. "Onu isə bəndə yox, yalnız Allah dağıda bilər" - deyə sözünə əlavə etdi. Hal-hazırda isə yanğından zərərçəkənlərin yaxın gələcəkdəki aqibəti necə olacağı haqda müdir cavab vermədi: "Onlara da yaxşı yer veriləcək, hər şey yaxşı olacaq" - deyən müdir bu "yaxın gələcəyin" nə vaxt yetişəcəyini isə açıqlamadı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler